Erməni-müsəlman qırğını başlandı
Страница 2 из 5 · 20%
Hacı bu tapşırıqları verdikdən sonra yenə də əlləri titrəyə-titrəyə dəstəyi qulağına tutub dinləməyə başladı, az sonra qışqırdı:
– Necə? Mitinq? Fabrikdə? Danışır? Vaj sizin yediyiniz çörək haramınız olsun! Elə isə dilinizi əlinizdən almayıblar ki, çıxıb siz də danışın!.. Necə, qorxursunuz, kimdən?.. Qulaq asın! Bax sizə necə ki, deyirəm, elə də çıxıb danışanda fəhlələrə deyərsiniz! İstəyirsiniz dediklərimi yazın. Bunun üçün də asta-asta deyirəm, yaz: — Hacı millətin babasıdır! Yazdın ki? İndi də bunu yaz: Hacının bütün fikri, bəli bütün fikri, hə, hə, bütün fikri... ada fikri! Kar deyilsən ki?! Hə, fikri və Hacının bütün çalışdığı... hə, hə, hə... bütün çalışdığı... Elədir, yaz: bütün çalışdığı... müsəlman millətinin və müsəlman dininin xoşbəxtliyi üçündür. Bəli, xoşbəxtliyi üçündür. Pah! Sizin kar eviniz yıxılsın... üçündür... üçündür... Yaxşı, yazdın ki?! İndi dalısını eşit! İndiyə kimi... hə, indiyə kimi hər fabrika... ada necə Amirka? Sənə fabrika deyirəm... Hə, indiyə kimi hər fabrika Hacıya qazanmırdı. Barakallah! Qazanmırdı, Hacı qeyrətli... hə, qeyrətli və namuslu... Hə, namuslu bir adam olduğu üçün xariciməzhəblərin... vaj sənin kovdan evin yıxılsın! Mən buna deyirəm xariciməzhəblərin, bu götürüb soruşur ki: xarici məktəblərin... Hə, xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Hə, o yazdığını bir də oxu, nigəran qaldım... Deyəsən yenə də sən mən dediyimi anlamadın. Heç bilmirəm ki, bu fərasət ilə sən necə Məkkəyə gedib qayıtmısan!
Mən sənə deyirəm ki, Hacı xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Sən götürüb yazırsan ki: Hacı xarici məktəblərin qabağından keçmək istəmədi... Çox gözəl, indi eşit: Hacı öz mülklərinin gəlirini... yox, yox... mülklərinin gəlinini yox... mülklərinin gə-li-ri-ni! Yazdın ki? Çox yaxşı, dalısını yaz: Fabrikanın zərərinə qoyurdu. Bu fabrika müsəlman millətinin iftixarıdır. Yazdın ki? Ada, sən müsəlmanca bilmirsənmiş ki?! Mən sənə deyirəm ki, fabrika müsəlman millətinin iftixarıdır, sən isə yazırsan: bu fabrika müsəlman millətinin intiharıdır. Vallah sizin yerinizə mən xəcalət çəkirəm! Yaxşı, yubanma dalısını yaz: Hər bir qeyrəti, namusu, milli ruhu olan müsəlman fabrikanı öz göz bəbəyi kimi qorumalıdır. Yox, yox, necə yəni öz bəbəyi kimi qorxmalıdır? Öz göz bəbəyi kimi qo-ru-ma-lı-dır. Hə, barakallah! Elədi ki, var. Bu sözü diqqətlə yaz: Fabrikanın əleyhinə çıxanlar xaricilərin şpionlarıdırlar. Yazdığını oxu görüm!
Hacı bir az qulaq verəndən sonra acı-acı gülüb yanında oturan Rəsulova dedi:
– Mən deyirəm ki, fabrikanın əleyhinə çıxanlar, xaricilərin şpionlarıdırlar, bu bic oğlu bic də yazır ki, fabrikanın həyətinə çıxanlar, Hacıların şeypur çalanlarıdırlar.
Hacı uzun-uzadı danışaraq, aşağıdakı sözləri telefonla dedi:
– Xarici bu fabrikanı dağıtmaq istəyir. Çünki bunda da müsəlmanların belini sındıracaqlar. Bunun üçün də nə qədər zərər olur-olsun, Hacı fabrikanı bağlamaq istəmir. Hacı hökumət ilə baş-başa vurur. Fabrikaya başqa millətlərdən ondan ötrü götürməmişdir ki, bir parça çörək varsa, öz millətinə versin! Bir həftədir ki, injenerləri çağırıb tapşırmışdır ki, fəhlələrin evlərini düzəltsinlər, həyətləri təmizləsinlər. Hacı tapşırmışdır ki, evlərdən çıxan çirkab sularını dənizə aparmaq üçün yol açsınlar. Hacı əmr vermişdir ki, beş başdan artıq ailəsi olanlara iki otaq verilsin. Hacı maaşların səkkiz manatdan on manata, on manatdan on iki manata qaldırılması üçün buxalterlərə tapşırıq vermişdir. Müsəlman fəhlələri gərək öz varlılarının bankrot çıxmasına razı olmasınlar. Hacı kimi kişilər yaman gündə millətin arxasıdır.
Hacı bu cür sözlərdən uzun-uzadı söylədi, sonra da dəstəyi qoyub yanındakılara dedi:
– Bu, nəsəyid oğlu nəsəyid, bir bəla olub düşübdür mənim canıma. Bilmirəm bu haramzadanın əlindən başımı hara götürüb gedim? Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi bir güllə vur qabırğasına! Köpək oğlu hambal paltarı geyib içəri soxulubdur. Köpək oğlu bir bəla olub mənim xırtdəyimdən yapışıbdır.
Telefonun zəngi vuruldu. Hacı tez dəstəyi götürdü:
– Bəli, Hacının özüdür. Eşidirəm, cənab qubernator, eşidirəm! Çox nigəranam... Bəli, qorxmağa da haqqım vardır... Nadinc adamlardır, evlərimi yandırarlar... Bu barədə çox razıyam, ancaq damlarım yanmasın... Bəli, bəli... Evi mühafizə üçün göndərdiyiniz kazak dəstəsi özünü çox hörmətli və ədəbli aparır. Başımı çox uca edirsiniz... Bilmirəm ki, mən sizin xəcalətinizdən necə çıxacağam. Gözüm üstə, hər zaman kefiniz istəsə, hazıram!.. Bəli, cənab qubernator, fabrikadan çox nigəranam, oradan telefon almışam ki, bu saatda həyətdə bolşeviklər mitinq düzəldibdir. Qorxuram fabrikanın başına bir iş gələ... çox razıyam! Mühafizə dəstəsi göndərilibsə, daha nigəranlığım yoxdur. Qalan işlər keçib gedər.
Cənab qubernator! Mənim sizdən bir xahişim də budur ki, güllə atılan evlərin yandırılması qərarını çıxarmısınızsa, o zaman mənim evlərimin siyahısını qoşun böyüklərinə veriniz; dünən mən o siyahını sizə göndərmişəm. Hərgah evlərimin barəsində onlara tapşırılmışsa, o sizin iltifatınızdan asılıdır. Buna görə də mən bütün müsəlman xalqı tərəfindən sizə təşəkkür edirəm... Çox pakizə! Salamat olunuz! Xanımın əlini mənim əvəzimdən öpərsiniz...
Hacı şad halda dəstəyi yerinə qoydu və yanındakılara dedi:
– Kişidir, kişi! Sözünün yiyəsidir. Müsəlmanlardan ölən çox azdır. Hələlik ermənilərdən on üç nəfər ölübdür. Hökumət müsəlmanları müdafiə etmək üçün əlindən gələni müzayiqə etmir və yenə də etməyəcəkdir. Qoşun dəstələri özünü çox pakizə aparır.
Qulluqçu içəri girib, bir nəfər zabitin Hacı ilə görüşmək üçün gəldiyini xəbər verdi.
Zabit içəri girdiyi zaman müsəlmanları qardaş qanına boyamaq və vətəndaşları bir-biri üzərinə saldırmaq istəyən «rəhbərlər» də Hacının yanında oturmuşdu.
Axşam idi. Hər gün olduğu kimi axşam siqnalını verən azan səsi və kilsə zəngləri səsi eşidilmirdi, bunları güllə səsi əvəz edirdi. Bakı şəhərinin üstünə çökməkdə olan qaranlıq, yanğınlarının tüstüləri qanadlarını milyonçular Bakısının üzərinə açan böyük bir xəyanətin kabusu kimi baxırdı.
Gecə idi. Ay çıxmamışdı. Ulduzlar parlayırdı. Elektrik fənərləri yanmırdı. İşıq buraxıldıqdan yarım saat sonra, qaranlıqda iş görmək istəyən oğrular, quldurlar, milli qırğınlarda iştirak edənlər, elektrik lampalarının hamısını güllə ilə vurub qırmışdılar. Qara fikirləri, işıqda həyata keçirmək olmazdı. Erməni və müsəlmanların bu günə məxsus «qəhrəmanları» öz dəstələri və öz silahları ilə küçələrə çıxmışdı.
Hansı pəncərədən işıq gəlsə, ora yüzlərcə güllə atılırdı. Vasya yoldaşlarından bir parası ilə görüşdükdən sonra evinə dönmüşdü. Mənzilinə gətirdiyi qızın nə vəziyyətdə olduğundan xəbərdar deyildi; erməni qızının müsəlman həyətində nə cür yaşaya biləcəyi barəsində müəyyən bir fikrə gələ bilmirdi. Həyətə girdikdə mənzilin pəncərəsindən lampa işığı gəldiyini gördü. Qız pəncərədə oturmuşdu.
Vasya otağa girdi; qız tez ayağa qalxıb salam verdi.
– Məni ölümdən qurtarmaq üçün bu mənzilə gətirən sizsinizmi? — deyə soruşdu.
– Bəli, mənəm. Sizi bu yoxsul otağa gətirən mənəm. Sizi bu fəqir mənzilə qonaq gətirməkdən məqsədim öz insanlıq vəzifəmi yerinə yetirməkdir. Mən bununla sizə kömək etmək istədim. Bilmirəm, siz bu köməkdən razı qalacaqsınız ya yox? Evinizi tanısaydım, sizi evinizə aparardım. Bilmirəm, siz mənim bu fəqir mənzilimdə keçirdiyiniz saatların əziyyətini unuda biləcəksinizmi?
– Fəqirlik insanın mənzili ilə deyil, öz şəxsiyyəti ilə ölçülür. Zənnimcə, sizin mənziliniz nə qədər yoxsul və fəqir olsa da, şəxsiyyətiniz o qədər zənkin, mənəviyyatınız isə daha yüksəkdir. Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. Lakin evimizə nə cür qayıdacağımı bilmirəm. Onlar mənim harada qaldığımı, diri olub-olmadığımı bilməyəcəklər. Bunun üçün də nigaran qalacaqlar.
– Eviniz yaxın olsaydı, sizi aparardım.
– Bəlanın böyüyü də evimizin yaxında olmamasıdır. Biz Balaxanı — Sabunçu dairəsində yaşayırıq. Mən güllə səsini eşitdikcə, bir daha evə qayıtmaq ümidlərini unuduram. Mən bir necə kərə şəhərə gəldiyim vaxt tanış evlərdə keçələmişəm. Lakin bu gecə başqa gecədir! Xüsusilə anam böyük bir həyəcan keçirəcək, yolumu gözləyəcəkdir.
Qız susdu, uzun zaman danışmadı. Vasya da onun qeydinə qalıb düşünürdü. Qızın çıxılmaz vəziyyəti, Vasyanın özünü də çıxılmaz bir vəziyyətdə qoymuşdu.
Xeyli düşündükdən sonra Vasya qızdan soruşdu:
– Mən Balaxanı — Sabunçu dairəsində bir çox ailələri tanıyıram. Siz hansı ailədənsiniz?
Qız başını qaldırıb düşüncəli qara gözləri ilə Vasyaya baxdı, sonra baxışları dizlərinə endi. Xeyli fikirləşdikdən sonra başını tərəddüdlə qaldırıb Vasyanın üzünə bir daha baxdı:
– Ailəmiz məşhur ailədir, — dedi.
– Familiyanız?
– Mən Şendrikovun ailəsindənəm.
– Şendrikovun?
– Bəli, Şendrikovun, İlya və Lev mənim qardaşlarımdır.
Vasyanı heyrət götürdü. Doğrudan da o, bu təsadüfə heyrət etməyə bilməzdi.
Qız ikinci kərə əlini Vasyaya uzadıb dedi:
– Biz ikinci kərə tanış olmalıyıq. Susanna Şendrikova!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ermeni-muselman-qirgini-baslandi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
I. QonaqlarCənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
Стихи других поэтов
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.