Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.

Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.

Qalib gələn rus silahının qanlı şəfəqləri ilə üzünü qızardan yerli irtica, bütün varlığı ilə küçələrə çıxmış və bir gün əvvəl geydiyi aşura qarasını üstündən tökmüşdü. Döngələr və qapılardakı qara matəm bayrağı yerində çar bayrağı asılmışdı. Bir gün əvvəl «ya Hüseyni-məzlumi-Kərbəla» sözləri yazılmış olan qara bayraqları əvəz edən bayraqlarda «Zindəbad imperator» sözləri oxunurdu.

«Va Hüseyn» sədası çıxan burjuaziya evlərində bir xanəndənin

«Bepürsidəm mən əz dövran.
Güca İskəndəru Xaqan?
Beqofta kist İskəndər?
Zəmani-dövləti rusəst».

şeirini kamança ilə oxuduğu eşidilirdi.

Zadəgan xanımlar, yenə də şahın gözəl bala dərvişinin şəklini Loriqan ətri saçan döşlərindən çıxarıb öpür və ona ithaf edilmiş:

Biya bu baba, hu baba!
Kəməri tila ku baba!
Bu baba! Hu baba!

mahnısını oxuyur və güzgünün qabağında fırlanırdı.

Gündə bir dövlətin qucağına atılan siyasi fahişələr, istiqbal libasını taxıb dışarı çıxmağa hazırlaşır, atına, uzunqulağına, faytona əyləşirdi.

Nina ilə mən bu barədə konsuldan və sərdar Rəşiddən məktub almışdıq. Onlar bizə Hacı Səmədxanın istiqbalına getməyi lazım görmüşdülər.

Bu tövsiyə olmadan da, Nina bu istiqbal rəsmi ilə çox maraqlanırdı. Buna görə də onu yalnız buraxmaq istəmədiyimdən özüm də hazırlandım. İki faytonla yola düşdük. Faytonun birində mən, Nina, o birində isə Məşədi Kazım və Ələkbər yoldaş oturmuşdu. Nemətabad yaylasından başlayaraq qubernatorun mənzil edəcəyi Nizamüddövlə bağına qədər yol, Hacı Səmədxanın xüsusi alayı olan Marağa atlılarının nəzarəti altında idi.

Neçə gündən bəri Təbriz xalqının malına, canına, irz-namusuna təcavüz etməkdən yorulmayan bu alay bir gün əvvəl çar konsulxanasından verilən yeni rus silahı ilə silahlanmışdı.

Çar qubernatorunu Təbrizə daxil etmək üçün konsul bir eskadron rus kazakı göndərmişdi.

Qubernatoru hər bir ehtimala qarşı mühafizə etmək üçün yolların mühafizəsi çar kazaklarına tapşırılmışdı.

İran istiqlalının məzarı üzərində tikilən «taqi-zəfər» Təbriz zadəgan və əks-inqilabçılarının evində yetişdirilmiş rəngarəng çiçəklərlə bəzənmişdi.

Səmədxanın faytonu ətrafında gedən kazak musiqi dəstəsi, ölmüş İranın milli marşını çaldıqca, musiqi alətlərinin səsi də, o səsi dinləyənlərin iqbalına sanki istehza edirdi. Səmədxanın özünəməxsus musiqi dəstəsi də, məhərrəmlik münasibətilə təziyə və matəm marşı çalaraq keçirdi.

Təbriz ruhaniləri birinci sırada, piyada və ya ağ eşşəklərə səvar olub ağ əmmaməli, yaşıl əmmaməli, çalmalı, papaqlı olaraq, yürüməkdə və ətrafına dönərək, köpəklər kimi çiyinlərini qapmaqla:

– Salam əleykum və əleykum salam! – deməklə, dəstələri yarıb keçməkdə idi. Ruhanilər, müctəhidlər, seyidlər və mərsiyəxanlar dəstəsinin dalınca dərvişlər dəstəsi gəlirdi. Biz bu dərvişlərin bir çoxunu, Səttar xanın qapısında durub mədhiyyə oxuyan görmüşdük.

Onların çiyinlərində tutduğu və əllərində oynatdığı naçaq və təbərzinlər bir meşə mənzərəsini təşkil edirdi. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu fəxri dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu.

Nina dərvişlərin hərəkətindən və çiyinlərini qısaraq fırıldamasından maraqlandığı üçün mən faytonun dərvişlər dəstəsinin yaxınından sürülməsini tapşırmışdım.

Dərvişlər oxuyurdu:

– Gedəndə Xeybər üstünə əli vəliyyi-ləmyəzəl;
– Hüseyndən çun alıb izni-karzar Abbas;
– Xaliqi yektaya bir məxluqi-yektadır Əli;
– Mənəm ol şir ki, nərəm səfi-meydanı yıxar;
– Tiğimin zərbətinə sövləti-dərya durmaz;
– Şücaət aləmində heydər-kərarə bənzərsən;
– Ey kirdigarın əzəmi-əsması ya Əli;
– Beşikdə əjdahanı öldürən şiri-jəyanimsən...

Mən bunların hamısını mümkün qədər Ninaya tərcümə edir və aydınlaşdırırdım. Birdən Nina maraqla məndən xəbər aldı:

– İranda bu mərsiyə və mədhiyyələrin qabağına çıxacaq yeni inqilabi ruhlu ədəbiyyat yaranırmı? Mən bilmirəm, görəsən, cüzi də olsa, bugünkü mübarizəni ifadə edən bir şairimiz, bir əsərimiz varmı?

Mən Ninaya cavab verə bilmədim. Çünki Mahmud xan mənimlə Ninanın bir faytonda getdiyini görərək, atını bizim faytonun yanına sürdü. O, Ninaya salam verdi, lakin Nina ona əhəmiyyət vermədi və mənə müraciətlə:

– Bax bu həyasıza, ancaq bircə kərə evimizə vəsiqə soruşmaq üçün gəlib qovulmuş, indi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır.

Mən bu hadisənin gələcəkdə böyüməsini yəqin etsəm belə, Ninanı rahətsiz etməmək üçün:

– Əhəmiyyət vermə! – sözünü deməklə kifayətləndim.

Dərvişlərin dalınca lənətçi Məşədi Məhəmməd gəlirdi. Lənətlərinin mündərəcəsi məşrutəni təhqir etməkdən ibarət idi. Lakin onun səsini eşidən, lənətinə ümumi səslə cavab verən yox idi. Çünki Səmədxan əyləşdiyi fayton çox yaxında idi, onun çomaqçıları Qocaxan və Ağabalaxanın:

– Çəkil! Çəkil! Kənar! Kənar! Yoldan çıx! – deyib çığırmaları lənətçi Məşədi Məhəmmədin səsini kəsirdi.

Lənətçi hər nə qədər boş yer axtarır və ora-bura soxulub səsini Səmədxana eşitdirmək istəyirdisə də, şatırlar faytonun sağ-solunda qaçdığından, lənətçini kənara atıb gedirdi. Lənətçi şatırlardan qurtarıb dilənçilər dəstəsinin içinə düşdü.

Səmədxanın faytonu gəlib Nizamüddövlə bağına yaxınlaşdı. Faytonun qabağında oturan xidmətçi əlində saxladığı mis qabdan götürdüyü qran pulları dilənçilərin arasına səpələməyə başladı. Yüzlərcə dilənçi biri-birini ayaqlayıb pulları qapmağa çalışırdı.

Ayaq altında qalanların səsləri içərisindən, lənətçi Məşədi Məhəmmədin də səsi eşidilirdi.

«Kor Kərim» hamıdan dalda gəlirdi. Onun məşrutəyə yazdığı həcvlərini eşidən çox az idi: çünki yüzlərcə riyakarın yaltaqcasına səsləri ona mane olurdu.

Hacı Səmədxan Nizamüddövlə bağına daxil oldu. Mən və Nina faytondan düşərək, valinin görüşünə gedənləri nəzərdən keçirmək istədik. Tütünçüoğlu faytonda qaldı.

Bir saatdan artıq Nizamüddövlə bağı ətrafında dolaşaraq bağa vəsiqə ilə daxil olanları gözdən keçirdik.

Seyidlər əllərində həbs olunacaq adamların siyahılarını tutub bağa daxil olduqları zaman, Hacı Mehdi Kuzəkünani dəxi ağ eşşəkdə gəlib qədim dostu Hacı Səmədxanın görüşünə getdi.

Mən Hacı Mehdini Ninaya nişan verərək dedim:

– Buna məşrutə zamanında «Millətin babası» ləqəbi verilmişdi. Bu Hacı Mehdi Kuzəkünanidir. Xəstə olduğu üçün istiqbala gedə bilməmişdir. İndisə dostunun görüşünə gəlir. Çox ehtiyatlı bir tacirdir, vaxtilə inqilabdan istifadə edirdi, indi də əks-inqilab qərargahına köçmüşdür.

