Köşk-baği-müəzzəm
Страница 4 из 4 · 75%
Mən başqasının qolları arasına girib yatmadım, onun qadını ola-ola başqasına ərə getmədim. Başqasından iki oğlan da doğurmadım, onun mənə xain deməyə haqqı vardırmı?
O həm evləndi, həm də mənim atamın qatillərini müdafiə etdi. Xəlifənin qarşısında Fəxrəddinin alnından öpdü. Mənim qəlbimi yaraladı. Mənim atamın üzərinə üsyanlar təşkil edən Nizamini diri qoydu. O hazırda öz oğlu və öz qadını ilə oturub şeir yazır. Halbuki Atabəy mənim əlimi əlinə aldığı zaman Nizamini məhv edəcəyinə söz vermişdi”.
Qətibə bunları düşündüyü zaman fikri bir daha keçmişlərə qayıtdı. Onun nəzərində Atabəylə birinci dəfə görüşdüyü gün və toy gecəsinin əsas dəqiqələri canlandı. Onu qısqanclığın isti tərləri çimdirməyə başladı və şiddətlə diksindi. Sanki onun qarşısında gənc Atabəy durmuşdu, sanki o, birinci dəfə Qətibənin dodaqlarını dodaqlarına yaxınlaşdırırdı.
Qətibə bu düşüncə ilə də dedi: “Atabəy, sən bu dodaqlara and içməlisən, o şair məhv edilməlidir”.
Qətibə bu sözləri dilində təkrar etdiyi zaman sanki qulaqları da bu sözləri eşidirdi:
“Qətibə, bu dodaqlara and içirəm, mən o şairi məhv edəcəyəm”.
Qətibə keçmişin qoynuna girmişdi, Atabəyə nazlanırdı, Atabəy isə bir kasa dolusu nadir inciləri Qətibənin döşlərinə səpərək:
“Qətibənin incilərdən incə olan vücudu incilərin şəfəqinə qalib gəlir” – deyirdi.
Qətibə bu fikirlərin təsiri ilə qollarını qaldırıb gənc Atabəyi öz bağrına basmaq istərkən, qolları öz döşünə düşdü və diksinərək: “Yox, – dedi, – artıq o mənim deyil, onun qolları indi başqasının boynundadır. O incilər artıq başqasının döşlərinə səpilir, eyni zamanda onun dodaqları da başqasının dodaqlarına yaxınlaşaraq verdiyi vədələrə and içir; çünki kişilərin adəti söz verib and içmək və andını sındırmaqdır.
Qadın isə acılar içində qıvrılmaq və başqasının qoynuna atılan kişini ələ gətirmək üçün çalışmaq, ümidsizliklər içində verəmləmək, intihar etməkdən başqa bir şey bacarmır. Lakin mən o qadınlardan deyiləm, verəmlənməyəcəyəm; çünki verəmli qadında intiqam almaq qüvvəti qalmaz. Mən intihar etməyəcəyəm, çünki mən aciz qadınlardan deyiləm, intihar acizlər üçündür. O məni satdı, bununla da məni mənəvi surətdə öldürdü. Mən o mənəviyyatı başqa bir kişidən ələ gətirməklə də yaşaya bilərəm. Mən indi ona olan sevgimi, ona qarşı doğan intiqam duyğularına dəyişdim”.
Qətibə yerindən qalxarkən özünü çox ağır hiss etdi. O bütün ömründə birinci dəfə idi ki, belə bir ağırlığı hiss edirdi. Vücudu titrədi, “əcəba, mən qocaldımmı?” – deyərək otağa girdi, güzgünün qabağına keçib öz çöhrəsinə baxdı və öz-özünə: “Gözlərim haman qaralığında və öz acıqlı baxışlarında davam edir. Saçlarım da haman, qaşlarım da haman. Bəs göz qapaqlarının ətrafındakı mavi rəng nədir?! Gənc ikən o nişanələr gözlərimin ətrafında yox idi. Bəs o nədəndir?”.
Qətibə bu sualına özü cavab verdi:
“Gecələr yatmamaqdan. Səhərə qədər pəncərədən fəzaya baxaraq ulduzları saymaqdandır.
Mən bir ilin içərisində fəzada üzən ulduzların hamısı ilə tanış oldum. Mənim göz qapaqlarım qaralmasın da, nə etsin? Bu gözlər səhərə qədər minlərcə ulduzları öz qərargahına ötürməklə məşğuldur. Bu gözlər üç yüz gecədir ki, ayı təqib etməklə Əlvənd dağının arxalarına yola salır. Bu gözlər bir ildən bəridir ki, gecələri bənatünnəş ulduzları ilə barabər məhv olan gəncliyin qiymətli günlərinə ağlayır”.
Qətibə bir ah çəkərək öz əndamına bir daha baxdı.
“Boyum, buxunum öz yerində, hələlik qocalığa boyun əyməmişəm”, – deyərək cariyəsini çağırdı və:
– Şam süfrəsini düzəldin, Hüsaməddini hüzuruma çağırın! – dedi.
Qətibənin şam süfrəsi Maşanrud çayına baxan bir balkonda düzəldilmişdi. Dəmavənd və Əlvənd dağlarından qopan ruzigar Fərivər nahiyəsinin çiçək qoxularını Qətibənin balkonuna gətirirdi. Qətibə saçlarını açıb çiynində tökmüşdü, Hüsaməddini gözləyirdi. Hüsaməddin gəldi, salam verib durdu. Qətibənin saçlarından qalxan ətir qoxuları Hüsaməddində Qətibəyə qarşı təzə bir zövq oyandırdı. O indiyə qədər Qətibəni bu libasda, bu gözəllikdə görməmişdi.
Qətibənin geydiyi nazik ipək köynəkdən döşlərinin yarısı görünür və şamların işığında şəfəqlənirdi. O, incə və ağ əlləri ilə dizlərini qucaqlayıb oturmuşdu. Barmaqlarındakı üzüklər və döşlərindəki almaz boyunbağılar hamısından artıq Hüsaməddinin nəzərini cəlb edirdi. Qətibə ona öz yanında yer göstərdi və:
– Burada otur, Hüsaməddin! – dedi. – Dərd söyləmək və sirr vermək üçün səndən başqa bir adam qalmadı. Bu gecənin nə kimi bir gecə olduğunu bilirsənmi? Bu gecə Atabəy öz qadını və öz oğlanları ilə Atabəy sarayında ziyafət düzəltmişdir. Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. Lakin sən onu bilməlisən ki, Atabəy bizim sirlərimizi ələ almışdır. O bizdən bədgümandır. Onda şübhələr və qısqanclıqlar həddindən artıqdır. Ancaq sən bundan heç bir vaxt təkan yeməməlisən. Bizim Atabəyə düşmən olduğumuzu bilsələr, minlərcə həmfikir tapa bilərik. Atabəy Həmədanda Zəhir Bəlxi və Kəmaləddini həbsə aldırmışdır. Bunların hamısı Atabəyin bizə qarşı başlamaq istədiyi hücumların zəminəsidir. Biz də vaxt ikən həyata keçirmək istədiyimiz hadisənin zəminəsini qoymalıyıq.
Hüsaməddin Qətibənin nə demək istədiyini dərhal anladı, bunsuz da o, Qətibənin Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi.
Bir az Hüsaməddin Qətibəyə, bir az da Qətibə Hüsaməddinə yaxınlaşmışdı. Ruzigar Qətibənin saçlarını Hüsaməddinin çiyninə səpirkən Hüsaməddin də onun qulağındakı sırğada “A. və M.” hərflərini oxuyurdu.
Hüsaməddin dodaqlarını uzadıb onun ağ zanbağın yarpağına bənzəyən qulaqlarından öpərkən pıçıldadı:
– Mələkənin bütün fikirlərinə şərik oluram. Ona bütün varlığımla kömək edəcəyəm.
Qətibə də bunun cavabında:
– O dodaqlar mənim oğlum Qütlüğün vəliəhdliyə təyin edilməsinə və Atabəydən intiqam almağa and içməlidir, – dedikdə, Hüsaməddin də onun qulağına yox, dodaqlarına pıçıldayaraq:
– Bu dodaqlara and içirəm! – dedi.
Qətibə bir neçə saniyədən sonra dodaqlarını onun dodaqlarından aldığı və Hüsaməddinin qolları arasından kənara sıçradığı zaman: – Mən o qolların arasına ancaq Atabəyin qollarından həmişəlik azad edildikdən sonra girə biləcəyəm, – dedi, sonra da bir ah çəkərək:
– Ah, kişilərin bağladığı əhd-peymanın davamı, qadınların qolları arasından çıxıncaya qədərdir.
Hüsaməddin qəti olaraq cavab verdi:
– Atabəy məhv ediləcəkdir. Sizə söz verirəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kosk-bagi-muezzem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Стихи других поэтов
هر کش ارادتی چش ای حور زاده بوواخورم کرم همیشه که بختش وراذه بو
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,