Zavodda
Страница 2 из 3 · 33%
Bu halda Əsgər onlara yanaşdı, Çelman Əsgəri müdirə göstərib dedi:
– Budur, üzünə deyirəm, çox gözəl dəmirçidir. Sadə, yumşaq bir müsəlman idi, indi isə evi yıxılıbdır. Pavluşanın başında olanların hamısını öz başında yerləşdirmişdir. Bir Əsgər deyil, burada olan ermənilərin və müsəlmanların hamısı zəhərlənmişdir. Hələ o, Ayrapetin şagirdi Heybətə bax! Bu uşaq da lazım olmayan sözləri danışır.
Müdir çox durmadı, gedərkən üzünü emalatxanada olanlara tutub dedi:
– Mən sizə ehtiyatlı olmağı məsləhət görürəm. Əsgər və Pavluşanın fikri sizi əyri yola çəkə bilər. Bu fikirlərin üstündə mərkəzi Rusiyadan, Yaroslavl və sair yerlərdən yüzlərcə adamı Bakıya köçürüblər. Yazığsınız, öz arvad-uşağınızın qeydinə qalın, sizin yerinizə yüzlərlə müştəri vardır.
Əsgər müdiri dayandırıb dedi:
– Çelman bizimlə bir mexanik kimi danışsa idi, o gərək əvvəlcə bizim öz vəzifəmizi layiqincə yerinə yetirdiyimizi deyəydi. Yox, hərgah o bizimlə xəfiyyə kimi rəftar edirsə, yenə də özünü bir xəfiyyə kimi aparmalı, öz ağasına yalan məlumat verməməlidir. Biz heç kəsi öyrədib müdir yanına şikayətə göndərməmişik. Bizim yerimizi yüzlərlə müştərinin gözlədiyinə gəldikdə — burası doğrudur. Biz çox yaxşı bilirik ki, bədbəxt və ac fəhlələr bir qarın çörəkdən ötrü qapı-qapı dolaşırlar. Hərgah Çelman bundan sevinirsə, buna görə də on saatlıq iş günü onu razı sala bilmirsə, onu açıqcasına deməlidir. Bizim fəhlələrlə əlaqəmizə gəldikdə, müdir cənablarına sual verirəm: bu əlaqəni qırmaq mümkündürmü? Yox! Çünki bu damın altında işləyənlərin hamısı bir cürə söyülüb-döyülür, çətinlik çəkir, aclıq çəkir. Hamısı bir cür bədbəxtdir, hamısının halı birdir!
Çelmanın və müdirin tərəfində duran Külbala ilə Qurban irəli yeridilər, Əsgərin yaxasından tutub geri çəkdilər. Külbala dedi:
– Adam başından yekə danışmaz! Allah xozeyinlərə ömür versin. Sənə deyirəm ki, düz get yerində otur! Bizim başımızı müdirin yanında aşağı eləmə. Yoxsa, sənin başını elə aşağı elərəm ki, bir də adam içinə çıxa bilməzsən!
Ayrapetin şagirdi gənc Heybət sakitcə baxırdı. Ustası onun işə qarışmasına mane olurdu. Külbalanın sözü ona çox ağır gəldi. İrəli keçib, Əsgərlə Külbala və Qurbanın arasında durdu.
– Hər kəsin əlindən nə gəlir, Əsgərə eləməsə, itdən də pisdir! Yaltaqlar! Sizə deyirəm, gözünüzü yaxşı açın! Bu adamlar sizin üçün balqabaq-zad deyil. Əsgərin gözünü puflayanın xəşilini çıxardaram.
Emalatxanadan ümumi bir səs ucaldı:
– Heybət, Allah səni bizə çox görməsin!
Bu halda Ayrapet gəlib Heybətin qolundan tutdu:
– Gəl işinə, bunlara baş qoşma! Onların işləri məlumdur.
Emalatxanada böyük bir qalmaqal qalxdı. Sahibkar tərəfdarları ilə Pavluşa, Əsgər, Heybət və Vasya tərəfdarları iki tərəfə ayrıldılar. Müdir açıqlı halda emalatxanadan çıxıb getdi, Çelman isə fəhlələrdən uzaqlaşıb qapının ağzında durdu və dedi:
– Sizin dilinizi kəsəcəyəm. Mənim bir fikrim vardır ki, o da çörəyi layiqli adama verməkdir. Siz yaramaz adamlarsınız, çörək sizə haramdır. Mən xəfiyyə deyiləm, maaş aldığım üçün sahibkarın mənfəətini gözləyirəm. Sizin səbəbinizə, İrandan bir parça çörək üçün Bakıya gələnlər də çölə atılacaqlar. Sizi Yaroslavl, İvanovo-Voznesenski fəhlələri kimi küçələrə atmasam, vətən avarası salmasam, bu ad mənə qənim olsun! Yaşadığımız yer İranın qonşuluğundadır. Bura ac, möhtac, mədəniyyətsiz Şərqin qapısıdır. Bu gün sifariş verərsən, bütün gününü bir girvənkə çörəyə satmaq istəyən minlərlə İran kəndlisi, qoyun sürüsü kimi Bakıya tökülər. Onlar nə iş saatı, nə maaş az-çoxluğu, nə zəhmət şəraiti anlayan adamlardır. Onlar gün çıxmamış işə gələr, gecə də işdən gedərlər.
Bazar günü idi. Fəhlələri istirahət günündə ulduzlar batmadan yuxudan qaldıran zavod fitlərinin səsi gəlmirdi. Günəşin qırmızı üzünə qara pərdələr çəkən tüstü görünmürdü. Yüksəkliklərə, mavi göylərə doğru boylanan bacalar Qaraşəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu.
Pavluşa, Əsgər və Ayrapet Məmmədi axtarıb tapdılar. Danışmaq üçün salamat bir yer axtarmağa başladılar. Hərəsi bir yer göstərirdi: birisi Bayıla getməyi, o birisi Keşlə tərəflərinə gedib dərələrin birində oturub danışmağı məsləhət görürdü. Axırda Pavluşa dedi:
– Məndə bir az pul vardır, özüm də bir yaxşı yer bilirəm, ora gedə bilərik. Orada bizə heç kəs mane ola bilməz. Biz lazımı sözləri ancaq orada danışa bilərik. Ora meyxanadır, hər bir pullu adamın ora girməyə haqqı vardır. Orada danışılan bəzi zərərli sözlərə də «keflidir» deyə əhəmiyyət verən olmaz. Meyxananın bir xüsusiyyəti də budur ki, orada hər kəs danışır, bir-birini eşidən çox az olur. Buna görə də biz orada həm danışar, həm də eşidərik. Əziz yoldaşlar, hələlik fəhlələr üçün azad bir yer ancaq meyxanalardır; hər halda burada bir-iki saat otura bilərik.
Ayrapet dedi:
– Elədir ki, var! Gedək. Ancaq işin eybi burasındadır ki, nə mən, nə də Əsgər içənik. Mən vərəmliyəm, bir rumka içmək mənim ömrümdən bir il azaldır, Əsgər də ki, içməyi sevmir, qoy içməsin də. Sahibkarlar bəzən bizim kefli olmağımızdan da istifadə edirlər. Yoldaşlar, biz bacardıqca ayıq olmağa çalışmalıyıq!
Pavluşa onun çiyninə vurub:
– Elədir, Ayrapet, — dedi, — ancaq bağrım çatlayır. Əsəbiləşmişəm. Dünən Çelmanla dəyişəndən bəri qanım yaman qaralıb... Eybi nədir, siz içməsəniz də olar. Qabağınıza qoyulan piyalələri də götürüb sağlığınıza içərəm.
Hamısı razı oldu. Məmməd dayanıb durdu.
– Mən ki içəri girməyəcəyəm, — dedi, — Doğrudur, mən içməyəcəyəm, ancaq sən buna məştağalıları inandıra bilərsənmi? Dağılmışın yarısı molla, yarısı da seyiddir. Bir nəfər ağzıköyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilərəmmi?
Bu sözləri Ayrapet də təsdiq etdi.
Məmməd onlarla vidalaşıb getdi.
Ayrapet, Pavluşa və Əsgər yolun sağ tərəfindəki meyxanaya yaxınlaşdıqda, oradan cürbəcür səslər eşidilirdi:
– Eh! Cəhənnəmə, kora...
– Yaşamaq və unutmamaq!
– Murdar həyat!
– Acından məhv olacağıq!
– İt kökündəyik!
– Həyat bundan ibarətdirsə, bir zibil deyil!
– Mən sabah onun anasını ağladaram!
– Adam hövsələdən çıxır.
– Birisini də ver! Hələ dünyanı unutmamışam.
– Yeməyə bir şey də yoxdur!
Oxumaq səsləri də gəlirdi:
«Ax bilmirəm bu gecə nə üçün xoş keçdi,
İqbal, iqbal mənim iqbalım...»
– Onunla ki, mübarizə mümkün deyildir.
– Gözəl Nataşa, sən mənim sevgimdən də gözəlsən. Sənin ürəyində yer tutduğumu bilirəm. Lakin sənin ürəyindəkilərdən xəbərim yoxdur.
Onlar hələ meyxanaya girmədən, Əsgər Pavluşaya tapşırdı:
– Sərxoş olmamalıyıq ha!
Pavluşa bu sözə qarşı dedi:
– İçəri gir, yoldaş! Biz heç birimiz sərxoşluğu sevən deyilik. Biz sərxoş olsaydıq, müdir də, mexanik də bizdən razı qalardılar. Stol başında oturmaq ixtiyarını almaq üçün, dodaqlarımızı yaşlamalıyıq.
Uzun bığlı qorodovoy meyxananın qapısında sağa-sola gəzişirdi.
Onlar içəri girdilər, tanış adam çox idi; onları görən kimi bir ağızdan səsləndilər:
– Ba, biz kimləri görürük?!
– Gəlin, bir az dünyanı unudaq!
– Qardaşlar, gəlin başları tazalayaq!
– Eh, Pavluşa, içmək lazımdır!..
– Əsgər, mən ölüm bircə rumka!..
Onlar heç kəsin dəvətini qəbul etmədilər. Qışdan bəri yığışdırılmamış peçin dalında qoyulan dörd nəfərlik kiçik bir stolun ətrafında yerləşdilər.
Pavluşa:
– Bura daha yaxşıdır, — dedi. — O biri stollardan uzaqdır. Bizim üçün çox əlverişlidir. Nə qədər danışırsan, danış, səni heç kəs eşitməyəcək.
Çox içmədilər. Pavluşa əlindəki şərabdan bir neçə damcı ağzına alıb qədəhi stolun üstünə qoydu, Əsgərə dedi:
– Əsgər, bura yaxşı bax. Bu meyxana yuxarı təbəqə üçün deyil. Bura ailəsinin boğazından kəsdiyi on qəpiyini içmək istəyən biz fəhlələr üçündür. Görürsən ki, stolların üzü də bizim köynəyimizdən təmiz deyildir. Buradakıların da hamısı bir-birinə oxşayır. Hamının əynində göy bez köynək var. Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. Stolların dalında oturanlara yaxşı baxın, həmin stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin. O barmaqların hamısı bir-birinə oxşayan kələ-kötür barmaqlardır. Zavod və mədənlərin qara hisləri içərisində bəslənmiş dağınıq və müxtəlif rəngli saçlara da baxın. Dəri və damarlardan ibarət boyunlara da tamaşa edin. Onlar mühitin bütün ağırlığını öz üzərlərində daşıyır, əsrin bütün həqarətinə dözürlər. Burada oturanlar bizim yoldaşlarımızdırlar. Biz bir-birimizlə hələlik meyxanalarda görüşə bilərik, çünki bizi başqa yerə buraxmırlar.
Əsgər bu sözləri çox diqqətlə dinləyirdi. Pavluşanın nə demək istədiyini hələ anlaya bilmirdi.
Ayrapet Pavluşanı anlayırdı. O, öz xəstəliyinə baxmayaraq qabağındakı qədəhi boşaltdı, boşqabdakı qara çörək qırığını alıb iylədi, yenə boşqaba qoydu və dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-zavodda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
IRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Serjant İvanov adına körpələr eviPayız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
Стихи других поэтов
Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
MənimçünAy ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.