Страница 2 из 3 · 33%

Cahanşümul şair olmaq üçün cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır. Bir şairin təbi nə qədər işıqlı olursa olsun, saray içərisindən bir günəş kimi dünyaya işıq sala bilməz. Bəzən saray içərisindən doğan günəşlər geniş təbəqələri işıqlandırmaq qabiliyyətindən məhrum olur. Çünki camaat öz arasından doğan günəşi sevir. Çobanlar günəşi çiçəkli və yaşıl meşələrin arxasından gözləyir, gəmiçilər günəşin bir-birini təqib edən dalğaların arxasında axtarır, kəndlilərimiz isə günəşi yaşıl düzlərin və çəmənlərin üzərində yüksələrkən görür və şadlanırlar. Buna görə də saray divarları dalısından çıxan günəş bizim xalqımızı heç bir zaman isidə bilməz.

Cənab Nəcməddin buyurdu ki, “Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxdığınız üçün bütün fikirlərinizi şeir yaradıcılığına verə biləcəksiniz”. Lakin bilmirəm ki, xalqımın ehtiyaclarını görmədiyim, o ehtiyacdan doğan dərdləri onlarla bərabər bölüşdürmədiyim, ehtiyac qazanında bu xalqla birlikdə qaynamadığım zaman mən yaradıcılıq üçün mövzu və ilhamı haradan alacağam?!

Şairlərin saray xaricində olması xaqanlar üçün saray içərisində olmalarından daha əlverişlidir. Çünki şair saray içərisində gördüklərini yazarsa və onu geniş təbəqələr arasına yayarsa, bu xaqanların nüfuzunun azalmasına səbəb ola bilər. Lakin xalq arasında yaşamaqla ümumi dərdləri yazıb xaqana bildirmək, həm xalq üçün, həm də xaqan məmləkətinin abadlığı üçün əlverişli olar.

Doğrudur, sarayda rahat yaşayıb möcüzələr, bərcəstə şeirlər yaratmaq mümkündür. Lakin haman bərcəstə və möcüzə dediyiniz şeirlər xaqanın buyurduğu kimi yüksək təbəqənin ruhunu oxşaya bilər.

Məncə, sarayın xaricində olan azadlıq, saray içərisində olan azadlıqdan daha yüksəkdir. Bir də ki mən uşaqlıqdan hazırkı məişətə öyrənmişəm. Mənim üçün saray həyatı, azadlığını itirmiş bir quşcuğazın qızıl qəfəsdən aldığı nəşədən heç də yüksək ola bilməz.

Xaqan həzrətlərinə salam yetirib mənim tərəfimdən ərz edərsiniz ki, hərgah Şirvan xaqanı Azərbaycan dilini öyrənməyə tənəzzül etməmişlərsə, biz əksinə, həm farsca danışa bilir, həm də farsca şeir yazmağı da bacarırıq. Sağlıq olursa, Leyli və Məcnun dastanını yazıb bitirdiyim zaman bir daha görüşərik.

Uzun saatlar davam edən bu söhbətlər əsnasında sərin və ətirli şərbət içilirdi.

Nəcməddin və heyət üzvləri bu qədər səmimi qəbuldan razı qalaraq vidalaşıb getdilər.

Fəxrəddin qalxıb Nizaminin üzündən öpərək dedi:

– Sənin dilin, sənin ifadən mənim qılıncımdan da kəskindir.

Axşam idi, Fəxrəddinin Səba xanımdan Əmirin məktubunu almaq və saraya getmək üçün söz verdiyi vaxt gəlib çatmışdı. O qalxıb getmək istədikdə Nizami ona bir daha tapşırdı:

– Ehtiyatlı ol! O qız çox hiyləgərdir. Kim bilir, bəlkə səni Musa dəyirmanının yanında məhv etdirəcəkdir.

Fəxrəddin bir daha:

– Onu bacara bilməzlər, – deyə vidalaşıb getdi.


Əmir nahar yeməyindən sonra sərxoş idi. O, Səba xanımı qəbul etmək, Fəxrəddinə göndəriləcək məktubu yazmaq və Səba xanıma tapşırıq vermək üçün rəqqasələri çox tez buraxmışdı.

Səba xanım axşama bir az qalmış xacə Müfidin gətirdiyi sifarişə görə Əmirin otağına dəvət olundu. O, təzə tikdirdiyi libaslarını və yanlarına inci və zümrüd düzülmüş köynəyini geydi, üzərində almaz cıqqalar vurulmuş qızıl araqçını başına qoydu. Yaqutdan, zəbərcəddən düzəldilmiş telbasan, gövbasanları saçlarına taxdı, qiymətli daşları, boyunbağıları üstünə düzdü, ağ və incə topuqlarına zümrüdlü xalxallarını taxdı, böyük bir təntənə ilə Əmirin otağına daxil oldu. Qırx şamlı avizələrin şəfəqi Səba xanımın üzərindəki qiymətli daşlara düşdüyü zaman sanki Əmirin qarşısında bahar fəzasının qövsü-qüzehindən paltar geymiş bir gəlin durmuşdu.

Əmir heç bir zaman Səba xanımı bu gözəllikdə görməmişdi. O qalxıb Səba xanımı qolları arasına alaraq öpdü və dedi:

– Sən nə qədər gözəlsən! Səndən ilham alan bir qəlbin şeir mənbəyi olmaması qabildirmi?!

Səba xanım Əmirin qucağında nazlandığı zaman:

– Elədir, mənim ağam! Elədir, mənim varlığımın hakimi, elədir! – dedi. – Qoca şair Əbül-Üla məni əbəs yerə iyirmi min dirhəm qızıla almamışdı. O daima bir şeir mövzusu üzərində işlədiyi zaman məni yanına çağırıb əyləşdirər və fikirləşdikcə mənim üzümə baxır və yenə də yazardı.

O məni aldığı zaman birinci gün yazdığı şerinin məzmunu yadımdadır. Nə gözəl də yazmışdı. O deyirdi: “Səba, sən onu bil ki, mən səni öz göz bəbəyim kimi gözlərimdə gizlədəcəyəm. Səni naməhrəmlərə göstərməyəcəyəm. Səni gözümün yaşlarilə böyüdəcəyəm. Sənin mozun qamətin, sərv ağacına bənzəsə belə, güllər və çiçəklərlə bəzənəcəkdir. Lakin qorxuram ki, bir gün göz yaşları kimi mənim gözlərimdən çıxıb qaçasan”.

Əmir bu sözləri eşitdikdən sonra onu qucaqlayıb:

– Sən onun göz bəbəyindən qaçaraq mənim qucağıma düşdün. İndi mən səni bəsləyəcəyəm. Qocalmış bir şair sənin qədrini, qiymətini bilməzdi.

Səba xanımın Fəxrəddinlə görüşə getməsi vaxtına az qalırdı. Buna görə də xacə Müfid aftaba-ləyəni boşaltmaq üçün otağa girdiyi zaman Əmir ona əmr etdi:

– Dəhlizdəkilər aftaba-ləyəni görməməlidir. Pərdənin dalına qoy, sonra da gedib Toxtamışı mənim hüzuruma çağır.

Xacə Müfid getdikdən sonra Səba xanım da qalxıb saçlarını və üst-başını sahmana salmağa başladı. Yenə də daş-qaşların hər birisini öz yerinə nəsb etməyə məşğul oldu. Lakin Əmir sərxoş olduğu üçün Səba xanıma libaslarını geyməyə imkan vermirdi. Yarım saatdan bəri Toxtamış qapının dalında durub icazə gözləyirdi, nəhayət, xacə Müfid içəri girib Toxtamışın qapı dalında durduğunu söylədiyi zaman Əmir Səba xanımın dodaqlarını buraxdı.

Toxtamış daxil oldu. Səba xanıma tapşırıq verməyə başladı:

– Sənin ağıllı qız olduğuna inanıram. İstədiyin zaman sənə tapşırılan vəzifəni layiqilə ifa etməyinə şübhəm yoxdur. Lakin məni qorxudan iki şeydir. Onlardan birisi sənin gözəlliyin, ikincisi də keçmişdə sənin onu sevdiyindir.

Səba xanım Toxtamışın bu fikrini rədd etmək üçün cavab verdi:

– Daha iki cəhəti də nəzərə alaraq cənab vəzir qorxmamalıdır. Onlardan birisi Fəxrəddindən intiqam almaq istədiyim, ikincisi də Əmir həzrətlərinin şərəfinə nail olduğumdur. Mən heç bir zaman bu şərəfi adi bir rəiyyətin sevgisilə əvəz etmərəm.

Toxtamış başına hərəkət verdikdən sonra gülərək dedi:

– Biz sizi çox yaxşı tanıyırıq. Qadının bədəninə kişi əli, xüsusilə gənc bir kişinin əli dəyincə o hər bir şeyi unudur.

– Mən bu xidməti, Əmirin mənə verdiyi şərəfin müqabilində ifa edəcəyəm; sözümdə sadiq qalacağam. Əmir həzrətlərinin başına and içirəm. Çox qadın görübsünüz, lakin Səba xanım o qadınların heç birisinə bənzəməz. Siz Fəxrəddini bu gecə Əmir həzrətlərinin ayaqları altında görəcəksiniz. Onu Əmir həzrətlərinin qulamları qamçılayıb döydükləri zaman mən özüm də bir tərəfdə durub tamaşa edəcək və arzularıma çatdığım üçün şadlanacağam.

Səba xanım Əmirin başına, xəlifənin müqəddəs sarığına and içdikdən sonra Toxtamış sakit oldu, Fəxrəddinə bu məzmunda bir məktub yazdılar:

“Möhtərəm Fəxrəddin!

Ailənizin nəcabəti və özünüzün şəxsən əsil və qəhrəman olduğunuz sizi ikinci bir şərəfə nail edir. Bir ay bundan əvvəl sizə yazılan məktubda təyin etdiyimiz vədə bitmişdir. Buna görə də izdivac məsələsinin müzakirəsi üçün saraya gəlməyiniz lazımdır. Atabəy həzrətlərinin Gəncəyə gəlməsindən qabaq toy məsələsini bitirməliyik. Çünki Atabəy həzrətləri gələndən sonra başımız başqa məsələlərlə məşğul olacaqdır.

Məktubu sizə Səba xanım verəcək, ona etimad edə bilərsiniz.

Əmir İnanc”.

Məktubun başını bağladılar. Əmir möhrünü də imzasının altına basdı. Səba xanım məktubu götürüb Əmirin otağından çıxdı. Hələ qaranlıq düşməmişdi ki, o, saray qapısından çıxdı. Kimsəyə hiss etdirməmək üçün bağça qapısından çıxıb çayın kənarına düşdü.

Toxtamışın tapşırığına görə Əmir inanılmış xidmətçilərdən dörd nəfər yanına çağırdı və tapşırıq verdi:

– Bağçanın qapısına yaxın yerlərdə gizlənməlisiniz. Bu gecə Səba xanımla bərabər, yainki Səba xanımsız bir nəfər saraya gələcəkdir. Bağça qapısında duran keşikçi qapını açıb onu bağçaya buraxacaqdır. Siz ona görünməməlisiniz, ancaq dəhlizə girdiyi zaman başına palaz atıb dərhal həbsxanaya gətirərsiniz. Səs çıxarmasına və saray xalqının xəbərdar olmasına imkan verməməlisiniz. Palazı başından götürmədən əvvəl onu tərk-silah edərsiniz. Mən onu görmək üçün gəldiyim zaman qollarını bağlarsınız. O qorxulu və qüvvətli adamdır. Buna görə də onu həbsxanaya saldığınız zaman lazımi qədər döyərsiniz. Çünki o xəstə halına gətirilməzsə kimsəni yaxınına buraxmaz. İndi gedin, bağçada olun! Vəzifədə səhlənkarlıq göstərsəniz öz başınızla cavab verəcəksiniz.

Xidmətçilər getdi. Əmir bu tarixi gecənin şərəfinə bir ziyafət təşkil etmək üçün əmr verdi; qoca vəzir də Əmirin bu fikrini təqdir etdi. Saqilər, rəqqasələr, gözəl carıyələr, qəşəng və gənc qulamlar işə başladı. Ziyafət gecə saat ikiyə qədər sürdü. Lakin nə Səbanın, nə də Fəxrəddinin saraya gəlməsi haqqında heç bir xəbər çıxmadı. Bu hadisə Əmirin və Toxtamışın rahatsızlığına səbəb oldu. Əmir şərab piyaləsini içib yerə qoyduğu zaman Toxtamışa müraciətlə dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов