Страница 1 из 4

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.

Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

– Siz buradan itilib gedəcəksinizmi?! — deyə onları söydü.

Saat onun yarısında yoldaşların gəldiyini uzaqdan görən kimi onlar tindən ayrıldılar. Qorodovoyun yanında bir yerə yığışmağı Pavluşa məsləhət görmədi.

Hara getmək, kimlə danışmaq, ədəbiyyatı kimdən almaq məsələsini ancaq Pavluşa bilirdi.

Əsgər soruşdu:

– Pavluşa, biz bu gedişlə hara gedirik?

– Biz buradan düz «Kaspi» mətbəəsinə getməliyik, Orada Kozerenko yoldaşı görəcəyik.

– O, Tiflisdənmi gəlmişdir?

– Yox! Biz ancaq onun vasitəsi ilə Tiflisdən gələn yoldaşlarla tanış ola biləcəyik.

– Dördümüzün birlikdə ora getməyimiz bir şübhə oyatmazmı?

– Əlbəttə, oyadar! Siz burada duracağsınız. Mən içəri girib yoldaşı görəcəyəm. O, məsləhət görsə, sizi də içəri çağıracağam. Bəlkə də ayrı bir yerdə görüşməli olacağıq.

Pavluşa içəri girdi. Hələ iş otaqlarına girmədən onun qarşısına yoğun bığlı, şişman qarınlı, donbalan gözlü bir müsəlman çıxdı. Pavluşanı ayaqdan başa qədər gözdən keçirib soruşdu:

– Sən kimi axtarırsan, qəşəng oğlan?

Pavluşaya «qəşəng oğlan» sözü çox qəribə gəldi. O, bir neçə saniyə durub onun üzünə baxdı və:

– Siz burada nəçisiniz? — deyə soruşdu.

– Mən bu mətbəənin müdiriyəm. Hərgah iş istəyirsənsə, burada maşın təmizləmək üçün adam lazımdır.

– Yox, mənə iş lazım deyil, ancaq zəhmət çəkib mənə deyiniz, Kozerenko burada çalışırmı?

– Bəli, çalışır.

– Hansı şöbədə?

– Neft şöbəsində.

– Onu görmək olarmı?

– Xeyr! Onu ancaq saat dörddə görmək olar. Çünki neft və birja xəbərləri ancaq saat dörddən sonra gəlir.

– Elə isə əfv ediniz, sizi rahatsız etdim.

– Xeyr, xeyr, xoşdur; bu nə sözdür, qəşəng oğlan!

Pavluşa çıxıb getmək istədikdə, müdir yenə onu səslədi:

– Bəlkə də sən öz sözünü mənə deyə bilərsən. Mən axşam Kozerenko ilə danışaram. Səhər gələrsən, sənə cavabını deyərəm.

– Çox razıyam, elə bir söz yoxdur. Yalnız onunla görüşmək istəyirdim.

– Axır mənə de görüm, sən nə üçün burada işləmək istəmirsən?

– Mənim öz işim var. Başqa iş lazım deyil.

Pavluşa müdirin əlindən bir təhər qurtarıb küçəyə çıxdı. Kozerenkonun orada olmadığını yoldaşlarına söylədi.

Bir qədər durub məsləhətləşdilər. Axırda Kozerenkonun evinə getmək qərarına gəldilər.

Kozerenko evdə idi, lakin Pavluşa və yoldaşları Tiflisdən gələn adamlarla görüşə bilmədilər, onları polis təqib etdiyi üçün bir gün əvvəl Bakıdan getmişdilər. Buna baxmayaraq, Pavluşa və yoldaşları burada bir neçə adamla tanış ola bildilər. Onlar da Benkendorf zavodu mexaniklərindən Kuklayev, Mirzəbekyans tütün fabrikası fəhlələrindən Xatutaşvili, bir də Xaçu idi. Bu görüş Pavluşa və yoldaşları üçün böyük bir müvəffəqiyyət hesab olunurdu, çünki onlara siyasi dərnək işlərini irəli aparmaq üçün bilikli, təcrübəli, savadlı fəhlələr lazım idi. Onlar tanış olduqları adamlara öz fikirlərini söylədilər, vəziyyət haqqında uzun-uzadı söhbət etdikdən sonra bir neçə gizli ədəbiyyat götürüb bayıra çıxdılar.

