Страница 3 из 3 · 67%

Mənim şirin sözlərim özünü itirmiş adamların ayağı altında qalan zəhərli tikanlar misalındadır. Mənim kölgəm sağlam fikirli adamlara təzə bir can bağışlasa da, xəstə adamlar üçün ağır bir yükdən ibarətdir.

Bir vaxt var idi ki, onsuz ağlaya-ağlaya yuxuya getdiyim üçün yuxuda görərdim ki, məni su aparır. Nə etməli? “Eşq-eşq” deyə bir adamın adını əzbərləyərdim, lakin eşqə düşəndən sonra onun nə olduğunu anladım. “Yar-yar” deyərək sevinirkən onun kim olduğunu bildim. Əgər eşq bu isə, kimə lazımdır? Əgər yar mən gördüklərim isə, onlarla kim yaşaya bilərdi?

Lakin bu dünyadan kamını almayan bir tək mən deyiləm. Çoxları xəyalın təsəvvürə gətirə bilmədiyi uca aləmlərə uçmaq istədilər, lakin qanadlarında qüvvət hiss etməyərək uça bilmədilər.

Fəxrəddin Səba xanımın bu sözlərindən sonra sakit oturmağı bacarmadı. Çünki Səba xanımın son sözləri, Fəxrəddinin Dilşadı sevdiyinə və arzusuna yetişə bilmədiyinə işarət idi. Buna görə Fəxrəddin artıq davam etməyərək ona cavab verdi:

– Qanadlarımda qüvvət hiss edirəm. İstədiyim ucalıqları fəth etmək üçün qüdrətim vardır, lakin haman ucalıqların qarşısında qara qanadlarını açıb yüksəlişimə mane olan şeytanlara rast gəlirəm.

Səba xanım irəli gəldi. Fəxrəddinlə danışmaq üçün bəhanə əldə etdi və acıqlı bir tövr alaraq dedi:

– Fəxrəddin, səni mənə və Dilşada etdiyin haqsızlıqlar səbəbinə söyməliyəm və məzəmmət etməliyəm. Əcəba sən məndən hansı təqsirimin səbəbinə küsdün?

Fəxrəddin başqalarının yanında söhbət açmaq istəmədiyindən, onlar bağçaya düşdülər. Fəxrəddin:

– Sənin özün söyləməyə layiq ikən başqasını söyləməyə haqqın vardırmı?! – dedi. – Sən mənə və Dilşada nə yamanlıq qaldı ki, etmədin?! Məni və onu məhv edən sən olmadınmı?

– Qız əsla məhv olmamışdır. Sənin məhv olduğunun səbəbi isə öz xasiyyətindir. Behiştdən hurini, mələyi yerə endirib sənin sərəncamına versələr belə, yenə də sən yaşamağı bacarmayacaqsan. Çünki səndə bir qızın qəlbini əyləndirəcək dil yoxdur. O şeyləri ki, qız səndən tələb etməlidir, onu sən qızdan tələb edirsən. Əcəba, məndən son dəfə küsməyinin səbəbi nə idi?

– Sən nə üçün mənə Dilşaddan yalan sifariş gətirdin? Nə üçün mədən aldığın məktubu Əmirə verib qızın cəzalanmasına səbəb oldun?!

– O məktub səbəbinə mənim özüm azmı cəzalandım? Madam ki, məsələnin əsasından xəbərdar deyilsən, yersiz tənqidlərini də qoy qalsın. Nə Dilşadın, nə də mənim bu işlərdən xəbərimiz yox idi. Əvvəla, sənin dilindən məktub düzəldib Dilşada verən Mərcandır. Onu da öyrədən Süsəndir. Mənim təqsirim nədir?! Madam ki, sən hər qıza bir cür söz verir və hamını sevmək istəyirsən, onların bir-birini qısqanmağa və macəra yaratmağa haqları vardır. Buna görə də Süsən sənin tərəfindən düzəltdiyi məktubu Dilşada verib onun qəlbini səndən iyrəndirmək istəmişdi. Mənim Dilşaddan, sənə sifariş gətirməyimə gəldikdə, o da mənim işimdir, o sifarişdən Dilşadın xəbəri yox idi. Mən o sifarişin vasitəsilə səndən bir məktub alıb ona aparmaq və Süsənin yazdığı məktubun sarayda düzəldiyini Dilşada isbat etmək istəyirdim. Daha açığı, Dilşadın kədərlərini təskin etməyi düşünürdüm. Əcəba, belə bir təşəbbüs sənin fikrincə, bir xəyanətdirmi?!

Qaldı ki, mənim vasitəmlə Dilşada göndərdiyin məktubun Əmirin əlinə düşməsi tamamilə doğrudur. Lakin sən bunu bilməli idin ki, məktub nə vasitə ilə Əmirin əlinə düşmüşdür.

Fəxrəddin acıqlı:

– Mən haradan bilərdim? Mən ki, sarayda yaşamıram, – dedikdə, Səba xanım cəld cavab verdi:

– İndi ki, bilmirsən, onda məni çağırıb deməli idin ki, nə üçün mənə xəyanət etdin? O zaman mən də məsələni açıb başdan ayağa qədər sənə danışardım. Mən səndən məktub aldığım və Dilşada aparmaq istədiyim gün, Süsənin tapşırığı ilə Mərcan məni güdürmüş. Mən səninlə Şeyx Saleh məqbərəsində uzun-uzadı danışdığım zaman, Mərcan sözlərimizin bir çoxunu eşidibmiş. Mən səndən məktubu alıb saraya girdiyim zaman məni bir baş xacə Müfidin otağına apardılar. Üstümü axtarıb sənin məktubunu tapdılar. Bundan sonra başıma nələr gətirildiyini danışmaq istəmirəm. Ancaq boğazımda və gözümün üstündəki yara yerlərinə baxa bilərsən.

Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. Fəxrəddin isə qismən Səba xanıma inanmağa başlarkən, Səba bunu hiss edərək sözünü davam etdirdi:

– Mən o yaxşılıqları nə sənin, nə də Dilşadın xatirinə etmirdim. Mənim xasiyyətimi yaxşı bilirsən, mən heç vaxt dinc otura bilmirəm. Süsənin bu işlərini ifşa etmək istərkən, özümü cəzaya giriftar etdim. Yazıq Dilşad da əziyyət çəkdi. Eybi yoxdur, hamısı keçib gedibdir. Dilşad da sağdır, sən də sağsan. Xeyir işinizin baş tutmasına da az qalır. Bir şirinlik yüz acılıqları unutdura bilər.

Fəxrəddin Səba xanımın bu sözlərindən acıqlanaraq dedi:

– Mənə istehza edirsənmi?

– Sənə istehza etməyə haqqım vardır. Nə üçün qıza verdiyin hədiyyəni geri qaytarmırsan?

– Hansı hədiyyəni?!

Səba xanım məzəmmətedici bir tövr alaraq soruşdu:

– Ah, Fəxrəddin, bütün Gəncənin bildiyi bir məsələni məndən nə üçün gizlədirsən?

– Hansı məsələni?!

– Boyunbağı məsələsini. Süsənin Dilşaddan oğurlatdırıb Məsudiyyə qabağındakı dilənçilərin içərisinə atdırdığı boyunbağı məsələsini... İndi nə üçün sən onu qızın özünə göndərmirsən?! Sadə bir boyunbağı Dilşaddan qiymətlidirmi?!

Fəxrəddin düşüncə dənizlərinə qərq oldu. Dilşadın Bağdada göndərilmədiyini, sarayda yaşadığını yəqin etdi və Səba xanıma müraciətlə:

– Bu xəbər sənə qarşı olan mənfi fikirlərimin hamısını dağıtdı. İndi mənə de görüm, Dilşad mənim haqqımda nə düşünür?

– Sən nəyi gözləyirsənsə, Dilşad da onu gözləyir. Ramazan ayı qurtardı. Əmir də öz sözünü geri götürməmişdir. Bu barədə Dilşada xəbər verilmişdir. Sənin özünə də xəbər vermək üçün səni saraya dəvət eləyəcəklər. Bəlkə də sabah sənə məktub göndərdilər, o zaman saraya gələrsən. Əmir sizə izdivacın şərtlərini xəbər verər, toy hazırlığına başlarsınız. İndi de görüm məndən razı qaldınmı?!

– Yerdən göyə qədər razıyam. Mən yazıq Dilşadı Gəncədən getmiş bilirdim.

– Sən Əmir haqqında çox iftira getmə, o sənə verdiyi sözü heç bir vəchlə geri götürməz. İnanmırsansa, gəl bu axşam saraya gedək, Dilşadı görəndən sonra sözlərimə inan.

– Yox, sənə inanıram. Əmirin icazəsi olmadan saraya getmərəm.

– Bu da gözəl fikirdir. Qoy sabah Əmirin öz dəst-xəttilə yazılmış məktubu alıb gətirim. Ancaq bilmirəm harada görüşək.

– Bilmirəm. Sənin üçün hara əlverişlidir?

– Elə yer olsun ki, bizim görüşdüyümüzü bir kimsə görməsin.

– Onda gərək axşam qaranlığında olsun. Axşam vaxtı çay kənarına gələrsən. Orada bir az təxir etdikdən sonra Musa dəyirmanının yanındakı söyüdlükdə görüşərik.

Buna Səba xanım razı oldu, vidalaşıb ayrıldılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов