Страница 4 из 4 · 75%

Qızıl Arslan Qətibə haqqındakı fikirlərini vəliəhdə izah etsə belə, o yenə də bu fikirlər ilə hesablaşmaq istəmirdi.

Ziyafət dörd gün davam etdi. Lakin Qətibə macərasız oturmağı bacarmırdı. O, Hüsaməddindən də ümidini kəsməmişdi, onu lazım olduğu zaman Qızıl Arslana qarşı istifadə etməyə hazırlaşırdı. Qızıl Arslan Qütlüğ İnancı vəliəhd təyin etməz və izdivac məsələsinə əncam verməzsə, Qətibə onu Hüsaməddinin vasitəsi ilə məhv etməyi qərara almışdır. Buna görə də Hüsaməddinin Təbrizə gəldiyinin beşinci günü Hüsaməddini öz hüzuruna dəvət elədi.

Hüsaməddin öz mənzil etdiyi binadan çıxıb Qətibənin yanına gedərkən, ona demək istədiyi sözləri əzbərləyirdi:

“Adı mələkə olan bir qadında vəfa və mürüvvət olmazmı? Sən nə üçün mənim həyatımla oynayırsan? Səni öz sevdiyin oğluna and verirəm, mənim yaxamdan əl çək. Nə üçün məni bu qədər tarixi cinayətlərə cəlb edirsən? Mən bütün ömrümdə sənə və sənin əcdadına, ata və anana qarşı bir hörmətsizlik etmişəmmi? Məni hansı bir günahım səbəbinə cəzalandırırsan?”.

Hüsaməddin bu sözləri təkrar-təkrar əzbərləyə-əzbərləyə Qətibənin otağına daxil oldu.

Qətibə isə Hüsaməddinin dalınca cariyəsini göndərdikdən sonra, Hüsaməddinlə birinci görüşündə, yəni, qızlıq vaxtında geydiyi libasları geyib, otaqda o tərəf-bu tərəfə gəzirdi.

Hüsaməddin Qətibəni gördüyü anda demək istədiyi sözləri tamamilə unutdu və qəlbi dərhal keçmişlərə və gəncliyə qayıtdı. Sanki onun qarşısında 42 yaşlı Qətibə yox, iyirmi yaşlarında gənc və yetişmiş bir qız durmuşdu.

Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirib:

– Otur, otur mənim ruhum! – dedi.

Hüsaməddin “mənim ruhum” kəlməsindən diksindi və təkan yedi. O, Qətibə ilə Həmədanda, Muradbəy dərəsində Köşkbaği-müəzzəmdə və Eldəniz Rübatında keçirdiyi nəşəli gecələri bir daha xatırına gətirdi. Danışmırdı, ayaq üstündə durub Qətibənin çöhrəsinə baxırdı, sanki onun çöhrəsindən bir utancaqlıq duyulurdu. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. Hüsaməddin öz qəlbində deyirdi:

“Heç şübhə yoxdur ki, bu saat Qətibədə mənim lehimə olaraq qəti bir dönüş əmələ gəlmişdir. O, utanır, çöhrəsindən həya təri tökülür. Gözəl qadının utanan və tərləyən çöhrəsinə baxmaqda da qəribə bir aləm vardır. İnadlıdır, hiyləgərdir, işvəkardır, iradəlidir, lakin qadındır. Hər şeydən sonra onlarda kişiyə təslim olmaq xüsusiyyəti vardır.

Qətibə bu təzə rolunu çox böyük bir sənətkarlıqla oynayırdı. O, otağı həyəcanla dolaşdığı zaman bahar buludu kimi dolmuşdu, yavaş-yavaş qara bulud kimi suya dolan göz bəbəklərindən qızıl güldən daha incə olan yanaqlarına şəbnəm damcılayırdı. O damcıların hər birisi Hüsaməddinin qəlbində alovlanmağa başlayan intiqam odlarını söndürürdü. Artıq Hüsaməddinin ona yazığı gəlir və öz qəlbində deyirdi:

“Bədbəxt, yazıq qadın! Ömründə xoş bir gün görmədi. Bütün gəncliyi həqarətlər, ixtilaf və kədərlər içərisində məhv oldu. Şairi sevdi, rədd olundu, təhqir olundu. İstəmədiyi bir adama ərə verdilər, qızlıq şərəfini alaraq gözdən saldı, başqasına evləndi. İndi nə etsin? Kimi dinləsin? Kimə inansın? İndi hər kəs bunu öz məqsədi üçün istifadə etməyə çalışır.

Yazıq qadınlar! İxtiyarları öz əllərində deyil. Hər kəsin sərvəti var, qüvvəti və şirin dili varsa bunları aldadır, məcbur edir, nəhayət, bir əsir kimi qoynuna salır, sevgisinə, istiqlalına ölüm zərbəsi vurur. Yazıq qadın! Sənin şəxsi şərəfin, mənliyin və istiqlaliyyətin yoxdur. Sənin arzun yoxdur. Sən kişinin arzu və əməllərinə boyun əyməlisən. Ağla, yazıq qadın, ağla! Çünki sən ancaq bu ixtiyara maliksən!

Yazıq Qətibə! Toğruldan yaxanı qurtaran kimi, Qızıl Arslanın pəncəsinə düşdün. Gözəlsən, nə edəcəksən? Bəzən gözəllik də qadının xoşbəxtlik və azadlığını əlindən alır.

Hərgah sən Qətibə, Qızıl Arslandan yaxa qurtarmağı arzu edirsən, mən sənə kömək edərəm, çünki bir zalımı məhv etmək hər bir vicdanın müqəddəs vəzifəsidir”.

Qətibə yaxına gəlib əlini Hüsaməddinin çiyninə qoyaraq məhzun bir surətdə dedi:

– Mənim ruhum! Bizi bir-birimizdən ayırdılar. Mən aciz bir qadın olduğum üçün buna qarşı nə edə bilərdim?.. Lakin sən istəsən bu ayrılıq o qədər də uzun çəkməz. Mənim ruhum! Qızıl Arslanın məni Həmədandan Təbrizə nə məqsədlə gətirdiyini bilməmiş deyilsən. Lakin mən sənin namus və şərəfini satan qadınlardan deyiləm. Onun qarşısında böyük ordular baş endirir, tək bir Qətibə onun əmrlərinə təslim olmaya bilərdimi?

Sənə and içirəm, əmin ol. O məni öz qolları arasında görməyəcəkdir. Sən mənim Qızıl Arslanla Təbrizə gəldiyimi öz şərəfinə həqarət hesab edib məni atsan da, mən yenə də səni atmayacağam. İnan mənə, sənin dediyin söz xəyalımdan çıxmamışdır: mən sənin olmasam da, heç kəsin də olmayacağam! Həyat belədir, mənim ruhum! Sən mənim həyatımı əvvəlindən axırına qədər bilirsən. Mənim bədbəxtliyim o şairi sevdiyim gündən başlandı. O gündən başlayaraq mən təhqir olunuram. Sən bilirsən ki, mən Atabəy Məhəmmədə öz qızlıq cəvahirimi verdim, lakin o məni təhqir etdi, mənim üstümə evləndi. Onun qardaşı Toğrul isə mənə sahiblənmək üçün başıma nələr gətirmədi?! Yaxamı onun əlindən qurtarmamış onun qardaşının əlinə düşdüm. Hərgah sən bunları özünə qarşı mənim tərəfimdən baş vermiş bir xəyanət hesab edirsənsə, mən səni təqsirləndirmirəm. Çünki sən kişisən, həm də bir qəhrəmansan, sən qısqanmalısan, əlbəttə sevgi olan yerdə qısqanmaq da olacaqdır. Mən elə zənn edirəm, mənə sənin kimi bir adamın köməyi olmadan bu fələkətdən qurtara bilməyəcəyəm.

Hüsaməddin bir az düşünərək:

– Doğru deyirsən, mələkə! – dedi.

Qətibə isə yenə də Hüsaməddinin qəlbindəki ləkələri gözünün yaşı ilə silib təmizləməyə başladı, nəhayət, Hüsaməddin:

– Ağlama mələkə! Hüsaməddin sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. Ümid edirəm ki, siz mənim xidmətlərimi unutmazsınız. Mən də sizin kimi bir bədbəxtəm. Mən də iyirmi beş ildən bəri bir arzunun əsiriyəm. Kim bilir, bəlkə də bizim qismətimiz belə imiş.

Qətibə ona yaxınlaşdı və yavaşdan dedi:

– Sən ona inan ki, Qızıl Arslan mənə yaxınlaşdıqca ölümə yaxınlaşır. İndi biz hər bir təşəbbüsü həyata keçirə bilərik. Ancaq fürsəti gözləmək lazımdır. Mənim ruhum, bu dodaqlar sənindir.

Qətibə bunu dedikdən sonra dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin isə qollarını açıb Qətibəni qucaqlarkən bu sözləri eşitdi:

– Dalısı sonra...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов