Kişilər
Страница 3 из 3 · 67%
Hüsaməddin Toğrula baş endirib:
– Əlahəzrətin bütün buyurduqları bir həqiqətdir. Lakin mən Qətibə xatuna bu sözləri nə kimi bir cəsarətlə deyə bilərəm?.. Mən kiməm və nəçiyəm? Atabəyin qətlinə gəldikdə, mən sizin və Qətibə xatunun buyurduqlarınıza əməl etməyə məcbur idim, çünki mən bir əsgərəm. Buna baxmayaraq yenə də öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm.
O ki dar ağacına çıxmaqdır, o da çox qorxulu deyil, çünki ora çoxlarını çıxarmışıq.
Hər halda qoşunda olan dedi-qodular aralıqda gəzən şayiələrin məhsuludur. Buna nə mən, nə də Qətibə xatun məsul deyildir.
Hüsaməddin bunları deyəndən sonra sakit olub Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. Toğrul Hüsaməddindən ümidverici bir cavab almadığı üçün dayanıb aciz-aciz baxırdı. Onun çətinliklər qarşısında inlədiyi nəfəsinin ağırlığından oxunurdu. Onun baxışları, doğrudan da həyatının pırtlaşıq və dolaşıq tellərdən ibarət olduğunu göstərirdi. Burada Hüsaməddin Qətibənin Eldəniz Rübatında dediyi sözləri xatırladı. Sanki Qətibə Hüsaməddinin yanında durub: “Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir” – deyirdi.
Hüsaməddin bunları xatırladıqdan sonra, Toğrula bir daha baş endirib:
– Əlahəzrətin hökmranlığına gəldikdə, biz onu bir qətrə qanımız qalıncaya qədər müdafiə edəcəyik, – dedikdə, Toğrul şadlığından ağladı. Hüsaməddin isə onun icazəsilə otaqdan çıxıb getdi.
Əlahəzrətin Qətibə xatunu ziyarət etmək üçün Eldəniz Rübatına gəlməsi, Qətibə sarayında fövqəladə bir hazırlığa səbəb olmadı və Qətibə xatun əlahəzrəti çox da qızğın bir məhəbbətlə qarşılamadı.
Nökərlərə verilən əmr üzrə əlahəzrət Eldəniz Rübatına daxil olunca kəndlilər onu gül dəstələri ilə qarşıladı. Atları tutdular, cariyələr Toğrulu saraya aldılar, hamamı hazırlayıb Toğrulu püştmal edib çimdirdilər, ondan da sonra Toğrul libaslarını dəyişib yemək salonuna qədər müşayiət olundu.
Bir azdan sonra Qətibə xatun da bir dəstə cariyənin müşayiətilə salona daxil oldu. Toğrul ona baş endirdiyi zaman Qətibə xatun da:
– Əlahəzrət xoş gəlib, səfalar gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurublar. Əyləşin, əlahəzrət! – dedi. Toğrul bir daha əlini döşünə qoyub Qətibə xatuna baş endirdi və süfrəyə oturdu.
Süfrə başında ancaq adi söhbətlər danışıldı.
Əvvəlcə Toğrul:
– Əlhəmdülillah, mələkənin səhhəti yerindədir. Xəstəliyinizi Hüsaməddindən eşitdiyim zaman çox nigaran qaldım. Paytaxtdan ayrılmaq vaxtı deyilsə də, sizin ziyarətinizi hər şeydən əvvəl lazım bildim, – dedikdə, Qətibə ona sual verdi:
– Əcəba, paytaxtda bir hadisəmi vardır?
– Qoşun itaət etmir. Rəsm-keçid günü böyük rüsvayçılıq oldu.
– Bəs Hüsaməddin nə iş gördü? Əcəba, o idarə etdiyi qoşunu itaət altına ala bilmirmi? O zaman nə üçün vəzifəni əlindən buraxmır?
– Onun tutduğu xətt-hərəkət olduqca şübhəlidir. Zənnimcə, mələkə Həmədanda olsaydı, bu cür işlər baş verməzdi.
– Doğrudur. Lakin mən Həmədanda qala bilmədim, çünki mən dedi-qodunu sevən adam deyiləm. Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. Xüsusən əlahəzrətin özü də mənim Həmədandan Eldəniz Rübatına köçməyimə səbəb oldu. Orası ata vətənimə də yaxındır. Aranda da yaşaya bilərəm. Qızıl Arslanla da aramızda elə bir düşmənlik yoxdur ki, mənim Azərbaycanda yaşamağıma mane olsun.
Toğrul ancaq qısa olaraq Qətibə xatuna dedi:
– Hər şey ülyahəzrət mələkənin məramınca həll ediləcəkdir.
Qətibə xatun Toğrulun sözlərinə nə hə, nə də yox cavabı vermirdi. Çünki cariyələr tez-tez süfrənin ətrafında dolaşıb xörək gətirir və boşalan qabları götürüb aparırdılar. Süfrədən sonra Qətibə ilə Toğrul vidalaşıb hər birisi öz yatağına çəkildi. Lakin Qətibə xatunun qəti bir cavab verməməsi Toğrulun rahatlığını pozurdu, onun yuxusunu odlu bir qum edib gözlərinə tökürdü. Toğrulun bu rahatsızlığı axşama qədər, yəni Qətibə xatunun ikinci yuxusundan qalxmasına qədər davam etdi.
Həqiqi və əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi.
Qətibə Toğrula acıqla baxaraq:
– Sən özünü bir hökmdar kimi yox, bir ailə başçısı kimi də apara bilmədin. Ailə başçısı da özlüyündə bir hökmdardır. Onun özünə görə yaşamaq və ailəni yaşatmaq üçün müəyyən bir xətt-hərəkəti olmalıdır. Sizdən soruşuram, padşahlıq taxtına oturandan bəri məmləkət üçün hansı təşəbbüsləri etdiniz? Qətibəyə, Hüsaməddinə, Zəhir Bəlxiyə həmişəlik arxalana bilməzsiniz, özünüzdə təşəbbüs və ailə başçılığına məxsus yararlıq olmalıdır.
Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. Şəxsən mən nələrə ümid olub sizi müdafiə edə bilərəm?.. Mən sizə taxt-tac verdim, əvəzində nə aldım? Bir yalan, bir aldanmaq! Mənim yerimdə hansı bir qadın olsaydı, əlahəzrətlə görüşmək və danışmaq istəməzdi. Gərək mənim sözümü unutmayasınız, sizi mən taxta əyləşdirmişəm, mən də düşürə bilərəm. Yalnız siz deyilsiniz, hökmdarların hamısı belədir. Onları müəyyən adamlar taxta çıxarır, müəyyən adamlar da qolundan tutub düşürür. Sizin hökmdarlığınız bir tükdən asılıdır. Sabahın özündə bir dəstə qoşun gəlib sizin sarayınızı işğal edər, özünüzü həbsə alar, öldürülmüş Atabəyin yerində dar ağacından asdıra bilər.
Siz hər nə olursunuz olun, hər kəslə nə kimi müamilə edirsiniz edin, lakin mən Atabəyin qətlində iştirak etdiyimə baxmayaraq, yenə də haman qanın sahibiyəm. Siz hazırda qan sahibinin qarşısında oturmuşsunuz. Qan da kisik qan deyil, Atabəy qanıdır.
Toğrulun boğazı qurumuşdu, nə deyəcəyini bilmirdi, ancaq bir kərə:
– Nə etməli? Hərgah mələkə həzrətləri öz köməyini əsirgəyirsə, mən Həmədana qayıdan kimi istefa verə bilərəm, siz də məmləkəti başqasına tapşırın. Mən beləliklə hökuməti idarə edə bilmərəm. Görünür ki, mən öz dostlarımla anlaşa bilməyəcəyəm.
Qətibə Toğrulun inadını sındırmaq üçün qəti olaraq dedi:
– Siz nə ad qoyub hökumətdən istefa edəcəksiniz? Əlahəzrət bir dəfə bilməlidir ki, onu istefa vermək üçün yox, hökmdar olmaq üçün taxta əyləşdirmişlər. Lakin nə kimi şərtlə hökmdar olmuşsunuzsa, o şərtləri yerinə yetirməlisiniz. Ya şərtlərə vəfa edəcək və yainki Atabəyin qatili kimi dar ağacından asılacaqsınız. Çünki öldürülən Atabəyin oğlu vəliəhd, qadını isə məmləkətin mələkəsi olmalıdır.
– Mən öz boynuma götürdüyüm vəzifədən boyun qaçırmıram, lakin ülyahəzrət vəziyyəti də nəzərə almalıdır. Mən qadınıma talaq verərək oğlum Məlikşahı edam etdirə də bilərəm. Lakin bu rüsvayçılıqdır. Buna Qızıl Arslan nə kimi bir nəzərlə baxar?
– Əvvəla budur ki, nə qadını boşamaq, nə də günahsız Məlikşahı öldürmək və yaxud gözünü çıxarıb kor etmək lazım deyil. Bunu əlahəzrətdən heç kəs tələb etmir. Lakin oğlum Qütlüğ İnanc bu taxt-tacın həqiqi varisidir. Atabəy Məhəmməd sağ qalsaydı, vəliəhdlik mənim oğluma yetişəcəkdi. Atasını öldürdünsə vəliəhdliyi oğluna verməlisən. Buna Atabəy məmləkətində yaşayan milyonlarca xalq razılıq göstərib səni təbrik də edər.
Qadınına gəldikdə, onun yaşaması üçün geniş imkan yaratmalısan. Mələkəlik rütbəsi isə aydındır. Vəliəhd kimdirsə, mələkə də onun anasıdır. Söhbətimiz burada bitir. İndi də sənin yazdığın məktub məsələsinə keçək. Əcəba, əlahəzrət mələkəyə göndərdiyi məktubu başqalarının əlinə düşməmək üçün etibarlı bir adamla göndərə bilməzdimi?
Toğrul sual verdi:
– Məktub mələkəyə çatmamışdırmı?
– Çatmışdır, ancaq başqalarının vasitəsilə.
– Mələkə bu hadisə ilə mənim vəziyyətimi təsəvvür etməlidir. Mənim hökdarlığım ancaq öz sarayımın içərisindədir. Mən düşmənlərlə əhatə olunmuşam. Taxta əyləşdiyim neçə aylara varır, məmləkətin heç bir tərəfindən təbrik məktubu almamışam. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam.
Qətibə Toğrulun bu sözlərinə gülərək:
– Əlahəzrət görünür ki, yenə də Qətibəni tanımamışdır. Mən bir günün içərisində Atabəyin qətli məsuliyyətini onun boynuna bağlaya bilərəm. Əlahəzrət özü Qızıl Arslanın qarşımda diz çökəcəyini görəcəkdir. Özü də tez bir zamanda, – dedikdə, Toğrul da:
– Mən ülyahəzrət mələkəni tanımasaydım, onunla bərabər belə bir məsul işdə iştirak etməzdim. Mələkəyə qəti söz verirəm, o, paytaxta gələndən sonra bütün məqsədləri həyata keçiriləcəkdir, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kisiler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?
Təbriz çar kazakları əlindəMən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.
Ninaya məktub«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.
Ərəblər xanıƏrəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.
Стихи других поэтов
Aləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Икбал-наме, глава 4В вечном беге желают всё нового дни,Всё наставника нового ищут они,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib