Nəsihət
Страница 2 из 2 · 50%
Bu hadisələr, qalib gəldiyim zaman bizim tərəfimizdən məğlub edilmiş xəlifə nüfuzunu bərpa edə biləcəkdir.
Möhtərəm şair, bizə qarşı düzələn ittifaq olduqca böyükdür. Buna qarşı böyük hazırlıq lazımdır. Vəliəhdi bunun üçün də Azərbaycana göndərdim. Sizinlə görüşmək üçün ona xüsusi tapşırıqlar vermişəm. O gəncdir. Lakin şüurlu və fərasətlidir. Onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Zənn edirəm, o, özünə verilən vəliəhdlik şərafini mənimsəmişdir. O bu mövqeyə olduqca səlahiyyətlidir. Hökumət idarəçiliyi nöqteyi-nəzərindən ağıllı və dəyərli fikirləri vardır.
Azərbaycan xalqı arasında bu gəncin nüfuzunu müdafiə etmək lazımdır. Çünki nə Toğrulun oğlu Məlikşah, nə də Qətibənin oğlu Qütlüğ vəliəhdlik məqamına layiq deyillər.
Zənn edirəm ki, bu qədər kifayətdir. Bununla mənim məqsədimi təyin edə bilərsiniz. Məmləkəti təhlükədən qurtarmaq lazımdır. Rica edirəm gənc vəliəhddən məhəbbət və məsləhətinizi əsirgəməyin. Xüsusən o, böyük şairin yaradıcılığı ilə həddindən artıq maraqlanır.
Son ricam budur ki, Toğrula qarşı başladığım hazırlığın əsas məzmununu Azərbaycan xalqı arasında intişar etdirəsiniz. Qoy Azərbaycan xalqı elə bilməsin ki, Qızıl Arslan bu mübarizədə Toğrulun taxt-tacını əlindən almağa çalışır. Mən məsuliyyəti öz üzərimdən götürmək üçün, Qətibə Reydə olduğu zaman ona bir məktub da göndərib nəsihət etdim. Lakin onlar mənim məktubuma cavab vermədilər, çünki onlar başladıqları mübarizədə qələbəni təmin olunmuş hesab edirdilər. Hazırda Toğrulun özünə də bir xəbərdarlıq məktubu göndərirəm. Lakin fayda verməyəcəyinə əminəm”.
Nizami məktubu oxuyub bitirəndən sonra bir az fikrə getdi, vəliəhdin özü də sakit-sakit düşünürdü. O, Nizaminin məktubdan nə kimi bir təsir aldığı və nə cavab verəcəyi ilə maraqlandı. Nəhayət, Nizami başına hərəkət verib:
– Eləndir, vəziyyət qorxuludur, – dedi. – Mən hökmdarla Təbrizdə danışdığım zaman bugünkü vəziyyətlər haqqında demişdim. Məmləkət cürbəcür xalqlar və müxtəlif millətlərdən təşkil edilmişdir. Atabəy məmləkətlərində yaşayan türk olmayan bir çox millətlər vardır ki, onlar dünənə qədər bu məmləkətdə hakim sayılırdılar. Hazırda onların özlərini yerli türklərlə bərabər bir hüquqda görə bilmələri olduqca çətindir. Buna görə də Atabəylər dövləti onlarla çox ehtiyatlı bir surətdə yola getməli idi, onların milli adət və milli ənənələri daxilində olmaq şərti ilə azadlıqlarını təmin etməli idi. Çünki məmləkət daxilində yaşayan narazılar, sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir.
Lakin, buna baxmayaraq, onların ittifaqını pozmaq lazımdır. Bu da üç yol ilə mümkündür. Birinci, xaricdəkiləri döymək, ikincisi, daxildəkilərə azad yaşayış verməklə barışmaq, üçüncüsü isə, inad göstərənləri cəzalandırmaq və məmləkətdən sürgün etməkdən ibarətdir.
Biz azərbaycanlılar birinci məsələdə sizin hökumətinizə kömək verə bilərik. Azərbaycan xalqı heç bir vaxt xaricdən gələn hücumlara arxa çevirməmiş, yenə də çevirməyəcəkdir. Lazım olursa, silahla tanış olmayan adamlarımız da silahla oynaya bilər.
Nizami vəliəhdə bu sözləri dedikdən sonra bu şeri oxudu:
“Çü başəd növbəti şəmşir bazi
Xətibanra dəhəd şəmşir qazi”.
– Əlbəttə, yatmaq lazım deyil, madam ki, iş başındasan və öhdənə böyük bir vəzifə götürmüsən, onu yerinə yetirməlisən. Düşmən pusquda durduğu halda, sərxoşlara məxsus yuxunu atmaq lazımdır. Özünə iş tapşırılmış adamların yatması xəyanətdir. Çünki iş tapşıranlar padşahın yatmadığına inanıb yatmışlar.
Kədərləri və qəmləri ayağın altına alıb yüksəlməli və oradan gələcəyə baxmalısan. Özünü heç bir zaman qüvvətli hesab etmə, çünki sən hələlik düşmənin qüvvətini bilmirsən.
Şərəf və əzəmət sənin mərtəbəndə deyil. Bununla səni heç bir kəs tanımaz. Ağlın olmazsa, kim səni tanıya bilər?
Bir çox hökmdarlar vardır ki, onlar məmləkətin düşmənləri ilə mübarizə aparırlar, lakin ağlın düşməni ilə dostluq edirlər. Ağlın düşməni şərabdır. Doğrudur, şərab dünyanın dərdini, qəmini aparır, eyni zamanda dünyanın özünü də insanın əlindən ala bilər.
Ağıllı adamlar öz libasını günəşin təştində yaxalamalıdır. Dünyada kişi üçün ən həqiqi libas doğruluqdan ibarətdir. İnsanın, tərəzinin gözləri kimi bərabər və düz olması kifayət deyil, qəlbin doğruluğunu təraziyə qoymaq lazımdır. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. Köhnəlmiş ağacın başını vurmasan, təzə göyərən gənc ağaclara böyümək imkanı verməz.
Çeşmələrin keçdiyi yolları təmizlənməzsə, torpağın bəbəyindən sərin sular doğa bilməz. Buna görə də məmləkətin təzəliyinə mane olan köhnə fikirləri silmək lazımdır.
Qılıncın iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılınclarin şəfəqindən də parlaq olmalıdır.
Hökmdarın vücudu, təbilin içərisi kimi eyiblərdən boş olmalıdır. Padşah düşməni aciz saymadığı kimi, arslan ürəkli olub mətbəx pişiyindən qorxmamalıdır. Hökmdar təlq daşı kimi cəhənnəm oduna təslim olmamalıdır.
Hökmdar tənbəl və zəif olmamalıdır. Hökmdar mərtəbə və üstünlüyü şəxsən özü üçün yox, xalqı üçün qazanmalıdır.
Dünyanı məzəmmət etməyə haqqımız yoxdur, onu hər kəs öz şəxsi mənfəəti üçün istifadə etdi. Dünya heç bir kəsə yamanlıq etməz. Lakin bizim özümüz onu əyri yollara tərəf dartıb aparırıq.
Firuzə rəngli günbədin altı nə qədər geniş olursa olsun, geniş fikirləri inkişaf etdirmək üçün orası yenə də darısqaldır.
Hökmdar o qədər həssas və ayıq olmalıdır ki, insanların vəfalı olub-olmamasını palçığının qoxusundan anlamalıdır.
Padşah mərifəti adamlardan, adamları isə dünyadan ayırmağa imkan verməməlidir.
Nizami danışdıqca vəliəhdin katibi də yazırdı. Nəsihətlər bitəndən sonra, gənc vəliəhd şairin əlini öpdü və dedi:
– Mənim daha böyük bir arzum vardır. Möhtərəm şair məsləhət görürsə, mənim üçün İskəndərnamə dastanını yazsın. Çünki İskəndərin tarixində xalqların qəhrəmanlığını göstərmək üçün daha böyük imkanlar vardır. Orada möhtərəm şair xalqları bir daha ayağa qaldırıb həyat mübarizəsi cəbhəsinə ata bilər.
Biz Təbrizdə möhtərəm şairin Xosrov və Şirin dastanını nəzmə çəkdiyini eşitdiyimiz zaman həddindən artıq şadlandıq. Hazırda xalqımızın bu kimi ədəbiyyata olan ehtiyacı çörək və su qədər əhəmiyyətlidir. Xalqımızı məzhəb və təriqət mübahisələrindən ayırmaq üçün bu kimi əsərlərin də böyük təsiri ola bilər. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Onlar işsiz vaxtlarını məzhəb və təriqət mübahisələrinə və müridbazlığa sərf edirlər.
Sizin yazacağınız dastanlardan isə xalqımız həm bədii zövq alar, həm də xalqların qəhrəmanlıq tarixini öyrənər.
Böyük şair Nizami vəliəhdin sözlərini eşidəndən sonra onun ağıllı və dərin fikirli bir gənc olduğunu bir daha təsdiq edərək:
– Fikrin doğru fikirdir, – vəliəhdin alnından öpərək dedi – xalqımızın şüurunu yalnız məzhəb və təriqət mübahisələri ilə deyil, xalqların həyat və siyasət tarixini təhrif edib əfsanə şəklinə salmaq vasitəsi ilə də korlamışlar. Mən Tusun böyük şairi ustad Əbdülqasıma həddindən artıq hörmət bəsləyirəm, lakin o, özünün böyük əsərində nə qədər dərin bir sənətkarlıq göstərmişsə də, xalqların tarixini gələcək xalqın nəzərinə çatdırmaq işində böyük səhvlər buraxmışdır. O, tarix və tarixçilərin qəbul edə bilməyəcəyi hər nə əfsanə və əsatir varsa, öz əsərində yer vermişdir. Lakin Tus şairi Firdovsidən sonra tarixi dastan yazanlar bu yolu davam etdirməməlidir. Tarix əsəri yazan şair heç bir zaman şüurun qəbul etməyəcəyi məsələlərə imkan verməməlidir. Məsələn, peyğəmbərin merac məsələlərini mənzumə şəklində vermək istəyən bir çox şairlər də bu məsələni bir nəfər din alimi kimi məna etmişdir. Onlar, fikri meracla cismani meracın fərqini qoya bilmədiklərindən şair olduqlarına baxmayıb sadə bir molla qədər də irəliyə gedə bilməmişlər. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür.
İskəndərin həyat çeşməsi axtarmaq üçün zülmətə getdiyini lazımı qədər məna edə bilməyənlər, əfsanəçiliyin çuxurlarında batıb qalmışlar.
İskəndər zülmətin içərisində itib-batmış, həqiqi həyatın yollarını aramış və tarixə əbədi yaşayış imkanı qazandırmaq üçün çalışıb-çapalamış, eyni zamanda buna nail ola bilməmişsə, buna inanmaq o qədər də çətin deyildir.
Buna görə də gənc vəliəhd üçün yazacağım dastanda İskəndərə əbədi həyat suyunu içirəcəyəm. Mən İskəndərə əbədi yaşamaq üçün başqa bir yol göstərəcəyəm. Çünki insanları tarix, tarixi isə həyata təslim olmayan sağlam fikirli tarixçilər, yazıçılar və şairlər yaşatmalıdır.
Möhtərəm əminizin yazdığı məktubun cavabına gələndə, ona cavab yazacağam. Hələlik bunu deməliyəm ki, Azərbaycan xalqı öz milli hüdudlarının müdafiə olunması üçün hər bir fədakarlığa hazırdır. Qızıl Arslan buna əmin ola bilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-nesihet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?