Hacı Səmədxanın istiqbal təntənəsindən yenicə qayıtmışdıq. Nina sözü yenə də faytonda açdığı məsələ üzərinə gətirib dedi:

– Rudəkidən, Firdovsidən və sonrakı Hafizlərdən və Sədilərdən mənə danışmısan; onları az-çox bilirəm, indi də de görüm bu gün nə qayırırsınız, sizdə yeni inqilabi ruhlu ədəbiyyat yaratmağa başlanıbmı?

Mən:

– Əlbəttə! – dedim. – Mədhiyyə, mərsiyə ilə yanaşı olaraq, zəif də olsa, hər halda bizim şəraitdə inqilabi ədəbiyyat yaranmaqdadır. Lakin bu ədəbiyyat, şaha qarşı bəslədiyi nifrətini açıq-açığına deyə bilmir. Onların şaha qarşı hücumu simvoldan, işarə və eyhamlardan, müəmmalı sözlərdən ibarət olub qalır. Onlar zalım padşaha demək istədiyi sözlərini, rəhmsiz sevgililərə, gözəllərə, onların saçlarına, öldürücü gözlərinə, ox kimi qəlbi dələn kipriklərinə deyir və bununla da padşahı düşündürməyə, ona bir çox şeylər qandırmağa çalışırlar.

Şairlərdən birisi öz sevgilisinə xitabla:

– Mənim qəlbim sənin qara saçlarına bağlanıb, sənə rəiyyət olmuşdur. Sən ona yaxşı bax, onu gözlə, rəiyyət yaxşı yaşadıqda məmləkət abad olmağa başlar, – deyir.

Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qruppaların fikrini nəşr edən şairlər, öz şeirlərində mühiti tənqid etməyə başlayırlar. Məsələn, Azərbaycan şairlərindən Ovhədi yazdığı şeirinin birisində deyir ki:

«Bütün dünyanın sərxoşları ayıldı, amma bizim sərxoşlar hələ də ayılmamışdır».

Padşahın simasını təyin etmək, onun nə kimi bir şəxsiyyət olduğunu kütlələrə bildirmək işində şeir yazanların ən cürətlisi Əsədidir.

O, şeirinin birisində belə yazır:

«Padşahın yanında iki şey vardır: birincisi, ümid, ikincisi, qorxu.

Padşahın sevdiyi başqa şeylər də vardır. Birisinə şərbət içirmək, digərini isə zəhərləmək.

Sən daima padşahın yanına gedəndə qorxmalısan, onun yanında özünü azad bir insan kimi yox, bir kölə kimi aparmalısan. Sən günahkar olmasan belə, yenə də onun hüzuruna günahlı bir adam kimi getməlisən. Sən, əlbəttə, şahın təbəssümlərini görüb onun mərhəmətli bir zat olduğunu zənn etmə, çünki şirin dişlərini göstərməsi gülmək əlaməti deyildir».

Mühitini təsvir edən inqilabçı, fəqət susmağa məcbur olmuş. Cəbali adlı İran şairi daha qəmgin bir şeir yazır, o deyir ki:

«Mürüvvət və vəfa aradan götürülmüşdür. Bu iki məfhum, Simurq quşunun mövcidiyyəti və misdən altun qayırmaq fikri kimi əfsanə olmuşdur. Əqilli adamlar bir guşədə qısılıb qalmışdır. Fəzilət sahiblərinin hər birisi bir bəlayə mübtəladır. Əsrimizdə dəli ilə əqilli adamlara fərq qoyan yoxdur. Artıq heç bir kəs yabançı ilə dostuna fərq qoymaq qabiliyyətinə malik deyil, hətta mənim də nəsrimdə məzəmmət, nəzmlərimdə isə həcvlər görünmür».

Astarabadlı Sadiq padşahın rəiyyətə qarşı əlaqəsini təsvir etdiyi bir şeirində deyir ki:

«Ac laçın o qədər ədalətlidir ki, aciz olan sərçəyə öz gözünün içində yer vermişdir».

Nadim təxəllüslü daha başqa bir şair, kütlələrin nə cür bir fəlakət içərisində yaşadığını iki misra ilə çox gözəl surətdə təsvir edərək yazır:

«Dünyada ən yazıq və rəhm edilməli adam odur ki, bizim yazıq olmadığımız haqqında düşünər».

İnqilabçı ruhlu isfəhanlı Şahnəzər padşaha qarşı bəslədiyi düşmənliyi qəti bir cümlə ilə yazır:

«Ya biz düşmənin başını daşa çırpıb əzməliyik, yainki düşmən öz dar ağaclarını bizim bədənimizlə bəzəməlidir. Bir nəfərin şərəfli ad buraxıb ölməsi, yüzlər ilə adamın həqarət içərisində yaşamasından çox yaxşıdır».

Padşahın rəiyyəti soyduğu, kütlələrin fəqir halda yaşadığı, sufi şairlər arasında da təsirsiz qalmır. Sufi təxəllüslü şair padşaha müraciətlə yazdığı bir parçasında deyir: «Şahım, sənin nə taxtin, nə də tacın özünə qalacaqdır. Sənə qalan bir şey varsa, o da sandığına doldurduğun pulları ac və yoxsullara verməkdən ibarətdir».

Hazırda müasir və inqilabçı şairlərdən Ədibülməmalik farsca yazdığı şeirində deyir:

«Təəssüf olsun ki, tarlalarımızı su basmışdır. Müsibətli əkinçilər isə yuxuya dalmışdır».

Şair Heyrət məmləkəti əcnəbilərə satan və rəiyyəti ikitərəfli istismara verən padşaha hücum edərək yazır:

«Ey pişikdən və siçandan əskik olan padşah, dovşan yuxusunu burax! Ölkəni gözləmək və doğru yol ilə getmək işini heç olmazsa köpəkdən öyrən!»

Ey kəm zegürbəvü muş,
Büzgar xabi xərguş?
Röv, röv, zi səg biyamuz,
Ayini həq güzari!

Sözlərimi bunlarla bitirmək istəyirdim, lakin Nina buraxmadı, o mənə müraciətlə:

– Sən indi də, bir azacıq İran Azərbaycanında yaşayan türklərin ədəbiyyatından danış, – dedikdə, mən bu məsələ haqqında da bir neçə şey deməyə məcbur oldum:

– İran türkləri, hələ çar Qafqaziyasında türkcə mətbuat yaradılmadan qabaq Azərbaycan dilində hekayələr və nağıllar çap etdirmişlər, – dedim.

Sonra İranda, Azərbaycan mədəniyyətinin inkişafına mane olan səbəbləri izah edərək İran şahlarından bəhslə əlavə etdim:

– İran padşahı İranda mövcud olan Azərbaycan xalqlarının əzilməsi üçün türk-fars vuruşmaları təşkil edərək, Xorasan və başqa əyalət şəhərlərində yüzlərcə insanların həlakına səbəb olur və türk milli mədəniyyətinin unudulması üçün qəti tədbirlər görür. Hökumət birinci növbədə farslığı təbliğə başlayır və türklərin yerləşdikləri ölkələrdə Azərbaycan ədəbiyyatının sıxışdırılmasına çalışır. Nəsrəddin şahın zamanından başlayaraq türkcə mətbuat qadağan edilir və o zamana qədər çap edilmiş kitablar təkfir edilməyə başlanır və Təbrizdə türkcə çap edilmiş nağıl kitablarının da oxunması qadağan edilir. Yerli müctəhidlər və ruhanilər türkcə yazmaq və türkcə oxumağın haram olduğunu elan edirlər. İş bu yerə çatdıqdan sonra müəyyən siyasi təşkilatların göstərişləri ilə yazılmış tarix kitabları, İran Azərbaycanında türklərin mövcud olmaması məsələsini meydana atır və onların fars qövminə mənsub olduğunu isbata çalışır. Bu kimi tarixlər yalnız İran türklərini deyil, eyni zamanda Qafqaz türklərinin də kökünü fars qövminin rişəsinə düyünləməyə çalışır. Sonra yavaş-yavaş fars ədəbiyyatında bu siyasəti tərənnüm edən nümunələrə təsadüf olunur. Fars şairi Arif öz əsərində İranda 4 milyona qədər azərbaycanlı yaşadığı ilə hesablaşmayaraq yazır: «Türklərdən eşşəklikdən başqa bir şey görülməmişdir».

«Mədəniyyət ruhu daima azərbaycanlılardan əziyyət çəkməkdədir».

«İran nəjadı ilə azərbaycanlıların arasındakı fərq, ipək ilə həsrin arasındakı fərqin eynidir».

Arif öz əsərində məsələni daha qəti qoyaraq yazır: «Məmləkətdən Azərbaycan dilinin rişəsini kəsməlidir». İran padşahları İran türklərinin milli mədəniyyətini, milli ədəbiyyatını əlindən aldıqdan sonra onlara bir gözəl sifət də vermişdir: «Azərbaycanlılar iranpərəstdir!»

Sözüm bura çatanda, Nina başına hərəkət verərək:

– Məsələ aydındır! – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов