Səslənir Cahangirin “Füzuli kantatası”,Kükrəyir qasırğası udun, qopuzun, tarın,Könüllərdə canlanır canlı əksi-sədasıBir bəstəkar şairin, bir şair bəstəkarın.

Oyadır ulusunu Füzulinin fəğanı,Məcnunun ahu-zarı dağı-daşı yandırır.İlahi bir sevginin umulmaz ərməğanıOyaq düşüncələrdə ulduzlar oyandırır.

Uzaq məsafələrdə ildırımlar aylanır,Gözləri qamaşdırır şimşəklərin məşəli.Qoşqarın zirvəsindən Savalana boylanırPeyğəmbər sənətkarın kəhkəşandan heykəli.

Qalxır bir günəş kimi şairlərin atası.Şəfəqlərmi süslənir, ümidlərmi bəslənir?!Səslənir Cahangirin “Füzuli kantatası”,Füzuli qüdrətiylə gələcəyə səslənir!

Səslənir hər akkordda duyğuların nidası,Ürəyində oxuyur ellər müğənni kimi.Səslənir Cahangirin “Füzuli kantatası”,Üzeyir dünyasının Füzuli himni kimi.

Tarixin sınağından çıxan bir imtahandır,Bu musiqi şerimi, ya şeir musiqisi?!Füzuli şeriyyəti cahanda bir cahandır.Cahanda bir cahandır Cahangir musiqisi.

İstanbul, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов