Erməni-müsəlman qırğını başlandı
Страница 3 из 5 · 40%
Vasya onun əlini sıxıb oturdu. Düşünməyə başladı və özünə dedi: «Bu qız necə olsun? Bunların ailəsi necə olacaqdır? Bilmirəm bu qırğınlar Balaxanı — Sabunçu dairəsinə təsir etmişmi?».
Qız birinci kərə gördüyü adamı gözdən keçirmək üçün göz qapaqlarını qaldırıb baxdı. Sonra otağa göz gəzdirdi.
Otaq olduqca sadə idi. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: künc-bucağı, tavanı hörümçək toru basmışdı. Maxorka tüstüsündən tavan və divarların rəngi tamamilə dəyişmişdi. Evin vəziyyəti bir yoxsulun, ailəsiz bir yoxsulun evinə oxşayırdı. Otaqda gözə çarpan təmiz bir şey vardısa, o da taxta çarpayıda olan yatacaqdı. Vasya çox yoxsul və öz həyatı barəsində çox laqeyd olmasına baxmayaraq, yorğan-döşəyinə çox diqqət verirdi. Otaqda bir də yemək qabları və çay stəkanı vardı.
Qız onun mənzilini gözdən keçirirdi. Vasya da çay hazırlayır, küçə dükanlarından aldığı yemək şeylərini stolun üstünə düzürdü.
Susanna birinci təklifdə heç bir tərəddüd göstərmədən stolun başına oturub yeməyə başladı. O, ac idi, səhərdən bəri heç bir şey yeməmişdi.
Yedilər, çay da içdilər. Vasya tez-tez bayıra çıxıb yenə qayıdırdı. Susanna bu çıxışının papiros çəkmək üçün olduğunu duyub dedi:
– Papirosu otaqda çəkin; mənim üçün fərqi yoxdur. Evimizdəkilərin çoxu papiros çəkir, mən artıq buna adət etmişəm.
Vasya bir papiros da düzəldib otaqda çəkdi. Yenə də səssizlik mənzili bürüdü. Onların heç birisi danışmağa söz tapa bilmirdi. Axırda Susanna Vasyadan soruşdu:
– Paltarlarınız fabrik-zavod fəhləsi olduğunuzu göstərir. Lakin yenə də bilmək istərdim, harada işləyirsiniz?
– Nə fərqi vardır? Fəhlə — fəhlədir. Harada işləyir işləsin, o fəhlədir, işləməlidir. Nə qədər qüvvəti varsa işləməlidir.
Susanna dedi:
– Bəli, işləməlidir, işləməlidir. Lakin nə şəraitdə? İşləmək üçün də əlverişli bir şərait düzəltmək lazımdır.
Vasya gülümsədi, qızın geniş söhbətlər üçün giriş aradığını anladı. Menşevik ailəsində böyüyən bu qızın nə kimi bir əqidə daşıdığını bilmirdi. Buna görə də ona verəcəyi cavabları əvvəlcə lazımınca ölçüb-biçirdi. Qızın sözünü cavabsız buraxmamaq üçün dedi:
– Şərait yaradanlar başqa, biz isə başqayıq. Bəlkə də bizim gedimizə qalanlar tapılacaqdır.
Susanna sanki bu sözlərdən xoşlanmadı və Vasyanın üzünə təəccüblə baxdı:
– Sözün doğru sözdür, — dedi, — lakin fəhlənin özü də yaxşı şərait yaratmaq üçün çalışmalıdır. Fəhlənin iştirakı olmadan onun rəhbəri də onun həyatının yüngülləşməsi işində müvəffəqiyyət qazana bilməz. Fəhləsiz rəhbər — qoşunsuz komandir kimidir.
Vasya qızın söhbət üçün əlverişli bir giriş əldə etdiyini hiss etdi və ona geniş söhbətlər üçün imkan yaratmaq məqsədi ilə dedi:
– Hələlik hərəkatın rəhbərlik məsələsi müəyyən edilməmişdir. Məncə, indi gedən mübarizənin özü də rəhbərliyin kimlərə məxsus olması üzərində gedir. Hələlik hər kəs fəhlələrin adından danışır. Xətti-hərəkət üzərində gedən bu ciddi mübarizədə hansı tərəfin qalib çıxa biləcəyini, fəhlələrin hansı tərəfdə toplanacağını və çoxluğu kimlər təşkil edəcəyini bilmək də mümkün deyildir.
Susanna özünü düzəldərək dedi:
– Sənin bu fikrin həqiqətlə dolu bir fikirdir. Təəssüf ediləcək bir məsələ vardır ki, o da bundan ibarətdir: istismarçı qüvvələr mütəşəkkil bir vəziyyət aldığı halda, fəhlə sinfini istismar üçün hər bir vasitədən istifadə etdiyi bir zaman fəhlə rəhbərlərinin xətti-hərəkət məsələsi üzərində apardıqları mübarizə olduqca yersiz və zərərlidir, çünki bu mübarizə fəhlələrin tərəddüddə qalmasına səbəb olur. Fəhlələrin bir hissəsi — fəhlə hərəkatı məsələsinə iki rəhbərin bir-birinə üstün gəlmək mübarizəsi kimi məna verir, burjuaziyanın göstərdiyi yol ilə getməyə məcbur olur. Məncə, partiyalar arasında məfkurə və xətti-hərəkət uğrunda mübarizə nə qədər doğru və yerli olsa da, hali-hazır üçün mənfi nəticədən başqa bir şey vermir. Tarixdən alınan təcrübələrin hamısı mübarizə üçün şərait və zamanın müsaid olub-olmadığının birinci rol oynadığını göstərir. Bu günkü hadisələrdən aldığımız təcrübələr və xüsusilə zaman və şəraitin yaratdığı vəziyyətdən əldə etdiyimiz həqiqətlər xətti-hərəkət üzərində mübarizə aparanların ən əsas məsələləri unutduğunu, şəraitlə həsablaşmadığını göstərir. İndi çar hökumətinin geniş bir xəyanəti maneəsiz həyata keçirməsinin birinci səbəbi də fəhlə hərəkatı rəhbərlərinin daxili məsələlərlə məşğul olmamasıdır, partiya xaricində görülən təşəbbüslərə qarşı tədbirlər görməməsidir, zəminəsi çoxdan bəri hazırlanmağa başlanmış olan bu günkü hadisələrin qarşısını ala bilməməsidir.
Vasya nə gözünə, nə də qulaqlarına inana bilirdi. Kənc qızın hazırkı hərəkət haqqında ortalığa atdığı fikirlər mürəkkəb və başqıcəlləndirici fikirlər olduğundan, Vasya bu barədə nə deyəcəyini bilmirdi. Hələ bu söhbətlərdə qızın hansı cərəyana mənsub olduğunun aydın olmaması da Vasyanı düşündürürdü. Qız bolşevikmi, menşevikmi? Bunu Vasya təyin edə bilmirdi.
Buna görə də Susannaya belə bir sual verdi:
– Sizin fikrinizcə, bu ixtilafı törədən kimlərdir?
Susanna yenə də öz əqidəsini aydın edəcək bir cavab vermədi.
– Kim olacaqdır? İxtilafı törədən bolşeviklər və menşeviklərdir.
Vasya öz əqidəsini ona bildirməyərək dedi:
– Bunlar birləşməyi bacarsaydı, biz də bu günkü fəlakətləri görmədik və təhlükə qarşısında qalmazdıq.
Susanna:
– Bax, mənim də dediyim elə budur, — dedi. — Bu maçaranın qabağını vaxt ikən almış olsaydılar, qüvvətli bir cəbhə iki tərəfə ayrılıb zəif düşməsəydi, işlər də gəlib bu nazik yerə çatmazdı.
– Görünür ki, iki tərəfdən birisində nöqsan vardır. Buna heç şübhə etmirəm.
– Məsələnin başlıcası da, hansı tərəfin nöqsanlı olduğunu təyin etməkdir. Bu barədə uzun-uzadı danışmaq lazımdır.
– Biz buna öz vaxtımızı sərf edə bilərikmi?
– Nə üçün edə bilməyək? Biz də bu mühitdə yaşayırıq. Bu mübahisəyə qarışmalıyıq.
Vasya bir papiros da yandırdı.
– Mən sizə bir sual daha verəcəyəm, — dedi.
Susanna cürətlə:
– Söyləyiniz! — dedi.
– Siyasi düşüncəsi olmayan bir insan öz iqtisadi vəziyyətini lazımınca qoruya bilərmi?
Susanna güldü. Bu sözlərlə Vasyanın hansı nöqtəni hədəf etdiyini gözəlcə bilirdi.
– İnsanın həyatında siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir ki, bunların biri o birisiz inkişaf edə bilməz. Xüsusilə siyasi düşüncəyə malik olmayan bir insanın apardığı mübarizə, nə mündərəcədə olursa-olsun, onda qalib çıxa bilməz.
Qız özü bilməyərəkdənmi, Vasyanı çaşdırmaq üçünmü, əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı.
Vasya Susannadan soruşdu:
– Bizim aydın etmək istədiyimiz məsələ yarımçıq qalmadımı?
Susanna:
– Yox, — dedi, — mən nöqsanın hansı tərəfdə olduğunu açıqca söylədim, siz özünüz də onu təsdiq etdiniz.
Vasya təəccüblə soruşdu:
– Nə vaxt?
– Mən dedim ki, siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir, bunlardan biri o birisiz inkişaf edə bilməz. Burada məsələ aydın olmadımı? Bu iki əlaqədar amilləri bir-birindən ayıranlar müqəssir deyillərmi?
Vasya özünü yığışdırdı, qıza verdiyi cavablarında ehtiyatlı olmağa başladı. O, menşevik bir adamın bacısının bolşevikcəsinə mühakimə etməsindən şübhələndi, qızın onu öyrənmək üçün zəminə hazırladığını zənn etdi.
Bütün sözlərində bolşevik tərəfdarı görünən bu qız uzun-uzadı danışdı; lakin bu sözlər, bir müəllimin öz əqidəsi ilə əlaqədar olmayan fəlsəfə dərslərini deməsinə oxşayırdı.
Gecə keçirdi, qızın yuxusu gəlirdi. Vasya bunu duyub Susannaya dedi:
– Xanım qız, biz iki şeydən birisini etməliyik: ya siz qonşuya gedəcəksiniz, mən burada yatacağam, ya da siz burada yatacaqsınız, mən qonşuya gedəcəyəm.
Susanna gözlərini geniş açaraq dedi:
– Əvvələn budur ki, hərgah bizim tanışlığımız davam edəcəkdirsə, məni bir də «xanım qız» deyə çağırmayın; ikincisi, burada da, qonşuda da yatmaq mümkündür, mənim üçün heç bir fərqi yoxdur. Mən ancaq sizin rahatlığınızı pozmaq istəmirəm. İndi ki, pozmuşam, burada da yatmağıma icazə verin.
Vasya paltosunu götürüb evdən çıxdı.
Susanna qapını daldan vurub, lampanı söndürdü.
Səlyan alayının bir hissəsi və sünkülü kazak dəstələri Hacının evini mühafizə edir, yaxına heç kəsi buraxmırdı. Alay komandiri Kuzminski general Fadeyevdən aldığı xüsusi əmrə görə, Səlyan alayını Hacının ixtiyarına vermişdi.
Jenya pilləkənlərdən düşüb küçəyə çıxmaq istədikdə, Hacı onu böyük güzgünün qabağında saxlayıb soruşdu:
– A qız, hara getmək istəyirsən?
Jenya cavab verdi:
– Şəhərdə bir az sakitlikdir. Cənab Əlixanovun xanımı Zərrintac xanımın evinə gedirəm.
Hacı:
– Qayıt yuxarı, qızım, — dedi, — sakitlik-zad yoxdur. İndi bu saat yenə atışacaqlar, bu gün evdən heç kəs bayıra çıxmamalıdır.
Jenya, Hacının sarayında verilən qərarlar haqqında yoldaşlarına xəbər verə bilməyəcəyindən kədərləndi, ümidsizcəsinə yuxarı qayıtdı. Paltosunu çıxarıb öz yerinə asmamışdı ki, şiddətli atışma səsləri gəlməyə başladı.
Fevral ayının yeddinci günü Bakıda erməni-müsəlman qırğınının şiddətli günü idi. Suraxanski və Krasnovodski küçələrində, erməni kilsəsi ətrafında heç gözlənmədən bərk atışma başlamışdı. Buradakı atışmalar şəhərin başqa hissələrinə nisbətən olduqca təhlükəli idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ermeni-muselman-qirgini-baslandi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
I. QonaqlarCənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
Стихи других поэтов
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.