Страница 1 из 3

Nizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.

– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.

Fəxrəddin Nizamini öz evinə qədər müşayiət idi; onlar qapıda xacə Müfidin durduğunu gördülər. Xacə Müfid dərhal bir məktub çıxarıb Nizamiyə uzatdı və Nizamidən cavab gözləmək üçün boynunu çiyninə qoyub durdu. Məktub çox qısa idi:

“Möhtərəm şair, yazdığım şeir haqqında məsləhət və göstəriş vermək üçün günorta azanı mənim yanıma gəlməyini rica edirəm.

Qətibə”.

Nizami daha evinə girmək istəmədi, çünki günortadan bir az da keçirdi. Buna görə də xacə Müfidə tərəf dönüb:

–Gedin, mən gələrəm! – dedi.

Müfid getdi. Nizami məktubu cibinə qoyub:

– Heç bilmirəm bu macəraçı qızın əlindən yaxamı nə cür qurtarım, – dedi.

Fəxrəddin:

– Biz saraya yol tapmaq üçün başımızı sındırırıq, sən ora getməkdən nə üçün boyun qaçırırsan? – dedi. – Bir neçə gün bundan əvvəl Dilşada bir məktub göndərmək üçün iki saat Səba xanıma yalvarmışam. Lakin onların özləri sənə məktub göndərib çağırır, sən isə getmək istəmirsən.

Nizami Fəxrəddindən bu sözləri eşidəndən sonra acıqlı bir surətdə ona sual verdi:

– Səba xanımla məktubmu göndərdin?

– Elə bir şey yazmamışam. Məktubunu aldığımı və göndərdiyi sifarişlərin yetişdiyini xəbər vermişəm.

– Mən sənə tapşırdım ki, sənin adına göndərilən məktuba etibar etmə. Mən bilirdim ki, o məktub Səba xanımın macərasıdır. Sən nə üçün o əxlaqsızla görüşüb öz sirlərini onun əlinə verdin? Sən indiyə qədər Səba xanımı tanımadınmı? Onunla sevgi elan etdiyin zaman başına nə kimi oyunlar açdığını unutdunmu? İndi o sənin məktubunu aparıb Əmirin qabağına qoyacaq, onunla da Dilşadın saraydan sənə məktublar göndərdiyini isbat edəcəkdir. Sənin tədbirsizliyin və ehtiyatsızlığın üzündən bədbəxt qız da Əmirin ağır cəzalarını çəkməyə məcbur olacaqdır. Sənin bu hərəkətin xəlifənin qasidi Hacibin soyulması məsuliyyətini öz öhdənə götürmək kimidir.

Fəxrəddin cavab verə bilmədi; o öz xətasını anladı, nəhayət, başını qaldırıb yavaşdan dedi:

– Hərgah Səba məni aldatmış olsa, mən onu məhv edərəm.

Nizami Fəxrəddinin cavabında:

– Öldürmək buraxılmış xətanı islah etmək deyildir. Fəxrəddin, sən bir kərə onu bilməlisən ki, qəhrəmanlığı təşkil edən ünsürlərin başlıcası tədbir və düşüncədir. Tədbiri olmayan qəhrəman öz başını çox tez sındıra bilər. Bu qədər tədbirsizliklə bir xalqın müqəddəratını ələ almaq böyük məsuliyyətsizlikdir. Sən bir yaxşı düşün, macəraçılığı yüz kərə imtahandan çıxmış Səba xanıma kim inana bilər? Bundan sonra nə ümumi, nə də xüsusi işlərin haqqında məndən məsləhət istəmə, çünki sən məsləhətləri qiymətləndirmirsən.

Nizami bu sözləri deyib Fəxrəddindən ayrıldı. Bir qədər yol gedəndən sonra dönüb geriyə baxdı, Fəxrəddinin olduğu yerdə dayanıb fikrə getdiyini görərək, öz-özünü məzəmmət etdi:

– Mən onunla çox iti danışdım, halbuki o mənim səmimi dostumdur. O sevdiyi adamın yolunda ölümə gedən bir gəncdir. Onu yalnız buraxmamalıyam. Onun alnında yorulmaz və düşmənə arxa çevirməz bir qəhrəmanlığın müjdələrini oxuyuram. O aslan ürəklini nə üçün incitdim? Bəzən həqiqi sevgilər ağıllı və tədbirli adamları belə tədbirsizliyə və ehtiyatsızlığa məcbur etməzmi?

Nizami Əmir İnancın saray qapısına yetişincəyə qədər Fəxrəddin barəsində düşünür və onun qəlbini sındırdığı üçün peşmançılıq çəkirdi.

Qətibə xanım şairi öz bağçasında qəbul etdi. Nizami hovuzun yanına gəldiyi zaman Qətibə hovuzun kənarında salınmış ipək xalçanın üzərindəki yumşaq bir döşəyin üstündə oturmuşdu. O, yanındakı kağıza nə isə yazırdı. Nizamini görən kimi yaşıl atlasdan tikilmiş donunu yığışdırıb ayağa qalxdı. Ağ və kiçik ayaqlarını topuğuna bağlanmış zümrüd xal-xalların qızıl zəng paraları səslənməyə başladı. Qətibə öz yanında salınmış döşəyi göstərib:

– Oturun, möhtərəm şair! – dedi.

Şair oturdu, Qətibə isə ondan sonra öz döşəyinin üstündə oturdu və əlavə etdi:

– Rahatsız etdiyim üçün üzr istəyirəm. Madam ki, mən bir şairlə tanışam, bu tanışlıqdan da istifadə etməli və öz şeirlərim haqqında məsləhət almalıyam. Mən şairlə tanış olmamışdan əvvəl şeir yazmaqla məşğul idim, lakin şairlə başladığım tanışlıq mənim bu istəyimə daha artıq təkan vermiş oldu. Neçə gündür ki, bir əsərin üzərində işləyirəm. Bu gün haman əsəri şairə göstərmək istədim. Bu gün həm nahar yeməyini birlikdə yeyər, həm də yazdığım şeirlərlə tanış olarsınız.

Qətibə bu sözləri deyəndən sonra şairin cavabına imkan vermədi, dərhal öz şeirlərini xalçanın üstündən götürüb:

– Şair icazə verirsə, şerlərimdən bir neçəsini oxuyaram, – dedi.

Nizami isə:

– Buyurub oxuyun! – dedi.

Asudə dili budi və xoş şad məra
Gəz qəm nəfəsi nəyamədü yad məra
Yek ruz bəbazaru qəza bugzəştəm
Ma vəqəyi in çinin dər ifda məra.


Ey sərvi xuraman sərü saman, kiyi?
Vey qibleyi can dilbərü cananu, kiyi?
Aləm bətəmaşayi to bər xastə ənd,
Axir to əzin miyanə xahanu kiyi?!

Nizami Qətibənin yazdığı rübailəri diqqətlə eşidəndən sonra:

– Çox təəssüf edirəm ki, siz rübai vəzninin sənətkarı sayılan Məhsəti xanımı görmədiniz. Siz ondan çox şey öyrənə bilərdiniz, – dedi.

Qətibə də cavabında:

– Səni inandırıram, Məhsəti xanım gələn kimi ondan həm şeir, həm də musiqi dərsi alacağam. Bunu mən Bağdadda dərs oxuduğum zaman arzulayırdım, – dedi.

– Mədəni qadın üçün musiqi elmini bilmək birinci məsələdir. Şeir yazmaq isə qiymətsiz bir nemətdir. Sizin sənətkar bir şair və məşhur bir musiqiçi olmağınızı arzu edirəm.

Nizami danışdığı zaman Qətibə rübailərə baxıb düşünürdü. Nizami isə Qətibənin onu şeirləri göstərmək üçün yox, başqa bir məqsəd üçün dəvət etdiyini fikirləşirdi. Nəhayət, Qətibə öz qara və cadugər gözlərini Nizamiyə tərəf çevirib dedi:

– Mənim qəlbimi oxuya bilsəydin, ancaq o zaman şairləri, xüsusən Nizamini nə qədər dərin və səmimi surətdə sevdiyimi bilərdin. Mən bu sevgimlə hər kəsin şair və hər qızın şeir maraqlısı olmasını arzu edirəm. Bu bir şərəfdir. Lakin bu qədər böyük bir şərəfə nail olmaq çətindir.

Şair onun bu gözəl arzularını təbrik edərək dedi:

– Dünya bir müsabiqədən ibarətdir. Sanki təbiət insanları bunun üçün də həyat səhnəsinə atmışdır. İnsanların içərisində sənətkar olmayan və qalibiyyət arzusu daşımayan heç bir kəs yoxdur. Hətta ağılsızlarda, məcnunlarda belə üstünlük düşüncələri vardır. Qol qüvvətinə malik olan pəhləvanlarda, ürək və cəsarətə malik olan qəhrəmanlarda, az və ya çox sərmayəyə malik tacirlərdə, bunların hamısından sonra azadpərvər insanlarda da belə bir düşüncə, yəni üstün olmaq düşüncəsi vardır. Bunların hər birisi arzu daşıdıqları və arzularına nail olmaq üçün çalışmaları nəticəsində bir sənətkar hesab olunur. Dediyim odur ki, arzu qələbənin zəminəsidir. Hərgah Qətibə xanım bir musiqi sənətkarı, yaxud bir şair və ədib olmaq arzusunu daşıyırsa, bu qələbənin başlanğıcıdır. Lakin bizim burada saydıqlarımızdan başqa adamlar da vardır. Lakin o cür şəxsiyyətləri təbiət çox az-az yaradır. Bu kimi insanlar nə qol qüvvəti, nə də cəsarət işlədən pəhləvan və qəhrəmanlar deyil. Onlar sənət və qələbəni ticarət və kəsbkarlıqlarda yox, fikir, düşüncə və şüur qüvvətində aramaqdadırlar. Bunlar əşyanın təbiət və həqiqətini aramağa çalışırlar. Siz nə qədər şeir və musiqini sevirsinizsə, hikmət dostları da əşyanın nəliyini təyin etməyi və yaşadığı aləmi öyrənməyi sevir. Bu qəbil insanlar – dünyaya gözü örtülü gəlib, gözü açıq yaşamaq istəyənlər, məncə, insanların ən diqqətlisi və sənətkarı olaraq, nə şair, nə yazıçı, nə tacir, nə pəhləvan və qəhrəmanlardır. Dünyanın ən məşhur adamları bizim bu varlığımızı həddzatında öyrənənlər, insanların düşüncə və zehinlərini avaraçılıqdan qurtara bilən və bəşəriyyətə həqiqi yolu göstərənlərdir.

Qətibə şairin söhbətlərindən maraqlandı, o şairi yalnız misraları, qafiyələri bir-birinə uyğun düzən sadə bir şair kimi yox, gənc bir alim kimi tanımağa başladı. O özünü düzəltdi, alnına bağladığı yaşıl ipək dəsmalın düyünlərini sahmana salaraq dedi:

– Mən fəlsəfəni heç də sevməzdim. Bu söz mənim savadsız ağzıma yaraşmasa belə deməliyəm ki, fəlsəfə bəzən insanları bədbinliyə düşürə bilər. İnsanın şüurunda avaraçılıq doğa bilər.

Doğrusu budur ki, mən səni buraya başqa bir məqsəd üçün çağırmışdım. Lakin söhbətlərimiz elmi bir şəkil aldığından əvvəlki söhbətlərimizi axıra da qoya bilərik. Məncə, buna sən də etiraz etməzsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 мин
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 мин
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 мин
İbadət

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.

2 мин

Стихи других поэтов