Şirinli-acılı ömür keçmişəm,Yaxşını, yamanı görüb seçmişəm,Evli-eşikliyəm, var işim-peşəm...Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,Duranda nadanla bəzən üz-üzəBir səs eşidirəm: “Oğul, gəl bizə...”Dizimin taqəti anamgildədir.

Neçə anaya da anam anadır,“Aləm bir yanadır, o bir yanadır”.O açan süfrədə şor da bal dadır,Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,Çəkir qardaş-bacı dərdi-sərini.Ərköyün böyüdür nəvələrini,Hər kəsin qisməti anamgildədir.

Qızına bilmirik oduna qazın:Havası isinmir otağımızın.İndi duyuram ki, ocağımızınKözü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,Məni ata bilir qardaşım, bacım,Çətində mən kimin yanına qaçım –Ata şan-şövkəti anamgildədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов