Страница 1 из 2

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.

Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

Azərbaycanlılar Toğrulun Qətibə ilə olan əlaqəsini və onların əcnəbi nümayəndələri kimi hökumət sürmələrini bildikləri üçün Qızıl Arslanın ətrafında sıx bir suratdə toplanmışdılar. Xüsusən Fəxrəddinin və Seyid Əlaəddinin Qızıl Arslanla sıx əlaqədar olmaları da azərbaycanlıları Toğrul əleyhinə qaldırmışdı. Bu səbəblərə görədir ki, Qətibənin oğlu Qütlüğün vəliəhd təyin edilmək arzuları ümidsizliyə düşür və onların əcnəbi hökumətlərin təsiri altına girməsinə səbəb olurdu.

Hökumətin idarə işlərində böyük rol oynayan Şimali Azərbaycan ziyalıları Toğrulun dostluq məktublarına baxmayaraq yenə də məmləkətin nicatını Toğrulda deyil, Qızıl Arslanda aramağa başlamışdı. Buna görə gənc vəliəhdin Şimali Azərbaycan səyahətinə getmək xəbəri Şimali Azərbaycan şəhərlərində böyük bir şadlıqla qarşılandı.

Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. Qətibə azərbaycanlıların qəti səsə malik olduğunu bilirdi, onların təzə vəliəhdi qüvvət və qılıncla müdafiə edə biləcəklərinə əmin idi. O, oğlunun vəliəhd olmaq arzularına ancaq satılmaq və məmləkətin bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni zamanda Toğrul da Əbubəkrin vəliəhd təyin olunduğunu eşidərkən öz vəliəhdi Məlikşahın gələcəyi haqqında qorxuya düşmüşdü.

Həmədan ilə Bağdad, Həmədan ilə İran, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. Toğrul oğlunun vəliəhd təyin olunması üçün güzəştə getdiyi kimi, eyni zamanda Qətibə də özünün mələkə və oğlunun vəliəhd təyin olunmasına müqabil məmləkətin qoşunlarına vədələr verir və sazişlər düzəldirdi.

Qətibənin bir ayağı Bağdadda, o biri ayağı Həmədanda idi. Bağdad xəlifəsi Qızıl Arslanın təyin etdiyi vəliəhdi tanımayacağı barəsində Qətibəyə ciddi söz vermişdi. Qızıl Arslanın bağladığı müqavilələri pozmaq və məmləkətlərdən silinmiş xəlifə nüfuzunu yenidən bərpa etmək üçün Toğrul ilə Qətibənin yaratdığı macəralar olduqca mənfəətli və əlverişli idi. Xəlifə yenə də Atabəylər məmləkətində vətəndaş hərbi yaratmaq fikrini daşıyırdı. Belə bir qarışıq zamanda Qızıl Arslan özünü itirməyərək birinci növbədə Azərbaycanı bu hadisə ətrafında səfərbər etməyi düşünürdü. Çünki vəziyyətin altından çıxmaq üçün silahlı qüvvə iş görəcəkdi. Bu qüvvə isə, yalnız Azərbaycanda mövcud idi. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi.

Gənc vəliəhd Araz çayı kənarından Gəncəyə qədər yazdığı xatiratında qeyd edirdi:

“İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hiss edir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın istiqlaliyyət məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli və şüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı olduqca mehriban və səmimidirlər.

Xalqın əksəriyyəti əkinçidir, zəhmət sevən xalqdır. Şimali Azərbaycanda təsirləndiyim əsas cəhətlərdən birisi də xalqın daima hər ehtimala qarşı hazır olmasından ibarətdir. Düzlərdə, tarlalarda əkinçilik işi ilə məşğul olan hər bir kəndlinin atı yəhərli bir halda tarlanın kənarındakı ağaca bağlanıb durmuşdur. Axşamları əkinçilərin tarladan qayıtdığını gördüyüm zaman atlı qoşun dəstələrinin müharibədən qayıtdığını hiss edirdim. Ox, kaman, qılınc və nizələr işlətməkdə sənətkar olan bu xalq, əkin və torpaq işlərində də sənətkardır. Tarlaları, bağ-bağçaları məmləkətin başqa tərəflərinə nisbət olduqca müntəzəm və səfalıdır.

Diqqət-nəzərimi cəlb edən cəhətlərdən birisi də məmləkətdə mövcud olan ziyalı adamlardır. Bunların nə kimi bir şəraitdə yaradıldığını təyin etmək üzərində dərindən düşünmək lazımdır.

Mən, Araz çayından Gəncə şəhərinə girincəyə qədər ehsanımı vermək üçün bir nəfər də olsa dilənçi görmədim. Xalq acgöz xalq deyil, hamısından bir qürur və bir əzəmət gördüm. Bu xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir”.

Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. Gənc vəliəhd şairin şeirlər və elmlər xəzinəsindən ibarət palçıqla suvanmış otağına girdiyi zaman bir an fikrə getdi və dərhal şairin:

“Dəfinələr, xərabələrdə yaşamalıdır!” – dediyini xatırladı və başını əyib böyük şairin əlindən öpərkən, şair də onun alnından öpərək öz yanında əyləşdirdi. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. Vəliəhd şairlə bir süfrəyə oturub nahar yeməyini yedi. O öz xatiratında bu süfrəni təsvir etdiyi zaman yazırdı:

“Bu süfrənin əsas qiyməti orasında idi ki, vəliəhdin qonaq edilməsi üçün fövqəladə heç bir şey yox idi. Mən şairin evinə xəbər vermədən getmişdim, çünki ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim onun həyat və məişətilə tanış olmaq idi. Buna görə də həm qəfildən, həm də nahar vaxtı onun ziyarətinə getdim. Bu süfrədən mənə nəsib olun qismət heç bir məmləkətin vəliəhdinə qismət ola bilməmişdir. Böyük şair iki vəliəhdi yedirdi. O məni oğlu Məhəmmədlə tanış etdiyi zaman dedi: – Dünya belədir, bu səadət ancaq mənə nəsib oldu, böyük bir məmləkətin vəliəhdi, yoxsul bir şairin vəliəhdi ilə bərabər yoxsul və həqir bir süfrənin ətrafında oturub nahar yeməyi yeyir.

Çörəyin arpa ilə qarışıq buğda çörəyi olduğunu hiss etdim, lakin olduqca ləzzətli idi. Mən indiyə qədər o ləzzətdə çörək yediyimi xatırlaya bilmirəm.

Toyuq bişirilmişdi. Toyuğu özü parçalayıb bir qılçasını mənim yanıma, bir qılçasını oğlu Məhəmmədin yanına qoydu. Hər şeydən artıq reyhan toxumu tökülmüş sərin şərbətini xoşladım”.

Nahar yeməyi bitəndən sonra Nizami Qızıl Arslan tərəfindən vəliəhd vasitəsilə göndərilən məktubu açıb oxumağa başladı:

“Möhtərəm şair!

Məmləkətin hüdudlarından gələn xəbərləri eşitdiyim zaman hər dəfə sizin mənə Təbrizdə dediyiniz sözləri xatırlayıram: sülh müqavilələrinin gücü qılıncların itilənməsi qurtarana qədərdir.

Hazırda bizim Bağdad xəlifəsi və Xarəzmşahlarla bağladığımız sülh müqavilələrinin mürəkkəbi qurumayıbdır. Görünür ki, möhtərəm şair qeyd etdiyi kimi, onların hər ikisi qılınclarını itiləyib qurtarıblar. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qınından çıxarmaq istəyirlər.

Düşmənin bu cəsarəti məni heç də əsəbiləşdirə bilməz. Çünki onlar bu məmləkətin düşmənidir. Onlar müqavilələrə əməl etməməyə haqlıdırlar. Onlar bu müqavilələri bir məcburiyyət təsirində imza etdikləri üçün, fürsətələ keçdiyi zaman poza da bilərlər. Burası o qədər də təəccüblü deyildir. Mənim əsəbiləşməyimə səbəb olan əsas cəhət Toğrulun hərəkətləridir.

Toğrul öz istiqlaliyyətini əcnəbi himayəsinin əsasında qurmaq istəyir. O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. Onun böyük səhvi burasındadır ki, özünü himayə edən xalqın qüvvəsinə inanmaq istəmir. O, qazanmaq istədiyi istiqlalın əbədi əsirlik olduğunu anlamır. Şairin başına and içirəm, heç vaxt onun çıxardığı ixtilaf məni qorxutmur.

Mən qonşularla bağladığım sülh müqavilənamələrini qoynuma qoysam da, qılıncımı qınına qoymamışam. Lakin müharibələr xalqın iqtisadi vəziyyətinə ölüm zərbəsi vura bilər. Məni qorxudan da budur.

Şairlə birlikdə keçirdiyimiz günlər Azərbaycanda mövcud olan yüksək mədəniyyəti təhkim üçün tədbirlər düşünürdük. Lakin Toğrulun məmləkətimizə qarşı hazırladığı təzə təhlükə xalqın iqtisadi vəziyyətinə və mədəniyyətin genişlənməsi vasitələrinə fəna təsir edə bilər.

Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. Məmləkətin bir neçə yerə bölünmək təhlükəsi vardır. Yenə də xalqı torpağından, tarlasından, kəsbkarından ayırmaq lazım gələcəkdir.

Lakin Toğrul, eləcə də onun həmfikri olan Qətibə başladıqları bu qanlı oyunlardan heç bir şey qazana bilməyəcəklər.

Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman, Qətibəni də oğlunun yanına, Rey şəhərinə göndərmişdim. Hüsaməddin bir məmləkət xaini kimi qılıncımın altından qaçıb Xarəzmşahlara sığınmışdı. Toğrul onu Həmədana çağırmış və böyük bir vəkalətlə Qətibəni Həmədana gətirmək üçün Rey şəhərinə göndərmişdir. Hazırda Qətibə Həmədandadır. Hüsaməddin Toğrulun tapşırığı ilə Rey tərəflərində Azərbaycana qarşı qüvvətli bir ordu düzəldir. Onların əsas məqsədi, Həmədan ilə Azərbaycan tərəflərini bitişdirən nöqtələri, xüsusi olaraq Qəzvin şəhəri və dairəsini işğal etməkdir.

Toğrul, xəlifənin fikrini bilmək məqsədi ilə Qətibəni iki dəfə xəlifənin yanına göndərmiş. Heç şübhə yoxdur ki, xəlifə bu fikirləri təbrik edəcəkdir. Çünki, Qətibə ilə Toğrulun oynadıqları bu oyunlar xəlifə ilə bizim aramızda bağlanmış Bağdad müqaviləsini alt-üst edəcəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов