Köşk-baği-müəzzəm
Страница 1 из 4
Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.
Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:
“Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşk-baği-müəzzəmdə qalmalısan. Oranın havası oğlun üçün də əlverişlidir” – deyə əmr vermişdi.
Atabəy verdiyi əmr üzərinə Qətibə xatun məcburi olaraq Köşk-baği-müəzzəmdə düşüb qalmışdı. O düşünürdü ki, Atabəy Bağdaddan qayıtdığı zaman Köşk-baği-müəzzəmdə düşəcək və Qətibə ilə görüşəcəkdir. Lakin Atabəyin Bağdaddan qayıdıb birbaş Həmədana getməsi, məsələnin ciddi olduğunu göstərmiş və Qətibənin həyəcanına səbəb olmuşdu.
Qətibənin paytaxtdan xəbəri yox idi, bu hadisənin nəticəsindən qorxurdu. O, Atabəy Məhəmmədin nə iş gördüyü və nə düşündüyünü öyrənməli idi. Buna görə də Səba xanımı Həmədana göndərməyi düşünürdü.
O, bu işlərə Səba xanımın səbəb olduğunu bilmirdi, o yenə də Səba xanımın sənətkarlığına inanır və ondan istifadə etməyi düşünürdü. Qətibə Səba xanımı yanına çağırıb bir mələkə kimi deyil, məhəbbətli bir bacı kimi dedi:
– Mənim munisim, sənin təxirsiz olaraq Həmədana getməyin lazımdır.
– Nə üçün?
– Atabəyin nə iş gördüyündən xəbərim yoxdur.
– Atabəy mənim nə üçün Həmədana qayıtdığımı soruşmazmı?
– Sən yalnız getməməlisən. Qütlüğü özünlə bərabər götürməlisən. “Uşaq atasını görmək istədi” – deyərək bəhanə gətirə bilərsən.
– Bilmirəm bu vəzifəni bitirə bilərəmmi?
– Əcəba, indiyə qədər sənin ifa etdiyin vəzifələr bundan asan vəzifələr idimi?
Səba xanım sakit olub oturmuşdu. Heç bir söz danışmırdı. Lakin Qətibə onun nələr düşündüyünü çox gözəl bilirdi: o, mükafat almadan bu işə getmək istəmirdi. Buna görə də Qətibə əlini atıb kiçik cəbədən bir şəddə iri dənəli inci çıxarıb Səba xanımın boynuna salaraq:
– Bunu Bağdadda sənin adına almışam, – dedi.
Səba xanım çox narazı surətdə:
– Allah mələkənin kölgəsini mənim başımın üstündən əskik eləməsin, – dedi.
Qətibə onun narazı baxışlarını gördüyü zaman:
– Sənə yüz dənə də qızıl verəcəyəm, ancaq Həmədandan yaxşı xəbərlə qayıtsan, bunun miqdarını beş yüz qızılla qaldıracağam, – dedi və yüz qızılı Səba xanımın ovcuna saydı.
Səba xanım adəti üzrə vəzifəsindən çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq:
– Əlacım nədir... Məgər mən mələkəyə mükafat üçünmü xidmət eləməliyəm? Allah eləməsin mən o həyda qız olum... Əcəba, indiyə qədər mələkə mənim sədaqətimə inanmamışdırmı?
Qətibə fikir dəryasına qərq olmuşdu, acığından dişi-dişini kəsirdi, qəlbində Səba xanıma acıqlanaraq: “Fahişənin birisi, sən daima mənim düşdüyüm çətinliklərdən istifadə edib məni qarət edirsən, başım ayılan kimi sənin dərini dabanından soydurmasam, Əmir İnancın qızı Qətibə deyiləm. Sən elə bilmə ki, tədbirli, bacarıqlısan. Yüz sənin kimi tədbirlilərə dərs verərəm. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. Nə edim, mən bunu bacarmıram” deyirdi.
Səba xanım da başını aşağı salaraq, qəlbində Qətibəyə gülür və deyirdi:
“Səni elə tələyə salmamışam ki, bir də mənim əlimdən qurtara biləsən. Sənin evin onda yıxıldı ki, üç min dirhəm pul verib məni Əbül-Ülanın qadınından aldın. Öz əlinlə öz bəlanı qazandın. Səndən axmaq, səndən də ağılsız kimdir?! Öz sirlərinin hamısını mənə tapşırandan sonra daha nəyin qaldı? Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. Nağılçılar yalan demir ki... Padşah qızlarının naxırçıları və keçəlləri sevməsinə kim inanmaz! Bu baş, bu gözlə özünü ağıllı da hesab edir! Sənin üst-başındakı bu daş-qaşın hamısını əlindən çıxarmasam, Səba xanım deyiləm! Atanı qarət etmişəm, özünü talayıram, ərin Atabəyi də əlindən alıb soymağa başlamışam”.
– Olsun!
Səba xanım da onun fikrini dərhal ovlayaraq cavab verdi:
– Olsun görək!
...Səhər tezdən taxt-rəvan Köşk-baği-müəzzəmin qapısında durmuşdu. Səba xanımla Qütlüğü paytaxta aparmaq üçün bir dəstə atlı qapıda durub Qətibənin əmrini gözləyirdi. Nəhayət, Qətibə xanım oğlu ilə bərabər bağın qapısından çıxdı, oğlunun üzündən öpərək taxt-rəvana qaldırdı. Səba xanım da taxt-rəvana oturub, Həmədana yola düşdü.
Səba xanımın taxt-rəvanı axşam günbatan zamanı Atabəy sarayının qarşısında dayandığı zaman, Səba xanım sarayın qapısında böyük bir qələbəlik gördü və bir hadisə baş verdiyini təyin etdi. Bir az sonra saraydan Atabəyin qulamları iki nəfər adam çıxardılar. Səba xanım yaxşı diqqət verdikdə onların Zəhir Bəlxi ilə Kəmaləddin olduğunu gördü. Səba bundan sevindi. O, Bağdaddan Atabəyə göndərilən gizlin məktubların yerinə düşdüyünü və Atabəyin məktublara inandığını təyin etdi.
Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. O, məktubda yaza bilmədiyi sözləri dili ilə demək üçün imkan yaradıldığına sevindi.
Zəhir Bəlxi ilə Kəmaləddinin həbsə göndərilməsi Hüsaməddinin də böyük təhlükə qarşısında durduğunu göstərirdi, lakin Səba xanım hər halda Hüsaməddini Atabəyin bıçağı altına vermək istəmirdi; çünki o, özünün Fəxrəddin tərəfindən aldadıldığını və Fəxrəddinin Bağdaddan Dilşadla bərabər Azərbaycana getdiyini eşitmişdi.
O, Bağdadda Fəxrəddinlə görüşdüyü zaman, Fəxrəddin artıq Dilşadı unutduğunu, Səba xanımı sevdiyini və ona evlənəcəyini Səba xanıma bildirmişdi. Buna görə də Hüsaməddinin həyat səhnəsindən götürüləcəyinə heç də təəssüf etmirdi. Lakin Fəxrəddinin ona hiylə gəldiyini və onun sirlərini aldığını görəndən sonra, Səba xanımın qəlbi yenə də Hüsaməddinin məhəbbəti üzərinə qayıtmışdı.
O, Atabəylə birinci görüşündə Hüsaməddini müdafiə etmək üçün zəminə hazırlamağı qərara almışdı.
Axşam şamlar yandığı zaman Atabəyin xas qulamı gəlib Səba xanımı Atabəyin hüzuruna çağırdı.
Səba xanım saraya girən kimi, otağının qapısını açıb iki saatdan bəri bəzənir və Atabəyin nəzərini cəlb etmək üçün nə qədər zinəti varsa üstünə tökürdü. Üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. Bağdaddan gətirdiyi ən qiymətli ətirlərlə vücudunu çimdirmişdi. O geyinib güzgüyə baxıldığı zaman, baxışlarının növünü yoxlayır və hansı baxışda daha dilrüba görünəcəyini gözdən keçirirdi.
Nəhayət, o bir daha öz əndamına baxdıqdan sonra dedi: “Çox gözəllər vardır ki, üzünə baxdığı zaman sənin nəzərini cəlb etmək əvəzinə özündən rədd edir və kişinin qadına olan sevgi alovlarını söndürür. Lakin mən elə deyiləm, mən həm gözələm, həm də sehrkar bir qızam. Mənim qarşımdan şikar qaça bilməz. Mən həm gözəl və incə bir qızam, həm də kişilərin xəstəliyini təyin edə bilən məharətli bir təbibəm. Mən hansı kişinin hansı qadını sevə biləcəyini və kişinin qadından nə istədiyini bilirəm. Mən bilirəm ki, bir qadın yalnız öz gözəlliyi ilə kişinin qəlbinə hakim ola bilməz. Qadınların xasiyyəti müxtəlif və biri digərinə bənzəməz olduğu kimi, kişilərin sevgiləri də müxtəlifdir. Əcəba, gözəl və bəzən qəhrəman kişilərin çirkin qadınlara evlənməsi haman müxtəlif sevgi xüsusiyyətlərinin nəticəsi deyilmidir? Mən həm gözəl qadınam, həm də tacir bacarıqlı, tacir bilikli, tədbirli, ağıllı bir alış-verişçiyəm. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mataha maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam.
Mən bilirəm ki, hər kişi üçün hər şey lazım deyil. Hərgah şairlər qadınla təbii gözəlliyi sevirsə, bəzəyə və zinətə möhtac olmayan təbii gözəllik ancaq məndədir.
Qadınlarla üz-üzə gəldiyi zaman öz biliyini göstərmək istəyən axmaq kişilər, fəlsəfədən söhbət açmaq istərsə, mən də özümü bir filosof kimi nümayiş etdirə bilərəm.
Qarşıma, qıza nazlanmaq istəyən naşı gənclər çıxarsa, mən də şıltaqçı qızlar kimi onların ruhunu əsir götürməyi bacararam.
Qadının zinət və libasına aldanan kişilər üçün heç bir qadına mümkün olmayan zəngin libaslarım, daşım və qaşım vardır.
Atabəy isə ən gözəl, həm də zəngin qadını sevir. Onunla nə cür danışmaq lazım olduğunu onun mələkəsi bacarmırsa, mən bacara bilərəm.
Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsa öz mələkələri ilə yaşaya bilməzdilər. Həqiqi qadın mənəm, mələkə isə bir oyuncaqdır”.
Səba xanım öz-özünə bu sözləri danışandan sonra Atabəyin oğlunun otağına gəlib onu Atabəyin yanına götürdü.
Atabəy Səba xanımı və oğlunu gördüyü zaman bir qədər düşündü, çünki oğlunun vəziyyəti onu rahatsız edirdi. O, uşağı gördüyü zaman yenə də Qətibənin inadlı, gizli və acıqlı çöhrəsi gəlib onun gözünün qarşısında durdu. Uşağın üzünə nə qədər baxdısa, onda özündən heç bir nişan görmədi və öz-özünə: “O bu uşağı da bədbəxt etdi, uşağı sevmək istərkən, o yenə də gəlib gözümün qarşısında durur” – dedi və qollarını təərddüdlə uzadıb uşağın boynuna salmaq istərkən, uşaq onun etinasızlığını anlayaraq geri çəkildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kosk-bagi-muezzem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Стихи других поэтов
هر کش ارادتی چش ای حور زاده بوواخورم کرم همیشه که بختش وراذه بو
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,