Страница 1 из 3

İkinci şəkil

Taxıl tədarükü idarəsinin kontoru. Hər tərəfdə şəkillər və plakatlar asılmışdır. Çoxlu stol və stul var. Camaat oturub. Qurbanov nitqinə yekun vurur.

Qurbanov

Deməli, yoldaşlar, Vətən müharibəsinin bu qəti ilində və düşmənin məhv olub getdiyi bir zamanda bizim idarəmiz daha da möhkəm olmalıdır. İntriqa eləmək, bir-birindən material vermək əclaf faşistlərin xasiyyətidir. Bizim içərimizdə də eləsi var, meydana çıxardaq və qoymayaq ki, taxıl tədarükatı idarəsi zibillənsin.

Rəhilə

İdarə onsuz da zibillidir.

Qurbanov

Bacım, sən hələ cavansan, belə işlərə başını soxma. Sonra sənin tükünü yolarlar. Gözəl saçların var, heyfdir.

Rəhilə

Məndən qabaq yolunası çox saçlar var. İdarəni bu şəklə mən salmamışam ki?!

Qurbanov

İdarənin şəkli xoşuna gəlmirsə, yerini dəyişə bilərsən. O ki, qaldı idarənin zibillənməsinə, onda gərək əvvəlcə sizlərdən başlayaq.

Rəhilə

Bizlərdən niyə? Başdan başlamaq lazımdır.

Gülümov

Rəhilə bacı, bir böyük-kiçik tanıyın, eyibdir, axı.

Qurbanov

Eybi yoxdur, Gülümov! Gərək mübahisə ola ki, həqiqət meydana çıxa. Qaldı kimin zibil olması barədə biz qoskontrolda danışarıq.

Gülümov

Ey kar! İclas qurtardı, dur get banka.

Murad

Danışacağam. Bəs necə?

Gülümov

Gəl görək, gəl, banka gedə-gedə danışarsan. Yoldaş Qurbanov, iclas qurtardı?

Qurbanov

Yox, Gülümov, mən demokrat adamam, sözü var, qoy danışsın. Camaat, qayıdın yerinizə, bu da olsun balaca bir iclas balası. Danış görək.

Murad

Söz vermirsiniz verməyin, mən də yazıb xəbər verərəm.

Gülümov

Danış, danış.

Qurbanov

Camaat material verməyə bəhanə axtarır ha... Danış görək, ürəyimizi üzmə.

Murad

Danış hə... Mənim təklifim budur ki, buraxılış vərəqələri müdirin cibində yox, pul vəsiqəsi kimi kassada saxlanılsın. Bu bir, sonra da ki, anbar qəmsiyə ilə açılıb qəmsiyə ilə bağlansın, çünki Hüseyn hər gələnə anbarı açır.

Hüseyn

Dayı, mənə söz ver, dayı, mənə söz ver.

Qurbanov

Səməndərli, bu sözləri protokola yazma.

Səməndərli

Şuluqluq düşdü, yoldaş Qurbanov, iclası bağlayın.

Murad

Mənim hələ sözüm var...

Qurbanov

Sözün var, ərizə yaz ver, sonra baxarıq.

Rəhilə

Murad, özünə əziyyət vermə. Bunlar sənin kimiləri danışmağa qoymazlar. Sənin danışığın onların ciblərinə zərərdir. (Haray-huray düşür)

Qurbanov

Qurtardı. Dağılın işinizə. Rəhilə, qızım, sənin hələ ağzından süd iyi gəlir. Amma adamla süngü davasına çıxırsan. Qızın süngü davasında nə işi var, qız yara bağlayar, xəstəyə baxar. Raykoma material vermisən, sözüm yoxdur. Baxarlar, yoxlayarlar.

Gülümov, Qurbanov və Rəhilədən başqa hamı çıxır.

Rəhilə

Material verəni axtarmaqdansa, idarədəki yaramazlıqların qarşısını almaq lazımdır.

Qurbanov

Hə, daha baş apardın. Mən səni sığallayıram, sən məni cırmaqlayırsan! Mənə vəzifə öyrətmək sənin kimi uşaq-muşaqlara qalmayıb. Mən min cür məsul işdə olmuşam. Sənin kimilər mənə öyrətməsinlər.

Rəhilə

Elə bu cür işləmisiniz ki, düşüb-düşüb axırıncı pillədə dayanmısınız.

Qurbanov

O da sənin işin deyil. Onsuz da məni tez-gec mərkəzə çağıracaqlar. Mən bu rayonda qalan deyiləm.

Rəhilə

Qalmasan da, partbileti burada qoyub gedəcəksən.

Çıxır.

Qurbanov

Görürsən, necə başıma çıxartmışam? Hamısı mənim bu zəhrimar xasiyyətimdəndir. Arvad görəndə yumşalıb mum kimi oluram.

Gülümov

Materialı bu yazıb, yəqin bilirəm ki, bu yazıb.

Qurbanov

Nə yazıb? Onu mənə de.

Gülümov

Onu da öyrənmişəm. Yazıb ki... bir az namünasibdir. Hamısı sizin barənizdədir. Ağzıma alıb danışmağa da utanıram.

Qurbanov

De, de, ay Gülümov! Böhtana mən adət eləmişəm. Mənim evimi yıxan böhtan olmayıb?

Gülümov

Yazıblar ki, guya, siz içirsiniz.

Qurbanov

Nə içirəm? Çay içirəm, su içirəm, barjom içirəm?

Gülümov

Xeyr, guya, siz spirtli içkilər içirsiniz, pivə, çaxır.

Qurbanov

Görürsən, Gülümov, böhtandır, ya böhtan deyil? Dünyada hamının məndən zəhləsi gedirsə, mənim də pivədən zəhləm gedir. Yenə desəydilər araq, deyərdim, hə, onu da az içirdim ha... İndi çox içəcəyəm. (Acıqla) Sonra?

Gülümov

Sonra? Sonrası da keçir bəzi xırda-para məsələlərə, taxıl məsələsi var, arvad məsələsi var...

Qurbanov

Nə arvad məsələsi?

Gülümov

Yazıb da... Guya sizin gözünüz Qumrudadır. Nə bilim, guya öz arvadınız ola-ola... taxıl məsələsini də bununla əlaqələndirib, yaxşı ki, o on iki tondan xəbər tutmayıb...

Qurbanov

Arvad məsələsində mənim kimi namuslu adam olmazdı, Gülümov! Amma bu söz məni dəyişdirdi. Sən öl Qumrunu alacağam. Acıqla.

Gülümov

Düz deyirsiniz, yoldaş Qurbanov! Almasanız ağzı yumulmaz. Zəhrimar taxıl pis şeydir, hər tonuna azı bir ildən hesab eləyin...

Qurbanov

Heç bilmirəm bu Firuzəni necə başdan eləyəcəyəm. Yaxşı, a Gülümov, deyir qız evində toydur, oğlan evinin xəbəri yox. Bəs Qumru bu işlərə nə deyir? Sonra naz eləyər ha?..

Gülümov

Nazsız qadın olmaz ki, yoldaş Qurbanov. Nazsız qadın, buğdasız anbar – bir şeydir. Amma siz bu qədər məsul işdə olmusunuz, yenə də qadınların xasiyyətini öyrənməmisiniz. Qadın ev kimi bir şeydir. Ev boş olmaz ki... Gərək zinəti olsun. Mükəlləfatı olsun. Siz quru əl ilə balıq tutmaq istəyirsiniz.

Qurbanov

Mən bu saat zinəti hardan alım, ay Gülümov?

Gülümov

O məndə. O məsələni mən düzəldərəm. Bəs hesabdar nəyə lazımdır ki? Bir bu sçotlara baxın.

Qurbanov

Elə şeyləri arxayın vaxtda gətir. İndi başım yerində deyil.

Gülümov

Qumru məsələsində bir az tələsmək lazımdır.

Qurbanov

Bu məsələnin Qumruya nə dəxli var?

Gülümov

Bu kağızlara qol çəkmək Qumru üçün bir mirvari boyunbağı deməkdir.

Qurbanov

Yenə sən başladın? Əşi, hələ birini qurtara bilmirik... Bu lap vicdansızlıq olar axı.

Gülümov

Vicdan, yoldaş Qurbanov, rezin kimi bir şeydir, dartdıqca uzanır. Burada bir-iki ton taxılın söhbəti var, Rəhilə rütubəti artırıb, kolxoz xəbər tutmayıb, mən də dəftərdən keçirməmişəm... Başa düşdünüz?

Qurbanov

Demək, mən sabah Qumrunun boğazında mirvari görəcəyəm.

Gülümov

Sabah nədir, günü bu gün onun razılığını mən şəxsən özüm alacağam.

Qurbanov

Sənə arxayınam. Amma dilinin altına noxud qoy. Mən bir adamam ki, dostluğum da möhkəm olur, düşmənçiliyim də.

Gülümov

Məni işdə sınayıb görərsiniz.

Qurbanov

Gör orada xırda-xuruş var? Bir də evə getmək istəmirəm.

Gülümov

Bu saat. Beş yüz kifayətdir? Yoxsa...

Qurbanov (pulu götürür)

Hələlik bəsdir. Yaz ayağıma, yoxsa yadımdan çıxar.

Gülümov

Ayıb deyilmi, yoldaş Qurbanov? Mənim canım da sizə qurbandır...

Qurbanov

Mən gedim bir az hərarətimi artırım gəlim. Çağır Qumrunu “hə”sini al ki, mən də arvadla işi qurtarım.

Çıxır. Qumru içəri girir.

Gülümov

Bir dəqiqə əvvəl çıxaydın da. İndicə burada idi. Taxıl da yadından çıxıb, tədarükat da, Qumru deyib dad eləyir.

Qumru

Bura bax, Gülümov, ayıbdır səninçün belə sözlər danışırsan. Qurbanov mənim atam yerində kişidir.

Gülümov

Səhvin var, Qumru xanım! Qurbanovun nə yaşı var ki? Hələm-hələm qızın bəxtinə belə adam çıxmaz, adam öz səadətinə göz yumarmı?

Qumru

Bir də bu cür söhbət eləsən, daha məndən yox, özündən küs. Məni ərə verməyə heç kəs səni vəkil eləməyib.

Gülümov

Dünyada yaxşılıqdan yaman şey yox imiş. Qızlar ərə gedəndə sevindiyindən bilmirlər neyləsinlər, bu hələ məndən inciyir də...

Qumru

Vəsiqələr nə oldu? İllik haqq-hesabı tələb eləyirlər axı... Gündə kağız gəlir.

Gülümov

Sən o haqq-hesabların hamısını mənə gətir. Rayon ilə mən özüm danışaram. Balansı da özüm çıxardacağam.

Qumru

Daha yaxşı. Onsuz da mənim öz işim tökülüb qalıb.

Çıxır.

Gülümov

Bura bax, bu, deyəsən, məsələni ciddiləşdirib ha... Qumru xanım!

Dalınca getmək istədikdə, Rəhilə və Ağazadə ilə qarşılaşır.

Rəhilə

Yoldaş Gülümov, axı belə olmaz. Bu cinayətdir.

Gülümov

Böyük səhv eləyirsiniz, yoldaş. Gülümov familiyası ilə cinayət sözünü yan-yana qoymaq özü cinayətdir. Nə olub ki?

Rəhilə

Nə olacaq? Laboratoriyadan keçməmiş taxıl qəbul eləmisiniz.

Gülümov

Mənim xəbərim yoxdur. Dayı məntəqənin müdiri, bacıoğlu anbardar. İstədiklərini eləyirlər. Yoldaş Ağazadə mənim yanıma gəlib? Bəlkə bir sözünüz var.

Ağazadə

Yox, mənim sizinlə hələlik bir sözüm yoxdur. Ancaq maraqlı burasıdır ki, bu kağızlarda sizin də imzanız var.

Gülümov

Siz bilmirsiniz, amma Rəhilə xanım çox yaxşı bilir, bu idarədə hakimi-mütləq Qurbanovdur. O deyəndən sonra mən etiraz eləyə bilərəm? Hesabdaram. Məni elə itirə bilər ki, Gülümov familiyası dünya üzündən götürülər.

Çıxmaq istəyəndə, işləri gətirən Qumru ilə qarşılaşır.

Qumru

Bu da haqq-hesablar, yoldaş Gülümov.

Gülümov

Mənə ver.

Çıxır.

Ağazadə

Salamlar olsun, Qumru yoldaşa!

Qumru

Salam, yoldaş Ağazadə. Rəhilə, məndən nümunə istəmişdin ha, budur tapmışam.

Rəhilə

Bu lap əla taxıldır, görürsən, Rəşid?

Qumru

Aparanda da, seçib yaxşısını aparırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов