Bir tərəfdən Qızıl Arslanın etinasızlığı və onun Həmədana gəlməməsi, o biri tərəfdən də Qətibənin başladığı təzə oyunlar Toğrulun mövqeyini qorxu altında qoymuşdu.

Sizdəh günü Həmədanda olan qoşunun Toğrul sarayı qarşısına gəlib əlahəzrəti salamlamaq istəməməsi məsələnin nə qədər qorxulu olduğunu tam çılpaqlığı ilə meydana qoymuş oldu.

Sizdəh günü üçün lazım olan hər bir şey hazırlanmışdı. Rəsm-keçid bitəndən sonra Toğrulun sarayında böyük ziyafət veriləcəkdi.

Səhər saat on birdə əyanlar, vəzirlər əlahəzrətlə bərabər sarayın meydana baxan uca balkonuna çıxıb qoşunların rəsm-keçidinə tamaşa etmək istəyirdilər. Lakin meydanda qoşun yox idi, oradakılar yalnız əlahəzrətin qulamları və bir də süpürgəçilər idi. Saat 12 oldu, qoşunun gəlməsindən xəbər olmadı. Toğrulun həm qorxusundan, həm də acığından ürəyi partlamaq istəyirdi. O, bu hadisənin təsadüfi bir hadisə olmadığını dərhal hiss etdi, öz qəlbində Qətibəni edam etdirəcəyini və mümkün olan kimi Hüsaməddini qoşun sərkərdəliyindən uzaqlaşdırmağı qərara aldı. Toğrul rəsm-keçidin baş tutmamasını görincə, öz pişxidmətini Hüsaməddinin yanına göndərib hüzuruna tələb etdi. Lakin Hüsaməddin bu əmri nəzərə almayaraq gəlmədi. Ancaq bir kiçik məktub göndərib gəlməməsinin səbəbini izah etdi:

“Hazırda qoşunun içindən kənara çıxmağım əlahəzrətin mövqeyi üçün böyük bir təhlükə törədə bilər, bunun üçün də gələ bilmədim. Bu mənim tərəfimdən cəsarət olsa da, əlahəzrət nökərlərini əfv etməlidir” – deyə Toğrula cavab verdi. Rəsm-keçidə gələnlər balkondan düşüb Toğrulun ziyafət salonuna yığışdılar. Lakin ziyafət Toğrulsuz keçdi. O öz evində qapanaraq bir həftə dışarı çıxmadı. Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. Lakin Toğrulun bu qərarına Xarəzmşahlarının casusu Zəhir Bəlxi razılıq vermədi. O, Toğrula müraciət edib:

– Əlahəzrət elə bir tədbir görməlidir ki, o tədbirlə həm Qızıl Arslan, həm də Hüsaməddinin başladığı fitnələrə cavab verilsin. İraqlılarda bu iki fitnənin qarşısında dura biləcək qüvvə yoxdur. Yaxşı olardı ki, əlahəzrət Sultan Təkişə müraciət edib ondan kömək istəsin, – dedikdə, Toğrul Zəhir Bəlxinin cavabında:

– Dediklərinizin hamısı doğrudur. Lakin Xarəzm qoşununu məmləkət içərisinə buraxmaq mənim vəziyyətimi daha da ağırlaşdırar. Hazırda məni Atabəyin qətlində töhmətləndirirlər. Əcnəbi himayəsinə girməklə də, məmləkət xaini adlandıra bilərlər. Bu gün bir nəfər özgə hökumətin qoşunu məmləkətin daxilinə ayaq basarsa, bu iki töhmət boynumda qalacaqdır. Yaxşı olardı ki, cənab Zəhir Qətibə ilə danışaydı, hərgah Qətibə istərsə, bu fitnələr öz-özünə məhv olub gedər.

Zəhir Bəlxi buna heç də etiraz etmədi. Çünki o, Qətibənin Xarəzmşah tərəfdarı olduğuna inanırdı. Qətibə ilə onun oğlu Qütlüğ İnancın Reydə hökumət sürəcəyi barəsində danışılıb qərar çıxarılmışdı. Alınmış qərara görə Rey Atabəy məmləkətlərindən ayrılıb Xarəzmşahlar ixtiyarına keçəcək, Qütlüğ İnanc orada əmirülməralıq ləqəbilə hökumət sürəcəkdi. Buna görə də Zəhir Bəlxi Qətibə ilə Toğrulu barışdırmaq məsələsinə etiraz etmədi. Qətibə Həmədanda deyildi, o özünü aralıqda alovlanan fitnələrdən kənarda göstərmək üçün bir neçə gündən bəri “Eldəniz Rübatı” adlı malikanəsinə köçmüşdü.

O köçəndən sonra qoşun: “Atabəyin qatilini bizə verin” – deyə Toğrula tələbat verirdi.

Zəhir Bəlxi bütün bu tədbirlərlə razılaşsa belə, qoşunun Toğrul əleyhinə qiyam etməsilə razılaşa bilmirdi. Çünki bu qiyam Toğrul, Zəhir Bəlxi və Hüsaməddin arasında qərara alınmış xətt-hərəkətə daxil deyildi. Bunların əsas məqsədləri Toğrulunu mövqeyini möhkəm etməkdən ibarət olmalı idi. Lakin Zəhir Bəlxi Qətibə ilə Toğrul arasında baş verən narazılığın əsas səbəbini bilmirdi. Onun üçün bütün işlər məlum olsa belə, Toğrul ilə Qətibə arasında başlanan gizlin müqavilənamə məlum deyildi. Toğrulun Qətibəyə evlənməyə söz verməsi və onun oğlunu vəliəhd təyin eləməsi məsələsini bir Qətibə, bir də Toğrul bilirdi. Lakin Toğruldan ümidini kəsdikdən sonra, Qətibə xarəzmlilərlə müqavilə bağlayıb Rey məmləkətini onlara vermək və oğlunun “əmirlər əmiri” ləqəbilə hökumət sürəcəyini təmin eləmişdi. Bundan da Zəhir Bəlxi və Hüsaməddinin xəbəri yox idi.

Zəhir Bəlxi Qətibəyə belə bir məktub yazdı:

“Möhtərəm mələkə! Belə mühüm bir zamanda mələkənin paytaxtdan kənara çıxması aralıqda alovlanan fitnələrin bir daha artmasına səbəb olur. Qoşunun əlahəzrətə itaət etməməsi onun mövqeyini laxladır. Halbuki bizim mələkə ilə olan danışığımızda, əlahəzrətin səltənətini möhkəm etməyi qərara almışdıq.

Danışıqlarda qoşunun üsyan etməsi qərarı yox idi. Özbaşına olan bu hərəkət möhtərəm mələkənin düşündüyü tədbirlərin hamısını poza bilər. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərk-silah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. Lakin bu ordunun düzəlməsi bizim üçün yaxşı nəticə verməzdi. Əvvələ, bu ordunun üsyançı qoşunlara qalib gələ bilməsi də şübhəli bir məsələdir. Sonra, iki qoşun arasında vuruşma çıxsa, nəticədə Qızıl Arslan qazanacaqdır. O, işə müdaxilə etdiyi zaman oğlunuzun gələcəyi haqqında sizinlə bağladığımız müqavilə də öz gücünü itirə bilər.

Bütün bu yazdıqlarımı nəzərə alaraq mələkə həzrətləri tezlikdə bilataxir paytaxta köçməlidir. Çünki ülyahəzrətin Həmədandan köçüb getməsi Atabəyin qətlinə dair buraxılan şayiələrin məsuliyyətini əlahəzrətin öhdəsində qoyur. Həmədan xalqı sizin köçməyinizi, ərinizin qatilini görmək istəmədiyiniz kimi mənə edir. Halbuki bu məsələdə sizin özünüz daha yaxından iştirak etmişsiniz”.

Məktub Zəhir Bəlxinin ən etimadlı olan qulamı Bəsirə tapşırıldı. Bəsir gecə ikən Həmədandan Eldəniz Rübatına tərəf yola düşdü. Lakin o, Eldəniz Rübatına gedərkən Hüsaməddinin adamları tərəfindən tutulub axtarıldı və məktub alınandan sonra buraxıldı. Hüsaməddin Zəhirin yazdığı məktubu ələ gətirmədən əvvəl Toğrulun Qətibəyə göndərdiyi məktubu da ələ gətirmişdi.

Toğrul Qətibəyə yazdığı məktubunda deyirdi:

“Əziz və möhtərəm mələkə paytaxtdan nə qədər uzaq olursa olsun, yenə də mən onun dodaqlarını öz dodaqlarımda hiss edir və nəşə ilə yaşayıram. Lakin təəssüf edirəm ki, Hüsaməddinin xain hərəkəti bizim mələkə ilə olan izdivac fikirlərimizin təxirə düşməsinə səbəb olur.

Möhtərəm mələkəm paytaxta qayıtsaydı, Hüsaməddin haqqında qəti bir qərara gələrdik”.

Hüsaməddin bu məktubu ələ keçirəndən sonra, Qətibənin iki cəbhədə çalışdığını anladı. Qətibənin ona verdiyi dodaqların və özünə verdiyi izdivac vədəsinin Toğrula da verildiyini anladı. Qətibənin Rey məmləkətini Sultan Təkişə bağışlaması onu heç də təəccübləndirmədi; çünki əcnəbi köməyi ilə hökumət təbəddülatı yaratmağın bu kimi qurbanlar tələb edəcəyi şübhəsiz idi.

Toğrul Qətibəyə göndərdiyi məktublardan cavab gəlmədiyini görincə Zəhir Bəlxini bir daha hüzuruna çağırıb, öz fikrini ona xəbər verdi:

– Qətibə nə sizin, nə də mənim məktubuma cavab vermədi. Buna görə də mən onun barəsində iki qərar çıxarmışam. Qərarın birisi ya onunla evlənərək oğlunu vəliəhd təyin etmək, yaxud gecələrin birində onu qətl etdirməkdən ibarətdir.

Zəhir Bəlxi birinci fikrə etiraz edərək dedi:

– Ona evlənməyi əlahəzrət üçün çox zərərli hesab edirəm. O zaman bütün məmləkət əhalisi deyə bilər ki: “Əlahəzrət Toğrul Qətibəyə evlənmək üçün öz qardaşı Atabəy Məhəmmədi qətl etdirdi”.

Onun özünü qətl etdirmək, evlənməkdən daha faydalıdır. Lakin bu da qoşun arasında başlanmış qiyamı artıra bilər. Ən faydalı və əlverişli çarə, hələlik onunla müvəqqəti olaraq barışmaqdan ibarətdir. Barışıq onun həyatını həmişəlik təmin eləmək kimi məna edilməməlidir. Çünki onun təbiəti heç bir güzəştin müqabilində razı qala biləcək bir təbiət deyildir. Ona ölüm lazımdır. Lakin hazırda diriliyi öldürülməsindən daha əlverişlidir.

Toğrul Zəhir Bəlxiyə bir sual daha verdi:

– Hüsaməddin haqqında fikriniz nədir?

– Qoşun arasında mövcud olan qiyam Hüsaməddin tərəfindən düzəlmiş olsa belə, yenə də bu onun öz fikri deyil. Yaxşı axtarmış olursaq, yenə də qiyamın əsas kökünü Qətibədən tapmış olarıq. Buna görə də Qətibə ilə barışmaq hər şeydən əvvəl lazımdır. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır.

Toğrul ikinci sualı verdi:

– Bilmirəm o barışarmı? Onun xəyalı səltənətin vəliəhdliyini oğlu üçün, mələkəlik adını isə özü üçün təmin eləməkdir.

Zəhir Bəlxi güldü:

– Qadın nə qədər tez aldadırsa, o qədər də tez aldanır. Siz onların həqiqətlə yox, vədələrlə daha çox maraqlandıqlarını bilmirsinizmi? Qadın ürəyi şirin vədələri sevən gülünc bir maddədir. Lakin vədələr inandırıcı vədələr olmalıdır. Çünki onlar qəlibə salınmamış həqiqətlərdən artıq qəlibə salınmış yalanlara daha tez inanırlar. Bir də burasını bilmək lazımdır ki, xalq həqiqət eşitməyə adət etmədiyindən, onu eşidərkən gülür və şüuruna yerləşdirməyi bacarmır. Lakin onların qulaqları yalanları hər an və hər dəqiqə eşitməkdədir və buna öyrənmişdir. Biz bunu Atabəyin qətlindən sonra, buraxdığımız şayiələrdə təcrübədən keçirmədikmi? Buna görə də sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. Hələlik Qızıl Arslanla əlaqəniz məlum olmadan Qətibənin paytaxtdan getməsinə imkan verməməli idiniz. O çox fitnəkardır. O buradan getməklə xalqa sənin hərəkətlərindən razı qalmadığını bildirmək istədi. Eyni zamanda sənə də bildirmək istədi ki, qoşunun qiyamı o, paytaxtda olmadığı zaman düzəlmişdir. Qətibə bu yalanları xalqın əhvali-ruhiyyəsini nəzərə alaraq düzəltmişdir. Baxınız, o, yalanlarını nə məqsədlə toxumuşsa, xalq da onu haman mündəricə ilə qəbul edir: “Mələkə paytaxtda yaşaya bilmədi. O öz ərinin qatilini Azərbaycan taxtında görə bilmir. Onu Toğrul öldürmək istəyirdi, buna görə də çıxıb Eldəniz Rübatına qaçmışdır” – deyə hər yerdə danışıq gedir.

Lakin məni bunların heç birisi qorxutmur. Mənim fikrimi darmadağın edən Qətibəyə göndərilən məktubların başqa əllərə düşməsi qorxusundan ibarətdir. Hərgah göndərilən məktubun onun əlinə yetişməsini və onun etinasızlıq edib cavab verməməsini bilsəydim, heç düşünməzdim. Lakin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. Bizim Qətibəni aldada biləcəyimiz də bu məsələdən asılıdır.

Toğrul ilə Zəhir Bəlxi arasında gedən uzun-uzadı söhbətlər fayda vermədi; çünki Qətibəyə məktub aparan Bəsir qayıdıb Qətibəyə aparılan məktubun naməlum adamlar tərəfindən alındığını xəbər verdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çar konsulxanasında

Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.

14 мин
Məşədi Kazım ağa

Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.

16 мин
İki matəm

Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

8 мин
General-qubernator

Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.

10 мин

Стихи других поэтов