Pavluşa fikirli halda dedi:

– Hara gedək? Harada oxuyaq? Siz bilirsiniz ki, mənim mənzilimdə bir iş görmək mümkün deyildir, çünki mənzil yoldaşım Vasya ağzında söz saxlayan adam deyil, min manat verib gizlin bir söz alsa onu yeri gəlirkən üç qəpiyə, özü də nəqd pula yox, nisyəyə satar.

Əsgər dedi.

– Mənim də mənzilimdə olmaz. Hər dəqiqə əlli adam başını qapıdan içəri uzadır.

Ayrapet:

– Biz bir yerə gedə bilərdik, — dedi, — ancaq ora qorxuludur. Həftənin üçü, dördü polislər girib axtarış aparırlar, çünki həyətdə daşnaklar vardır. Onların səbəbinə bizim evlərimiz də axtarılır.

Məmməd gözlərini qıyıb baxdı, barmağını burnunun ucuna vurub düşünürdü. Xeyli düşündükdən sonra dedi:

– Mən sizin necə yer axtardığınızı bilirəm. Sizə elə bir yer lazımdır ki, kitab oxuyasınız. Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. Belə bir yer isə şəhərdə mümkün deyil, küçənin qənbərləri də, damların daşları, kərpicləri də, pəncərələri də jandarm gözünə oxşayır. Biz indi elə bir adamıq ki, öz köynəyimizin yaxasındakı düymələr də bir şeytan gözünə dönüb üzümüzə baxır. Sizi bir yaxşı yerə aparacağam, orada biz rahatca oxuyub mübahisə açarıq. Bəzi yoldaşlarla da tanış olarıq.

Pavluşa ona sual verdi:

– Yoxsa yenə də sən bizi Maştağaya qonaq aparacaqsan?

– Yox, Pavluşa, Maştağaya aparmayacağam, ora getsək sabah işə qayıda bilmərik.

– Bəs hara?

– Sizi düz aparacağam Sabunçuya. Orada Sergey Vasiliç adlı yaxşı bir tanışım vardır. Qoca fəhlədir, fikri də Pavluşanın fikrinə oxşayır; evi çox xəlvətdir. Sizi onunla tanış edərəm. Onun bir çox tanışları vardır, özləri də Pavluşada olan kağızlardan oxuyan adamlardır.

Məmmədin təklifini qəbul etdilər. Ancaq, Sabunçuya gedib-qayıtmaq üçün pulları çatmırdı. Belə qərara gəldilər ki, ya Məmmədlə Pavluşa piyada qayıdar, ya da Sabunçuda tanışlardan borc alıb gələrlər.


Telefonnı küçədə konka gözləyənlərin sayı hər günkündən çox idi. Növbə gözləyənlər getdikcə artırdı, buna da səbəb konkaların çox keç-keç gəlməsi idi.

Növbədə duranlar müxtəlif təbəqə və siniflərə mənsub adamlardı. Topa-topa durub söhbət edirdilər. Ağ yaxası olduqca çirklənmiş, həsir papağının yanları sökülmüş və söhbətindən şəhər dumasında çalışdığı məlum olan bir qoca rus qara çuxalı, qısa mahud papaqlı, həddindən artıq iri qarınlı bir azərbaycanlı ilə danışırdı. O, cibindən bir qutu çıxarıb bir az burunotu çəkdi, başını yana uzadıb dörd-beş kərə asqırdı, azərbaycanlıya dedi:

– İndi yerlərində otururlar! Mən bunu özümdən demirəm. Bunu şəhər qlavasının öz ağzından eşitdim. Mərkəzi Rusiyada və Polşada o ki lazımdır, fəhlələrin qulaqlarını burublar. Daha burada qımıldanmağa qoymazlar.

Azərbaycanlı çubuğunu alışdırıb, başını rusun burnunun dibinə uzadaraq soruşdu:

– Bu barədə «Kəspi» də bir şey var, ya yox?

– Sizə söz deyirəm. Qlavanın dilindən eşitdiyim sözü deyirəm. Tətilçilərdən bir çoxu öldürülüb, 800 nəfər də sürgün olunmuşdur.

Azərbaycanlı bu sözləri eşitdikdən sonra dedi:

– Mən gərək o haramzada çopur Qədirə tapşıram ki, mənim üçün hər gün «Kəspi»ni oxusun. Hərçənd beş qəpik də az pul deyil, amma adam belə-belə xəbərləri oxuyub öyrənər. Dünən itin birisi atıla-atıla gəlib ki: «Xozeyn, mənim maaşım bir ildir ki, bir yerdə durubdur». Elə bil maaşın təkəri var, ya da uzunqulaqdır ki, gündə yerisin.

Rus eynəyini silə-silə dedi:

– Elə hallarda çağır ver, pristavın əlinə, tövbə eləsin, bir də «Maaşım bir yerdə durubdur» deməsin.

Başqa bir rus çinovniki bir erməni tacirindən soruşdu:

– İvanovo-Voznesenskdə iki min nəfərlik fəhlə dəstəsinin güllələbaran edilməsini eşitdinmi?

– Xeyr, eşitmədim. Doğrudan da belə bir hadisənin əsli vardırmı?

– Əlbəttə var. Oğlum Peterburqda oxuyur. Yazdığı məktub da yanımdadır.

Başqa cür söhbətlər də eşidilirdi:

– İkisi də adlı çeyildir. Birisi həmşəri balasıdır, adı Kərimdir, o birisi də bəkili balasıdır, Aşurbəyovlardandır. Bu gün onlar atışacaqlar. Allah yaman gözdən saxlasın, gözəl çeyildirlər! Düşmən gözünün neştəridirlər.

– Kim bilir, bəlkə də atışma konka yanında başlandığı üçün konduktor atları qoyub qaçıbdır.

– Amma əmioğluya bunu da deyim ki, Teymurbəyin atışmasından da keçmə! Hacı Heybətin qəbrinə and olsun, elə ki, pençəyinin qolunu çıxarıb, keçdi dalana, elə bil ki, pençəyin dalısından yağış yağdı. Gülləni elə atırdı...

– Konka yenə də yoldan çıxıbdır. Heç inanmıram ki, qaldıra bilsinlər.

– At deyillər ki, cənazədirlər! Yaralı-yaralı, elə qoxuyurlar ki, elə bil Poxludərə məhəlləsindən keçirsən.

– Bakıda hər şey düzəlsə də, konka məsələsi düzəlməzdir. Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar.

– Adam ağzına görə söz danışar!

– Xalasının əri şəhər dumasının üzvüdür...

– Olanda nə olar? Adamın qollarını daldan bağlaya bilməz ki!

– Bağlayıb adamın canını da alarlar!

– Ada, keçin bu tərəfə bir danasını — ötürüm onun qarnına...

– Qorodovoy! Qorodovoy!

Qamçı səsi eşidildi. Konkanın yaxınlaşdığı hiss edilincə, növbəyə duranlar sıralarını düzəltdilər, sevindilər. Nəhayət, atlar uzaqdan göründü. Söhbətlər başqa bir şəkil aldı.

– Üstümə sürtüşmə, xaçsız şeytan!

– Şeytan ölənlərindir!

– Mənfur amşara!

– Ağzını o tərəfə tut, itin birisi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üsyan

Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

11 мин
Matəm

Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.

5 мин
Sui-qəsd

Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

10 мин
Hücum

Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.

8 мин

Стихи других поэтов