Oğlum Mahirə

Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma.
Tərs damarla dəyanəti qarışdırma.
Dəlibaşla şücaəti qarışdırma.
Tülkülüklə fərasəti qarışdırma.
Düşmənliklə rəqabəti qarışdırma.
Qızğınlıqla hərarəti qarışdırma.
Kef-damaqla səadəti qarışdırma.
Uydurmayla rəvayəti qarışdırma.
Xəsisliklə qənaəti qarışdırma.
Xata ilə cinayəti qarışdırma.
İsraf ilə səxavəti qarışdırma.
Küsü ilə küdurəti qarışdırma.
Zorbalıqla əzəməti qarışdırma.
Girov ilə əmanəti qarışdırma.
Güzəşt ilə bəraəti qarışdırma.
Hikkə ilə qətiyyəti qarışdırma.
Əsarətlə himayəti qarışdırma.
Məzlumluqla nəcabəti qarışdırma.

Yaxınlıqla məhəbbəti qarışdırma.
Yuyunmaqla qüdsiyyəti qarışdırma.
Mərtəbəylə ülviyyəti qarışdırma.
Daha nəyi... daha nəylə qarışdırma.
Tükü-tükdən ayrı sə’ylə, qarışdırma.
Aman... aman!!! qarışdırma!
Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!
İlahi qisməti

Ömrün səfasından
Qoşa yarımaq,
Ömrün cəfasında
Qoşa qarımaq -

İlahi qisməti
Deyilsə nədir?
İlahi möhləti,
Deyilsə nədir?


Leyli-Məcnun ömrünə
Ömürü yoldaş olanlar, -
Vəslə macal tapmamış
Hicrə sirdaş olanlar;

Bir addımda əlləri
Bir-birinə çatmayan,
Ayrılığın odundan
Məzarda da yatmayan

Nakamın da taleyi
İlahi qərarıdır,
İlahi payızının
Xəzan yarpaqlarıdır.


Neçə eşq dastanı
Yazıb ulu şairlər;
Şairlər öz başına
Yazıb onları məyər?!
Füzulilər allaha
Bir addım yaxın olub;
İlahinin oduyla

Bu dağları-daşları
Yandırıb-yaxan olub.


Ömrün yarı yolunda
Xırda-xırda tökülən;
Mirvaritək qırılıb
Yerə-yurda tökülən:
Yarımçıq arzu-kamlar,
Kövrək, titrək inamlar
İlahinin işidir -
İşinə qarışmayaq!
Sorğu-sual əbəsdir,
Heç bir şey soruşmayaq!


Dopdolu uzun ömrün
Qoşa-qoşa süqutu;
Kəm ömrün, məhzun ömrün
Qoşa-qoşa tabutu.
Bu təzadlar altında

Çiyinlərin sükutu...
Toy karvanıyla qoşa
Son mənzilin karvanı;
Bir çinar qamətiylə
Əyri belin karvanı -
Qoşa qarımaq üçün
Biri ilk addım atır,
Biri qoşa qarıyıb
Son mənzilə
Bəxtəvər,
Bəxtəvər
Qoşa çatır.

3 fevral 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов