Страница 2 из 4 · 25%

– Rədd ol buradan, İsanı dar ağacına çəkənlər!

– Tərbiyəli olun! Mən ki sizə əziyyət vermirəm?

– Verə də bilməzsən!

– Duzlanmış haramzada!

– Bir dana qoyaram qulağının dibinə, haramzada sənin özünsən! Dilini dişlərinin dalında saxla, mən sənin üçün həmşəri-zad deyiləm!

– Qorodovoy, qorodovoy!

Konka gəlib yetişdi. Adamlar milçək ciyərə daraşan kimi konkanın cəmdəyinə daraşdılar. Sağdan, soldan, daldan, qabaqdan sıçrayıb, konkadan düşənlər də var idi.

Konka şirkətinin üzvü Hacı Salman yenə də adəti üzrə konduktora nəzarət etmək və onun öz qohumlarını pulsuz mindirməsinə mane olmaq üçün konkanın yanı ilə piyada gedirdi, atlar çəkməyəndə də çiynini konkaya söykəyib kömək edirdi.

O, xalqın normadan artıq mindiyini görüncə, çuxasının ətəklərini yığışdırıb yüyürür, konkaya minən kəndlilərin ətəyindən, qılçasından, bəzisinin isə qulağından tutub yerə salırdı. Maştağa kəndlilərindən birisi konkaya qalxarkən Hacı Salman onun ətəyindən tutub yerə atmaq istədi. Kəndli təpiklə Hacı Salmanın döşündən vurub daş döşəmənin üstünə yıxdı. Hacı Salmanın çubuğu bir tərəfə, börkü bir tərəfə, özü də başqa bir tərəfə düşmüşdü. O, yerdən qalxa-qalxa bağırırdı:

– Düşün aşağı həyasız oğlanları! Sabahdan başlayıb Bakını mədəniyyətsiz qoyacağam! Konkaları söküb atacağam, atları da güllələyəcəyəm! Biz, Bakı varlıları, sizin kimi vəhşilər üçün mədəniyyət yaradırıq, siz heyvanlar, bu heyvanların qeydinə qalmırsınız. Gündə bir neçə atımız yıxılıb ölür. İstəmirəm sizin beş köpük manatınızı! Düşün aşağı! Arpa, saman şəhərdə ceyran belinə çıxıbdır. At almaqdan, yonca, saman almaqdan mənim... tumanım qalmamışdır. Gündə mənim payıma on beş manat zərər düşür. Hələ yarım saat bundan əvvəl tərlan kimi bir atım yıxılıb öldü. Düşün aşağı! Yoxsa bu gün Bakını xaraba qoyaram!

Bu sözlərə əhəmiyyət verən yox idi, çünki onun bu kimi çıxışları birinci kərə deyildi. Camaat bu sözləri hər gün eşidirdi.

Hacı Salmanın börkünü silib başına qoydular. Lakin, çubuğunun başı sınmışdı. O, hələ də konka sürəni söyürdü.

– Ada, Mazan! Dədən balıqçı Qurbanı qəbirdən çıxarıb yandıraram, sürmə konkanı! Sənə demirəm sürmə?! Haramzada köpək oğlu, bu gün ölən atın pulunu sənin baluşgəndən çıxmasam, getdiyim Məkkə mənə qənim olsun!

Hacı Salman konkaya dırmandı. Konka sürən Mazanı döymək istədikdə çuxası ayaqlarına dolaşıb yerə yıxıldı. Mazan konkanı saxlamadı, atları daha da bərk sürdü. Hacı Salman ayağa qalxıb çığırırdı:

– Sürmə, köpək oğlu! Saxla!..

Konkaçı konkanı dayandırdı, qamçını konkanın içinə atıb dedi:

– Gəl özün sür. Tüpürüm sizə də, sizin konkanıza da!

Konkadakılar çığırışmağa başladılar:

– Bu nə rüsvayçılıqdır?!

– Şəhər duması buna nə vaxt nəhayət verəcəkdir?

– Bakı milyonçuları kişi olsaydı, Bakıda tramvay işləməzdimi?

– Bütün bu işlər şəhər dumasının işi deyilmi? Bir qəpik qiyməti olmayan adamların əllisi yığışıb konka şirkəti düzəldəndə belə olar!...

– Şəhər dumasının özü də bu fırıldaqçılığa şərik deyilmi?

Hacı Salman konka sürənin getdiyini görüb, çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı.

Konka getdi.

Pavluşa öz yoldaşları ilə bərabər bir tərəfdə durub ətrafı gözdən keçirir, Sabunçuya getmək və ədəbiyyatı oxumaq üçün tələsirdi.

Onların qulağına boğazı ağlamaqdan tutulmuş bir qızın kədərli səsi gəldi:

– Qəbul etmədilər!

Bu səs Pavluşanın və yoldaşlarının ürəyinə bir xəncər kimi batdı.

Dönüb səs gələn tərəfə baxdılar. İyirmi yaşlarında bir qızın ağladığını gördülər. Qız ucaboylu, sağlam vücudlu, sarı saçlı bir rus qızı idi.

Qız həyəcanlı bir səslə sözlərini bir daha təkrar etdi:

– Qəbul etmədilər!

Ətrafda duranlar buna heç də əhəmiyyət vermirdilər, çünki bu kimi hadisələr Bakı küçələrində birinci dəfə olmurdu. Milyonçular Bakısında acından, yersizlikdən təhqir olunanlara, ağlayanlara gündə bir neçə kərə rast gəlmək olardı.

Qızın yanında qoca bir rus fəhləsi durmuşdu. Onun qırışmış alnının dərin cizgiləri Bakı fəhlələri həyatının uzun bir dövrünü ifadə edirdi. Dəri ilə damarlardan ibarət olan kələ-kötür əlləri onun ağır bir istismar pəncəsində boğulduğunu, fəhlə həyatının ən çətin yollarından keçib, gənc ikən qocaldığını, paltarındakı şabalıt rəngli ləkələr isə onun mazut fəhləsi olduğunu göstərirdi.

Qoca fəhlə qıza yanaşdı, saçlarını sığallayaraq:

– Jeniçka, ağıllı qızım, özünü ələ al, — dedi. — Bu hadisə çox da təəccüb ediləcək bir hadisə deyildir. Biz əvvəldən bunu bilirdik.

Bu səs Məmmədə tanış gəldi. O, qoca fəhləyə diqqətlə baxdı, tanıdı. O, Sergey Vasiliç, yanındakı da qızı Jenya idi.

– Biz səni harada görmək istəyirik, harada əlimizə düşdün. Bu saat biz sizə getmək istəyirdik.

Məmməd Sergey Vasiliçlə Jenyanın əlini sıxdı, Pavluşanı və başqa yoldaşlarını çağırıb onlarla tanış elədi. Sergey Vasiliç bu təsadüfdən olduqca razı qaldı. Birlikdə Sabunçuya getmək qərarına gəldilər.

Sergey Vasiliç yenə də qızı Jenyaya dedi:

– Qızım, sən özün deyirdin ki, məni gimnaziyaya qəbul etməzlər; sən deyən kimi də oldu, çünki sən və sənin kimi başqaları da gimnaziya xalqına yabançıdırlar. Sənin atan da, familyan da, geydiyin paltarlar da, mənsub olduğun sinif də, düşüncə və fikrin də oradakılara yabançıdır. Biz gimnaziyada toplanmış «yüksək» cəmiyyət üçün bir həqarət vasitəsiyik. Bizi oraya buraxmaq — oradakıları təhqir etmək deməkdir. Əlbəttə, hazırkı hökumət oradakı aristokratiyanın təhqir olunmasına razı olmaz.

Qoca fəhlə bu sözləri qızına söylədiyi zaman gülümsədi. Bu gülüş məhrumiyyət qarşısında əyilməyə məcbur olan bir fəhlənin intiqam hissini oxuyan bir gülüş idi.

Məmmədin rəngi ağarmışdı. Qıza çox yazığı gəlirdi.

– Jenya bacı, — dedi. — səbir elə. Bu işlər adi işdir, gündə gördüyümüz, gündə eşitdiyimiz işlərdəndir. Bizim qulağımız bu cür sözlərə öyrənmişdir.

Jenya danışmırdı. Onun aldığı vəziyyət — ağlamasını güclə saxladığını göstərirdi. Qeyri-təbii və sürətlə nəfəs alması və göz bəbəklərinin yaş içində tərpənməsi, dilini çıxarıb qurumuş dodaqlarını islatması onun nə qədər həyəcanlı olduğunu bildirirdi. Bir az sonra o, başının tüklərini düzəldərək dedi:

– Qoy qəbul etməsinlər!

Pavluşa gözünü qızdan ayırmırdı. Qızın paltarı qiymətli parçadan olmasa da, təmiz idi, səliqəli idi. Bütün varlığı mədəni, tərbiyəli, ağıllı bir qız olduğunu göstərirdi.

Qız Məmmədə və onun yoldaşlarına dedi:

– Bağışlayın, təbii halımdan çıxmışdım... Sizinlə nə cür tanış olduğumu da hiss edə bilmədim.

Pavluşa:

– Nə etməliyik, — dedi, — quruluş belədir. Bu cür hadisələri çox da ürəyinə salma. Yaşamaq və bu vəziyyətdən çıxmaq üçün mübarizə aparmaq lazımdır.

Bu söz Jenyanın qulağında başqa bir ahənglə cingildədi; sanki ona bir şadlıq xəbəri verildi, gözləri güldü. O, Pavluşanın əlini səmimiyyətlə sıxdı.

Konka gəldi, eyni vəziyyət yenə də təzələndi. Pavluşagilə konkada oturmağa yer yoxdu. Konkadakılar Sergey Vasiliçi yerə salmaq istəyirdilər.

– Burada oturmaq olmaz! Xalqın rahatlığını pozma. Utanmırsan, o paltarla gəlib camaat içərisinə də girirsən?! Cındırlı, çirkli fəhlənin birisi, rədd ol! Cəhənnəm ol!

Bu sözlər yalnız bir nəfərin ağzından çıxmırdı. Onu yerə salmaq üçün bir başqası bağıra-bağıra qorodovoy çağırdı. Qorodovoy gəlincə konka hərəkət etdi. Konkada oturan ağ yaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı.

Jenya atasının camaat içərisində təhqir edilməsinə qarşı nə edəcəyini bilmirdi. Pavluşa işə qarışmaq istədisə də, Ayrapet onu göz işarəsi ilə sakit elədi. Qarışıqlıq olar, bir hadisə baş verə bilərdi, onlar polis idarəsinə aparılardı, yanlarındakı gizli ədəbiyyat polisin əlinə düşə bilərdi.

Pavluşa Sergey Vasiliçi çağırıb öz yanında yerləşdirdi, lakin çinovnik sakit olmaq istəmirdi:

– Bu heyvanları tərbiyə etmək mümkün olmayacaqdır...

Sergey Vasiliç qızının darıxdığını görüb soyuqqanlılıqla dedi:

– Qızım, rahatsız olma! Belə şeylər çox olur. Hərgah mənim libasım cındır, çirkli isə, məni təhqir edən bu ağanın vicdan və şəxsiyyəti daha murdar və çirklidir.

Bu sözə qarşı rus çinovniki qalxıb Sergey Vasiliçi vurmaq istədi. Əsgər onun qolundan tutub burdu və yerində oturmağa məcbur etdi.

– Otur yerində, qoca köpək! On dəqiqədən bəri qoxumuş ağzından olmazın zibilini tökürsən, o heç səni vurmur! Vallah elə vuraram ki, ağzında bir dişin də qalmaz!

Çinovnik var gücü ilə qışqırdı:

– Qorodovoy!

Çağırış nəticəsiz qaldı. Konka durduğu zaman sərpişinlərin konkaya olan hücumu Sergey Vasiliç və başqalarının konkadan düşüb getməsinə imkan verdi.

Onlar pilləkənlərdən qalxıb vağzala gedincəyə qədər çinovnikin səsi eşidilirdi.

– Heyvanlar! Alçaqlar! Aziatlar! Həmşərilər! Haramzadalar! Ədəbsiz fəhlələr!..


Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə də adəti üzrə yubanmışdı, bir neçə saat durub onu gözləmək lazım gəlirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üsyan

Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

11 мин
Matəm

Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.

5 мин
Sui-qəsd

Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

10 мин
Hücum

Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.

8 мин

Стихи других поэтов