Səs düşsə də aləmlərə qandallarımızdan,Bir kimsə xəbər tutmadı əhvallarımızdan.

Biz ibrəti korrupsionerdən elədik əxz,Övladlarımızsa teleseryallarımızdan.

İşğalçılara qarşı boş icmalçılıq etdik,Zinharə gəlib xəlq bu icmallarımızdan.

Bilməm yağı işğalı ilə razıdı, ya yox,Biz razıyıq əmma ki, öz işğallarımızdan.

Od vurdu bizə tüstüsü çıxdı təpəmizdən,Basdırdı ki, iz qalmaya tonqallarımızdan.

Atəşkəs olan dövrdə genral oluruqsa,Bu rəsmdü qorxmaz yağı genrallarımızdan.

Haqqın qatarı gəlmədi, ömrün yolu bitdi,Haqq əhli bilet almadı vağzallarımızdan.

Allahı əgər qəlbimizə biz şərik etsək,Pünhan, qovarıq şeytanı iqballarımızdan.

4 aprel, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви