Son iclas
Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:
– Doğrudan da, o nə söz idi dedin?
– Nə söz?
– «Yalnız qara köynək deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur». Bu nə deməkdir? Mən belə bilirəm ki, bizim həyatımız bu kimi fəlsəfələrin dövrünü çoxdan keçirmişdir. İndi biz hər sözü bir-birimizə aydıncasına deyə bilərik. Səmimi əlaqəni yaşatmaq üçün inanmaq lazımdır. Madam ki, inanmaq vardır, həyatdakı təfərrüatı axtarmaq səmimiyyətdan uzaqdır. Bizim danışacağımız mühüm məsələlər vardır. Şəxsi məsələlərin vaxtını uzada bilərik. Bu, sonraya qalsın. Sənə bir təzə xəbər verəcəyəm.
– Nə kimi xəbər?
– Məhəmmədəli şah, nəhayət, rus əsgərinin Təbrizi işğal etməsinə razı olmuşdur.
– Doğrumu?
– İngiltərə və Rusiya səfirləri şaha nota vermiş, notada avropalıların təhlükə altında olduqlarını göstərib Təbrizə rus qoşununun girməsini tələb etmişlərdir. Eyni zamanda Təbrizdə sakitlik bərpa edilən kimi qoşunların çıxarılmasını da əlavə etmişlər.
– Mən bunu bilirdim. Sənə nə söyləmişdim.
– Bəs ruslar indiyə qədər nə üçün Təbrizi işğal etməmişlər?
– Onlar əvvəlcə inqilabın qələbəsinə inanmırdılar. Hazırda azad edilmiş şəhəri işğal etmək Təbriz inqilabının böyüklüyünü və çarın bu inqilaba nə qədər əhəmiyyət verdiyini aydıncasına göstərir. İslamiyyə təşkilatı dağılandan, əks-inqilab yuvası olan Dəvəçi məhəlləsi təslim olandan və bütün taxıl yolları açılandan sonra çar qoşununun Təbrizə girməsi inqilabın müvəffəqiyyətlərini göstərmirmi?
– Şübhəsiz ki, Rusiya öz müstəmləkəsi olan Təbrizdə inqilabın qalib gəlməsinə razı olmayacaqdı. Sən bilirsən ki, konsul daima bu inqilabı dağıtmağa çalışırdı. O, əvvəlcə diplomatiya yolları ilə bizi dağıtmaq istəyirdi. Qafqaz sosial-demokratları buna yol vermədilər. Əcəba, sən erməni ruhanilərinin hiylələrini eşitmədinmi? Bütün bu macaranı idarə edən rus konsulluğu deyildimi?
– Bu işlər, bəlkə də, mən Təbrizə gəlməzdən əvvəl olan işlərdir. Bu barədə heç bir şey bilmirəm.
– Rus konsuluna verdiyi təlimat üzrə erməni ruhaniləri, erməni burjuaziyası ilə birlikdə ikinci Nikolaya sədaqət teleqramları göndərib inqilabda iştirak etməyəcəklərini bildirməli idilər. Digər tərəfdən konsul əncümləndəkilərdən bir çoxunu ələ alıb şahla Səttar xan arasında saziş yaratmağa çalışırdı. Bu barədə əncümən üzvlərindən bəziləri Səttar xan və Bağır xanı bu sazişə razı etmək üçün işləyirdilər. Lakin sosial-demokrat qrupu vaxtında işə müdaxilə edib konsulun bütün fırıldaqlarını nəticəsiz buraxdı. Burada çar siyasəti ilə tanış olan Bakı işçiləri daha da ciddi hərəkət etdilər.
– Bakı işçilərinin burada nüfuzu vardırmı?
– İran sosial-demokratları bunu lazımınca təqdir edirlər, çünki İran sosial-demokrat firqəsinin müəssisi Bakı işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur. İran inqilabı uğrunda yüzlərcə Zaqafqaziya işçisi qurban verilmişdir.
– Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir, – deyə Nina bir ah çəkdi.
– Heç bir şey məhv olmayacaqdır. Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır.
– Onu mən görməyəcəyəm.
– Nə üçün?
– Çünki mən İranda qalmayacağam.
– Nə üçün qalmayırsan?
– Nə üçün və kimin üçün də qalım? İnqilabın boğulduğunu görməyəmi? Asılanların yasını bağlamağamı? İnqilab rəhbərlərinin zəlil və əsir halını görməkdən ötrümü? İnqilab yoxdur, mən də yoxam. Bir halda ki, sən də burada qalmayacaqsan.
– Gənc qız! Sən yenə də əski dünyana qayıda bilməzmisən?
– Çox çətin! Ora çox uzaqdır. Mən yeni dünyaya yeni duyğularla gəlmişəm. O duyğunun içərisində sən də varsan. Bir də mən mübarizəli həyata alışmışam.
– Mübarizə etmək daim mümkündür.
– Mübarizə hislərimi oyadan, məni bu nəşəli həyata dəvət edən qismən sənsən. Mən bu yolları tanıyırdım. Fəqət öyrənməmişdim. Bu ağır mübarizə, hətta ölüm qoxuyan mübarizəyə gülə-gülə girdim. Fəlakətin üzərindən nəşələr alaraq atılırdım. Buna səbəb sən idin.
– Ümid edirəm ki, yenə də görüşəcəyik. Həyat imkan verərsə, yenə də bir yerdə oturub Təbrizin qəliz dumanları altında nəşələndiyimizi xatırlayacağıq.
Nina bu sözdən sonra özünü saxlaya bilmədi, yataq otağına qaçdı. Mən də İnqilab Şurasına gedəcəkdim.
Mən İnqilab Şurasına getməzdən əvvəl evə gəldim. İngilis simi vasitəsilə Culfadan vurulmuş bir teleqram verdilər. Teleqram İran İnqilab Komitəsinin Culfa şöbəsi üzvlərindən Baxşəli ağa Şahtaxtlı tərəfindən vurulmuşdu.
«Bu gün sərhəddən beş min çuval keçirib Təbrizə yola saldıq. Malları çuvallara doldurub özün də gələrsən». Bu teleqramdan beş min nəfər rus əsgərinin sərhədi keçdiyini anlamaq olurdu. Teleqramı da götürüb təcili surətdə İnqilab Şurasına gəldim. Burada fövqəladə bir şadlıq gördüm, çünki hökumət qoşunu çəkilib Sərdrud, Qaradağ yolları açılmışdı. Təbrizə yemək şeyləri sülh vaxtından artıq gəlirdi. Mən rusların sərhədi keçdiyini xəbər verib şurada şadlığı pozmağa cəsarət etmirdim. Lakin bunu mümkün olduqca tez demək lazım idi. Danışmaq üçün söz aldım. Orada oturan adamlar deyəcəyim sözlə çox maraqlanırdılar. Danışmağa başladım:
– Gözlədiyimiz qorxu yaxınlaşır. Azad olmuş şəhərin küçələrində çar kazaklarının səsini eşitməyimizə çox az qalmışdır. Məhəmmədəli şah rus qoşununun Təbrizi işğal etməsinə razılıq vermişdir.
Məclisi sükut bürümüşdü. Hamı bir-birinin üzünə baxırdı.
İlk dəfə danışmağa cəsarət edən yox idi. Hətta çox adam bir söz demədən durub gedirdi. Oradakıların bir çoxu inqilabın qeydinə deyil, yalnız öz qeydinə qalırdı. Bir çoxunun simasında acizlik, qorxaqlıq, ikiüzlülük görünürdü. Bəziləri öz yanındakı ilə xısın-xısın danışırdı.
– Ağa, bunun axırı necə olacaqdır? – deyə bir-birindən soruşurdu.
Qəlyanların qəmişlərini ağızlarında tutmuş bir çox üzvlər quruyub qalmış, soyumuş və odu çoxdan sönmüş qəlyanı sümürürdü.
Özünü itirməyənlər də vardı. Bunlar isə Səttar xan, bir də Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri idi. Danışıq başlanmışdı. Bir çoxları – dövlətlər buna razı olmazlar – deyə özləri belə inanmadığı halda bununla təsəlli tapmaq istəyirdi. Bəziləri – bütün dünyaya müraciət edərik, İnternasionala xəbər verərik – deyib məclisə müraciət edirdi. Hacı Mehdi ağa bu sözü bir neçə dəfə təkrar etdi. Mən yenə də söz aldım.
– Xarici dövlətlərə və II İnternasionala müraciət etməyin heç bir zərəri yoxdur. Bunların hamısı çar Rusiyasının tarixi xəyanətini dünyalara bildirmək üçün bir vəsiqədir. Lakin bunların heç biri rusların Təbriz üzərinə başladığı hücumun qarşısını ala bilməz. Möhkəm müahidənamələrə görə rus hökumətinin İran işlərinə müdaxilə etmək səlahiyyəti vardır. Gülüstan müahidənaməsi hələ gücdə qalır. Bunlardan başqa, Rusiya–İngiltərə arasında bağlanmış 7-ci il müqavilənaməsi də buna müsaidə verir. Nüfuz məntəqəsinə bölünmüş İran, xüsusən Azərbaycan, Rusiya ixtiyarına buraxılmışdır. Rusiyanın baş ərkani-hərb miralayı Medvedyevin yazdığı əsərində Rusiyanın məqsədi tamamilə aydındır. Əsərdə deyilir ki, «İran barıt anbarına oxşayır. İndi o, qorxulu bir qonşu şəklini almışdır. Bu yer Rusiyanın yaxın qonşusudur. Gülüstan müahidənaməsi hələ gücdədir. Biz asayişi bərpa etmək üçün İranı işğal etməyə bundan da əlverişli vaxt bilmədik». Bütün bu vəsiqələr çar Rusiyasının İranı işğala hazırlaşdığını çoxdan bəri göstərirdi.
Məclisdə səslər ucaldı:
– Hazırda nə etməliyik? – dedilər.
Mən yenə də sözə davam etdim:
– Ruslar gəlir, onlar inqilaba rəhbərlik edənləri təqib edəcəkdir. Ruslar özləri də olmasa, onların tərəfindən Təbrizə təyin edilən hökumət silahları da istəyə bilər. Ruslar Qafqazdan gələn inqilabçıları da tələb edəcəklər. Könüllü gələnlər və sairələrin də tələb olunacağı mümkündür. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. Ruslar ən kiçik bir hadisədən belə istifadə edəcəklər. Xüsusən inqilabın baş rəhbərləri haqqında da dərin bir surətdə düşünməlidir. Onların müdafiəsi yolunda kütləvi tədbirlər görülməlidir. Zənnimcə, bu gün bizim son və tarixi iclasımızdır. Buna görə də indiyə qədər açıq danışmadığımız bir para sözləri danışmalıyıq. Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir, Təbriz inqilabının birinci səhnəsi qapanır. Biz inqilab zamanında o mübarizənin ciddi günlərində bizimlə yan-yana gedən bir çox inqilabçıları dişimizə vurduq. Çətin günlərdə evinə qapananlar da vardı.
Səslər: – Şəxsiyyətə keçilməsin.
– Mən şəxsiyyətdən danışmıram. Fəqət onu hər kəs bilməlidir ki, bəzən tək-tək şəxsiyyətlərin də inqilabda mühüm rolu olmuşdur. Qələbə günlərində, təşəbbüs inqilabçıların əlində olduğu zaman inqilaba qoşulmaq o qədər də çətin deyildi. Lakin inqilab fikirləri zirzəmilərə girdiyi zaman iş daha da çətinləşir. Belə bir gündə inqilabçı olanlar, belə bir gündə irtica qərargahına keçməyənlər həqiqi inqilabçılardır. Lakin təəssüflər olsun ki, bizimlə bir neçə aydan bəri üz-üzə oturub inqilabçılıqdan dəm vuranların bir çoxu çar himayəsinə girmək üçün vasitə aramaqdadırlar.
Səslər: – Şəxsiyyətə keçilməsin.
– Mən sözümü aydın deməliyəm: inqilabın qızıl bayrağı altında kölgələnən, «bunu bütün Şərqə aparacağam» deyənlərdən bir çoxu ruslar Təbrizə girəndə damına vurmaq üçün çar bayrağı da tikməkdə imiş. Bunların hamısı doğru. Bunları inqilab heç vaxt unutmayacaqdır. İnqilabçılara qarşı hər bir xırda çıxışa tarix böyük xəyanət kimi baxacaqdır. İndiyə qədər bizə yoldaşlıq edib hazırda əks-inqilab qərargahına keçənlərdən heç bir şey tələb etmirik. Getdilər, qoy getsinlər. Ancaq bizə düşmənçilik etməsinlər. Köhnə dostlarının ayağından çəkməsinlər. İnqilab ölməyir, o yalnız öz hərəkət məntəqəsini dəyişir. İnqilabın gücü mərkəzə köçürülür.
Məclisdən bir çoxu durub getmişdi. Məclisdə qalanlar inqilabın ayrılmaz oğulları idi. Bir-birinin əlini sıxanlar, öpüşənlər, ayrılanlar, ağlayanlar da vardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-son-iclas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Partlarız...Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.*Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Hər iki fitnəm baş...Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.*Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Boş qayıtdılarİşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.*Yüklədilər arxama karxanəmi,
Стихи других поэтов
Get dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.