Üç ildən sonra
Страница 1 из 9
Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı.
Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin.
Böyükxanım — Kişi, allaha bax! Peyğəmbərə bax! Mənə təzə dərd artırma! Mən bilirəm Münəvvərə nə zülm elədin, öz sağlığında hissəsini özünə vermədin ki, kişisinin yanında dili uzun olsun. İndi — bir saat öləcəksən, onda mən Qulam xana nə cavab verəcəyəm?
Böyükxanım bu sözləri dedikdən sonra ağlayırdı. Rzaqulu xan da üzünü Böyükxanıma tutub deyirdi: ağla, ağla! O qədər ağla canın da çıxsın. Sənin cəhalətin cəhətinə gözümün işıqları oğlanlarım qürbətdə qaldı. Dudmanım gora çıxır, (öz-özünə) ah oğlanlarım, indi siz nə işdəsiniz? Balalarım, mənim dövlətimi biganələr dağıdır, amma sizə layiqli xərc də göndərə bilmirəm. Oğlanlarım, ömrümə bir gün qalıbdır. Sizi bir görmək mənə müyəssər olmadı, ananız sizi də, atanızı da bədbəxt elədi. Bacınızı da bir mütrüb bəyin gözəlliyinə qurban kəsdi.
Böyükxanım — Ay evin başına uçsun kişi, ömrünün axır çağında mənim başımı ağrıtma! Bizim yerdə göydə bircə qızımız vardır, sən bilirsən ki, qız uşağının qəlbi sınıq olar. Qoy oğlanlar bir-iki il də qürbətdə artıq qalsınlar, nə olacaqdır? Qulam xan da hənuz cavandır, əqli başına gələndən sonra gedib özü uşaqları Tehrandan gətirər. Sən bilirsən ki, Münəvvər də onun evinə gedəndən bu günə qədər ona övrətlik eləməyibdir. Elə naxoşdur ki, naxoş.
Rzaqulu xan şiddətlə ağlayırdı, çünki üç il müddəti nə Münəvvər atasını görmüşdü, nə də Rzaqulu xan Münəvvərin evinə gedə bilmişdi, hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyil idilər. Rzaqulu xan ağlaya-ağlaya övrətinə deyirdi: Qulam xanın huşu başına gələnə qədər mənim sümüklərim də qəbirdə torpaq olacaq, yüz Münəvvər olsa qüssəmərək olacaq. Biçarə bədbəxt qızım, mən düçar olduğum mərəzlə dünyadan gedəcəkdir. Yazıq qızım! Sahibsiz, atasız, anasız qızım! Qızım, kaş bədbəxt atan əvvəldən ölüb qurtarmış olaydı, sənin üç il müddəti naxoşluq xəbərini eşitmiyəydi, mən deyirdim sənə Qulam xan manedir ki, mənim iyadətimə gəlmirsən, indi bildim ki, amansız mərəz səni ayaqdan salıbdır.
Bir az ağladığdan sonra allaha şükür edib deyirdi: xudavənda, sənə çox şükür edirəm ki, mən bu İranda binasız da olsa bir məşrutə e’lanını gördüm. Çox təəssüflər olsun, zamani-istibdad mənim bədənimi qurtardı, bu azadiyyət, hürriyyət zamanında öz millətimə və vətənimə sərbstanə xidmət edə bilmədim. Xudavənda, mən bu vətəndən pərvəriş tapdım, bu vətənə xidmət edəmədiyim üçün mənə bazxast eləmə! Çünki övladi-vətənin cəhaləti məni çoxdan ayaqdan salmışdır. Bu vətənimdə necə ki, sən agahsan, çox çalışdım, çarəpəzir olan dərd tapa bilmədim. Yaxud mən çarə edəcək iste’dadına malik deyil idim. Xudavənda, övlad dedikdə məni övladpərəst hesab edib vətənin övladını fəramuş edənlərdən hesab etməsinlər; bu xasiyyət, sinfi-bəşərdə olduğu üçün məndə də müvəqqəti zühurə gəlir. İlahi, indi bir dəqiqə keçmədi ki, övladımı, malımı, canımı unutdum, onların kaffəsi vətənin bir dəqiqə səadətlə, ədalətlə idarə olunmasına qurban olsun. Mən övladımı istəyirdim ki, tərbiyəli olub vətən övladının əlindən yapışsınlar, atalıq məhəbbəti üçün mən övlad üzünə baxmadım, onları mən tərbiyə etdikdə, övladım deyə, tərbiyə etdirmədim, bəlkə vətən qulluqçuları, deyə tərbiyə etdirdim. Lakin analarının cəhaləti məni naumid etdi, xudavənda, məni bağışla! Vətənin üzünə bir işıqlı qapı aç!
Rzaqulu xan ağlayırdı, allaha yalvarırdı. Böyükxanım da başını tərpədib, gül başuva, yenə hələ hədərən-pədərənindən əl çəkməyibdir.
Bu vaxt xaricdən Qulam xanın səsi gəlir. Böyükxanım da üzünü Rzaqulu xana tutub deyirdi: kişi, kəs səsivi, Qulam xan gəlir. Sonra eşiyə tərəf üzünü çevirib deyirdi: buyur Qulam xan, buyur, buyur.
Qulam xan salam verməksizin evə daxil olub, əlində çubdəst, gözlərində qızıl bəndli çeşmək, əlində əlcək o tərəf bu tərəfə dolanıb, başına hərəkət verirdi. Çox gözlədikdən sonra, üzünü Böyükxanıma tutaraq deyirdi:
– Hə, əmicanı, cənab xan müşürül-ətibba verən dəvaları içdi? (öz-özünə) içsə də, içməsə də, iş işdən keçibdir. Müsyö Lui tülküdən də çox bilir. Dünən deyirdi ki, qardaşım dünyada iki gündən artıq qala bilməyəcəkdir. Amma Böyükxanım Qulam xanın kefini pərt görüb danışdırmağa cür’ət etmirdi, ancaq Qulam xanın qabağında ayaq üstə durub əlində papiros çəkirdi. Axırda Qulam xan yenə üzünü xişmlən Böyükxanıma tutub deyirdi: Mən siz ilən nə çarə qılım? Başıma nə daş salım? Rəhmətliyin uşağı, bir insaf eləyin, mürüvvət eləyin! Mən təngə gəldim axır!
Böyükxanım özünü itirib əlindəki papirosu atıb deyirdi: nə var Qulam xan? Nə var axır?! De görüm yenə nə eşitmisən? Qulam xan ağacının ucuyla Böyükxanıma işarə edirdi:
– Mən çox eşitmişəm, mən zəhrimar eşitmişəm, xeyli xub, keçən gün rasta bazarda Hacı Qasım çayfuruşdan, Dəllaləzən ağzında Məşədi İbrahim ağa Simsardan dükanların icarəsini alıb hara xərc eləmisiniz?
Eynəyi çıxarıb cibinə qoyub deyirdi: çox əcəb, Hacı Seyid Hüseyn Dübəndidəki çörəkçixanələrin nə üçün kirayələrini almısınız? Təqsirin hamısı məndədir. Qulam xan səsini yoğun çıxardıqca Rzaqulu xan yerinin içində sızıldayırdı. Üzü yarısına qədər üstündəki yorğanı ilə örtülmüş deyirdi: Allah, ölürəm, məni bağışla! Böyükxanım, məni bir az qaldır, başımın altını çək, başım çatlayır, nəfəsim darıxır. İndicə öləcəyəm. Heyif! Səd heyif! Arzularım gözümdə qaldı, bu bədbəxt millətin səadətini görə bilmədim.
Qulam xan — Əlbəttə öləcəksən, əlbəttə başın çatlayacaqdır, sənin öz əqlindəndir ki, başıva bu bəlalar gəldi. (Böyükxanıma) de görüm bu qədər pulu hara xərc elədiz? Xub, hələ eşidirəm ki, istəyirsiniz teleqraf edib uşaqları Tehrandan gətirəsiniz, yenə xəyalınız odur ki, var-yoxu xərc qoyub Firəngistana göndərəsiniz? Nə vardır ki, xanlar gərək firəngcə, inkilisçə, almanca dil öyrənsinlər.
Böyükxanım əlini qoyub Qulam xanın çiyninə yalvarırdı, əcz eləyib deyirdi: ay Qulam xan, bir insaf elə, mürüvvət elə, heç bilirsən sənin üstündə mənim başıma nələr gəlib? Oğlanlarım qürbətə qaçdı, dedim, Qulam xan sağ olsun. Sahibim qüssədən dıq naxoşluğuna düşdü, dedim yenə Qulam xan sağ olsun. Barı sən də gəl bir insaf elə! Qulam xan bu sözlərdən öz tərzi-məqalatinə daha da təğyir verib deyirdi: əlbəttə, indi Qulam xana dil uzadarsan. O vaxt ki, Qulu Soltanın yaxşı varı-dövləti var idi, özüm də on doqquz yaşında, bəylərbəyinin yanında əvvəlinci müqərrəblərdən idim, onda sənin qorxundan dəvəçi qəbiristanına həmdi-surə oxumağa da gələ bilmirdim. Hər yerdə görmüşdün, başlayırdın olmaz ki, olmaz, gərək Münəvvəri verəm sənə. Məni o qədər dəng elədin ki, axırda ləbüddən özümü bu bəlaya giriftar elədim.
Böyükxanım — (gözləri yaşla dolmuş), Qulam xan, insan naşükür olmaz, sən hardan Münəvvər kimi gözəl, köçək tərlan kimi qız tapacaqsan? Bismillah, o sənin bəylərbəyin Nəzərəli xanın övrəti, o da sənin övrətin Münəvvər, bax gör hansı çox gözəldir? O ki, qaldı var-dövlətdə özün bilirsən ki, misli-manəndi yoxdur.
Böyükxanımın sözü qurtarmamış gözlərindən yaş tökülürdü. Qulam xan Böyükxanımın ağlamağını görüb bir az xişmini azaltmışdı.
Böyükxanımın qəlbini almaq üçün əlini çiyninə qoyub deyirdi: Mən səndən rəncidə deyiləm, sən də məndən rəncidə olma! Mən demirəm ki, Münəvvər gözəl deyil, onun gözəlliyində bütün Təbrizdə qız doğulmayıbdır. O ədəbdə, o təmkində qız yoxdur. Hərçənd mənim üzümə məhəbbətlə bir gülməyibdir, amma yenə mən rəncidə deyiləm! Çünki onun bir sözü həmişə mənim yadıma düşəndə onu incitmək istəmirəm. Bizim evə gəldiyinin ikinci günü ağlayırdı, mən səbəbini soruşdum, hətta dedim ki, olmaya məni istəmirsən ki, ağlayırsan? Münəvvər bu sözü eşitdikdə mənə çox müəssir bir cavab verdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-uc-ilden-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
Стихи других поэтов
Bu gün bir gözəlin seyrinə vardım,Tutubdu dəstində ağ lamə, Pərim!
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Məni hicran qəminə saldı o məhparə yenəMəni hicran qəminə saldı o məhparə yenə,Zülfü tək eylədi aydın günümü qarə yenə.
KəndimizSalam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.