Payan kəndi
Страница 1 из 2
Səhər çay içərkən qapı vuruldu, bir azdan sonra Hüseynəli əmi bir məktub gətirdi. Məktubu miss Hanna yazmışdı. Məktubda yeni binaya köçdüyünü və bu gün Payan kəndinə gedəcəyini yazmış, məktub gətirən uşaq vasitəsilə onunla görüşməyi rica etmişdi.
– Get xəbər ver, məni gözləsin! – deyə çayımı içib qalxdım və getməyə hazırlaşdım.
Mən özüm də bu kənd ilə çox maraqlanırdım, xüsusən silahların harada gizləndiyini bilmək istəyirdim. Hüseynəli əmiyə bəzi tapşırıqlar verdim və nahara gələcəyimi də Məşədi Kazım ağaya söyləməsini tövsiyə edərək evdən çıxdım.
Miss Hanna yol paltarını geyib məni gözləməkdə idi. O məni görər-görməz:
– Çay içdinizmi? – deyə soruşdu.
– İçmişəm.
– Kimlə içdiniz?
– Hüseynəli əmi ilə.
– Bundan sonra çayı da, yeməyi də bir yerdə yeyib-içməliyik. Otaqlar sərbəst otaqlardır, burada yaşaya da bilərsiniz.
– Xeyr, sizi narahat etməyə cəsarət etmərəm. Mənim yanıma gəlib-gedən çox olur.
– Olsun, mənə əziyyəti yoxdur. Otaqların ikisini sizin yanınıza gələnlər üçün hazırlamaq mümkündür.
O məni evdə gəzdirib, bir-bir otaqlarını göstərməyə başladı. Dörd otaqdan yalnız ikisi döşənmiş idi. Miss Hanna otaqları Şərq otaqlarına bənzətmək istəmişdisə də, müvəffəq olmamışdı. Lakin burası bir avropalı evi də deyildi. Çünki yerə xalılar döşənmişdi. Evində ixtiyar bir amerikalı qadın, bir də on beş yaşlarında təbrizli bir oğlan uşağı xidmətçi saxlamışdı.
Miss Hanna əlimdən tutub amerikalı qadına ingiliscə nə isə söylədi, qadın başı ilə salam verdi.
Biz qayıdıb balkona çıxdıqda miss Hanna əvvəlki sözünü təkrar etdi:
– Sizin rahətinizi təmin edəcəyəm, bura köçməyə söz verməlisiniz.
Mən bu sözün cavabını vermədən xidmətçi oğlan gəlib faytonun hazır olduğu xəbərini verdi.
Dışarı çıxdıq, faytonumuz Təbrizin şimal-şərqinə doğru irəliləməyə başladı. Yolumuz Bağır xanın səngərlərinin yanından idi, dağıdılmış səngərlərin yerində rus qaravul postları durmuşdu.
Təbriz küçələrində eşşək hərəkəti əvvəlki kimi idi. Bağlara zibil və peyin, hamamlardan kül, bağlardan qayıdanda meyvə, səbzi, qovun, qarpız, üzüm daşıyan uzunqulaq karvanlarını yarıb keçməyə məcbur olan faytonumuz çox yavaş gedirdi.
Minik eşşəklərinin də həddi-hesabı yox idi. Dükanlar açılan vaxt olduğundan, qulaqlarını sallayaraq Təbrizin şərqindən qərbinə, şimalından cənubuna doğru hərəkət edən ağ eşşəklər qəribə bir mənzərə təşkil edirdi.
Tabaqçılar yenə də ikipudluq tabağı başına qoyub səslənməkdə idilər:
– Gəl, Təbrizəyidu, əskəridu, ağa malıdu, ərbab malıdu...
Rübəndli və rübəndsiz qadınlar da adətləri üzrə başlarında böyük bağlama o tərəf-bu tərəfə getməkdə idilər. Qarpız təzəcə çıxmışdı. Yolumuz qarpızçı dükanlarının yanından idi. Bura Bağır xanın son səngəri olan küçələrdən biri idi. Keçdiyimiz yerdə çox adam yığılmışdı. Burada qaravul postu olduğundan bir hadisə baş verdiyini zənn etdik. Faytonu saxlatdırdım.
Qaravulda duran soldatlardan bəziləri camaatın içərisində görünürdü, ara-sıra şillə səsləri də gəlirdi. Diqqətlə baxdıq və belə bir səhnənin tamaşaçısı olduq:
Soldatlar qarpız satan dükanın qabağında durmuşdu, yerlilərdən bir çoxu qarpız kəsib yeməkdə idi, qolları çırmalanmış yerli kişilər biri digəri ilə müsabiqə aparırdı, rus soldatına bir qarpız bağışlayır və əvəzində boynuna şillələr endirirdi. Soldat boynunu əyir, qarpız hədiyyə edən isə əlini vedrədəki suya basıb bütün qüvvəsi ilə soldatın boynuna şillə yapışdırırdı. Kənardakılar isə «olmadı, olmadı» deyə qışqırırdılar. Bundan sonra isə digər birisi digər bir soldatı irəli çəkib boynunu əli ilə əyir, soldat «riku»ə gedən kimi əllərini dizlərinə söykəyib durur, onun boynuna sulu bir şillə ilişdirirdilər.
– Məhəmmədağanın şilləsini göydən gələn göy imam da vura bilməz!
– Gədə, sən öləsən, elə bil ki, qələmə ağacı sınırdı.
– Gədə, bu yetimin boynunda boyunluq qoymadın ki.
Müxtəsər, bir neçə dəqiqənin içərisində yeddi-səkkiz soldatın boynunu qızartdılar. Boynu qızarmış soldatın hər birisi qoltuqlarında böyük bir qarpız öz postlarına qayıtdılar. Boyunları çuğundur kimi qızarmış soldatlar bir-birinə:
– Axmaqlar, bundan nə həzz alırlar? Doğrudur, adamın boynuna bir az əziyyət verir, lakin qarpız da ucuz şey deyildir, – deyə təəccüb edirdilər. Digər birisi:
– Bu, yerlilərin idman oyunudur, – deyə cavab verirdi.
O birisi isə:
– Boks kimi bir şeydir. Şərqdə bu adətdir, – dedi.
Miss Hanna və mən bu halı seyr edərkən təbrizlilərin nə qədər laqeyd, unuducu bir xalq olduğu haqqında düşünürdük.
Dərin sükutun qıza qarşı bir etibarsızlıq kimi mənə ediləcəyini duyduğumdan sükutu pozaraq soruşdum:
– Payan kəndinə getdiyiniz birinci dəfədirmi?
– Bəli, birinci dəfədir, – dedi.
Mən yenə də fikrə getdim, doğrusu, təbrizlilərin duyğusuz və təhlükəni gözü önündə görürkən belə, gözünü açmaq istəməyən bir xalq olduğu haqqında düşünməyə başladım.
Miss Hanna bunu hiss edib məhzun bir tərzdə:
– Bir neçə gündür ki, hiss edirəm, – dedi, – siz daima mənim yanıma gəldikdə, mənimlə görüşdükdə, nədənsə, düşünür və fikrə dalırsınız. Əcəba, mən sizə qarşı uyğunsuz bir hərəkətdə bulundummu? Sizin ruhunuzu oxşamaq, sizi əyləndirmək, daha doğrusu, sizi razı salmaq üçün bir qızdan hər nə tələb edilərsə, hamısını ifa etdim. Çox təəssüf olsun ki, siz gözəl və gəncliyin bütün müsbət cəhətlərini mənimsəmiş bir zat olduğunuz halda, gənc bir qıza, hətta gözəl, sevməyə qadir olan bir qıza çox laqeydsiniz.
Fayton onun vücuduna hərəkət verdikcə o, başını mənim çiyinimə qoyurdu. Bəzən qaldırmaq istəmirdi.
Mən qızın şübhələrini dağıtmağa çalışmalı idim. Aramızdakı səmimi əlaqəni saxlamaq üçün asan bir yol aramalı idim.
– Əziz və gözəl dostum! – deyə miss Hannanın əllərini tutdum. – Siz nahaq yerə mənim sizin sevginizə qarşı laqeyd olduğumu düşünürsünüz. İnsanlar müxtəlif olduğu kimi, onların sevgi qabiliyyətləri də başqa-başqadır. İnsanların bəzisi çox tez sevə bilər, lakin bu sevgi tez başladığı kimi, tez də sönər. Başqa birisi çox gec və təxirlə sevdiyi kimi, o sevgini yaşadar. Bəlkə, özü ilə bərabər qəbrə də apara bilər. Şərqli sevgisi başqa, avropalı sevgisi başqa, amerikalı sevgisi də bir başqadır, bunların hamısı sevgidir, lakin mahiyyətləri və keyfiyyətləri bir deyildir. Mən yalnız sevgili bir qızı quru bir hörmətlə təmin etmək üçün yox, sevmək, hətta başqa gənclərdə təsadüf edə bilməyəcəyiniz bir ürəklə sevmək üçün yaranmışam. Çünki mən qadın arzusunun əsasını təşkil edən ünsürləri yoxlayırkən başlıca olaraq sevgini intixab edə bilmişəm. Qadının ancaq sevgisinə qarşı səmimi bir sevgi qoyulmaqla əsas əməlləri təmin edilmiş olur. – Mən miss Hannanın əlini sıxıb: – Əfv edin, gözəl xanım, – dedim, – bu sözləri haqqımdakı fikirlərinizi batil etmək üçün deyil, öz şəxsi fikrimi sizə bildirmək üçün başınızı ağrıdıram.
– Rica edirəm danışın, söhbətiniz maraqlıdır, – deyə miss Hanna məni danışmağa təşviqedici bir halda cavab verdi.
– Bizim tanışlığımızın tarixi o qədər uzun deyildir, bu tanışlıq o qədər yaxındır ki, onun günlərini, saatlarını belə saymaq mümkündür. Biz bir-birimizi öyrənərək, düşünərək sevmiş olursaq, sevgimiz tədrici olaraq inkişaf etmiş olursa, istiqbalımız daha da möhkəm olar. Mən laqeyd deyiləm. Mən bir qədər mütəvaze adamam, gec cavab verməyimin səbəbi də yalnız budur. Lakin sizə olan sevgimin daha yüksək bir səviyyəyə qalxmasına çalışıram. Bu sevgi daha möhkəm və daha əzəmətli olacaqdır.
Bu sözlərimdən sonra onun bütün vücudu titrədi, əlim əlində, başı çiynimdə olaraq ağladı. Mən onun saçlarını oxşayaraq:
– Ağlamağa lüzum yoxdur, hər şey vaxtında lazımdır, – dedim.
Qız əlimdən tutaraq iki barmağımı qulaqlarına aparıb dedi:
– Bunları, bu qiymətli sırğaları Ələkbər yoldaş mənə gətirdi, bunları mənim üçün aldığınızı söylədi. – O, brilyant sırğaları göstərib barmaqlarımı sarı telləri ilə örtülmüş qulağına basaraq saxladı.
Qızın kefi kökələrək səfər xatirələrindən və Livarcan yaylası gecələrindən danışmağa başlamışdı.
Şəhərdən kənara çıxmışdıq. Fayton iydə ağaclarının kölgəsi ilə gedirdi. Mən düşünürdüm, üzünə ağ toz qonmuş iydə yarpaqları da sanki düşünməkdə idilər.
Sərçələr istinin şiddətindən budaqların kölgəsinə çəkilmiş, dumanlı Təbrizin ictimai və siyasi həyatı kimi mürgüləyirdilər. Əyri-üyrü yollar Təbriz xalqının əqidəsi kimi dolaşıq idi.
Yüklü uzunqulaqların iniltisi, yabıların sarğısına dəyən qamçıların şaqqıltısı Azərbaycan kəndlisinin kölələk dövrünə məxsus işgəncəli həyatını təsvir edirdi.
Fayton seyrək ağaclıqlara, quru, hərəkətsiz tarlalara yaxınlaşdıqca Payan kəndinə yaxlaşırdıq.
Yolun hər iki tərəfində Payan kəndlilərinin zavallı həyat səhnələrinə rast gəlmək olardı. Bu yerlərdə xəstəlik o qədər intişar tapmışdı ki, yollar belə xəstələrlə dolu idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-payan-kendi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Hacı Səməd şah?Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Diplomatların və İranın notasıMən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.
Müharibə hazırlığıBizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.
Стихи других поэтов
Bu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
GördükMəlum olsun əzizlərə,Bu yay günü nələr gördük.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,