Страница 9 из 9 · 89%

Bu vaxt Qulamhüseyn qapıdan girib ağlaya-ağlaya börkünü götürüb yerə çaldı: Ay xanımlar, durun başınıza qara salın, ağamın qapısı bağlandı, xanların ikisin də müctəhid evində Qulam xan küllələdi.

Bu sözləri Böyükxanım eşitdikdə dizlərinə çalıb deyirdi: Ay Qulamhüseyn, dilin lal olsun, nə deyirsən gədə? Ölməyiblər ki? Vay, qapım bağlandı — deyə qəşş eləmişdi. Münəvvər xanım isə atamın qapısı bağlı qaldı — deyə qəşş eləmişdi.

Bir azdan sonra Böyükxanım qəşşdən ayılıb başının tüklərini yola-yola müctəhid evinə qaçırdı. Amma məhlə camaatı xanların yaralı bədənlərini nərdiban üstə qoyub evlərinə gətirirdilər. Cənazələr xiyabanda Böyükxanımın qabağında yerə qoyuldu. Bədbəxt əvam Böyükxanım oğlanlarının nə’şini qucaqlayıb qəşş elədi.

Pərviz xan və Hacı xanın qana bələşmiş bədənləri, öz evlərinin xiyabanında qoyulmuşdu. Hər tərəfdən bu hadisəni eşidən Təbriz əhalisi cəm olub Rzaqulu xanın həyətində böyük izdiham var idi. Hacı xan ölmüşdü. Lakin Pərviz xanın hənuz bədənində rəməq vardı. Əli ürəyinin başında olaraq deyirdi: Hanı bəs mənim bicarə və bədbəxt anam?

Böyükxanımı qəşşdən ayıldıb Pərviz xanın başı üstünə gətirmişdilər. Böyükxanım cənazələrin ortasında üzü üstə düşüb hər qolunu bir oğlunun boynuna salmışdı. Ağlaya-ağlaya deyirdi: oğlanlarım, mən öz-özümə zülm elədim! Özüm bais oldum xanımanımın dağılmağına. Oğlanlarım, məndən allaha şikayət etməyin. Sizin qanalüdə olmağınıza mən bais oldum. Yoxsa siz bu qan dəryası olan İranda qalmazdınız!

Böyükxanımın nə başında tük, nə də əynində libas qalmışdı! Bütün yolub cənazələrin üstünə tökmüşdü. Pərviz xan gözlərini açıb, ana, Hacı xan necədir? Razıyam ölməyimə, amma qardaşıma bir iş olmasın! Amma ana, bizdən sonra Münəvvərdən yaxşı mütəvəccəh ol! Ona bizim müsibətimizdə təskinlik ver! Onun yanında çox ağlama! Uşaqdır, bağrı çatlamasın. Məzlumə bacımız kimsəsiz, köməksiz qaldı.

Pərviz xanın nökərləri doktor Luinin dalınca getmişdilər. Lakin iş doktorluqdan keçmişdi. Zira Pərviz xanın çikərini küllə dağıtmışdı. Həyatına bir neçə dəqiqə qalanda polis gəlib istintaqa başlamışdı. Pərviz xana «şikayətin kimdəndir? — dedikdə, «şikayətim cəhalətdəndir» — deyə cavab vermişdi. Pərviz xan son nəfəsində gözünü açıb başının üstündə nizam ilən səf çəkib ağlayan məktəb şakirdlərinə: qardaşlar, iranlılar içində nəşri-məarifə çalışın! Qafil durmayın, qardaşlar! deyə bir neçə salavat çevirdikdən sonra gözləri axaraq başı balışdan düşüb atasının və qardaşının müntəzir olan ruhlarına qovuşmuşdu.

Lakin Münəvvər xanımdan bir soraq alan yox idi. Fəqət ara-sıra intihar etdiyi camaatın ağzında söylənilirdi.

Gün bütün bütünə qürub etmişdi. Ay çıxırdı. Bərraq və saf havada çıxan işıqlı qəmərin donuq işığı Münəvvər xanımın otağını xəfif bir surətdə işıqlandırmışdı. Təzə qəşş aləmindən huşa gələn balaca Münəvvər nazik və titrək əllərini ataraq başının qabağında daraqlayıb iri və qara gözlərini dolandırıb o işıqlara mütəfəkkiranə baxırdı. Hər bir şeyi unutmuşdu. Lakin bir neçə dəqiqə qabaqdakı aləmi dərxatir edərək düşünürdü. Eşikdən ağlamaq, başa vurmaq sədasını eşidib kah-kah tabut, mürdəşir, kəfən, mə’nalı sözlər eşitdiyindən birdən-birə iki qardaş ölümünü düşünmüşdü. Dünyada heç üzü səadətli bir sübhə baxmayan Münəvvər xanım daha bir də sübhü görmək, müstəar bir işığa çıxmağı görmək istəmədiyindən özünü ağlaya-ağlaya imarətin arxasındakı dəryaçanın, hovuzun kənarına salmışdı. Əllərini müztəribanə diz qapaqlarında daraqlayıb heyran-heyran ətrafına baxırdı. Deyəcək bir sözü vardı. Lakin orada heç kəsi görə bilmirdi. Fəqət dəryaçanın üzündə üzən ördəklər atəşi-müsibət içində yanan balaca Münəvvəri öz tərəflərinə də’vət edirdilər. Münəvvərin ruhu qardaşlarının ruhilə pərvaz etmişdi. Lakin dəryaçanın səbirsiz, mürüvvətsiz suyu Münəvvərin barikirani-müsibətinin siqlətindən ərimiş bədənini qərinə çəkərək bir azdan sonra arxası üstə üzə çıxarmışdı.

Ördəklərin çırpınmasından dalğa vuran sular Münəvvərin bədəninə hərəkət verirdi. Uzun qara saçları suyun üzünə sərilib dalğalanırdı. Qara buludların arxasından çıxan ay dünyada qara gündən başqa gün görməyən camalını işıqlandırdı. Qolları suyun üzünə açılmış, gözləri də baxırdı, bütün arzu və əməllərinin baştan-başa sönmüş və yarımçıq qalmış olduğunu anladırdı.

Münəvvərin bədənini sudan çıxarıb qardaşları ilə bir yerdə Qasımxan qəbristanında, atalarının yanında dəfn etdilər. Əvam və elm oxumayan Böyükxanım da dörd qəbrin ortasında oturub göz yaşı tökürdü. Amma bir tərəfdən də doktor Luinin Parisdə təhsil edən qızı və oğlu ata-analarını görmək üçün Təbrizə gəlmişdilər. Rəsmi-tə’ziyə və sər-səlaməti yerinə gətirmək üçün Böyükxanımın evinə getmək istəyirdilər.

Münəvvərin və zavallı qardaşlarının vəfatından doqquz gün keçirdi. Doktorun qızı Olqa xanım, oğlanları müsyö Jorj mərasimi-tə’ziyəti bitirmək üçün analari Liza xanımın məiyyətində Böyükxanımın otağına gəlmişdilər.

Doktorun oğlanları Rzaqulu xanın imarətinə baxıb tanımırdılar. Çünki imarət hali-viraniyə üz tutmuş, imarətə baxdıqca insanı matəmi-müsibət qarşılayırdı. İmarətin səhni, xiyabanları tökülüb xarabazara dönmüşdü. Dəryaçada soyuq, qurumuş halda, fəqət Münəvvərin hini-intiharında vəsayasini dinləyən ördəklər dəryaçanın susuz kənarında sıxılıb qalmışdılar. Öz-özlərinə sədalaşır kimi sifarişlərini öz həmdərsi olan Olqa xanıma hekayə edirdilər.

İmarətin nizamiləri tökülüb, o şükuhlu imarət bayquş yuvasına bənzəyirdi. Ağuşqaların şüşələri, zamanın sənki-məsacibindən qırılıb tökülmüş, hər tərəfdən insanı müsibət və ələm havası vurur, qəmkin edirdi.

Pərviz xan və Hacı xanın nökərləri həyətin bir guşəsində oturub əlləri qoltuqlarında danışırdılar. Ancaq bu sözlər rahat eşidilirdi: görürsünüz bicarə Rzaqulu xanın qapısı necə bağlı qaldı? Görəsən Mirzə Rəhim ağa bu övrətə bir güzəran verəcəkdir? İndi on gündür ki, ocaq yanmayıbdır. Sonra nökərlərin biri, birinə deyirdi: mən çörəkdən keçmirəm, hərkah biz nökərlər də dağılıb getsək, bu bicarə övrət yəqin ki, dəli olar.

Otaqların qapıları bir-birinə toxunur, evlərdən qəmkin və ələm sədalar çıxırdı. Ən diqqətlə qulaq verdikdə hərdənbir: «ay, qapımı bağlı qoyan oğlanlarım, durun nökərlərinizə məvacib verin! Durun on gecə ilə yanmayan çırağları bir də yandırın!» sədaları eşidilirdi.

Bu vaxt Liza xanım, yanında uşaqları otağa daxil oldular. Rzaqulu xanın əvvəlcə bir tamaşakahi-dilküşa olan otaqlarına tamaşa edirdilər. İndisə nə yerdə fərş, nə də çilçıraqlar, nə də lalələr, nə də avizələr qalmışdı. Taqi-taxçanı toz basmış, ancaq Böyükxanımın ağlamaq səsi otaqlara əksəndaz olub, hər tərəfə qulaq verirdin, «Pərviz xan, Hacı xan, Münəvvər vay» sədası insanı ağladırdı.

İmarətin övzayi büsbütün yox dərəcəsində idi, çünki qayırma vəsiyyətnamə ilə Mirzə Rəhim ağa yığıb öz evinə apar mışdı. Qulam xan isə həbsdə idi. Böyükxanım da bir köhnə fərşin üstündə əyləşib qabağında ən qəmkin, ən ələm bir hekayəni işarə edən bir büsat döşənmişdi.

Böyükxanım qonaqları görən kimi qüssə və ələmin şiddətindən danışa bilməyərək qarşısındakı büsatın üstünü açıb ağlamaqda idi. Əcəba o büsat nə idi? Oğlanlarının xunalüdə və məktəb libasları. Münəvvər xanımın hamamdan çıxarılıb sandıqda qalan paltosu, şlyapası, başmaqları idi. Böyükxanımın gözü Jorj və Olqa xanıma düşdükdə, gəlin qardaşınızı ziyarət edin, — deyə ağlamağına şiddət vermişdi. Qabaqca Olqa xanım Münəvvərin şlyapasını götürüb bağrına basıb, budur mənim bacımın şlyapası, — deyə ağlayırdı, Jorj isə Pərviz xanın, Hacı xanın libaslarını zəbani-hal olaraq oxşayırdı. Liza xanım isə fransızca olaraq aşağıdakı sözləri deyirdi:

Ah xudavənda, cəhalət nə yaman işdir! Məgər bu insafsızların insafı yox idi? Bicarə mənim oğlanlarım nə günah etmişdilər ki, ikisi də bir yerdə xunalüdə oldular? Xudavənda, kaş mən İrana gəlib öz həqiqi övladımdan da istəkli olan övladımın libasını böylə xunalüdə görmiyəydim! Xudavənda, götür mənim İrandan qismətimi. Mən daha bu cəhalət mülkündə tab gətirə bilmirəm. Biz Fransa övrətləri bu qədər məsaibə tab edəcək iste’dadına malik deyiliz!

Sonra Liza xanım Böyükxanıma təsəlli verib deyirdi:

– Ana, bizi halal elə! Sizin çox çörəyinizi, təamınızı sərf etdik! Boynumuzda haqqınız vardır. Biz bir həftədən sonra İrandan getməliyik. Rzaqulu xandan sonra doktor daha İranda qalmaq istəmir. Doktorun qızı Olqa xanım, Jorj, Böyükxanımı vida etdikdə ağlaya-ağlaya deyirdilər: Ana, biz iranlıların insan qatili olduqlarını Parisdə firənglərə deyirdik, inanmırdılar. İndisə öz həqiqi qardaşlarımızın ölüm xəbərini ağlaya-ağlaya aparırıq. Ana, allah səbr versin, lakin səni bir iş çox yandıracaqdır, çünki sən özün bais oldun qapın bağlı qaldı.

Bir həftədən sonra doktor yığışıb Təbrizdən getdi, gedən vaxtda övrəti, övladı və özü əyinlərində səfər libası olaraq Qasımxan qəbristanına gəlib Rzaqulu xanın və övladının qəbirləri üstündə ağladıqdan sonra qayət suzişli surətdə aşağıdakı nitqi İrad edib səfərinə davam etmişdir. Haman nitqi isə mərhum şəhid Səid Səlmasi cənabları İstanbuldan Təbrizə təşrif gətirdikdə Çulfada «Qrand otel» mehmanxanasında olduğu halda çantasından çıxarıb acizlərə lazımi yerində səbt etmək üçün təqdim buyurmuşlar idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов