Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:

– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.

Nina bu sözlərdən sonra gözlərimin içinə baxdı.

– Mən bir şeyi bilmək istərdim.

– Nəyi bilmək istəyirsiniz?

– Sizin inqilab tərəfdarı olduğunuzu birinci gündən hiss edirdim. Sizin mətanət və əzminiz də bunu göstərir. Fəqət təyin etmədiyim bir şey varsa, o da sizin inqilaba nə məqsədlə qoşulmanızdan ibarətdir. Həqiqi inqilabçımısınız? Və ya inqilaba ticarət və şəxsi mənfəət üçünmü yanaşırsınız? Bunu bilsəydim, qəti fikrimi deyə bilərdim.

– Bunu nə üçün soruşursunuz?

– Hərgah pul üçünsə, təhlükəsiz ticarət mümkün deyilmi?

– Paraya ehtiyac yoxdur. Ehtiyacım olsa da inqilabi məqsədlər üçündür. Bu sözüm sizə olan məhəbbətim qədər səmimidir!

– Elə isə mən inqilabda nə kimi bir vəzifə götürə bilərəm?

– Birinci növbədə Rusiyaya gedib-gəlmək üçün konsulxanadan vəsiqələr əldə etmək lazımdır.

– O vəsiqələrlə mənmi Rusiyaya getməliyəm?

– Hər kəs gedirsə, getsin. Hələlik vəsiqəni əldə etmək üçün düşünməliyik.

Nina başını aşağı salıb düşünürdü. Şübhəsiz ki, məni saxta bir sima hesab edir, onu öz məqsədlərinə xidmət edən bir alətə çevirmək istədiyimi zənn edirdi. Üzündə bir tərəddüd görünürdü. Uzun kirpiklərini bir-birinin üstünə töküb durmuşdu. Lakin məsələ, onun düşündüyü kimi deyildi. Mən də onu sevirdim. Fəqət onu da özüm gedən yol ilə aparmaq və əqidə sevgisi yaratmaq istəyirdim.

Çox fikirdən sonra dəyirmi gözlərini gözlərimə dikib:

– Hərgah sənin sevgin məndən bunu tələb edirsə, hazıram. Bu təklifi məmnuniyyətlə qəbul edirəm – dedi.

– Bunu bizim sevgimiz yox, məzlum bir xalqın taleyi tələb edir. Bizim sevgimiz də inqilab hərəkatına başlamış kütlələrin taleyindən asılıdır. İnsanı yalnız bir sevgi təmin edməz. Biz öz sevgimizi inqilab hərəkatının tələblərinə tabe tutmaya bilmərik.

– Mənim heç bir sözüm yoxdur. Sən düşüncəsiz və bacarıqsız adam deyilsən. Təkbaşına iş görmək də çətindir. Buna mühit də icazə verməz. Tək irade, təkbaşına təşəbbüs kütləyə bir şey verməz. Hərgah sən inqilaba sadiqsənsə, sən bir cəmiyyətə qoşulubsansa, mən də öz xidmətimi əsirgəmərəm. Yalnız bunu bilmək istəyirəm, sən mənimlə öz tərəfindənmi, bir cəmiyyət və ya təşkilat tərəfindənmi danışırsan?

– Mən özümdən heç bir şey demərəm. Bunu cəmiyyət adından deyirəm. Əgər siz bundan məmnun deyilsinizsə, yenə də məcburiyyət yoxdur. Sizin bu təklifdən boyun qaçırmağınız bizim tanışlığımıza heç bir zərər yetirə bilməz.

Nina yenə də fikrə getdi. Bir neçə dəqiqə düşündü. Mən indi masa üzərindəki məcmuələrə baxırdım. Nina qəti sözünü dedi:

– Siz doğru deyirsiniz. Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə təğyir verməz. Lakin bir şeyi də bilirəm. Əqidə birliyi olmayan yerdə, sevgi birliyi də ola bilməz. Mən yalnız sevgi üçün deyil, öz maraq və duyğum üçün də siz təklif etdiyiniz cəmiyyətin nəfinə işləməyə söz verirəm. Demək siz tacir deyilsiniz.

