Üsyan
Страница 1 из 2
Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.
Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.
Yavaş-yavaş həbslər başlanırdı. Həbs xəbərləri Gəncədə böyük həyəcana səbəb oldu. Xalq üsyana qalxmaq və Əmiri Gəncədən qovmaq üçün küçədə və bazarlarda açıq-açığına danışırdı. Nizami Fəxrəddinin öz yoldaşları ilə bərabər xalqı Əmirin əleyhinə qaldırmaq istədiyini eşidərək, onları öz yanına çağırıb nəsihət verdi və dedi:
– Məsələ yalnız Əmir İnancı buradan rədd etməyin başındadırsa, bunun üçün heç bir üsyan lazım deyildir. Biz xalqın tərəfindən Qızıl Arslanın yanına bir heyət göndərib xalqın iradəsini ona bildirərik. Mən bilirəm ki, Qızıl Arslanın özü də Əmir İnancın burada qalmasından razı deyildir. Hərgah Qızıl Arslan bu təklifi rədd edərsə, o zaman üsyan etməyə haqqımız vardır.
Fəxrəddin bu fikirlə razılaşmadı və dedi:
– Biz göndərdiyimiz heyət Gəncədən Təbrizə gedib qayıdana qədər Əmir İnanc Aran xalqının yarısını, hətta səni və məni də həbsxanaya salar.
– Onda biz Təbrizə heyət göndərməklə bərabər Əmir İnanca da məktub göndərib həbslərin dayandırılmasını təklif edərik.
– O buna inanarmı?
– İnanmazsa, biz ona, evinə heç bir hücum edilməsi üçün təminat verərik.
Nizaminin bu fikri ilə hamı razılaşdı. Əmir İnanca göndəriləcək məktub yazıldı.
“Həşəmətli Əmir!
Xəlifənin ölüm xəbəri ilə əlaqədar olaraq Aran ölkəsində buraxılan şayiələr tamamilə əsassızdır. Gəncə xalqının heç bir zaman Əmirin evinə hücum etmək fikri yoxdur. Üsyan təşkilatında iştirak etmələri bəhanə edilərək həbsə alınanların heç bir təqsiri yoxdur. İxtilafı böyütməmək üçün həbsləri dayandırmaq və həbs edilənləri azad etməyiniz məsləhətdir. Gəncəyə yığışan xalqın tələblərini ödəmək heç bir zaman həşəmətli Əmirin şərəfini azaltmaz. Siz beş-on nəfər mülkədarın qəsb etdiyi torpaqları alıb sahiblərinə qaytarmaqla minlərcə qəlbi öz lehinizə çevirə bilərsiniz. Sizin üçün şəhərlərdən zülmkar və soyğunçu hakimləri götürüb yerlərinə insaflı, rəiyyətpərvər adamlardan təyin etmək heç də şərəfsizlik deyildir. Siz əlahəzrət Atabəyin qayınatası olduğunuz üçün məmləkətdə üsyan və ixtişaş çıxarılmasına imkan verməməlisiniz. Sizin hər tərəfdən Gəncəyə qoşun yığmağınız xalqın ruhundakı şübhələri daha da artırar və bu şübhələr bir üsyanla nəticələnmiş olar. Buna görə də həşəmətli Əmirdən rica olunur ki, Gəncəyə yığdığı qoşunların yerlərinə qayıtmasına əmr versin.
Bunun müqabilində də biz Əmirin malının, canının, övladının və sarayının toxunulmazlığını təmin edirik.
Aşağıda imza qoyanlar öz başlarilə bu təminata məsuldurlar”.
Yazılan məktuba iyirmi nəfər imza atıb möhürünü basdı və məktub bir nəfər nümayəndə ilə Əmir İnanca göndərildi. Hər kəs Əmirin bu təminata inanaraq fitnədən-fəsaddan əl götürəcəyinə inanırdı. Lakin bütün bu fikirlər boşa çıxdı. Məktub aparan nümayəndənin sarayda həbs olunaraq boynu vurulduğu xəbəri eşidildi. Hətta məktuba imza qoyanlardan bir neçəsi də həbsə alındı. Əksinə olaraq, məktub yazılandan sonra Əmir öz ədavət və qəzəbini bir daha artırdı, əlinə keçəni, hər kəs olursa olsun, sarayda başını kəsdirməyə və saray zirzəmilərində boğdurmağa və zəhərli şərbət içirməyə başladı. Qoşun gəlməsi davam edirdi. Əhali böyük bir qorxu qarşısında idi. Fəxrəddin öz yoldaşları ilə bərabər Gəncədən çıxıb Ağsivan çayı ilə Yam arasında olan keçidləri möhkəmlətmək və Tiflisdən Gəncəyə kömək gəlməsinə imkan verməmək üçün çalışırdı.
Fəxrəddinin başqa bir dəstəsi Seyid Əlaəddinin rəhbərliyi altında Şirvan hüdudlarını kəsib Əmir İnancın köməyinə gələnlərə mane olmaq üçün hazırlıq aparırdı.
Fəxrəddinin Şimali Azərbaycan şəhərlərinə göndərdiyi sifarişlərdən on gün sonra Bazarcuq və Xorsunəng kəndlərinin arasında minlərcə silahlı və atlı gənc yığılmışdı. Gəncə ilə Şirvan və Gürcüstanın əlaqəsi kəsiləndən sonra Əmir İnanc vəziyyətin ağır olduğunu dərhal anladı və vəziri Toxtamışın məsləhətinə görə Gəncənin ziyalı və əyanlarını girov götürüb saxlamağa qərar verib, Fəxrəddinə bu məzmunda bir məktub göndərməyi qərara aldı:
“Gəncəyə hücum etdiyin zaman girov götürdüyüm adamların hamısını məhv etdirəcəyəm”.
Lakin bu məktubu göndərmək mümkün olmadı. Gecədən bir neçə saat keçmiş Fəxrəddinin dəstələri üç tərəfdən şəhərə hücum etdi.
Səhər açılıncaya qədər Gəncə altında qanlı müharibə davam edirdi. Günəş Xanəgah kəndinin bağçaları dalından üzünü göstərdiyi zaman qalibiyyət də üsyançı dəstələrin üzünə gülməyə başladı.
Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdi. Atların dırnaqları gül dəstələrinin üzərində oynayır və Əmir İnanc adamlarının meyitləri üzərindən keçib irəli yüyürürdü.
Küçələrdə gedən müharibə axşamın qaranlığına qədər davam etdi. Gecədən bir saat keçəndə dəstələr Əmirin sarayını mühasirəyə aldılar. Lakin sarayın içərisinə girmək mümkün deyildi. Çünki Əmir bir aydan bəri sarayı bərkidib alınmaz bir qala halına gətirmişdi. Əmirin adamları üsyanın üçüncü günü də axşama qədər vuruşdular. Saraydan atılan oxlardan bir çoxları yaralanıb öldü. Nəhayət, qaranlıq düşərkən Əmir özünə ətrafdan kömək gəlmədiyini görüb qələbədən ümidin kəsdi. Lakin vəziri Toxtamış:
– Hələlik sarayda bir neçə həftəlik azuqə vardır. Nə üçün təslim olursan? Bərzənd, Bacərəvan və sair şəhərlərə xəbər vermək lazımdır. O tərəflərdən, şübhəsiz ki, bizə kömək göndərərlər, – deyə Əmiri müqavimət göstərməyə məcbur etdi.
Əmir iki gün daha müqavimət göstərdi. Altıncı gün üsyançılar Əmirin bağça divarlarından birisini söküb içəri girdilər. Müharibə bağçanın içində gedirdi. Vəziyyət qorxulu və ciddi bir şəkil alınca Nizami Fəxrəddinə sifariş göndərdi:
“Rica edirəm xalqını intizama çağır. Qadınlara toxunulmasın, dövlətə məxsus varidata əl vurulmasın, təslim olanlara aman verilsin. Müqavimət göstərməyənlər üzərində silah işlədilməsin. Qulamlara, kənizlərə və cariyələrə mərhəmət göstərilsin. Əmirin özünü və ailəsini həbsə almaqla kifayətlənin. Bacardıqca üsyanın qarətçiliyə çevrilməməsinə çalışın, tək-tək adamların intiqam almaq fikirlərinə imkan verməyin. Hər yol ilə olursa olsun Əmir sarayına tökülmüş xalq malının müəyyən bir dəstənin əlinə deyil, ümumi xalqa yetişməsi üçün imkan yaradın. Mühakiməsiz bir nəfərin də burnunu qanatmayın. Qoyun saraydakıları xalqın özü yığılıb mühakimə etsin. Əmirin qadını və kiçik qızını mühafizə edin, rüsvayçılığa yol verməyin”.
Fəxrəddin Nizamidən aldığı sifarişi tamamilə təqdir etdi və bunu öz adamlarına anlatdı. Lakin sifarişləri həyata keçirmək məsələsi saraya girildiyi zaman çətinləşdi. Fəxrəddin əlində qılınc Əmir hərəmxanasının dəhlizinə girdiyi zaman xacə Müfidin yenə də dəhlizdə boynunu çiyninə qoyub gəzdiyini gördü. Xacə Müfid Fəxrəddini görərkən salam verdi, o qorxusundan əsirdi. Fəxrəddin ondan soruşdu:
– Nə üçün qorxursan?.. De görüm, həbsə alınanlar haradadır?
Xacə Müfid qabağa düşüb Fəxrəddini Əmirin zirzəmisinə gətirdi və:
– Məhbuslar buradadır, oğlum, – dedikdə Fəxrəddin qapını açıb içəri baxdı. İnsan meyitlərinin qoxusundan insanın ruhu, beyni zəhərlənirdi.
Zirzəmidə bir nəfər də olsa diri insan yox idi, həbsə alınanların hamısı öldürülmüşdü.
Fəxrəddin qayıtdı, özü ilə bərabər on nəfər götürüb, saray dəhlizinə daxil oldu, qapıda adamlar qoyub heç kimsənin içəri buraxılmamasına əmr verdi. Xacə Müfid qabaqda gedirdi. O, kiçik bir qapıya yetişirkən:
– Vəzir buradadır, – dedi.
Fəxrəddin iki nəfərlə bərabər içəri girdi, Toxtamışın yaxasından tutub adamlarına tapşırdı:
– Həbsxanaya!
Xacə Müfid başqa bir otağı göstərib:
– Əmirin özü bu otaqdadır, – deyib boynunu çiyninə qoydu. Bir azdan sonra Əmir öz adamları ilə bərabər qolları bağlanmış bir halda həbsxanaya göndərildi.
Hərəm otağına kimsə daxil olmadı. Fəxrəddinin əmri ilə xacə Müfid içəri daxil olub Əmirin qadını Safiyə xatuna baş əydi və:
– Xanımı Fəxrəddin dəhlizdə gözləyir, – dedi. Bir azdan sonra Safiyə xatun qucağında kiçik bir qız uşağı otaqdan dışarı çıxdı. Qadın qorxusundan titrəyir və ağlayırdı. Fəxrəddin onun həyəcanını təskin etmək üçün tez-tez deyirdi:
– Qorxmayın. Nə etmək olar? Bu hadisəyə ərinizin özü səbəb oldu.
Safiyə xatun yalvarıcı bir səslə:
– Rica edirəm, bizi Nizaminin mərhəmətinə tapşırın. O, mərhəmətlidir. O bizi ölümdən və təcavüzdən saxlar, – deyirdi. Fəxrəddin onları mühafizə etmək üçün öz yaxın adamlarına tapşırıb – böyük şair Nizaminin evinə aparın, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-usyan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XIV. Sui-qəsdlərin vahid cəbhəsiİyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.
XV. Biçeraxov cəbhədən çəkilirBolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.
Стихи других поэтов
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlarYenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Asan yollar, çətin yollarBombozuna acıyıram torpağın, daşın,Ruh oxşayan nə bir lövhə, nə axar-baxar.
Gəncə gözəliNigar Rəfibəylinin xatirəsinə*Üst-üstə qoyublar iki mərməri, –*