Страница 1 из 3

Miss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.

Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:

– Mən bütün günləri sənin üçün düşünürdüm, - dedi, – bilmirəm sən də mənim üçün düşünür və məni xatırlayırdınmı?

– Səni xatırlayırdım, – dedim, – hətta çox təəssüflə xatırlayırdım. Sənin alman-rus intriqasına qoşulduğundan da ürəyim ağrıyırdı, sən heç vaxt öhdənə bu vəzifəni götürməməli idin. Sən gözəl, gənc, munis, məşğuledici, ədəbli və mədəni bir qızsan. Dünyada sənin tanışın, dostun olmaqdan da böyük bir səadət yox idi. Mən səninlə Livarcan yaylasında keçirdiyim günlərin bir dəqiqəsini bütün Almanıyanın zənginliyi ilə dəyişmərəm. Mən sənə səmimi suallar verib, səmimi cavablar aldığım dəqiqələri xatırladıqda özümün o zaman nə qədər xoşbəxt olduğumu düşünürdüm. Lakin sənin getdiyin əyri yollar mənim müsbət xatirələrimin üzərinə bir xətt çəkdi. Hazırda mən səninlə danışan zaman özümü həmin mehriban və səmimi qızın qarşısında yox, mənə boyalı və iki mənalı kəlmələr satan bir alman casusunun qabağında görüb öz-özümə utanıram.

Bu sözlərimdən miss Hanna bərk tutuldu və rəngi qızardı, yalvarıcı bir surətdə dedi:

– Sizcə, bir alman qızının ana vətəninə göstərdiyi xidmətə casusluq demək caizdirmi? Tutaq ki, mən bir casusam, casusun qəlbində öz istəklisini sevmək duyğusu olmazmı? Casusun qəlbi öz sevgilisi üçün döyünməzmi? Tutaq ki, mən casusam, bu mənim öz vətənim uğrunda öhdəmə götürdüyüm vəzifə deyilmi?

– Mən bunun bir vəzifə olduğunu inkar etmirəm, casus qızın sevgisi olduğunu da təsdiq edirəm... Casus qızın qəlbi də öz sevgilisindən ötrü çırpına bilər. Lakin sevgi məsələsi ilə vəzifə məsələsini müqayisə etdiyimiz zaman, görürük ki, sevgi ikinci və bəlkə də, üçüncü dərəcəli məsələlər sırasında qalır, çünki həqiqi bir casus öz vəzifəsini sevgisinə qurban edə bilməz, hələ o casus bir alman qızı olursa, vəzifəsini daha da xmüqəddəsə bilər və onu hər şeydən lazımlı hesab edər, çünki almanlar hər millətdən artıq eqoistdirlər.

Miss Hanna başını mənim çiynimə qoyaraq:

– Fəlsəfəni burax, mənə inan, sənin bir qırıq tükünü bütün Almaniya ilə dəyişmərəm: yüzlərcə mühüm vəzifələr mənim sənə olan sədaqətlərimi poza bilməz. Mən gərək nə qədər namussuz bir qız olam ki, mənim haqqımda sənin göstərdiyin yaxşılıqları unudam və sənə xəyanət göstərəm. Məni son günlər çar Jandarmının əlindən xilas edən sən olmadınmı?

– Doğrudur, mən səni çar fandarmının əlindən xilas etdim, lakin səni İran xalqının mənafeyinə zərbə vurmaq üçün qurtarmamışdım, mən səni İran xalqı əleyhinə düzələn bu son macərada iştirak etmək üçün müdafiə etməmişdim. Sən bu son avantüraya qoşulmamalı idin, bunun üçün də səni görürkən ürəyim ağrıyır və öz-özümə lənət edirəm.

Miss Hanna bu sözlərdən təkan yedi və özünü düzəldib soruşdu:

– İftira və böhtan deməyi mən buradan gedəndən sonramı öyrəndin? De görüm mən İran xalqı əleyhinə düzəlmiş hansı bir avantürada iştirak etmişəm? Onu mənə göstərə bilərsənmi? Əcəba, mən sənin sevdiyin xalqın düşməniyəmmi? Mən İranın azadlığını məhv etmək istəyən çar hökuməti ilə düşmən deyiləmmi?

– Mən sənə bir sual verəcəyəm, buna bir casus kimi yox, bir sevgili dost kimi cavab verməlisən. Sən bilməlisən ki, mənim sənə olan hörmətim dərin bir sevginin məhsuludur. Bu hörmət və bu sevgini nəzərə alaraq mənim sualıma səmimi cavab verməlisən!

– Bütün vicdanımla, bütün varlığımla sənə and içirəm, sənin sualına bir dost kimi cavab verəcəyəm.

– Mənə de görüm, İran xalqını dünya müharibəsi macərasına cəlb etmək, gələcəkdə onu dünya xəritəsindən silmək deyildirmi? Bu məqsədin həyata keçməsinə çalışanlar xain və avantüraçı deyildirmi? Bu məqsədin həyata keçməsində bilvasitə və bilavasitə iştirak edənlər xain və avantüraçı sayılmırlarmı?

Qız başını yerə dikdi, düşünməyə başladı. Onun bütün görünüşü və baxışları özünün bu sualıma cavab verməkdə çətinlik çəkdiyini bildirirdi. Məncə, o öz vicdanı qarşısında öz sevgisi ilə vəzifəsini bir yerə qoyub müqayisə edirdi: qız onların heç birisini rədd edə bilmirdi, çünki bunların hər ikisi onun üçün qiymətli idi. O, çox fikirləşdikdən sonra bir daha başını yuxarı qaldırıb məni ayağımdan başıma qədər gözdən keçirdi və nəhayət:

– Bəli, İran xalqını bu avantüraya cəlb etmək xəyanətdir, ingilis və rus istilasını dərinləşdirməkdir, – dedikdə mən əlimi onun saçlarında gəzdirərək:

– İndi ki, bu təşəbbüs bir parça xəyanətdən ibarətdir, onda bəs nə üçün mənim əziz dostum burada iştirak edir? Məgər sən hazırda Təbrizə gələn bu dəstənin məqsədini bilmirsənmi? Cavab ver!..

– Nə üçün bilmirəm!

– Bildiyin halda da iştirak edirsən, eləmi?

Amerikalı qız bu sözdən sonra danışmadı. O, hönkür-hönkür ağlayırdı, köksünü çəkirdi, o, həyatından iyrənmiş bir adam kimi teztez: KAh ana, məni nə üçün doğdun?) – deyərək göz yaşı tökürdü. Mən onun heç vaxt belə bir şiddətlə ağladığını görmədiyim üçün təəccüb edirdim. Bu ağlamaq onun acizliyini və həyat istiqamətini itirdiyini göstərirdi. Onun ümidləri hər tərəfdən sarsılmışdı, bir tərəfdən mənim yanımda öz köhnə etibarını itirmiş, bir tərəfdən dünya müharibəsinin ən qarmaqarışıq yerinə düşmüşdü. O, rusların Təbrizə qayıdacağını bilirdi, o bir daha bu başıpozuq dəstəyə qoşulub Kürdüstana qayıtmaqdan qorxurdu, qızdır, həm də gözəl və hamının diqqətini cəlb edən bir qızdır! O, Təbrizdə də qala bilməyəcəkdi, o həm Amerika, həm də rus konsulxanası yanında xəyanətçi sayılırdı. Onun sanki bütün varlığı su olub gözünün çeşmələrindən axıb tökülürdü. Gözünün yaşı yaxalığımı və pencəyimin çiynini islatmışdı, onu sakit etmək üçün:

– Sakit ol, – dedim, – ağlamaq insanın acizliyindən doğur. Sən ağıllı, bacarıqlı qızsan, düşdüyün fəna yoldan çəkilib xalqın rahatlığı üçün işləyə bilərsən, hələlik çox gəncsən, səhvlərini islah etmək üçün də imkan vardır. Gələcəkdə də dost olduğun adamlarla səmimi yaşamağa çalış, o zaman sənin üçün bütün çətinliklər asanlaşar. Dünya belə qalmayacaqdır: bir tərəf qalib, bir tərəf məğlub olduqdan sonra sakitlik olacaqdır, o zaman sən də özünə doğru bir yol seçər və bu çətinlikdən yaxanı qurtararsan.

Qız bu söhbətlərimdən sonra başını çiynimdən qaldırıb ağlayaağlaya danışdı:

– Mənə inan - dedi. – Mən birinci gün səninlə görüşdüyüm zaman səni səmimi və sadiq bir qız kimi sevdim. Sən bilirsən ki, mən Təbrizə bir elmi işçi olaraq tədqiqat üçün gəlmişdim. O zaman heç bir partiya və təşkilata mənsub deyildim. Sənə and içirəm, hazırkı çirkabın içərisinə özüm də hiss etmədən düşdüm.

– İnsan özü hiss etmədən casusluq vəzifəsini öhdəsinə götürərmi?

– And içirəm, mən bu vəzifəni özümü casus hiss etmədən ifa etməyə başladım, buna sənin sevgin səbəb oldu.

– Mənim?

– Bəli, sənin! Çünki sən bu hadisənin tarixindən xəbərdar deyilsən: bu tarixdən xəbərdar olduqda sonra mənim özümün hiss etmədən tora düşdüyümü təsdiq edəcəksən. Rica edirəm məni eşit! Qoy başıma gələnləri sənə danışım.

– Danış, dinləyirəm, lakin rica edirəm ağlama!

Bu sözümdə qız yanımdan durub içəri otağa keçdi, az sonra libasını dəyişmiş və tualetini düzəltmiş bir halda çıxıb yenə də yanımda oturdu və özünün casusluq tarixini söyləməyə başladı:

– Mən bir elmi-tədqiqatçı kimi Təbrizə gəldikdən sonra alman konsulu məni bir neçə kərə öz evinə qonaq çağırdı. Onlar mənə böyük bir məhəbbət, hətta ata-ana məhəbbəti qədər qiymətli bir nəvaziş göstərdilər. Mən bu ehtiramı alman patriotluğu ilə əlaqədar bilərək onların evinə gedib-gəlməyə başladım. Konsulun arvadı məni öz qızı kimi köksünə basar və bəzən saçlarımı da sahmana salardı, mənim şad günlərim onların evində keçər, qəmlərimi də onlarla bölüşərdim. Mən onların öz övladı kimi olmuşdum, onların hər bir şeyləri mənim üçün açıq idi. Konsulun arvadı mənim rahat yaşamağım üçün bütün şəraiti düzəldər, hətta paltarlarıma qədər özü tikdirərdi. Onlar mənim Amerika konsulxanası ilə olan əlaqəmi bilirdi, mən özüm Amerika xeyriyyə cəmiyyətinin məsul işçisi olduğumu onlara söyləmişdim.

Günün birində konsulun evində nahar yeməyinə dəvət edilmişdim. Onlar mənə amerika konsulxanasında işə girməyi və əlverişli bir vəzifə götürməyi məsləhət gördülər. Mən Amerika konsulxanasında özümə yaxşı bir xidmət təklif edildiyini onlara xəbər verdim, konsul çox şadlandı və: «Qızım, bu vəzifəni götür? – deyə mənim saçlarımı sığalladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов