Qılınc və qələm
Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi.
Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı.
Dilşad oturan taxt-rəvan Fəxrəddinin dostları və qohumları tərəfindən əhatə olunmuşdu.
Gəncə şəhərinin xalqı böyükdən kiçiyə qədər Gəncə çayının kənarında idi. Nizami Məhşəti xanım, Rəna və Məhəmmədlə bərabər çayın kənarında qurulan çadırda oturub qafiləni gözləyirdi. Dəstə çayı bu tərəfə keçdi. Fəxrəddin Nizami və Məhşəti xanımı görən kimi atından piyada oldu, əvvəlcə Məhşəti xanımın əlindən öpdü, sonra Nizaminin Məhəmmədini öpdü, Rənanın əlini sıxdı və Nizami ilə dodaqdodağa qoyub öpüşərkən, Məhşəti xanım şad bir çöhrə ilə: – Qılıncla qələm öpüşdü! – dedi, – mən bir daha gəncləşdim, bu qalib bayram mənə təzə qüvvət və təzə həyat verdi. Mən yenə də yaşayacağam, yenə də şeir yazacağam. Xalqını qalib görən bir şairin şeir yazmaması mümkündürmü?
Hər tərəfdən musiqi və “Yaşasın qalib!” səsləri eşidilirdi. Musiqi və “Yaşasın” səsləri birdən-birə dayandı. Hamının gözləri Nizamiyə tərəf çevrilmişdi. Xalq onun bu qələbə haqqında nə deyəcəyinin intizarını çəkirdi.
Nizami uca bir daşın üstündə durmuşdu. O, üzünü minlərcə istiqbalçıya çevirib dedi:
– Azərbaycan xalqı! Zülm və haqsızlığın yıxa bilmədiyi bir şey varsa, o da şəxsin qəhrəmanlığıdır. Zülm və haqsızlıq bir çoxlarının milli əzəmətini sarsıdırsa da, eyni zamanda qəhrəmanların da mübarizə silahını itiləşdirir, onların sinirlərini bərkidir və qəlbində düşmənə qarşı barışmaz bir fikir doğurur.
Dünyada canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhvedilməz bir cavahirdir. Cavahir heç bir zaman çürüməz, o, torpağın altında da, üstündə də olsa cavahirdir. İstilaçıların və müstəmləkəçilərin bizi alçaltmaq istəməsi və bizi Şərqin xəritəsindən silmək təşəbbüslərinə çox da təəccüb etməməliyik. Ancaq bunlardan daha alçaq, öz xalqının yüksəkliyini inkar edənlər və onun böyüklüyünə etina etməyənlərdir. Bu fikirdə adamların düşmənliyi xarici düşmənlərdən daha qorxuludur.
Azərbaycan başladığı üsyanlarda qalib gəlirdi, bəzən məğlub da olurdu, lakin bunların heç birisi gələcək qabiliyyətdən ümidləri kəsməyə icazə vermir. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq sevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri aməhv etməkdə məşhur olmuşdur.
Azərbaycan xalqı öz mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim etməmiş, yenə də etməyəcəkdir.
Bugünkü bayramda bizim gələcəyə olan inamımız bir daha bərkidi. Bu qələbənin ilhamı mənə təzə-təzə mövzular bağışladı.
Mən xalqların qəhrəmanlıq tarixini şerimlə yaratmaq üçün bu gün paytaxtımıza qayıdan qalib qəhrəmanımızdan təzə qüvvələr, təzə mündəricələr aldım.
Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz.
Bu gün şəhvətpərəst xəlifələrin saraylarından, həqarət və haqsızlığın qucağından alınan qızların ailələrinə qayıtması bir qəhrəmanlığın və bir milli əzəmətin nəticəsindədir. Mən əminəm ki, bu gün qarşımızda duran gənc dəstələrin içərisindən gələcəkdə yüzlərcə Fəxrəddinlər meydana gələcəkdir.
Məhşəti xanım Dilşad oturan taxt-rəvana oturdu. Nizami ilə Fəxrəddin də atlanıb qalib dəstələrinin qarşısında şəhərə daxil oldular. Dəstə əvvəlcə Gəncə xətibinin dağılmış evinin qarşısından keçib, Məlikşah meydanına daxil oldu, oradan bir baş Əmir İnancın sabiq sarayının qarşısında dayandı.
Dilşad başını taxt-rəvanadan çıxarıb Əmirin sarayına baxdığı zaman, sarayın yerində yanmış sütunlar, bir-biri üzərinə qalanmış hisli daş və kərpiclərdən başqa bir şey görmədi. O ağladı və başını Məhşəti xanımın çiyninə qoyaraq:
– Ancaq indi azadlığıma inandım, – dedikdə, Məhşəti xanım da Gəncə çayının kənarında dediyi sözü bir daha təkrar etdi:
– Qılınc və qələm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-qilinc-ve-qelem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müttəfiq Şuralar cümhuriyyətlərini İngiltərə hökuməti təsdiq etdi. Buna görə də ağ qvardiyaçılarda həyəcan başlanmışdır.*Eyvah ki, bimərhəmət olmuş yeni dövran
EhsanParisdə məşhur bir köpək qəbristanı bina etmiş rus knyakinyası Labanova-Rastova öz köpəyi Lolonun məqbərəsini yapdırmaq üçün sərvətindən 100 min franq vəsiyyət eyləmişdir.*Şahzadə xanım pək böyük ehsan eləmişdir
VardırBöyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Стихи других поэтов
Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.