– Əlbəttə, yox. Tacir deyiləm, – deyim.

Nina çox şadlanırdı. Çöhrəsində ümid və sevgi nişanələri parlayırdı.

Çayı içdik. Mən onu artıq narahat etmək istəmədim. Vidalaşıb birbaşa Sərdarın yanına getdim.


Sərdarın yanına daxil olmaq üçün hər dəfə icazə istəmək lazım deyildi. Daimi icazə vərəqəsi ilə onu gecə saat on ikiyə qədər görmək mümkündür.

İçəri girdikdə Hacı Mehdi Kuzəkünanini Sərdarın yanında gördüm. Hacı Mehdi Sərdarın yanına mühüm bir iş üçün gəlmişdi. O öz sözlərində tamamilə burjuaziyanın inqilab üzərindəki təzyiq rolunu ifa edirdi.

– Mən deyirəm, biz bazarın nırx məsələsinə qarışmayaq. Biz istibdadla mübarizə aparsaq bəsdir. Anbar sahibləri tamamilə nüfuzlu adamlardır. Nırx qoyduqda onların mənafeyi tapdanır, onların əks-inqilab dəstələrinə qoşulmaları üçün bu da bir bəhanə olur.

Səttar xan Hacı Mehdinin bu sözlərini diqqətlə dinləyirdi. O, qəlyanın qəmişini hələ ağzından çıxarmamışdı. Nəhayət, Hacının danışmasından ürəyim darıxdı. Bunu Səttar xanın özü də hiss edirdi. Axırda Səttar xan:

– Qəlyanı aparın! – deyə səsləndi.

Gəlib qəlyanı apardılar. Səttar xan isə sözə başladı:

– Nırx məsələsi mühüm məsələdir. Anbar sahibləri bizi şəhərin kənarında duran düşmənlərdən daha artıq boğmağa çalışırlar. Onlar gündən-günə taxılın qiymətini qaldırırlar. Biz nırx məsələsinə qarışmasaq, vəziyyətimiz get-gedə ağırlaşacaqdır.

– Mən ərz edirəm ki, biz bu məsələyə qarışsaq, işimiz daha çox ağırlaşacaqdır.

– Hacı, siz səhv edirsiniz. Anbar sahibləri kimdir? Mirzə Möhsün ağadır. İmamcümədir. Bunlar daxildə iğtişaş hazırlayırlar. Bahalıq bir gün bütün Təbrizi bizim əleyhimizə qaldıra bilər.

– Mən təklif edirəm ki, məsələni əncümində qoyub həll edək.

Səttar xan məsələni əncümində qoymaq üçün bir söz demədi. Həmişə əncümən məsələsi aralığa gəldikdə o susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf meydana çıxacağından ehtiyat edirdi. Mən Hacı Mehdi ilə bir neçə dəfə görüşmüşdüm. O, yalnız mənim deyil, bütün Qafqazdan gələnlərin fikri ilə hesablaşmaq istəmirdi. O da Siqətülislam müctəhidin fikrində idi. Mən bir neçə kəlmə danışmaq üçün Sərdardan icazə istədim.

– Buyurun, buyurun! – deyə icazə verdi.

– Mən Hacı cənablarını çox diqqətlə dinləyirdim. Hacı məni bağışlasın. Bu fikirlər inqilabçı fikri deyil. Bir hökumətin əleyhinə üsyan qaldıran və heç bir fəlakətdən qorxmayan inqilabçıların beş nəfər anbar sahibindən qorxması inqilab tarixi üçün bir ləkədir. Anbarlar çoxdan bəri inqilab hesabına ələ gətirilməli idi. Mən onları müsadirə etmək fikrini meydana sürmək istəmirəm, çünki inqilab sırasında bir çox mollanın, varlının olması «müsadirə haramdır» deyə buna yol verməyəcəkdir. Lakin sabahdan etibarən bütün taxıl anbarlarını siyahıya alıb məhsulu müəyyən qiymətlə camaata satdırmalıyıq. Belə olarsa camaat inqilaba iki əli ilə möhkəm yapışar.

Səttar xan səsləndi:

– Qəlyan gətirin! Çay gətirin!

Qəlyan, çay gətirildi. Səttar xan börkünü götürdü, əlini başına, sonra da bığlarını çəkdi. Zatən bu, Səttar xanda adət idi. Həmişə mühüm bir məsələni həllə başlamadan və mühüm bir cavabı vermədən əvvəl əlini başına və bığlarına çəkərdi. O, başına hərəkət verərək sözə başladı:

– Mən elmsiz bir adamam. Lakin bu kimi şeyləri anlamaq üçün heç də çətinlik çəkmirəm. Bir ağırlıq varsa, o da bildiyimi, anladığımı həyata keçirməkdir. Mən bilirəm ki, taxılları hesaba almaq lazımdır. Nəinki şəhərin içərisindəki taxılları, hətta Sərdruddakı, Qızılca meydanındakı, Sofyandakı taxılları da əlimizə almalı idik. Fəqət qoymayırlar.

Hacı Mehdi Səttar xanın bu sözünün qarşısında heç bir şey demədi. Zatən İranda bu adət deyildi. Böyük adamların fikri qarşısında heç bir fikir ola bilməz. Bunun üçün də Hacı Mehdi Səttar xana verəcəyi cavabı mənə verməyə başladı.

– Möhtərəm rəfiq! – dedi. – Biz inqilab etmişüx... Biz hökumətlə vuruşurux. Bizim əllaflıq etməyə vaxtımız yoxdur. İnqilab taxıl alış-verişilə məşğul olsa, böyük xanlar, zərğamlar, hacı Musa xanlar sabah bizim dədəmizə od vurar. Bu gün biz taxılın üstünə əlimizi bassaq, sabah bir nəfər adam belə Təbrizə taxıl gətirməz.

Səttar xan qəlyanı tələsik ağzından çıxarıb:

– Onsuz da, – dedi, xaricdən taxıl gətirilməyəcəkdir, çünki mühasirə xətti get-gedə daralır.

Mən danışmırdım. Danışığın artıq faydasız olduğunu bilirdim. Bunu Səttar xan da hiss etdiyindən söhbətin istiqamətini dəyişdi:

– Hacı getdikcə cavanlaşır. İnqilab Hacını cavan bir oğlan halına gətirmişdir.

Hacı güldü. Börkünü əlinə götürüb onun «güllərini» yatırmaq üçün əlilə börkünü tumarladı.

– Doğrudan da, dünəndən bəri bu sözü mənə bir çoxları demişdir. Özüm də aynaya baxmışam. Görürəm ki, təzə börküm məni lap cavan göstərir.

– Ləbbadəni çıxarıb yaxşı bir «sərdarı» geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü.

Hacı Mehdi özündən, ailəsindən, hətta yediklərindən çox bəhs etdi. Uzun danışıqlardan sonra Səttar xan ona müraciətlə:

– Hacı mürəxxəssiniz, – dedi.

Hacı Mehdi qalxıb getdi. Zatən bu söz İran kübarlarının arasında adətdi. Böyük adamlar icazə verməmiş onun məclisində oturanlar durub getməzdilər.

Hacı Mehdi çıxdıqdan sonra Səttar xan mənə müraciət etdi:

– İndi qafqazlı yoldaşlar bilsin ki, biz inqilabı nə kimi adamların içərisində aparırıq. Hərgah namusum qəbul etsəydi, Əsgər Davatgəroğlu, naib Həsən Kababçıoğlu kimi alçaqlar olmasaydı, çəkilib bir tərəfdə oturardım. Lakin iş işdən keçibdir. İnqilabın bütün ağırlıqlarını öhdəmə almışam. Sizə məsləhət görürəm ki, bunlarla heç vaxt bəhs etməyin. Bunların hər birinin cibində yüz əqidə vardır. Siz bilirsiniz ki, mən heç kəsə güzəştə getmərəm. Lakin bəzən bunların qarşısında güzəştə getməyə məcbur oluram. Bunun hamısı inqilabın xatırınadır. Hacı məsələni əncümənə həvalə edir. O bilir ki, əncüməndə səs varlıların əlindədir.

