«Cadu» olunmuş papaqlar
Страница 2 из 2 · 50%
Hər yanda manqallar qurub, kabab çəkirlər, hər kababçının yanında da «yüz-yüz» xana. Manqallardan ətrafa yayılan tüstü acların ağız və burunlarından içəri dolub içlərində qara qəm buludlarına dönür. Və çox keçmir ki, bu məzlumların içində əsəb şimşəyi çaxır, qəm buludları parçalanır. Parçalanmış buludların yağışı, xəcalətdən aclıqlarını büruzə verə bilməyənlərin aşağı dikilmiş başlarında göz yaşına və ağız suyuna çevrilir. Görəsən, bu şəhərin bir böyüyü yoxmudur ki, nadanlıqları ucbatından düşmən dəyirmanına su tökənlərə xəbərdarlıq eləsin, bu şeylərin qarşısını alsın. Bəlkə elə bunu qəsdən edirlər ki, Qarabağ unudulsun və heç kəsin bu haqda düşünməyə macalı olmasın.
Bu dəmdə uzaqdan bir nəfərin cır səsi eşidilir: «Ay camaat, ona qulaq asmayın, o dəlidir, əlində kağızı da var. Hə, hə, ruhi xəstədir».
Deyirəm, xaricilərdən bu mənzərəyə baxan bir adam olsaydı yəqin edərdi ki, bu məmləkətin dəlisi belə ağıllı sözlər danışırsa, gör ağıllısı nə danışar. Fəqət onun xəbəri yox idi ki, bizim ağıllılarımız öz ağıllarını belə boş şeylərə sərf eləmirlər. Bəli, cır səsli adam, danışan adamı ruhi xəstə adlandırandan sonra, bayaqdan bəri cınqırını da çıxarmayan izdihamda söz-söhbət başladı. Axşama yaxın idi. Hava soyumuşdu. Mən onun soyuqdan əsdiyini gördüm. Əyni nazik papağı da yox idi. Yaxınlaşıb, qoltuğumda gəzdirdiyim o «cadu» olunmuş papağı onun başına qoydum. Üzü güldü, əllərini bir-birinə sürtüb dedi:
– Ay camaat, bilirsiniz nə var? Beş günlük dünyadır, yeyin-için, kef eləyin. Cəhənnəm olsun Qarabağda, o da, o birisi də, Laçın məsələsinə gəldikdə isə Məşədi İbad demişkən, o olmasın, bu olsun. Yəni, Laçının özü olmasın, onun Sumqayıt yolundakı filialı olsun. Elə Danabaş kəndinin Bakı filialı kimi, alverinizdə olun, kefinizdə olun, dağıdın, talayın çapın, şair demişkən:
Nə qədər mümkün olursa, Vətəni soy, soy, soy,
Qarabağ boy, boy, boy.
Qarabağ mo...oy, mo...oy
Bilirəm ac canavarsan, yeginən, doy, doy, doy,
Qarabağ boy. boy, boy,
Qarabağ mo...oy, mo...oy
Camaat gülməyə başladı. Yerbəyerdən səslər eşidildi: «Bu, doğrudan da, dəli imiş ki. Gah nala vurur, gah da mıxa». Kaset satan yenə də həmin mahnını qoydu. Yenə də «ilan olub torpağında sürünnəm, Laçınım, Laçınım, Laçınım mənim» sözləri kabab tüstüsünə qarışıb camaata sirayət etdi. Hamının ovqatı yaxşılaşdı. Papaq məsələsindən isə, əlbəttə, heç kəsin xəbəri yox idi.
Bəli, biz ilan deyilik, amma sürünənlərdənik. Biz bir parça çörəkçün gecə-gündüz küçələrdə sülənənlərdənik, biz bir sürü məzlumlarıq, biz bir sürü köçgünlərik, biz bir sürü yersizlərik, biz bir sürü yerlilərik, biz bir sürü qeyrətsizlərin felinə düşənlərik. Biz, qəbrinə and içmək üçün atamızı öldürənlərdənik...
Basabas idi... Adamları aralaya-aralaya metroya sarı yollandım. Keçiddə düzülən alverçilərin əlindən camaat metrodan bayıra çıxa bilmirdi. Alverçilər əllərindəki malları az qala adamların gözünə soxurdular. Hirslənmişdim, bu basabasda qabağımda bir bığıburma peyda oldu. Onu görüncə lap özümdən çıxdım. Kişinin bir çiynində qara, o biri çiynində isə tünd qırmızı rəngdə qadın alt paltarı sallanmışdı. Dedim, bu daha ağ oldu, əində bu paltarlardan satan kişi görmüşdüm, amma çiyninə qoyub belə reklam eləyən görməmişdim. Canımı dişimə tutub soruşdum:
– Qaqaş, çiynindəki neçəyədir?
O, məətəl-məətəl üzümə baxdı.
– Başa düşmədim, nə çiynimdəki, nə neçəyədir?
– O da... onu deyirəm də... o çiyninizdəkini.
Həmin adam çiyninə baxanda xəcalətindən qıpqırmızı qızardı və çiynindəkiləri hirslə götürüb yerə çırpdı.
Çiyinlərindən «alt qadın ləvazimatları» sallanmış o bığıburmada sən demə heç bir günah yox imiş. Bunlar, sərnişinlərlə alverçilərin sıx basırığında o yazığın çiyinlərinə asılqanlardan düşübmüş. Amma nə yaxşı ki, metronunun girəcəyində onunla rastlaşdım. Yoxsa papağım elə o laçınlıda qalacaqdı, qayıdıb götürdüm. Bəli, papaqların «cadu» olunduğuna heç bir şübhəm qalmamışdı. Amma bunu yuxarılara inandırmaq üçün kifayət qədər dəlil olmalı idi. Çünki o dairələrdə «cadu»ya, «vergi»yə inanmırlar. Amma əslində isə onların çoxu öz işlərini «vergi»lilər vasitəsilə qurub həyata keçirirlər.
Papaqların ermənilər tərəfindən «cadu» olunmasını baxıcı da təsdiqləmişdi. Və bunu da əlavə etmişdi ki, Fransadakı erməni cadugərləri bu işdə meymun tükündən istifadə etmişdilər. Baxıcının yanından çıxandan sonra fikir məni götürdü. Niyə məhz meymun tükü. Bəlkə bu «obezyan» məsələsidir. Deyəsən, tapmışam, hə, hə. Sən öl, tapmışam. Qədim insana bənzər meymun icmaları elə ermənilər olublar. Darvinin nəzəriyyəsi düzgün imiş. Bu nəzəriyyəni səhvən bütün bəşərə aid ediblərmiş. Sən demə ermənilər bəni-meymun, qalanları isə bəni-Adəm imiş. Hər şey düz çıxır. Əla. Yaxşı, axı «obezyan» ruscadır. Bəs bu necə olsun. HƏ, bildim. Axı tarixin bütün dövrlərində ermənilər, türkün məsəli, rusların həmişə «yanına» giriblər. Fikir versən görərsən ki, hər iki millət həmişə başqasınınkını özünküləşdirməyə çalışıb. Məsələn, biz Adəm övladı ola-ola, onu adını özlərinə familiya gtürüblər. Adamyan, ruslarda Adamov. Çünki, Meymunyan və ya Obezyanov desəydilər kökləri bilinərdi...
«Gənclik»dən birbaşa «20 yanvar» stansiyasına gəldim. Keçidlərdən keçmək qeyri-mümkün idi. 4 cəhətin dördündən də istifadə etmişdilər. Yer, göy hər yan pal-paltar idi. Sərnişinlər bir-birinə sürtünə-sürtünə metrodan çıxırdılar. Deyirəm Allah eləməmiş metroda bir qəza baş versəydi, bir nəfər də olsun burdan çölə çıxa bilməzdi.
Alverçilərin çoxu papaqlı idi. Yəni, məni maraqlandıran papaqlardan. Onlardan birinə yaxınlaşıb soruşdum:
– Ay qardaş haralısan?
– Metrolu...
– Yox e, əslin hardandı?
– Əslim «Çadır» düzündən.
– Qarabağ haqqında düşünürsənmi?
– Qarabağ? Hə, nəsə belə bir yer adı var idi.
– Necə yəni var idi. Bəs erməni... müharibə...qaçqın...filan...
– Qardaş, deyəsən sənin başın xarab olub, qoy alverimi eləyim. Bu dəmdə uzaqdan bir nəfərin çiynində tele-kamera gəldiyini gördüm. Mənim tanışlarımdan idi. Yaxınlaşıb əhvalatı qulağına pıçıldadım və xahiş etdim ki, bir işdə mənə kömək etsin. Razılaşdıq. Üzümü camaata tutub uca səslə elan etdim: «Əziz alverçilər və sərnişinlər. Biz «Papaq» filminin 2-ci seriyasının çəkilişini aparırıq. Xahiş edirik, bir epizodda bizə kömək edəsiniz. Kimin başında papaq varsa, çıxarıb tutsun əlində».
Hamı yerbəyerdən papaqları çıxarmağa başladı. Birdən-birə vəziyyət dəyişdi. Aləm qarışdı biri-birinə. Eyni ilə 11 il qabaq meydandakı izdiham kimi. Camaat başladı, nə başladı: «Qa-ra-bağ, Qa-ra-bağ!» səsləri bütün metronu bürüdü. Biz Qarabağa gedirik. Bizə silah verin. Biz vətənimizi istiyirik. Biz başqalarının yerini dar eləmək istəmirik. Bizi Qarabağa göndərin. Onların başlarına itin oyununu gətirək, artıq hər şeyi başa düşmüşük». Polislər tökülüb gəldi. Onlar da qoşuldular izdihama. Başımı lap itirmişdim. Hamı elə qızışmışdı ki, bunlara silah versəydin, bircə günə Yerevana gedib çıxardılar. Dedim ay camaat, tez olun papaqları qoyun başınıza, çəkiliş qurtardı. Papaqlar başlara qoyuldu.Bir anlıq sükut hər yanda hökm sürdü. Heç kəs nə baş verdiyini anlamırdı. Hamı pörtmüş halda bir-birinin üzünə baxırdı. Birdən-birə hər şey dəyişdi. Üzlər güldü, keflər kökəldi. Alverçilər çırtma çala-çala oxumağa başladılar:
«Bura dərya, ora dağ - nəyimə gərəkdir Qarabağ,
Dolanır arvad-uşaq-nəyimə gərəkdir Qarabağ!
Öz-özümə dedim, vəssəlam. Hər şey təsdiq olundu. Milli Məclisə xəbər verməliydim ki, ölçü götürsünlər. Camaatı itələyə-itələyə tələsik metrodan çıxdım. Ürəyim bərk döyünürdü. Elə bil böyük bir sirr açmışdım. Elə bil Qarabağın geri alınmasının yolunun başlanğıcını tapmışdım. Başımda cürbəcür fikirlər bir-birinə qarışmışdı. Elə bilirdim ki, yuxarılara xəbər versəydim onlara hər şey aydın olacaqdır. Başa düşəcəkdilər ki, təkcə papaqlar yox, bütün Azərbaycan «cadu» içindədir. Azərbaycan tilsimdədir. Bu tilsimi qırmaq lazımdır. Cadular və tilsimlər iblis tərəfindən törədildiyindən bilirdim ki, bu qüvvələrə ancaq müqəddəslər tərəfindən həqiqi «vergi»ləri olan adamlar qalib gələ bilər. Tələsirdim, o qədər tələsirdim ki, elə bilirdim bir dəqiqə boşa getsə hə şey pozular. Telefon avtomatlarından birinə girib Milli Məclisə zəng elədim:
– Alo, sipikeri istəyirəm, sipikeri.
Səs o qədər də yaxşı eşidilmirdi.
– Eşidirəm, danışın, nə lazımdır, kimdir?
– Alo, sizə mühüm bir xəbər çatdırmalıyam. Azərbaycana gətirilən papaqlara «cadu» olunmuşdur. Camaata Qarabağ məsələsini unutdurmaq üçün. Sübutum, dəlilim var...
Telefonda hər kim idisə, mənə bir nömrə verib dedi ki, ora müraciət elə. Baxıb gördüm ki, bu psixiatr Ağabəy Sultanovun nömrəsidir. Dəstəyi çırpıb bayıra çıxdım. Fikirləşdim ki, ay Allah bu dərdi kimə desəm məni başa düşər? Bəlkə prezidentə zəng eləyim? Hə, hə. O, müdrik insandır. Bu müəmmanı ancaq oaça bilər. Tələsik cibimdən bloknotu çıxarıb vərəqlədim. Və Prezident Aparatının nömrəsini tapıb ora zəng vurdum. Telefonu aparat işçilərindən kim götürdüsə adını demədi.
Dedim:
– Alo, xahiş edirəm dəstəyi yerə qoymayasınız. Mənə qulaq asasınız. Məni prezidentlə calaşdırın. Ona mühüm xəbər çatdıracağam.
Telefondakı gülür:
– Vətəndaş, siz mənə deyin, mən özüm ona çatdıraram.
– Alo, zəhmət olmasa, prezidentə xəbər verin ki, Azərbaycan tilsimdədir. Azərbaycanı İblis idarə edir. Təcili ölçü götürsün!
– Dud...Dud...Dud...
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-cadu-olunmus-papaqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir xəta söz bir fəlakətçün təməldir susginən,Hər fəlakət çox həlakətçün əməldir susginən.
Nöqsanlar arasındaTədris ili başlandı, xoş anlar arasında,Bir həftə sevinc gəzdi, insanlar arasında.
Qoçu iqtidarımızdırDilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.
Ağlamağım var, gözəlimNə işim var, na evim var, nə bağım var gözəlim,Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,
Стихи других поэтов · Сатира
Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Bakı pəhləvanlarınaМеня тошнит, когда я вижу твою развязную походку,Меня знобит, когда я слышу твои похабства во всю глотку,