XXIII. Yeni hökumətin siması
«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.
Tiq-Çonson
Bakı, 8 avqust, 1918-ci il».
İngilis siyasi nümayəndəsi Tiq-Çonson avqustun 8-də birləşmiş iclasda iştirak üçün Mərkəzi Kaspi Diktaturası divani-rəyasətindən dəvətnamə alırkən, uzun danışıqları, vaxtı alacaq deklarasiyaları, dövlətin iş proqraması haqqında uzun-uzadı tezislərin elan edilməsini məsləhət görməmişdi.
Tiq-Çonson verdiyi cavabda, iclasın Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr olunmasını «tövsiyə» şəklində Mərkəzi Kaspi Diktaturasına əmr etmişdi. Buna görə də hökumətin ingilislərlə birlikdə çağırdığı birləşmiş iclas çox da uzun çəkmədi.
Divani-rəyasət üzvləri, iclasın vaxtına bir saat qalmış salona toplanıb ingilis ağalarını gözləməkdə idilər.
Doktor Araratyan ağaların gəlmək xəbərini gətirdi. O, «ağalar gəlir!» — deyə salona girdikdə iclasdakı adamlarda böyük bir həyəcan başlandı; hər kəs ingilislərə görünmək üçün yaxın stullarda yer tutmağa tələsdi.
İlk əvvəl Tiq-Çonson, şahzadə Bahadır xan, Leyla xanım, miralay Keyvort, Ester, miralay Sonders və bir neçə kiçik zabit salona girdi.
İngilislər hələ özlərinə təyin edilmiş fəxri yerlərdə əyləşmədən, salonu və salondakıları gözdən keçirdilər, iclasdakılar da ayaq üstə dayanıb oturmaq üçün ağalardan icazə gözləyirdilər.
Nəhayət, Tiq-Çonson əli ilə işarə verdi ki, «əyləşin!» Diktatura üzvləri baş əyib oturdular. Bu fürsətdən istifadə ilə Sadovski, Ayolloya macal vermədən divani-rəyasətin mərkəzdəki stulunu işğal etdi.
Bahadır xan, miralay Keyvort, Tiq-Çonson və Ester yan-yana oturmuşdu. Hər kəs yerini tutdu. Hər kəs iclasın açılmasını gözləyirdi. Mərkəzi Kaspi Diktaturası üzvləri isə göz vurur, iclasın açılmasını bir-birinin boynuna qoymağa çalışırdılar.
Tiq-Çonson dedi:
– Cənab Sadovski! Məncə iclası açmaq məsləhətdir. Çünki zabitlərin çoxu cəbhədən çağırılmışdır. Yenə də cəbhəyə getməlidirlər.
Sadovski ayağa qalxanda birinci olaraq Leyla xanım onu alqışlamağa başladı. Sonra bütün salondakılar alqışladı.
Sadovski dedi:
– Ağalar, cənablar, möhtərəm qonaqlar! Avqustun 8-də müttəfiqlərlə birlikdə çağırılan birləşmiş iclası açıq elan etməklə özümüzü bu tarixi şərəflə xoşbəxt hesab edirəm. Mən möhtərəm müttəfiqlərin və möhtərəm ağaların vaxtını almamaq üçün hökumətin iş proqramını çox qısaca elan edəcəyəm.
«Yeni hökumətin vəzifəsi, əhalinin həyat və sərvətini müdafiə etmək və Bakını Sovet Rusiyası üçün saxlamaqdan ibarət deyildir.
– Yox! Biz öz vəzifəmizi geniş anlayırıq. Artıq Rusiyanın Brest-Litovsk müqaviləsinin əleyhinə mübarizə aparmaq zamanı çatmışdır. Bizim qüvvələrimizin Qərb və İtaliya cəbhələrindəki müttəfiqlərimizin qüvvələri ilə birləşməsi vaxtıdır. Abşeron yarımadasındakı müharibə bizdən ötrü beynəlxalq əhəmiyyəti olan bir məsələdir...»
Sadovski çox uzun danışdı. Qısa surətdə elan edəcəyi proqramda, uzun-uzadı yaltaqlıq etdi.
Sadovskinin çıxışı ingilislərin arası kəsilməz alqışları ilə qarşılandı və bu «dostluğa» qarşı divani-rəyasət üzvləri bir daha baş əydi. Çıxışda bulunmaq üçün Məlik-Elçiyana söz verildi. O, belə başladı:
– Bəzi cənablar qorxaraq dedilər ki, biz ingilisləri Bakıya buraxdıqda, cahan müharibəsinə qarışacağıq, lakin biz bu sözlərə etina etmədik. Biz ingilis, Fransa dövlətləri ilə əlaqəyə girməli və zülmün pəncəsindən qurtarmalıyıq.
Tiq-Çonsonun narazı və səbirsiz baxışlarına baxmayaraq, Mərkəzi Kaspi Diktaturası üzvləri bir-bir söz alıb danışdı, eyni yaltaqlıqla təkrar özünü təqdim elədi və Abşeron yarımadasındakı neftin əhəmiyyətini göstərməklə ingilislərin iştahasını coşdurdu.
Alış-satış məsələsinə aid bütün söhbətlər bitdi. Cəbhə məsələsindən söz düşdü. Miralay Keyvort ayağa qalxaraq dedi:
– Mən dünən bütün vaxtımı hərb cəbhəsini gəzməyə sərf etdim; deməliyəm ki, cəbhələrin hazırkı vəziyyəti qalibiyyətə ümidverici deyildir. Nə səngərlər, nə qazmalar, nə də geriyə çəkilmək üçün yollar öz qaydasındadır. Qoşunların hazırda yerləşdiyi mövqelər və möhkəmlətdiyi cəbhələr də əlverişli deyildir. Nə qiymətə olur-olsun, biz hazırda işğal etdiyimiz mövqedən üç-dörd kilometr irəli getməliyik. İrəli getmək məsələsi isə ancaq yerli qoşunun yenidən təşkili ilə mümkündür.
Hərbi materiallar haqqında da danışmaq lazımdır. Onlar lazımi yerinə sərf olunmur. Onları təcili surətdə kontrol altına almaq lazımdır. Mən cəbhəni gəzdiyim vaxt saldatların heç bir yeri hədəf etmədən və düşmənin mövqeyini təyin etmədən havaya güllə atdığını gördüm, səbəbini soruşduqda dedilər: «Qoy düşmən yatmadığımızı və hazır olduğumuzu bilsin».
İclasın axırında, Mərkəzi Kaspi Diktaturası hərbi naziri Baqratuni və baş komandan Dukaçiyev bütün tələblərin həyata keçirilməsi üçün söz verdilər. Hökumət üzvləri ingilislərə müraciətlə dedilər ki:
– Siz fikirlərinizi yazılı olaraq verin, biz onların hamısını həyata keçirməyə hazırıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xxiii-yeni-hokumetin-simasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.
Dörd məktubFərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.
DüşüncələrƏbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.
Kəhran qalasıQızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.