Boşboğazlar məhkəməsi
Страница 2 из 2 · 50%
Professor Yu. Veyssanın «Qadın hissləri dünyası» nam əsəri bu barədə mənə bə’zi qeydlər verdisə də, yenə də qənaət hasil eləmədim.
Nəsibə, qəlbin sınmasın, sən qadın olmadın və kişinin ruh və zevqini oxşamağı bacarmadın. Mən sənə Maria Ştrittanın «Qadın bir arvad kimi» əsərini oxumağı tövsiyə etdimsə də sözümə baxmadın. Məncə bu kimi əsərlər bizim hazırda qırılmaqda olan ailə həyatımızın az müddət də olsa davam eyləməsinə yardım verəcəkdi. Bunların hamısı keçibdir, biz elmi əsaslarla evlənmədiksə də elmi əsaslar üzərində ayrılırıq, çünki elmi səviyyə olmadan ailə həyatını davam etdirmək qabil deyildir. Sən də savadsız deyilsən, insan həyat məktəbinin hər sinfini, hər dərəcəsini keçməlidir. Nə eybi vardır, bir az da həyatın bu sahəsini yenidən tədqiq edərik. Buna görə də sən bu məktubu alan dəqiqədən özünü azad hesab etməlisən.
28 mart 1919-cu il. Mirzə Niyaz».
Uşaq doğulduqdan bir neçə ay sonra, Nəsibə Mirzə Niyazdan şikayət ərizəsi yazıb onun məktubu ilə bərabər məhkəməyə göndərmişdi və ərizəsində yaşaya bilmədiyini göstərərək uşaq üçün məsarif tələb eləmişdi.
Bu gün Mirzə Niyazın işinə baxılırdı. Məhkəmə salonu ziyalılar və bazar əsnafı ilə dolu idi. Hətta Mirzə Niyazın dükan qonşuları da dükanını bağlayıb Mirzə Niyazın elmi çıxışlarını eşitmək üçün məhkəmə salonuna yığışmışdı. Mirzə Niyaz qoltuğunda bir çox əski kitab və əlində qalın bir portfel olduğu halda oturub fikirləşirdi.
O, kitabını və portfelini müttəhimlər kürsüsünün yanındakı masanın üzərinə qoyub qoltuğundakı bloknotdan məhkəmədə verəcəyi cavabı əzbərləyir və arasıra gözünün birisini aşağı və digərini isə yuxarı edərək dərin bir surətdə düşünürdü.
Nəsibə də gəlib bir tərəfdə oturub qucağındakı uşağa hərəkət verir və onu sakit eləyirdi.
İş başlandı. Məhkəmə sədri işlərin içərisindən bir iş götürüb səsləndi:
– Nəzirə hacı Həsən qızı! Cənab Mirzə Niyaz Rəhimli!
Məhkəmə sədrinin sözündən sonra Nəsibə yerindən qalxaraq:
– Cənab sədr, mənim adım Nəzirə deyil, Nəsibədir, yanlış yazılmışdır, — dedikdə məhkəmə sədri:
– Oturunuz. Hələ sizin işinizə baxılmır, — dedi.
Nəsibə oturdu.
Məhkəmə sədri yenə də sözə başlayaraq:
– Nəzirə hacı Həsən qızı cənab Mirzə Niyazdan şikayət verərək doğduğu uşaq üçün məsarif istəmişdir. Müddəi öz ərizəsilə bərabər məhkəməyə bir məktub da vermişdir, — dedi, — məktubu oxumağa başladı.
Nəsibə yenə də həyəcanlı bir surətdə ayağa qalxaraq məhkəmə sədrini səslədi:
– Məktub mənə yazılmışdır, budur surəti də redikülümdədir. Rica edirəm ərizəmə yaxşı diqqət verəsiniz.
Sədr onu sakit etməyə başlamadan, Nəsibənin yanında oturan gənc bir qadın qucağındakı uşağına hərəkət verərək Nəsibəyə dedi:
– Sən nə üçün yalan deyirsən. Budur Mirzə Niyazın mənə yazdığı məktub.
Nəsibə gənc qadının əlindəki məktubu alıb öz məktubu ilə müqayisə elədikdə məktubların Mirzə Niyaz tərəfindən imzalandığını və məzmunca da bir olduğunu görüb heyrətləndi.
Bir azdan sonra Nəsibə məhkəmə sədrinin səsini eşidərək ayağa qalxdı.
Məhkəmə sədri ona belə bir sual verdi:
– Bu ərizəni sənmi vermişsən?
– Bəli mən vermişəm!..
– Nə istəyirsən?
– Uşaq üçün məsarif istəyirəm!..
Məhkəmə sədri daha başqa cavab vermədi. Müddəilərin ikisi də öz ərizəsində uşaq üçün məsarif tələb etmişdi.
Məhkəmə sədri Mirzə Niyaza müraciətlə:
– Cənab Mirzə Niyaz, indi söz sizə verilir — dedikdə Mirzə Niyaz ayağa qalxdı, kürsünün üstündəki kitablarını düzəltdi, öz portfelini də onların üzərinə qoyaraq bloknotu da əlinə aldı. O, sözünü belə başladı:
– Bir çoxları təəccüb edəcəkdir ki, Mirzə Niyaz elmi bir işçi olduğuna baxmayaraq iki qadına bir məktub göndərmişdir. Almaniyalı elmi-təşrih və ruhiyyat alimlərindən, doktor Fon Şarilberq öz əsərində yazır ki, qadınlar xarici görünüş cəhətcə müxtəlif olsa da, onlar xasiyyət və təbiətcə birdir. Onların daxili quruluşu və insanlığa məxsus iste’dadı fərqli deyildir. Milan alimlərindən Paulin Şiffin yazdığına baxılırsa, bir qadın ağlını ölçmək üçün digər bir qadının hərəkətlərinə diqqət vermək kifayətdir.
Bu kimi elmi əsaslara istinadən, mən bu iki qadının hər ikisinə bir məzmunlu məktub göndərdim.
Şübhəsizdir ki, məhkəmə salonunda oturan ağalar və ziyalı simalar, tacir və qiymətli şəxslər mənə belə bir sual verə bilər:
– Siz nə üçün qadınları tez-tez dəyişirsiniz?
Mən yenə də bu suala elmi əsaslara istinadən cavab verəcəyəm. Vyana alimlərindən Yulveysin, Frans İosifə ittihaf olaraq yazdığı «Ailə quruluşunda intixab» sərlövhəli əsərinin 35-ci fəslində yazır ki:
«Sağlam ailə qurmaq istəyən bir erkək, dişiləri intixab etmək qüvvətinə malik olmalıdır».
Mən bu kimi elmi qeydlər nəticəsində də azəri xalqına mədəni bir ailə vermək hazırlığını aparır və intixab üsullarını tətbiq edirəm.
Hələ Almaniya alimlərindən Pedor Fontso Beltitsa yazdığı böyük bir əsər intixab üsulu tətbiq edən və qadınları tez-tez dəyişən erkəkləri daha da haqlı buraxır.
O yazır ki:
«Bir nöqtədə donub qalmaq, yaşamaq üçün eyni fikri əsas tutmaq inkişaf və proqres qanununun əleyhinədir».
Bundan da əlavə, professor Fridrix Tsimmer yazır ki, «İzdivac qanununun tələbi üzərinə olaraq bir qadının məhəbbətində davam etmək ibtidai adətlərin töküntüsüdür».
Eyni professor digər bir əsərində yazır ki: «İzdivac müddətinin uzunluğu iki insanın biri digərinə yük olması deməkdir».
Amerika alimlərindən Mister Vilyamson yazır ki: «İzdivac əlaqəsi tabut gəlmədən qırılsa daha yaxşıdır».
Hindistan alimlərindən Buriba yazır ki, «İzdivac ağırlığından dincəlmək üçün talaq məcburi bir haldır».
Uşaqlara məsarif vermək məsələsinə gəldikdə, bu barədə mən öz məktubumda yazmışam:
«Dünyaya gəlmək istəyən uşağın dünyaya gəlməmişdən əvvəl qeydinə qalmalısan».
Bu sözlərdən sonra qadınların hər ikisi birdən
– Fırıldaqçı! — dedilər,
Buna cavabla Mirzə Niyaz vüqarını pozmayaraq dedi:
– Viyana filosoflarından M. Çoller Landtık və Essen professorlarından Kellenanın yazdığı üzrə fırıldaqçılıq insanların yaşamaq qabiliyyətindən doğan bir xüsusiyyətdir.
Məhkəmə salonunda oturanların Mirzə Niyaza əl çalması və «elmi işçi»ni alqışlaması bitmədən müsavat məhkəməsi öz qərarını uca səslə e’lan etdi:
– Nəzirə hacı Həsən qızı və Nəsibə Usta Ələsgər qızının cənab Mirzə Niyazdan məsarif tələb etmək üçün verdikləri ərizələri kifayətsiz e’lan edirik.
Bazar baqqalları Mirzə Niyazı aralığa alıb təbrik etdikləri zaman qucağında uşaq olan iki gənc qadın bir daha səsləndi:
– Fırıldaqçılar!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bosbogazlar-mehkemesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar.Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə
Araz kənarındaAraz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır.Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı.
Poçt-teleqraf rəisinin evindəQızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.
Təbrizə doğruFaytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.