Aralıq dənizi coşdu, qabardı,Köpürdü dalğalar, qalxdı dalğalar.Gəmi ləngər vurdu, suları yardı,Suların üzünə iz saldı sular.

Külək nalə çəkdi, duman başladı,Quşlar dəstə-dəstə gəldi haraya,Fırtına başladı, yaman başladı,Zirək dənizçilər düşdü əlhaya.

Üçüncü qatdakı göyərtəni dəLeysan yağışıtək döydü ləpələr.Cumdu üstümüzə, cumdu yenə dəKöpükdən tac qoyan dağlar, təpələr...

Odlu yanaqların saraldı gülü,Geri qayıtmasın bir də o günlər!Yatdı kayutada boynu bükülüYorğun ceyran kimi qızlar, gəlinlər.

Dalğalar üstündə üç gün, üç gecəRahat nəfəs alıb yata bilmədik.Qəzəbli sulardan biz keçə-keçəTorpaq arzuladıq, torpaq dilədik.

Hardasan, ey sahil, ey qara torpaq,Tufana baş əyməz vüqarlı dağlar!Hardasan, ey yamac, ey incə yarpaq,Ey düzlər, dərələr, yurdlar-ocaqlar?

(Duyar bu həsrəti, duyar bu qəmiKim qərib sularda tufana düşsə,Köməyə çağıran, fit çalan gəmiDoğma sahillərlə verər səs-səsə...)

“Sahil, sahil!” dedi burda hər ürək,Nicat bu sözdədir, həyat bu sözdə,Bəlkə tufan yata, bir az dincələk –Bir ümid, bir həsrət yandı hər gözdə.

Ah, o üfüqdəki qaraltı nədir,Görəsən adadır, yoxsa balina?!Elə bil çağırır, bizə əl edirBu qərib geminin yanır halına.

Böyüdü, böyüdü o tutqun ləkə,Sinəsi meşəli uca dağ oldu.Elə bil arxada qaldı təhlükə,Həsrət unuduldu, dərd unuduldu.

Ümid, nicat deyə baxdıq o yanaLimanda körpülər, evlər göründü.Qoymadı göz açaq yenə fırtına,Dalğaların üzü döndü, nə döndü.

Gəmimiz fit verdi, imdad istədi,“Olmaz!” işarəsi gəldi körpüdən.Yamaclar səsləndi, düzlər gəl dedi,Qəlbi daşa döndü insanın nədən?!

Onun əvəzinə çəkdi xəcalət,Əndəlis dumanla örtdü üzünü.Qonağa beləmi edərlər hörmət?!Adamlar dəhşətlə yumdu gözünü.

Başımız üstündə qağayılar daÇağırır köməyə bütün dünyanı.Gör hara gəlmişik, çətində, dardaYaxına qoymayır insan insanı?!

Dedik: “Davam edək səfərimizə,Xain xoflu olar, ondan kar aşmaz.Dursaq da ölümlə bu gün üz-üzəYadlara yalvarmaq bizə yaraşmaz!”

Çəkindi dalğalar sanki bu zaman,Silindi qəlblərdən qorxunun izi,Namərd körpüsünə ayaq basmaqdanQəhr etsə yaxşıdır fırtına bizi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов