Страница 3 из 3 · 67%

– İngilisləri Bakıya gətirməklə, siz üzərində oturduğunuz budağı kəsəcəksiniz. Siz Bakı Sovetinin dağılmasına nail olmaqla, İngiltərə kapitalı, ingilis təlimatçıları və ingilis avtomaşınlarından başqa bir şey görə bilməyəcəksiniz. Bununla da bizim inqilabi demokratik Rusiya ilə olan əlaqəmizi kəsmiş olacaqsınız. Mən sizə deyirəm: ingilisləri çağırmayın! Çünki bununla Sovet hökumətini məhv edər və Bakını Rusiyadan ayırarsınız. Sizin bu səhviniz heç vaxt islah olunmaz!

Yerlərdən etiraz və təqdiredici səslər yüksəldi. Düşmən partiyaları nümayəndələri qabaqcadan əzbərlədikləri sözləri deyirdilər. Bolşevik nümayəndələr isə öz əziz və sevimli natiqlərini hərarətlə alqışlayırdılar. Caparidze üzünü etirazçılara tutub dedi:

– Mən etiraz səslərini, heç bir zaman Bakı Soveti ilə barışmayan və həmişə ona qarşı mübarizə aparanlardan eşidirəm. Sizin, ingilisləri Bakıya çağırmaq haqqındakı qətnaməniz, Bakı Sovetinə bir ölüm zərbəsi olacaqdır.

Müzakirə kəsildi. Axşam saat doqquz on beş dəqiqədə tənəffüs elan olundu. Salon bir-birinə qarışdı. Partiya liderləri öz üzvlərini aradı. Salonda, dəhlizdə, balkonda, qapı dalında toplanan bolşevik düşmənləri iclasdan aldıqları təsir nəticəsində əvvəlki fikirlərinə yeni əlavələr etdilər. Bolşeviklər isə bir otağa çəkilib öz tarixi və son qətnamələrini hazırlayırdılar.

Simasında bütün Rusiya proletariatının və gənc Sovetlər respublikasının əzəmətini təcəssüm etdirən Bakı bolşevikləri, mərkəzlə olan əlaqəsizlik nəticəsində məğlubiyyət və süqut ərəfəsində olmalarına baxmayaraq, yenə də Sovet hökumətinə sadiq qalan Bakı Soveti tərəfində duran Bakı proletariatına rəhbərlik etməyi və menşeviklərin xəyanətini açmağı qərara aldılar.

Tənəffüs bitdi, zəng vuruldu. Menşeviklər hamıdan əvvəl salona soxularaq, hər kəs öz qəzetini və yaxud papağını qoyduğu kürsüsündə oturub karandaş və bloknot hazırladı, eynəklər taxıldı. Alyoşa Caparidze ayağa qalxdı. Adamların toplanıb-toplanmadığını nəzərdən keçirirkən menşevik, sağ eserlər, sağ daşnaq nümayəndələrindən səs eşidildi:

– Başlayın! Başlayın!—dedilər. Bunu deyənlər, zəminəsi hazırlanmış olan tarixi xəyanətə yekun vurmaq istəyənlər, insanlığın əbədi lənətini qazanmağa çalışanlar idi.

Caparidze danışdı:

– İki qətnamə var,—dedi,—biri bolşeviklərin, sol eser və sol daşnaqların; ikincisi isə sağ eserlər, sağ daşnaq və menşeviklərin qətnaməsidir.

İlk əvvəl bolşeviklərin qətnaməsi oxundu:

Qətnamə

İşçi, kəndli, matros və Qızıl Ordu nümayəndələrinin Bakı Soveti və rayon Sovetləri nümayəndələri, Mərkəzi Kaspi və Qafqaz ordusunun hərbi inqilab komitəsi, dəniz və bölük komitələri nümayəndələri, 25 iyulda cəbhədən qayıtmış nümayəndələrin məruzəsini dinlədikdən sonra, Bakı şəhərinin hərbi vəziyyətini müzakirə edərək qərara alır:

  1. Cəbhədən qayıdan və yorğunluğunu alan Qızıl Ordu dəstələrinin təcili surətdə yenidən təşkil olunması, hərbi qabiliyyətə malik vahid bir şəklə salınması üçün tədbir görülməsi, İcraiyyə Komitəsi və Komissarlar Sovetinə tapşırılsın.

  2. Bakıda miqdarı minlərə varan və hərbi təlim keçərək bu günə qədər səfərbərlik edilməyən, yaxud fərari olan saldatları bir yerə toplayaraq onlardan hərbi hissələr təşkil edilsin.

  3. Səfərbərliyi sürətlə və müvəffəqiyyətlə həyata keçirmək üçün qəti caza qanunları tətbiqindən çəkinməmək və bunun üçün lazımi tədbirlər görmək Komissarlar Sovetinə həvalə edilsin.

  4. Bakının müdafiə işini gücləndirmək üçün qoşun göndərilməsi barəsində Rusiya Sovetlər Respublikasına müraciət olunsun.

  5. İngilislərin Bakıya dəvət edilməsi məsələsində, belə qərar:

a) İngiltərə qoşunlarının Bakı ətrafında görünməsinə — Bakının İngiltərə imperializmi tərəfindən istilası və Sovetlər Rusiyasından ayrılması kimi baxmalı.

b) Bu kimi təşviqat (ingilisləri çağırmaq təşviqatının) daxili inqilabi cəbhəni dağıtması və orduda pozğunluq törətməsi, onun mənəvi qüvvəsini azaltması, yeni hissələr təşkilinə və ingilislərsiz də müdafiə işini məhv etməsini nəzəri-diqqətə almalıdır.

v) Bakı Soveti beşinci Sovetlər qurultayının, Rusiya torpağına heç bir imperialist dövlətin dəvət edilməməsi barədəki qərarını, Mərkəzi hökumətin ingilisləri Bakıya buraxmamaq barəsində göstərişini nəzərə alaraq qət edir ki, Bakı öz qüvvəsi ilə və inqilabi Rusiyanın qüvvəsi ilə müdafiə olunsun və pozucu təşviqata nəhayət verilsin.

Bolşeviklərin qətnaməsi böyük alqışlarla qarşılandıqdan sonra iclas salonunda yeni bir gurultu qopdu. Rozenblyum dodaqları titrəyə-titrəyə ayağa qalxaraq yenə də oturdu. Sağ daşnaq, sağ eserlərin qətnaməsi elan olunduqdan sonra Ayollo söz alıb danışdı:

– Biz sağ eser və sağ daşnaqların çıxardığı qətnaməyə razıyıq,—dedi.

Bundan sonra menşeviklərin səsində, ürəyində, oturuşunda, baxışında və bütün hərəkətlərində ingilisləri Bakıya dəvət etməyə razı olduqları aydın idi. Ayollo öz çıxışında belə bir qeyd də etdi:

– Mən ingilislərin Bakıya dəvət edilməməsi üçün, bütün partiyaların hökumət heyətinə daxil olması şərtini təklif edirəm.

Ayollo və Elçiyan ingilisləri dəvət etmək üzərində uzun-uzadı danışdı. Bunlardan sonra sədr, Şaumyan tərəfindən düzəldilmiş və bir neçə dəqiqə bundan əvvəl elan edilmiş qətnaməni səsə qoydu.

Bir neçə dəqiqədən sonra sədr səslərin nəticəsini elan etdi:

– Bolşeviklərin qətnaməsi 236 səs!

Soldan şiddətli və sürəkli alqış səsləri eşidildi.

Sədr:

– İndi də sağ eser, sağ daşnaq və menşeviklərin qətnamələrini səsə qoyuram,—dedi.

Beş dəqiqədən sonra sədrin yenə də səsi eşidildi.

– 259 səs!

Bu, sağların qələbəsini göstərirdi. Xəyanətin dəhşətli zəlzələsi salonu tərpətdi. Bolşevik düşmənləri 23 səsin üstünlüyü ilə əksəriyyət qazanmışdılar. Salondakı gurultunu sakit etmək mümkün deyildi. Nəhayət sədr:

– Bolşeviklər və sol eserlərdən gələn məktublarda tənəffüs elan edilməsini təklif edirlər,—dedikdə, Şaumyan yerindən qalxaraq növbədən kənar söz aldı və dedi:

– Sağ eserlərin və onların həmməsləklərinin qətnaməsi bolşeviklərin qətnaməsindən 23 artıq səs alır. Bu da sağların şadlığına və şənliyinə səbəb oldu. İndi mən sizə sual verirəm: nə üçün qırıldaşırsınız?! Siz ingilisləri tapmamış Rusiya Mərkəzi hökumətini itirdiniz, siz hələ ingilisləri tapmamış bizi də itirdiniz.

Soldan gurultulu alqışlar qopdu və Şaumyan alqışlarla sözünə davam etdi.

– Yoldaşlar! Mən Mərkəzi hökumətin nümayəndəsi kimi indiyə qədər gördüyüm işlər və tələb olunan yüz milyon pul və bir milyardlıq silah üçün qoyduğum imzaya məsulam.

Mən Sovetlər hökumətinin məsul nümayəndəsi sifəti ilə bu xəyanətə qarşı qəti etiraz edirəm.

Sağlardan qışqırtı, bolşeviklər, sol eser və sol daşnaqlardan isə alqış səsləri eşidilməyə başladı.

Şaumyan yenə də:

– Mən Mərkəzi hökumətin nümayəndəsi olaraq gələcək siyasətin bütün məsuliyyətini öhdəmdən atdığımı xəbər verirəm. Eyni zamanda mən öhdəmizə heç bir məsuliyyət götürməyəcəyimizi partiyamız tərəfindən elan edirəm.

Sədr yenə tənəffüs elan etdi.

Tənəffüs zamanı kütlələr qapıda toplanıb həlledici iclasın nəticələrini gözləyirkən cəbhədə qanlı vuruşmalar davam edirkən, düşmən Bakıya soxulmaq üçün bütün qüvvəsini toplarkən, bolşevizm düşmənləri də var qüvvələri ilə çalışıb birliyi pozmağa səy edirdilər. Onlar bolşeviklərdən sonra quracaqları hökumət haqqında və son iclasdakı müvəffəqiyyətləri haqqında danışıb düşünürdülər. Bolşevik, sol eser və sol daşnaq nümayəndələri də xüsusi bir otağa çəkilərək məsələni müzakirə etməkdə idilər. İclasın davamı gecə, saat on iki otuz dəqiqədə başladı. Sədr zəngi vurdu, iclası açdı. İlk söz fraksiya nümayəndələrinə verildiyi üçün Şaumyan danışdı:

– Yoldaşlar!—dedi.—Üç fraksiyanın bolşevik, sol eser və sol daşnaq fraksiyasının tapşırığı ilə, mən aşağıdakı bəyanatı verirəm:

Qəbul olunmuş qətnamədə üç maddə var: birində, ingilisləri Bakıya dəvət etmək, ikincisində koalision bir hökumət düzəltmək, üçüncü maddədə isə Bakı Sovetinin Mərkəzi hökuməti tanımaqdan imtina etməsi tələb olunur.

Yerlərdən: «Doğru deyil! Doğru deyil!» səsləri ucaldı. Şaumyan davam etdi:

– Camaatı aldatmaq istəməyən namuslu adamlar mənim bəyanatıma etiraz etməz. Budur, qətnamədə qəbul edilən üç maddə! Buna görə də mən üç fraksiyanın adından deyirəm: biz ingilislərin Bakıya çağırılmasını bütün işçi sinfinə və inqilabi Rusiyaya bir xəyanət hesab edirik, bu xəyanətə biz səs vermirik. Biz sizin bu siyasətinizi heç bir zaman müdafiə edə bilmərik.

Yerlərdən gurultulu alqış qopur, soldan «doğrudur! Doğrudur!» səsləri eşidilirdi.

Şaumyan ucadan danışırdı:

– İkinci maddə də koalision hökumət təşkilini və Soveta daxil bütün partiyaların oraya daxil olmasını təklif edirlər, biz deyirik ki, hökumət üzvi bir orqandır. O ancaq vahid məsləkli olduqda gözəl işləyə bilər. Xüsusən belə çətin dəqiqələrdə ancaq belə hökumətlə biz, bütün partiyaları: cəbhəni müdafiə etməyə və bütün işçiləri birləşdirmək uğrunda işləməyə dəvət edirik.

Bolşeviklərin fraksiyaçılıq siyasəti haqqında danışanlar həyasızcasına iftira deyirlər. Biz heç vəchilə və heç bir koalision hökumətdə iştirak etməyəcəyik.

Yenə sol fraksiyalardan alqışlar eşidildi:

Şaumyan, başqa bir məsələyə keçərək dedi:

– Sovet üzvlərinin əksəriyyəti, yalnız yerlərdə Sovet hökumətini tanıyaraq, Rusiya Sovet hökumətini tanımaqdan imtina etdiyinə görə, bizcə donanmadan gələn yoldaşlar, buna səs verirkən məsələni yaxşı anlamamışlar.

Şaumyanın bu sözündən sonra yenə də salonda küy düşdü. Şaumyan səsini kəsmədi:

– Bu qətnaməyə daşnaqlar da səs verdi. Halbuki, dünən onlar öz konfranslarında Rusiya və Bakı Sovet hökumətini qəbul edib tanıyacaqlarını və heç bir dəyişikliyə razı olmayacaqlarını qərara almışdılar. Onlar bu gün heç də düşünmədən səs verdilər.

Soldan yenə gurultulu alqışlar qopdu. Şaumyan üzünü qarşıda oturan düşmən partiya fraksiyası nümayəndələrinə tutdu.

– Bu şəraitdə,—dedi,—bizim müvəffəqiyyətsizliyimizdən istifadə edərək belə qətnamə qəbul edənlər, sizinlə bizim aramızda bütün əlaqələri qırmaqla xəyanət cəbhəsi tutdular. Belə bir xain siyasət üçün biz məsuliyyəti öz öhdəmizdən atırıq və xalq komissarlığı vəzifəsindən boyun qaçırırıq.

«Doğrudur! Doğrudur!» səsləri və alqışlardan sonra Şaumyan oturub yenə də qalxdı və xitabət kürsüsünə gəldi.

Saat bir qırx dəqiqədə Caparidze qızarmış bir halda ayağa qalxaraq:

– İclası qapalı elan edirəm!—dedi.


1 Səslərin cəmi 427-dir. Lakin biz tarixi sənədlərdə göstərilən rəqəmi saxladıq. (Müəllif).

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Diplomatların və İranın notası

Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.

10 мин
Müharibə hazırlığı

Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.

9 мин
Hacı Səməd xana məktub

Mən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.

3 мин
Azərbaycan çar qubernatoru Səməd xana

dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

4 мин

Стихи других поэтов