Страница 1 из 3

Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.

Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:

– Sən hələ bu nəcib milləti tanımırsan,—dedi.—Sən hələ İngiltərə əzəmətini yaxşı bilmirsən. Əbəs yerə mən bir millətin şanına yaraşmayan bəzi uyğunsuz məsələləri qaldırmaq istəyirdim. İndi mən ümid edirəm ki, Bakıya qayıdanda başım uca olacaqdır. Bakıda ingilis qoşununun qarınca kimi qaynaşdığını görəcəyəm. Yaxşı oldu ki, mən gəmidə düşündüklərimi generala demədim. Desəm general bizdən inciyərdi.

Araratyan indi artıq gəmidə düşündüklərindən qorxur və titrəyirdi. Bu qorxu onu təbii halından çıxarmışdı. O, özünü generalın hüzurunda hiss edir və sanki düzəltdiyi konspekt üzrə ona şikayətlənib deyirdi: «İngilis mədəniyyətinə qovuşmaq üçün Sovetlər Rusiyasının bütün təkliflərini rədd etdik. Cənab general özü bilir ki, biz əlli ildən bəri erməni millətinə istiqlaliyyət qazanmaq üçün Böyük Britaniyanın mərhəmətinə sığınmışıq. Lakin biz bu istinaddan müsbət bir şey əldə etmədiyimizdən daima düşmən partiyaların tənqidinə məruz qaldıq. İngiltərə hökuməti həmişə bizə istiqlaliyyət vədi vermiş, lakin yaman gündə erməniləri düşmən qarşısında qoyub çəkilmişlər.

Türkiyə erməniləri İngiltərə himayəsinə sığınaraq ölüm-dirim mübarizəsinə qalxışdılar və İngiltərə siyasətinin qurbanı oldular. Bu zaman İngiltərədən yardım istədilər, lakin on minlərcə qurbanlara mükafat olaraq İngiltərədən bu cavabı aldılar. «Osmanlılarla mübarizə və Anadoludakı erməniləri müdafiə üçün bizim hərbi gəmilərimiz Anadolu dağlarına çıxmağı bacarmaz».

Hazırda bir çoxları Türkiyə və bəziləri bolşeviklər tərəfində durmağı tələb edirkən biz yenə də əski dostumuz ingilisləri unutmadıq, onların himayəsini qəbul etməyi qərara aldıq. Çox təəssüf olsun ki, əski dostlarımız bizi burada da gülünc bir vəziyyətdə qoydular. Bakıya gətirilən qüvvənin azlığı, həm bizi bolşeviklərin tənqidinə məruz qoydu, həm də İngiltərənin əzəmətini kiçiltmiş oldu.

Araratyan sanki bu sözləri generalın yanında deyərək durur və ondan cavab gözləyirdi.

General papirosunu ağzından alıb stol üzərinə çırpdı: «Get gözümdən!—dedi.—Gündə bir ayağa sıvaşan palçıqlar! İstiqamətsiz, müəyyən bir fikri olmayan partiya rəhbərləri!»

Bu düşüncə Araratyanı silkələdi. Xəyal yuxularından oyatdı və yazdıqlarını generala söyləmədiyi üçün bir daha özündən razı qaldı.

Araratyan və Esterin oturduğu fayton çox sür'ətlə gedirdi. Generalın yaşadığı Lianozov balıq idarəsinin binası çox da yaxında deyildi.

İndi də Araratyan başqa şey düşünürdü. General ondan nə üçün gəldiyini soruşduqda, nə cavab verəcəkdir? Bəlkə də general ingilislərin Bakıda nə cürə qəbul edildiklərin soruşdu, onun sualına nə cavab verməli? Yaxud general Mərkəzi Kaspi Diktaturası üzvlərinin nə fikirdə olduqlarını bilmək istədi. Araratyan bu suallara cavab hazırlamalı deyildirmi?!

Bu fikir çox uzun çəkdi. Fayton general yaşayan binanın qarşısında durmuşdu, Araratyan bir səs eşitdi:

– Mister, nə istəyirsiniz?

Araratyan başını qaldırdıqda generalın qapısında duran növbətçi ingilis saldatını gördü və:

– Biz Bakıdan gəlmişik,—dedi,—generalı görmək istəyirik.

Növbətçi saldat yanında duran saldatı, generala xəbər verməyə göndərdi, saldat pilləkənlərdən qalxıb yuxarı getdi və beş dəqiqə sonra, generalın hüzuruna getmək üçün Araratyana icazə verildi.

O, qızı Ester ilə bərabər yuxarı çıxdı. O, Esteri gözləmə otağında qoyaraq, öz üst-başını və yaxalığını düzəldib generalın qəbul otağına daxil oldu.

Araratyan daxil olduğu zaman general qoltuqlu bir stulda oturub Xəzər dənizinə baxırdı. General dişindəki trubkasına dərin nəfəs vuraraq, havaya qəliz duman buraxdı və dedi: «Xəzər dənizi dünyada yeganə dənizdir ki, orada ingilis bayrağı gəzdirən gəmilər üzməmişdi».

General bu düşüncə təsirilə ayağa qalxdı və yazı stolu başında oturdu.

O, teleqram yazdı. Teleqramın birini Londona, xariciyyə nazirliyinə, digərini isə Bağdada, İngiltərə hərbi missiyasının baş idarəsinə göndərdi.

«London

Xariciyyə naziri baş katibinə.

Avqust ayının 6-da İngiltərə imperatorluğu tarixində birinci dəfə olaraq, Xəzər dənizində İngiltərə bayrağı qaldırıldı.

Qazyan, 6 avqust, 1918.

Denster-Vil».

General bu teleqramı yazdığı dəqiqələrdə, özünü neft Bakısı hökmüranlığında hiss edirdi. Budur, o mazut qatarlarını Bakıdan Batuma yola salır. Batum neft kəmərinin ağzını portdakı ingilis gəmilərinin ac ağzına dayamış. O, Bakının qanını son damlasına qədər sorub İngiltərənin Siti ticarətgahına boşaldır.

General, Bakı nefti ilə London və Mançester sənayesinin yanacağa susamış boğazını yağlayır və neft kralı Deterdingin arzularına xidmət göstərirdi.

Ənzəli dairəsinin qəliz tozlu havası ilə tənəffüs edən Araratyan ucadan öskürdü və generalı düşüncələrindən ayırdı.

General başını qaldırıb qarşısında əski dostu Araratyanı gördü:

– Səfa gətirmisiniz, əziz dostum!—dedi.—Buyurun! Nə əcəb təşrif gətirmisiniz?

Araratyan qorxa-qorxa dedi:

– Gəldim cənab generala ərz edim ki, Bakını türklərə qarşı müdafiə etmək üçün böyük qüvvə lazımdır. Qoşunun az gəlməsi, sizin dostlarınızın nüfuzunu qırdı. Bu işdən bolşeviklər həddindən artıq sevindilər. Üzdə olmasa da işçilər arasında bizə qarşı təbliğat aparırlar. Onlar hər yerdə bizim ucuz qiymətə satıldığımızı söyləyib nüfuzumuzu qırırlar.

Cənab general, Bakı çox zəngin şəhərdir. Arzu edirik ki, Almaniya və Türkiyənin marağını oyadan və bolşeviklərin ölüm-dirim məsələsini təşkil edən Bakı şəhəri, bizim qədim dostumuzun, hazırkı müttəfiqimizin əlində olsun.

General onu çox diqqətlə dinlədi və:

– Əvvələn budur ki, Bakını müdafiə üçün yalnız ingilislərin qüvvəsi deyil, sizin öz qüvvəniz də iştirak etməlidir. İkincisi də, aldığımız məlumata görə türklərin Bakı cəbhəsində 10 mindən artıq qüvvəsi yoxdur. Bu hesaba görə sizin silah altında olan qüvvəniz, türklərin qüvvəsindən əskik deyildir. İngilislərin göndərdiyi qüvvələr əlavə edilirkən siz türklərə qalib gələ bilərsiniz. Üçüncüsü, mən bolşeviklərin, sizin əleyhinizə təbliğat aparmasına heyrət etməyə bilmərəm. Bir halda ki, hökumət Mərkəzi diktaturanın əlindədir, siz bolşevikləri Bakıda nə üçün azad buraxmışsınız? Görünür ki, siz hökumət işlərində o qədər möhkəm və təcrübəli deyilsiniz. Siz bu məsələ ilə ciddi məşğul olmalısınız, çünki bolşevik dediyim sözlə zarafat və etinasızlıq yaramaz. Onlar çox tez kök atır və çox tez inkişaf edə bilirlər. Mən arzu edərdim ki, bizim dostlarımız bu məsələ ilə ciddi məşğul olsunlar. Dördüncü məsələ də tamamilə sizdən asılıdır. Çünki bizi Bakıya dəvət edən siz özünüzsünüz. Birinci məsələ, bakılıların bizi necə qəbul etməsidir. Bu barədə məlumat vermənizi rica edərdim.

Araratyan nə cavab verə bilərdi?! Onsuz da generalın bu şikayətdən narazı qaldığını anlamışdı. Buna görə də o, ancaq generalın beşinci sualına cavab verərək dedi:

– Çox arzu edərdim ki, cənab generalın özü Bakıda olaydı, qonaqların şərəfinə düzələn bu təntənəni öz gözü ilə görəydi. Bakı indiyə qədər belə bir təntənə görməmişdi.

Araratyan yalan danışmadan ötüşə bilməyəcəyini duyaraq, bir aktyor kimi əllərini, bədənini və qaşgözünü oynadaraq dedi:

– Fabrik-zavod işçiləri tamamilə işi dayandırıb qonaqları istiqbal üçün körpüyə gəlmişdilər. Bütün Bakı mühiti Böyük Britaniyanın möhtəşəm və əyilməz bayraqları ilə bəzənmişdi.

«Yaşasın müttəfiqlərimiz, yaşasın!»—deyə qışqıran səslər, şəhərə yağan top güllələrinin səsini örtürdü.

Bu sözləri dinlərkən general acı-acı gülümsündü. Araratyan sözünü bitirdikdə general əlini uzadaraq stol üstündən götürdüyü bir yazılı kağızı Araratyana tərəf uzatdı:

– Bunu oxuyun!—dedi.—Əcəba, bu müraciətnamənin mündərəcəsi sizin dediklərinizi təsdiq edirmi?! Bu müraciətnamə, daha doğrusu Bakı işçilərinin böyük bir hissəsi tərəfindən alqışlanan bu sənəd, ingilis ordusunun nə cür qəbul edildiyini göstərən sübut deyilmi?!

Araratyan müraciətnaməni oxuduqda rəngi qaçdı. Hərflər onun gözündə o qədər böyüdü ki, Araratyanın göz həlqələri əhatə edə bilmədi.

«Müraciətnamə

Yoldaşlar! İşçi, matros, qızıl əskərlər və bütün Bakı vətəndaşları!

İngiltərə imperializmi agentləri, əksinqilabi hərəkət uğrunda çalışır. O bizim aramıza nifaq toxumu səpir, matrosları, işçilərin əleyhinə, işçiləri isə inqilabi hökumətin üzərinə qaldırmaq istəyir. Bizə məlumdur ki, yerli əksinqilabın ingilislərlə möhkəm əlaqəsi vardır.

Düşmənlər bizim hökuməti devirmək, yerində ingilis burjuaziyasının hakimiyyətini qurmaq istəyirlər.

Burjuaziya və onların tərəfdarlarının hamısı ingilislərə tərəfdir. İşçi və matros yoldaşlar isə Rus inqilabının tərəfdarıdır.

Burjuaziya və onun lakeyləri bizi Rusiyadan ayırmaq istəyirlər.

İşçi və matros yoldaşlar isə Rusiya Federativ Sosialist Sovet Respublikası İttifaqında qalmaq arzusundadırlar.

Burjuaziya, ingilis lakeyləri, bütün xainlər, qorxaqlar və bütün əksinqilabçılar Rusiyadan ayrılmağı istəyirlər.

Onlar ingilis mənafeyi uğrunda Almaniya ilə müharibəni davam etdirmək üçün müstəqil Rusiyanın əleyhinədirlər.

Rədd olsun ingilis imperializmi!

Rədd olsun onların nökərləri!

Rədd olsun burjuaziya əksinqilabı!

Yaşasın xalq komissarlığı!

Yaşasın müstəqil Rusiya!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

VIII. Yerevandan məktub

Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.

6 мин
IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 мин
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 мин
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 мин

Стихи других поэтов