Bu söhbətlərdən sonra Sərdar sözü Nina məsələsinə gətirdi:

– Vəziyyət ağırdır. Fişəng, əl bombaları yoxdur. Bunları hazırlamaq üçün əldə edilən şeylər hamısı da suyun o tərəfindədir. Bəlkə, Ninadan bir mətləb hasil oldu.

– Nina məsələsi düzəlmişdir. Ondan ən səmimi və fədakar bir yoldaş hazırlaya biləcəyimə əminəm. O, inqilabda vəzifə götürəcəyinə sevinir.

– Ona lazım olan şeylər verilmişdirmi?

– Otaq və lazım olan şeylər barəsində tamamilə təmin edilmişdir. Çox da razı qalmışdır.

– Məsarif və xərc cəhətindən də təmin olunmuşdurmu?

– Ona pul vermək yaramaz. Özü də qəbul etməz. Lazımi şeylər üçün pulu mən özüm verərəm.

– Heç vaxt xəsislik etməyin. Bir şahılıq iş görənlərə beş şahı verməkdən çəkinməyin. Onu özü istədiyi kimi yaşatmalısınız. O, istəsə bizə böyük yardım edə bilər. Məndən ona salam yetirin. O bizi çox da həqir saymasın. Biz on milyonluq camaatın dərdlərini deyirik, haqlarını istəyirik. Ona mənim dediyimi eynən söyləyin.

– Sərdar, sizi əmin edirəm ki, o qız bizim yoldaşımızdır.

– Qadınlar inqilabı çox sevir. Onlar inqilab rəhbərlərini xariqüladə bir qüvvətə malik olan sima hesab edir. Bu gün bir dul qadından aldığım məktub bunu tamamilə isbat edir. Gör bir nə yazır: «Bilirəm neçə qadınınız vardır. Bu mənim üçün heç də ayıb deyildir. Mən özüm də dul qadınam. Çox dövlətim, kəndlərim vardır. Sizi də görməmişəm. İnqilab qəhrəmanı olduğunuzu bilirəm. Mən sizin adınızı məmnuniyyətlə qəbul edərdim. Əgər siz bunu qəbul etsəniz özümü xoşbəxt hesab edərəm».

Sərdar məktubun qısa məzmununu söylədi. Yazının adını da demədi. Hər gün belə məzmunda yüzlərcə məktub aldığını qeyd edərək dedi:

– Zənnimcə, inqilabın ağırlığını qadınlar da daşıya bilər. Onlar da inqilabı hərəkətə gətirən həqiqi qüvvələrdən ola bilərlər.

– Doğrudur, Sərdar, qadınların cəmiyyət işində çalışması son dərəcə əhəmiyyətli və zəruridir.

Yemək vaxtı idi. Şam yeməyini bir yerdə yedik. Süfrəyə başqalarını da çağırdı. Süfrə Təbriz əyalarında olduğu kimi təntənəli deyildi. Yeməklər ət suyu və ətdən ibarət idi.

Gecə saat bir olmuşdu. Mən ayağa qalxdım. Sərdar məni mənzilimə qədər yola salmağı yanındakı adamlara tapşırdı. «Heç kəs lazım deyil», deyib dışarı çıxdım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Matəmli günlər

Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar.Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm.

22 мин
Qorxulu gecə

Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.

19 мин
«Rəhm olunmasın!»

Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi:«Üsyançı təbrizlilərə rəhm olunmasın!»

14 мин
Çar konsulxanasında

Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.

14 мин

Стихи других поэтов