Страница 1 из 2

Nəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.

Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.

Mirzə Niyaz Nəsibəyə dörd ay bundan əvvəl yazdığı məktubunu belə başlamışdı: «Gözəl Nəsibə! Məni sizə bağlayan mühüm amillərin birisi də elmi işçi olduğumdur. Buna görədir ki, mən sizi başqa kişilərdən daha tez mə’na edir və qiymətləndirə bilərəm.

Mən sizin tanış olduğunuz və sizin ailə təşkil etmək istədiyiniz simalar haqqında heç bir söz deməyəcəyəm.

Amerikalı mister Dirambayının dediyinə görə «təhrifə uğramamaq üçün hər kəsi öz əməlindən oxumalıdır».

Mən ancaq bunu demək istəyirəm ki, mə’nalarla dolu olan qadın kəlməsini layiqincə mə’na etmək və onu təhrif etməmək üçün elmin bütün sahələrində gəzən elmi bir işçi lazımdır ki, bu da sizin və bütün Turan dünyasının tanımağa başladığı Mirzə Niyazdan ibarətdir.

Nəsibə, Siz onu bilirsiniz ki, mənim idrak və hissim və dünyaya baxışım, adi insanlarda təsadüf ediləcək şeylərdən deyildir.

Nəsibə, Sizin baxışlarınızda duran mə’nalı sükutun nə dediyini anlamaq üçün dünya kütubxanalarından xəbərdar olan bir şəxsiyyət lazımdır.

Məşhur Hindistan alimlərindən Mirabun deyir ki, qadınları danışıqlarından deyil, sakin baxışlarından oxumalıdır.

Bu doğru bir cümlədir. Fəqət bunu bacarmaq lazımdır.

Buna görədir ki, qadına yaşamaq səlahiyyətini qazandırmaq və onu xoşbəxt yaşatmaq üçün özümdən də səlahiyyətli bir sima hesab etmirəm.

Bütün bunları nəzərə alaraq sizin kimi gözəl bir qızı xoşbəxt etmək barəsindəki fikrimi cəsarətlə söyləyirəm.

Zənimcə Sizin elmi bir işçi ilə tanışlığınız elminizin, biliyinizin sahəsini də genişləndirər və Sizi az zamanda elmi bir işçi kimi Azəri xalqına təqdim eylər.

Nəsibə, Siz onu da nəzərdən qaçırmamalısınız ki, mən hazırda cahanşümul bir şəxsiyyət kimi tanınmağa çalışır və buna hazırlaşıram.

Az müddətdən sonra yalnız siz və sizin kiçik vətəniniz olan Azərbaycan deyil, firqəmizin qurmağa çalışdığı böyük Turanın hər tərəfində məni oxuyub və əsərlərimi əldən ələ gəzdirəcəklər.

Son zamanlarda mən Marks və Enkels əsərlərinin üzərində çalışıram. Siz bilirsiniz ki, bolşevizm və sosializm fikrinin batil bir fikir olduğunu göstərmək üçün firqəmiz mənə böyük bir vəzifə tapşırmışdır.

Buna görə də dükandakı boş vaxtlarımın hamısını Marks və Enkels əsərlərinin tədqiqilə keçirməkdəyəm.

Hazırda Marksdan sonra, Enkelsin Marks əsərlərini tamamlaması barəsində mühüm bir əsər yazmaqdayam.

Dünən gecə firqənin qapalı iclasında oxunan bu əsərlər, doğrudan da mənə elmi bir işçi adlanmaq şərəfini qazandırdı.

Nəsibə,– əlbəttə ki, Siz elmi bir işçinin yoldaşlığını qəbul etmiş olursanız darülfünunlarda keçilməyən elmləri keçəcək, əski və yeni alimlərin dilindən eşidə bilməyəcəyinizi eşidəcəksiniz.

Siz bu yoldaşlıq nəticəsində olaraq adi bir müəllimə deyil, elmi bir işçi kimi meydana çıxacaqsınız.

Mən çox arzu edərdim ki, Kopenhaken alimlərindən Lankenin əsərlərinə yazdığım tənqidi sizinlə bərabər oxuyaydım.

Bu günlərdə həmin tənqidi Almaniyada Drezden professorlarından Fridrix Vermidsanın əsərlərinə dair göstərişlərlə bərabər London elmi akademiyasına göndərəcəyəm. Bu barədəki müvəffəqiyyətlərimlə də sizi təbrik edə bilərəm.

Yaponiya alimlərindən professor İtama yazır ki, insanlar yaşla deyil, əsərlərilə böyük hesab edilirlər.

Nəsibə, mən də bu kimi şəxsiyyətlərdənəm. Sizin mənimlə olan yoldaşlığınız sizin gənc həyatınızı işıqlandıracaqdır.

Fransalı müsyö Julver yazır ki, bahar günəşi yarpaqsız ağaclara nə qədər mənfəət verirsə, ziyalı adamların müsahibəti də insana o qədər mənfəət vermiş olur. Mənim sizinlə qurmaq istədiyim ailə məsələsini tez bitirməyə çalışdığım Leydində açılacaq dünya elmi konqresinə çağırıldığımdır.

Orada professor Holverdanın əsərləri haqqında tədqiqi mə’ruzəm qoyulmuşdur.

Bundan da əlavə professor Qustmanın son iki əsərinə aid yazdığım əlavələri orada dünya alimlərinə oxuyacağam.

Hələ mümkün olursa hazırda əlimdə yazdığım doktor Eduard Lemananın əsərlərinə həsr etdiyim tənqidi qeydlərimi də dünya elmi konqresinə aparıb onun dinlərin doğuluşuna aid yürütdüyü fikirləri rədd edəcəyəm.

Nəsibə, mən bu konqres vasitəsilə bütün dünyaya tanındığım zaman siz də məşhur bir alim, hətta bacarıqlı bir firqə rəhbərinin yoldaşı olmaq münasibətilə bütün dünyada tanınmış olacaqsınız.

Bütün bunları nəzərə alaraq məktubuma tez cavab verməyinizi rica edərdim.

Bakı, 28 yanvar 1919. Mirzə Niyaz.»

Nəsibə Mirzə Niyazın birinci məktubunu xatırladığdan sonra, onun masa üzərinə buraxdığı son məktubu açıb oxumağa başladı:

«Əzizim Nəsibə! Məşhur professorlardan T. Axelisa özünün, «İzdivacın mədəni tarixi haqqındakı» əsərini oxuyarkən mən belə bir qənaət hasil etdim ki, bizim izdivacımızın tarixi hələlik mədəni şəkilə girməmişdir.

Professor F. Tsan dəxi öz əsərində Axelisanın yuxarıda göstərdiyi fikri təsdiq etdi.

Mən, bizim izdivacımızın hüquqi əsasını nəzərdə tutaraq professor Koleranın «İzdivacın hüquqi əsası» adlı əsərini bir daha nəzərdən keçirərək bizim izdivacımızın hüquqi əsaslar cəhətincə doğru qurulmadığını gördüm.

Hələ dosent Yu.Veyssnin «Xəstəlik və izdivac» sərlövhəli əsərini oxuyarkən insan izdivacın mənfi tərəflərini görmüş olur. Əlbəttə, mən bunları sənə yazmaqda özümü professor R. Kossmanın «İzdivac xaricində əlaqə» sərlövhəli əsərinə tərəfdar göstərmək istəmirəm. Lakin bunu da bilməlisiniz ki, mən özümü professor Kossmana tərəfdar göstərmədikdə bunu mənim fahişəlik əsərini yazan professor Yanavskiyə tərəfdar olduğum kimi mə’na etməməlidir.

Bütün bunları nəzərə alaraq biz ailə münasibatını arqadaşlıq münasibatına döndərmək və onu yaxın bir tanışlıq əlaqəsi sayəsində olaraq davam etdirməyə çalışmalıyız.

Əzizim Nəsibə! Sən bilirsən ki, mən aramızdakı elmi səviyyəsizliyi ləğv etmək üçün əlimdən gələn qədər çalışdım, çox əsərlər oxudumsa da müvəffəqiyyət əldə edə bilmədim. Nəhayət, məşhur alimlərdən professor Qrosseranın «İnsan bədənin quruluşu» adlı mühüm bir əsərini oxuyarkən belə bir qənaətə gəldim ki, kişilərlə qadınlar arasındakı elmi səviyyəsizliyin başlıca səbəblərindən biri də onların organizm cəhətcə fərqli olmasıdır.

Fürsət olursa mən sənə professor Şteynberqin «Kişinin ruhu və həyatı» adlı əsərini göndərəcəyəm, sən onu oxuduqda Şərq kişilərinin ruh və zevqini oxşaya biləcək, onun ruhuna girərək, onun üçün mə’nəvi həyat düzəldən bir qadın olmadığını, özün də təsdiq eyləyəcəksən.

Haman əsərdə, qadınla kişi arasında elmi səviyyəsizliyin ləğv ediləcək bir şey olmadığına ayid bir çox qeydlərə təsadüf eyləyəcəksən.

Əlbəttə, mən bu barədə özümü də tənqid edirəm. Mən son zamanlar professor Lullerin «Kişi, ər olmaq həyatında»kı əsərini oxuyarkən görürəm ki, doğrudan da mən ərlik həyatını tamamilə yanlış bir əsas üzərində qurmaq istəyirmişəm.

Haman professorun «Kişi atalıq rolunda»kı əsəri məni daha da təşvişə saldı. Çünkü mən özümdə professorun tə’limatı üzrə davam etdirlə biləcək atalıq vəzifəsi üçün yararlıq görmürəm.

Buna görə də sən Nəsibə əmr-vaqe qarşısında qalmamaq üçün hələ dünyaya gəlməmiş övladımızın dayandırılması, daha açığı dünyaya gətirilməməsi barəsində düşünməlisən.

Mən iki gündən bəridir ki, dul qadın və dul kişilərin həyatı ilə maraqlanıram. Bu barədə gözəl bir əsər də tapmışam ki, o da professor Veyss-nin «Kişi dulluq vəziyyətdə» sərlövhəli əsəridir.

Nəsibə, sən hərgah bu əsəri oxumuş olursan heç şübhə yoxdur ki, dulluq həyatı ilə məndən daha artıq maraqlanmış olacaqsan. Əlbəttə, bu əsəri oxuyasan. Sənə məsləhət görürəm. Nə sən, nə də mən evlənməmişdən qabaq «əsəbilik» devrinin mə’nəvi ləzzətlərini anlaya bilməmiş və haman qiymətli günlərdən istifadə edə bilməmişik.

Mən indi professor O. Şraderanın «İnsan əsəbilikdə» sərlövhəli əsərini oxuyub özümüzün keçmiş günlərimizə təəssüf edirəm. Doğrudan da bu kimi əsəri məndən daha əvvəl oxumuş olsaydın, həmin bu məktubun eynini sən mənə göndərəcəkdin. Hər halda mən bu barədə qabağa düşdüm və dulluq həyatımın ləzzətli yollarını sənə göstərmiş oldum.

Hər halda mən səviyyəsizlik üzərində apardığımız mübarizələrin hədər və yersiz olduğunu indi-indi hiss edirəm. Bu barədə sənə əziyyət verdiyim, hətta səni tə’qib etdiyimdən utanıram.

Hazırda qarşımda mühüm bir əsər durur.

Əsər professor Tsiker Kadlyahın «Qadın bədəninin quruluşunun kişi bədəni quruluşu ilə müqayisəsi» adlı mühüm bir əsərdir.

Bu əsər göstərir ki, hər fikri hər baş çəkə bilməz, hər toxum, hər torpaqda göyərməz. Qadın quruluşu, kişinin quruluşu çəkən siqləti çəkə bilməz.

Hələ qadının ruhani və mə’nəvi yaşayışlarındakı xüsusiyyətləri götürmüş və onları məşhur Qərb alimlərindən Lili Braunun dediyi kimi tədqiq etmiş olursaq, görə bilərik ki, qadının zövq və iste’dadı elmi sahələrdən çox uzaqda gəzir.

Mən özümü sənə hiss etdirmək üçün zamanlarca çalışdım. Nəhayət acizlədim, həftələrlə bu barədə düşündüm, kitabları aradım, qənaətverici bir cavab tapa bilmədim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

1140–1225

Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar.Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə

4 мин
Araz kənarında

Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır.Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı.

9 мин
Poçt-teleqraf rəisinin evində

Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.

9 мин
Təbrizə doğru

Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.

13 мин

Стихи других поэтов