Страница 3 из 3 · 67%

– Deyəsən vəzirin dedikləri doğru çıxdı...

Toxtamış da şərabdan üz-gözünü turşudub acı bir ifadə ilə cavab verdi:

– Dünyadakı yaranmışların hamısı faili-muxtardır. Onlar bir işi həyata keçirmək istədiyi zaman keçirər, istəməzsə keçirməz. Bu xasiyyət kişilərdə, heyvanlarda, hətta kiçik qarışqalarda da vardır. Bu xasiyyət ancaq qadınlarda yoxdur. Qadınların ixtiyarları öz əllərində deyil, onlar kişini, xüsusilə sevdikləri kişiləri gördükləri zaman özlərinə məxsus olan hər bir hüquq və ixtiyarı kişilərin sərəncamına verirlər. O, birinci gecə sevgilisinin qucağına tələsən bir gəlin kimi bəzənib Fəxrəddinin görüşünə getdi. Fəxrəddin isə gəncdir. Səba xanım da Dilşaddan çirkin deyil, onların bir-birinə güzəştə gedə bilmələri nə üçün mümkün olmasın?

Toxtamış düşünür, Əmir isə piyaləni piyaləyə bənd edib içirdi.

İntizar gecə saat üçə qədər davam etdi. Nə Səba xanımdan, nə də Fəxrəddindən bir xəbər olmadı. Bağçadan eşidilən hər bir səda Əmirin və Toxtamışın qulağında bir bayram müjdəsi kimi səslənirdi.

Əmir yalnız Fəxrəddinin gəlməməsi haqqında düşünmürdü. Onun fikrində Səba xanımın gecikməsi də mühüm bir yer tuturdu. O, Səbanın yabançı əllərə düşməsindən və şərəfinin ləkədar olmasından qorxurdu. O öz-özünə: – Dünyanın gözəlini öz əlim ilə geyindirib yola saldım. Bu axmaqlıq və sadəlik deyilmidir? – deyirdi.

Toxtamış da fikrə qərq olaraq mırıldanıb bu sözləri deyirdi:

– Bizim sadəliyimiz orasındadır ki, belə mühüm bir işi adi bir cariyəyə tapşırdıq. Onların xasiyyətləri, başlarındakı tükün miqdarı qədər müxtəlifdir. Mən əbəs yerə demirdim ki, göydə ulduzların sayını öyrənmək nə qədər çətindirsə, qadının xasiyyətini öyrənmək də bir o qədər imkansızdır... O bizim bu qədər intizar içində çapaladığımızı nəzərə alırmı? Onun üçün gənc bir adamla oturub əylənmək Əmirdən də, Əmirin ona bağışladığı şərəfdən də qiymətlidir.

Əmir Toxtamışı sakit edərək dedi:

– Sən Səba xanıma inanmalısan, o mənə əbəs yerə and içməzdi. Hərgah sənin dediklərin doğru olursa, mən, onu bu gecənin özündə saçlarından asdırram.

Saat üçə qədər Toxtamış Əmirin fikirlərilə razılaşmadı. Toxtamışın dediklərinə isə Əmir etiraz etdi. Çünki Əmir Səba xanımın özünə qarşı bəslədiyi sevgi və hörmətə hər şeydən artıq inanırdı.

Birdən dəhlizdən ayaq səsləri gəldi. Əmir və Toxtamış şadlıqlarından dəli olmaq dərəcəsinə gəldilər. Bir azdan sonra xacə Müfid qapını açıb daxil oldu və baş endirib dedi:

– Səba xanım xidmətçilərlə bərabər gəlibdir.

Əmir:

– Xidmətçilər dayansın, Səba xanımı içəri burax! – deyə əmr verdi.

Əmir də, Toxtamış da Səbanın müvəffəqiyyətlə qayıtmamasını yəqin etmişdilər. Lakin Səba içəri girəndən sonra Əmirin və Toxtamışın vəziyyəti bir daha dəyişdi. Çünki Səba xanım tamamilə bir tuman və bir köynək ilə qayıtmışdı. O, Əmiri gördüyü zaman ağlayıb bayıldı.

Xacə Müfid su gətirdi, yarım saatdan sonra Səba xanım ayılıb Toxtamışı və Əmiri başı üzərində görüncə bir daha bayıldı. Nəhayət, gecə saat beşdə onu tamamilə ayıltdılar. Əmir ona sual verdi:

– Bu nə vəziyyətdir? İndiyə qədər haradaydın?

Səba xanım ağlaya-ağlaya söhbətə başladı və başına gələnləri danışdı:

– Mən bir az yubanmışdım. Özüm də Fəxrəddinin məni Musa dəyirmanı yanındakı söyüdlükdə o qədər durub gözləyəcəyinə inanmırdım. Çayın kənarından çox böyük bir sürətlə yuxarı qalxdım. Söyüd ağaclarının altı çox qaranlıq idi. Göz-gözü görmürdü. Bir neçə dəqiqə orada durdum, kimsəni görmədim, irəli getmək olduqca qorxulu idi. Qorxub, geri qayıtmaq qərarına gəldim. Qayıtdım, daşların arasından çayın kənarına düşmək istəyirdim, söyüdlükdən o qədər də ayrılmamışdım. Lakin bunu da demək istəyirəm ki, gəldiyim yolu itirmişdim. Hər halda o yol ilə çayın kənarına düşmək mümkün idi. Kolların içərisindən keçdiyim zaman “Teyyubə xanım gəldi” – deyə bir səs eşitdim. Bu səsin dalınca bir neçə nəfər tanımadığım adam ətrafımı aldı, məni əl üstündə kolların arasına gətirdilər. Məni bir nəfərin yanında yerə qoydular, o adam qollarını boynuma saldı və məni öpərək soruşdu:

– Gözəl Teyyubəm, harada qalmışdın? Sən bir saat əvvəl gələcəyin üçün mənə vədə verməmişdinmi?!

Mən qorxurdum, bütün vücudum əsirdi, qorxa-qorxa and içib dedim:

– Mən Teyyubə deyiləm, mənə toxunmayın, mən Səba xanımam, Fəxrəddinin sevgilisiyəm, onunla görüşmək üçün gəlmişəm.

Onlardan birisi?

– Elə isə xoş gəlib səfalar gətirmisən. Bu gecə Fəxrəddinin şərəfinə bizə qonaqsan, – deyərək əlini atıb şeyləri görərkən qarışqa kimi vücuduma darışdılar. Uşaqlar çiçəkləri yoluşduran kimi üst-başımı yoluşdurdular. Cavahirlərimi alandan sonra mən yenə ağlayıb onlara yalvarırdım. Lakin məni buraxmadılar, gecə saat ikiyə kimi yanlarında saxladılar. Sonra isə bütün libaslarımı aldıqdan sonra, nəhayət, məni yola saldılar.

Əmir acıqlandı, və:

– Alçaq cariyə, səni saçlarından asdıracağam, – dedikdə Səba xanım ağladı və başından dəsmalı ataraq başını göstərdi.

– Əmir həzrətlərinə xidmət göstərmək istərkən saçlarımı da qurban verdim. Saçlarıma düzdüyüm zümrüd və inciləri gecə qaranlığında soyub götürə bilmədiklərindən onları saçlarımla bərabər kəsib götürdülər və gedərkən dedilər:

“Get Fəxrəddinə xəbər ver ki, hərgah qəhrəmandırsa, qoy gəlib sənin namusunun intiqamını bizdən alsın”.

Əmir bir sual daha verdi:

– Bəs apardığın məktub?!

– Məktubu da, hətta Əmir həzrətlərinin Nizamini zəhərləmək üçün verdiyi zəhəri də cibimdən tapıb götürdülər.

Əmir qalxıb Səba xanıma bir sillə vurdu:

– Bəs mənim şərəfim?!

Səba xanım bu sözə cavab verə bilmədi, çünki beş saat tamam, naməlum adamların içərisində gecələmişdi.

Nəhayət, Toxtamış məsələyə müdaxilə edərək dedi:

– Hərgah bu cinayəti icra edənlər Fəxrəddin tərəfindən təyin edilən adamlar olsaydı, o zaman hadisənin nəticəsindən qorxmağımız lazım gələcəkdi. Hərgah Səba xanım onların tamamilə yabançı və Fəxrəddinə düşmən adamlar olduğuna inanırsa, burada bir qorxu yoxdur. Aparılan qiymətli şeylərdən Əmirin xəzinəsində çoxdur, tüklər də bir ayın içərisində saç qərarına gələ bilər. Saxta saç düzəltmək də mümkündür. O ki qaldı şərəf məsələsinə, bu da gülünc bir işdir, çünki onlar Səba xanımın nail olduğu şərəfi yox, Fəxrəddinin şərəfini ləkələmişlər. Ola bilsin ki, onlar Səba xanımın Əmirin şərəfini daşıdığını bilsəydilər bu cinayəti etməzdilər.

Əmirin acığı söndü. Vəzirin dedikləri onun başına girdi. Xacə Müfidi çağırıb dedi:

– Səba xanımın paltarlarını gətir! Onun nə istəyi varsa heç bir kəsə bildirmədən düzltməlisən.

Xacə Müfid getdi. Toxtamış Səba xanıma müraciət edərək onun həyəcanını təskinedici bir surətdə dedi:

– Həyatda bu cür hadisələr çox ola bilər. Lakin insan heç vaxt öz mətanətini itirməməlidir. Sən sabahdan etibarən Fəxrəddini görmək üçün çalışmalısan. Onun nə üçün səni gözləmədiyini öyrənməlisən. Hərgah bu ciyanət onun düzəltdiyi bir cinayət deyilsə, onu saraya gətirmək üçün çalış. O ki qaldı Nizami məsələsinə, öz dilənçilərini əldən buraxma. Zəhəri apardılarsa, qoy aparsınlar. Ondan Əmir həzrətlərində çoxdur. Bu günlərdə Nizami ailəsinin işini bitirməlisən. Onun özü də, Rənası da, himayəsində yaşamaqda olan şairə Məhsəti xanım da bu yaxın günlərdə məhv olmalıdır.

Səba xanım sevindiyindən ağlayaraq:

– Bütün varlığımla bu vəzifələri yerinə yetirəcəyəm, – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов