Страница 2 из 2 · 50%

Hər iki qonağın başı üstündə bir nəfər qız durub sifarişləri qəbul edirdi. Hacı ilə qubernatorun sifarişlərini qəbul edən Jenya idi. Qulluqçu qızlar əllərində bloknot sifarişləri yazırdılar. Jenya isə danışılan söhbətlərin notunu qeyd edirdi.

Ağa Murtuzanın şərəfinə içiləcək piyalə üçün gətirilən məzə, Ağa Murtuzanın həmişə yediyi xörəkdən idi ki, bu da Şəki sumağına basdırılmış qırqovul döşündən ibarət idi. Ağa Murtuza ayrı şey yeməzdi. Hacı arabir qubernatorun qulağına pıçıldayaraq soruşurdu:

– Vəziyyət necədir? Allaha şükür, səlamətlikdir ki?

Qubernator da onun qulağına pıçıldayırdı:

– Vəziyyət ağırdır. Tətilləri və inqilab hərəkatını yatırmaq üçün böyük zəhmətlər tələb olunur. Xüsusən Bakının müdafiəsi üçün ayrıca tədbirlər lazımdır. Burada sizin köməyinizə ehtiyac vardır. Yerli xalq arasında sizin nüfuzunuz çoxdur.

O, sözünü qurtaran kimi qırqovul döşünü çəngəl ilə ağzına dürtüb, ağ dəsmal ilə də bığlarını sildi.

Hacı daxiliyyə nazirinin məktubu haqqında geniş arzular bəsləyirdi. Onu tez oxumağa, tez görməyə tələsirdi. Qubernator qırqovul döşünün ləzzətini, Murtuza Muxtarovun müsəlman xalqı içərisində olan əhəmiyyəti ilə birlikdə qeyd etdi.

Qubernatorun təklifinə görə ümumi qonaqların şərəfinə ancaq bir qədəh içilməli idi. Bu təklif içkini qurtarmaq demək idi.

Süfrəyə plov verilməyə başlandı.

Hər kəs nə cür xörək yemək istəyirsə, onu da sifariş verirdi. Hər kəsin xörəyi verildi: Hacı Aslanın qabağına bir kasa kuşvara, molla Qasım oğlu Məmmədin qabağına da bir qab xəmraşı qoyuldu.

Hacı qubernatora dedi:

– Əslinə baxsan, hər kəsin bir adəti var, məsələn, bakılılar heç vaxt xəmir xörəksiz ötüşə bilməzlər.

Qonaqlar süfrə başından qalxıb xüsusi salona keçdilər.

Qubernatorun xüsusi katibi portfeli gətirdi. Qubernator əlini uzadıb, dörd tərəfi surquçla möhürlənmiş bir paket çıxartdı və:

– Bu məktub daxiliyyə nazirinin öz əli ilə yazılmışdır, — deyə Hacıya verdi və Hacını təbrik elədi.

Hacı bir neçə kərə paketin o tərəf-bu tərəfinə baxdıqdan sonra:

– Mənimlə danışmır, — deyib onu Əlimərdan bəy Topçibaşevə verdi.

Əlimərdan bəy gözlüyünü taxıb məktubu nəzərdən keçirdikdən sonra:

– Bu yazını sadə adamlar yaza bilməz. Bunu ancaq böyük bir hökumət kişisi yaza bilər! — deyə qubernatorun qarşısında hökumətə öz səmimiyyətini göstərmək istədi.

Məktubun oxunmasını təklif etdikdə, Hacı etiraz etmədi, buna görə də məktubu Əlimərdan bəy oxumağa başladı:

Hörmətli cənab!

Sizin səmimi dostunuz, eyni zamanda bizim hörmət bəslədiyimiz Bakı qubernatoru paytaxta unudulmaz xatirələrlə gəlmiş və bizə sizin dostluq salamınızı gətirmişdi.

Onun bizə gətirdiyi salamın həqiqi mündərəcəsi sizin imperator hökumətinə bəslədiyiniz səmimiyyətdən ibarətdir.

Sizin bizə göndərdiyiniz dostluq məktubu daxiliyyə nazirliyinin müsəlman xalqına olan müsbət duyğularını bir daha canlandırmış oldu.

Müsəlmanlar, Rusiya imperatorluğuna daxil olan yüz əlli milyonluq təbəənin içərisində, indi deyil, yüz ildən bəri dövlət üsuli-idarəsinin tərəfdarlığı ilə məşhur olan yekanə bir xalqdır.

Xüsusən Qafqaz müsəlmanları, başda siz cənab olmaq üzrə, özlərinin hökumət adamları ilə bir işləmələri və siyasətə qarışmamaları, dövlət əleyhdarlarına mənfi nəzərlə baxmaları ilə şöhrət tapmışlar.

Qafqazda baş vermiş bütün siyasi hadisələrdə müsəlmanların hökumət tərəfində durduğu mülahizə olunmuşdur ki, bu da sizin müsəlman xalqı üzərindəki atalıq nüfuzunuzla əlaqədardır.

Buna görədir ki, hökumət, Qafqazda müsəlman xalqının rahatlığını poza biləcək və müsəlman nücəbasının iqtisadi inkişafına mane olacaq bir qüvvəyə qarşı amansız mübarizə aparmaqla, sizin nüfuzunuz altında olaraq səadətlə yaşayan müsəlmanları müdafiə edəcəkdir. Bu məsələ haqqında sizin səmimi dostunuz olan Bakı qubernatoruna xüsusi tapşırıqlar da verilmişdir. Rusiya hökuməti, hökumətin etimadını qazanmış dinc müsəlmanlara qarşı üstünlük qazanmaq istəyən xırda millətlərlə amansız mübarizə aparacaqdır.

Cənab Hacı, öz millətinin rahatlığını təmin etmək üçün, hərbi və mülki məmurlardan hər cür kömək almaq səlahiyyətinə malikdir. Eyni zamanda, hökumətimiz də, milli qəhrəmanlığın unudulmaz tarixinə malik olan müsəlmanların köməyinə və hökumət quruluşunu müdafiə üçün fədakarlıq göstərməsinə möhtacdır.

Hörmətli əlinizi sıxmaq Nakaşidze cənablarına təkrar olaraq tapşırılmışdır.

Daxiliyyə naziri imzası yerinə

D. Qrişin».

Peterburq, 14 yanvar, 1905-ci il.

Məktub Hacını həddindən artıq şadlandırdı, lakin nazirin özünün imzalamaması Hacını ruhdan saldı.

Məktubun ümumi bir məktub olduğu, bir çoxlarına göndərildiyi, ancaq adlarda fərq olduğu Hacıya aydın deyildi. Hər halda Hacı bu məktuba qarşı təşəkkür etməyə bilməzdi. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı:

– Burada oturanlar müsəlman ruhunun şirəsidirlər. Biz yalnız öz tərəfimizdən — Bakı müsəlmanları tərəfindən deyil, bütün Qafqaz müsəlmanları tərəfindən danışırıq.

Mənfəətləri hökumətin mənfəəti ilə əlaqədar olan müsəlman nüçəba və əyanları bütün namuslu müsəlmanları ələ alıb hökumətlə əlbir işləməyə söz verirlər.

Biz məmləkəti sülh və səlamət içərisində idarə etmək üçün çalışan yerli və mərkəzi hökumət aparatının hər bir təşəbbüsünə kömək etməyə hazırıq.

Hərgah hökumət müsəlman namusunun müdafiəsi üçün təşəbbüsdə bulunur və daşnakların Bakıya silah gətirməsinə qarşı mübarizə aparırsa və silahlanmağa qarşı silahsız müsəlmanların qeydinə qalırsa, biz heç vaxt bu məhəbbəti əvəzsiz buraxmayacağıq. Hərgah hökumət daşnakların hazırlığına müsəlmanların verdikləri mənanı verirsə, onların bizə hücum etmək məqsədini yəqin edir və bunun əleyhinə çıxmaq istəyirsə, müsəlman xalqına da geniş və azad hərəkət ixtiyarı verməlidir.

Hacı sözünü bitirdi. Nakaşidzenin qanlı gözlərindən bu çıxışdan razı qaldığını oxumaq olurdu.

Əlimərdan bəy Jenyanın gətirdiyi şəkərə doğranmış, limonu ağzına qoyub sözünə başladı:

– Burada oturanlar Qafqaz müsəlmanlarının rəhbərlikedici qüvvəsidir. Hacı burasını olduqca aydın və düzgün göstərdi. Cənab qubernatorun özü də bilir ki, burada oturan ziyalıların mədəniyyətinin hamısı, rus mədəniyyətinin məhsuludur. Biz rus mədəniyyətinin xalqımıza nə kimi səviyyələr və mədəni səlahiyyətlər verdiyini gözəlcəsinə bilirik. Buna görə də biz çar üsuli-idarəsi əleyhinə çıxan qüvvələrin birinci düşməni olmalıyıq. Bu təbii bir haldır.

Biz öz xalqımızın rus üsuli-idarəsi və rus mədəniyyəti və daha açığı, rus mənafeyinin tələbləri üzərində yaşamasını başqa üsuli-idarələrdə yaşamasından əlverişli bilirik.

Biz cənab qubernatora demək istəyirik ki, rəhbərlikedici təbəqənin göstərişlərinə itaət edən və hökumət üsuli-idarəsinə boyun əyən bir millət varsa, o da müsəlman xalqıdır. Xüsusən Qafqaz müsəlmanları, İran tərbiyəsi təsirində olduqları, iranlılarla adət və ənənə cəhətincə bərabər yaşadıqları üçün öz başçılarına qarşı itaət göstərməkləri ilə məşhurdurlar. Onlar bunu bütün hərəkətlərində isbat edib, özlərini tanıtmışlar. Bu xüsusiyyət Mərkəzi və Qərbi Rusiyada yaşayan millətlərin heç birisində yoxdur. Müsəlman xalqı başıpozuqluğa və üsyançılığa öyrənməmişdir. Burada din

və şəraitin də böyük rolu vardır. Ümumiyyətlə bizim dinimiz müsəlmanları padşahın itaətində olmağa dəvət edir.

Hər halda qubernator cənabları mərkəzi hökuməti əmin etməlidir ki, Bakı nüçəbası və Bakı ziyalıları bir yığın sosialistlər və onların ən sol qruppası olan bolşeviklərlə mübarizədə aciz deyillər. Lakin burada mühüm bir amil vardır ki, o da bizim bolşeviklərlə apardığımız mübarizə işinə mane olur. Bakıda mütəşəkkil, hətta bütün burada olan millətlərə qarşı üstünlük siyasəti aparan daşnaklar vardır. Erməni burjuaziyası, erməni taçirləri Tiflisdə gürcü burjuaziyasını, gürcü taçirlərini səhnədən çıxarıb ölkədə ağalıq etməyə başladıqları kimi, Azərbaycanda da, hətta onun mərkəzi sayılan Bakı şəhərində də hücuma keçmişlər. Onlar Bakı ticarətinin, Bakı neftinin, Bakıdakı möhtəşəm binaların səksən faizini mənimsəmişlər. Onlar az vaxtdan sonra Bakı sərvətdarlarını tamamilə sıxışdırıb aralıqdan çıxarmağa tələsirlər. Hazırda silah olmadan da, küllə açılmadan da müsəlman sərvəti ilə erməni sərvəti baş-başa vurmaqda və döyüşməkdədir.

Hərgah hökumət buna imkan vermiş olarsa, müsəlmanlar özləri üçün bir fəxr saydıqları öz burjuaziyasını, dövlətlilərini, taçirlərini müdafiə etməkdən aciz deyillər. Müsəlmanlarda qiymətli bir əhvali-ruhiyyə vardır ki, o da öz dövlətlisi və öz milyonçusu ilə fəxr etməkdən ibarətdir. Biz, müsəlmanları bu əhvali-ruhiyyə ətrafında toplayıb, bu sayaq tərbiyə etməyə çalışmışıq. Biz çox təlaş və zəhmət sayəsində «hər millətin öz milli burjuaziyası olmalıdır» düşüncəsini müsəlman xalqının beynində yerləşdirmişik. Hazırda müsəlmanların böyük bir hissəsi erməni və başqa millətdən olan sərvətdarın müəssisələrində yuxarı qiymətə işləmək əvəzinə, müsəlman müəssisələrində aşağı qiymətə işləməyi sevirlər. Lakin bolşeviklər burada bizə ənkəl törədirlər. Son tətillərdə müsəlman fəhlələri də əksəriyyətlə iştirak etdilər. Ona biz şübhə etmirik ki, bu xüsusiyyət erməni fəhləsinə aiddir. Müsəlman fəhləsi ilə erməni fəhləsinin arasında böyük bir fərq vardır ki, o da siyasi məsələlərdədir. Erməni fəhlələri siyasətə nə qədər çox qarışırsa, müsəlman fəhlələri bir o qədər uzaq durur. Yenə də qeyd edirəm ki, bolşeviklər bu barədə də ciddi iş aparırlar. Müsəlman fəhləsi erməni fəhləsinə görə siyasi cəhətcə o qədər də xəstələnməmişdir. Bunu isbat etmək üçün sosial-demokratların sırasını gözdən keçirməliyik. Burada müsəlmanların sayı ermənilərdən əlli faiz azdır. Müsəlman fəhləsi inqilab sırasında gözə çarpırsa, o da bolşevik fəaliyyətinin nəticəsidir. Bolşeviklər fəhlələrin milli ruhda tərbiyələnməsini poza bilmişlərsə də, kəndlilərə hələ az təsir göstərə bilirlər. Lakin bunu da qeyd etmək lazımdır ki, sosial-demokrat ideyalarının pozucu mikrobları 1898-ci ildən bəri bəzi şəhər ziyalıları içərisinə də girə bilmişdir. Yuxarıda göstərilən tarixə qədər əhali inqilab, tətil, siyasət və iqtisadi tələbin nə olduğunu bilməzdi. Biz əvvəllərdə müsəlman fəhlələrinin tətil düzəldənlərlə vuruşduğunu görmüşdük, lakin bu xüsusiyyət nə erməni, nə də rus fəhləsində görülmüşdür. Bolşeviklərin zühuru, yerli hökumətin bu hərəkata qarşı soyuqqanlılıqla baxması demək olar ki, müsəlman fəhlələrini də ümumi kütləyə qatdı. Biz bu hadisədən o qədər də qorxmamalıyıq, çünki dinə, dövlətlilərə və hökumətə hörmət bəsləyənlər daha çoxdur.

Əlimərdan bəy sözünü bitirdikdə qubernator dedi:

– Bunların hamısı nəzərə alınmışdır, hökumətin qüvvəsi hökumətə sadiq qalanların arxasındadır.

Söhbətlər qurtardı. Qubernator hacıya gətirdiyi məktubun birini də erməni burjuaziyasına təslim etmək üçün gedəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов