Страница 1 из 3

Qətibənin məsələdən xəbəri yox idi. O, qoşunun üsyanının Toğrul üzərində nə kimi təsir bağışladığını təqib edirdisə də, düşündüyü nəticəni əldə edə bilmirdi. O, bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. O, bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu.

Qətibənin fikrincə, qoşun üsyan etdiyi zaman Toğrul dərhal ona məktub göndərib paytaxta çağıracaq, yaxud da onu paytaxta gətirmək üçün Eldəniz Rübatına bir heyət göndərəcəkdi. Bir neçə dəfə özü yığışıb paytaxta getmək istədisə də, cəsarət etmədi. Ehtiyatla hərəkət etdi, çünki qoşunda təşkil etdiyi üsyan dayandırılıb və Hüsaməddinin Toğrul tərəfinə keçməsi məsələsi bir həqiqət şəklinə keçdiyi zaman, Qətibəni paytaxta girən kimi həbs etmək o qədər də çətin məsələ deyildi.

Qətibə bu kimi düşüncələr içərisində qıvrıldığı və gecə-gündüz gözünə yuxu getmədiyi zaman, paytaxtdan Hüsaməddinin məktubunu aldı. Məktub çox da səmimi, məhəbbətli və hörmətli yazılmamışdı. Orada Hüsaməddinin başqa məktublarında olduğu kimi sevgi və məhəbbət söhbətləri yox idi, hətta məktubda Qətibəyə gələcəyə aid ümid verə biləcək sözlər də yazılmamışdı. Qısa bir ifadə ilə deyilərsə, məktub qadınına acıqlanmış bir ər tərəfindən yazılan məktuba bənzəyirdi. Qətibə məktubu oxuduğu zaman gözünə və ağlına inanmadı; məktubu həyəcanla yerə buraxıb bir daha götürüb oxudu. O heç də məktubun Hüsaməddin tərəfindən yazıldığına inanmadı. Məktubu gətirən atlını yanına çağırıb sual verdi:

– Bu məktubu sənə Hüsaməddinin özümü verdi?

– Bəli, həşəmətli mələkə! Hüsaməddin həzrətlərinin özü şəxsən məktubu mənə tapşırdı və öz əlinizə tapşıracağımı əlavə etdi.

– Cavab istəmədimi?

– Xeyr, başqa söz demədi.

– Gedə bilərsən.

Atlı baş endirib gedəndən sonra Qətibə məktubu bir də oxudu.

“Möhtərəm mələkə! Zənnimcə, Eldəniz Rübatında oturub paytaxtdan məktub və heyət gözləməyiniz artıqdır. Daha yetər, Həmədana köçüb gəlməyiniz məsləhətdir. Biləks, mən vəziyyəti dəyişdirməyə məcburam. Həqiqətə inanmamaq nə qədər idraksızlıq isə, tez inanmaq da o qədər axmaqlıqdır. Mənə gəldikdə, həm idraksız, həm də axmağam. Bəzən insanın siyasi bir məqsəd üçün özünü idraksız və axmaq göstərməsi lazım gəlirsə də, bu təcrübəni hər təsadüfdə işlətmək axmaqlıq yox, dəlilikdir. Bir yalanı bir məmləkətin xalqına satmaq mümkündür. Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”.

Qətibə diqqətlə məktubu oxuyandan sonra, məsələnin dərinliyini və Hüsaməddinin nə dediyini anladı. Özünün Toğrula ərə getmək macərasının Hüsaməddinə bəlli olduğunu anladı. Hüsaməddinin qısqandığını hiss etdi və nəhayət, məktubun son cümləsini təkrar etdi: “Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq və bir nəfərin isə əxlaqsız olması lazım gəlir”.

Qətibə öz-özünə bərkdən gülərək dedi:

– Sanki bizim filosofumuz dünyada heç kəsin qulağı eşitməmiş bir fəlsəfə tapmışdır. Hələ indiyə qədər o bilmir ki, bir şəhərin xalqına yalan satanlar bir şeyi iki adama satan qadından daha alçaq, daha əxlaqsızdır. Bir şeyi iki adama satanlar öz varlığını satırsa da, bir şəhərə yalan satanlar isə xalqı satır. Hələ indiyə qədər bunu Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam. Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. Mən sən Hüsaməddinin şəxsində adi kişiləri deyil, bir məmləkəti idarə edən xadimləri, rəhbərləri belə öyrəndim. Sizin kimilərin ağlını qəlbirdən keçirdim. Siz öz heyvani düşüncənizi təmin etmək, beş dəqiqəlik nəşə almaq üçün bir məmləkəti bir fahişənin əlinə tapşırmağa belə qabilsiniz.

Kişilər, kişilər, siz filosof olsanız da, siz bir məşhur alim, siz bir peyğəmbər olsanız da, siz bütün xalqı tərbiyə üçün asimani kitablar yazsanız da, yenə də o kitabdakılar sizin özünüz üçün deyil. Sizin göstərdiyiniz səmimi kişilərin şəxsiyyəti hələlik kitab vərəqələrindən kənara çıxa bilməmiş, hələlik o asimani kişilər doğulmamışdır. Hələlik siz Hüsaməddinlər, yenə də Hüsaməddinlərsiniz. Gündə birini sevir, gündə birini yüksəldir, gündə birinin başına ölkələrin tacını qoyur, yüzlərcə qadını mənimsədiyiniz halda başqasını qısqanır, yüzlərlə qadına satılırsınız. Lakin sizdən başqasına satılan qadına fahişə adı verir, tacı başından götürür, mərtəbəsini əlindən alır və ona yazırsınız ki:

“Hərgah son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”.

Lakin bir həqiqəti gizlədirsiniz, yainki kişiyə məxsus qürur, o həqiqəti görməmək üçün sizin gözünüzə pərdə çəkir. Heç düşünmürsünüz ki, qadını əxlaqsız edən kimdir, qadınlarmı, kişilərmidir?

Lakin mən çox da aciz deyiləm. Hərgah mən o daş qəlbli şairi aldada bilmədimsə, bu mənim acizliyimi göstərmir. Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. Başqaları isə Hüsaməddinlər, Hüsaməddinlər, yenə də Hüsaməddinlərdir.

Qətibə bunları deyərək qəhqəhə ilə güldü və məktubu bir tərəfə ataraq əlavə etdi:

– Getməyəcəyəm, Həmədana dönməyəcəyəm. Sən Hüsaməddin də, sən Toğrul da mənim hüzuruma gələcək və üzr istəyəcəksiniz. Sizi iki şey məcbur edib mənim qarşımda diz çökdürəcəkdir. Onlardan birisi rəyasət və tamahkarlıq, ikincisi isə heyvani şəhvətiniz və qadın düşkünü olduğunuzdur.

Qətibə bu sözləri qəlbində götür-qoy etdikdən sonra cariyələrə əmr verdi:

– Bu gün şam süfrəsini hovuzun başında düzəldərsiniz!


Hüsaməddin Qətibəyə baş endirib dedi:

– Mən sizi paytaxta aparmaq üçün öz tərəfimdən gəlməmişəm.

Qətibə Hüsaməddinin nə demək istədiyini bildi və buna görə də bir az sərt cavab verməklə onun cürətini sınamaq istədi və:

– Sən öz tərəfindən gəlməyə səlahiyyətdar deyilsən. Mən hələ o ixtiyarı sənə verməmişəm, – dedikdə,

Hüsaməddin:

– Elədir ki, mələkə buyurur. Məni mələkəni paytaxta qaytarmaq üçün, əlahəzrət Toğrul göndərmişdir. Çünki siz onun bu barədə yazdığı məktuba cavab verməmişdiniz, – dedi.

Qətibə dərhal Toğrul tərəfindən yazılan məktubun Hüsaməddinin əlinə düşdüyünü anladı və:

– Mən ondan məktub almamışam, – dedi, – və ona mənə məktub yazmaq üçün də icazə verməmişəm.

– Məncə, icazə vermədiyiniz üçündür ki, məktub mənim əlimə düşmüşdür.

Hüsaməddin bunu deyərək məktubu Qətibəyə uzatdı. Qətibə isə məktubu oxuyub istehza ilə güldü. Məktubu yerə atıb dedi:

– Toğrul bu məktubu mənə göndərmək üçün yazsaydı, elə adamla göndərərdi ki, heç bir zaman sənin əlinə düşməzdi. O, bu məktubu məhz sənin əlinə düşmək üçün yazıbdır. Sən bu məktubu alandan sonra qoşundakı üsyanı dayandırdınmı?

– Nə üçün soruşursunuz?

– Çünki Toğrul bu məktubu, bizi bir-birimizlə döyüşdürmək və bununla da qoşundakı üsyanı sakit etmək üçün düzəltmişdir. Buna da nail oldu. Çox təəssüf edirəm ki, mən Hüsaməddinlər kimi avam və sadə adamlarla iş görürəm. İnsan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. Şüurun kəskin olması lazımdır.

Qətibə bu sözləri dedikdən sonra Hüsaməddinin yazdığı məktubu göstərib dedi:

– Sən Hüsaməddin, bu məktubu mənə yazdığın zaman vicdanınla danışmadınmı? Şüurunla məsləhətləşmədinmi? Kim bilir, bəlkə onlar səndə heç yoxdur; “onlardan ikisi alçaq, birisi isə əxlaqsız olmalıdır”.

Sən onu bil ki, Toğrul alçaq olmasaydı, bu alçaqlığı etməzdi. Bu mübarizə üsulu deyil. Lakin sən alçaq deyilsən, sənə alçaq deməyə utanıram; çünki sən bir əsgərsən. Lakin axmaqsan, həqiqəti yoxlamadan öz dostuna belə bir məktub yazan adama ancaq haman adı vermək olar.

Qadınların təqsiri tələsməklərindədir. Mən səninlə dostluq etdiyim zaman tələsdim. Onun üçün də hazırda səndən mükafat olaraq belə bir məktubu alıram. Səninlə işim yoxdur. Lakin o alçağı bu fitnəsinə görə cəzalandıracağam. O bir şah deyil, bir çibin olsa belə, mənim libasıma qona bilməz. Xəlifənin nəvəsi hələ o qədər də tənəzzül etməmişdir ki, hər yetənin dodağı onun dodağına dəyə bilsin. Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir.

Qətibə bu sözləri dedikdən sonra köynəyinin qolunu gözlərinə tutub ağladı və Hüsaməddini otaqda qoyub başqa otağa keçdi.

Hüsaməddin ayaq üstündə durub düşünürdü. O, Qətibəyə yazdığı məktubundan peşman olmuşdu. O, Toğrulun hiylə ilə məktubu qəsdən yazıb onun əlinə düşmək üçün göndərməsinə inanmağa başlamışdı. O, mələkədən nə kimi bir sözlə üzr istəyəcəyi və nə tövr ilə onun qəlbini alacağı barəsində fikirləşirdi. Mələkənin qulamları və cariyələri gəlib Hüsaməddini hamama apardılar. O, hamamdan çıxıb rahat olandan sonra, cariyə gəlib baş endirdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 мин
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 мин
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 мин
Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 мин

Стихи других поэтов