Страница 1 из 2

Üçüncü şəkil

İdarənin həyəti. Firuzə və Səməndərli kabinetdən çıxırlar.

Firuzə

Gördün, Səməndərli? Gördün bu kişinin həyasızlığını? Mən də deyirəm niyə gecələr evə gəlmir. Arvadların dişinə baxır.

Səməndərli

Səbirli olun, Firuzə xanım! Bu işin üstündə ona elə gələcəklər ki, hər bir parçası keçilməz altun dənizlərinə birər körpü olacaqdır.

Firuzə

Allah vurmuşdu onu, ondan körpüsalan olar? Mənə deyən gərək niyə ömrünü bu çürük ömrə calamısan ki, bu cür düyün düşüb, gördün şilləni necə yapışdırdım? Hələ onun başına nə oyun açacağam! Nə baxırsan?

Səməndərli

Mən böyük bir ailə faciəsinin şahidi oluram.

Firuzə

Əlbəttə, görənlərin hamısını ora çəkəcəyəm. Məhkəmədə sən də şahidsən.

Səməndərli

Məhkəmədə? Şahid? Məni çağırırlar? Qardaşın dedi?

Firuzə

Heç kəs demədi. Özüm deyirəm. Uzatma, gəl görək. Mən tanımıram, bir-bir o idarələri mənə göstər.

Səməndərli

Gedin, qoy mən sizin həyat dənizinizdə bir fənər olum. (Çıxırlar)

Qumru və Ağazadə içəri girirlər.

Ağazadə

Heç eybi yoxdur, Qumru xanım. Onun sənə olan bu hücumu son hücum idi.

Qumru

Mən bu işi mərkəzdə hər yana yazacağam.

Ağazadə

Rayon partiya komitəsindən, mərkəzdən, hər yandan materialları yoxlamaq üçün bura gəlmişlər.

Qumru

Onlar bununla mənim ağzımı yummaq istəyirlər.

Ağazadə

Sizin dediklərinizi mən qeyd eləmişəm. Heç kefinizi pozmayın.

Qumru

Məni təhqir etdilər. Bu saat bütün idarə bu barədə danışır. Qızın adı çıxınca, canı çıxsın.

Murad içəri girir. Qumru qaçır.

Murad

Bura bax, Rəşid! Mənim qulağım eşitmir, amma gözüm yaxşı görür.

Ağazadə

Nəyi görürsən, ədə, nə deyirsən? Niyə belə ikimənalı sözlər danışırsan?

Murad

Bizim rayonda dörd-beş qurd var, hamısı yığılıb bir yerə. Ayıq olun ey.

Ağazadə

Bunu deyirsən? Amma elə başladın ki, qızın ürəyinə min fikir gəldi.

Murad

Sözümü kəsmə, onsuz da eşidən deyiləm. Rəhiləyə də demişəm ki...

Ağazadə

Nə çox Rəhilədən danışırsan?

Murad

Yavaş, ədə. Çığırma. Ay-hay, əcəb adamsan. Sənə sirr vermək olar? Eşidər, bütün işlər pozular.

Ağazadə

Yavaş deyəndə eşitmirsən. Çığırmağa da qoymursan, bəs mən neyləyim?

Murad

Hələlik sən bir şey eləmə, yoxsa işi salarsan quyunun dibinə. Yaxşı, nə oldu, yoxlayıb qurtarmadın?

Ağazadə

Yoxlamışam. Bütün məsələlər məlumdur. Amma sən onları gözdən qoyma.

Murad

Gedirsən get, amma mən ölüm tez-tez gəl. Sənsiz darıxıram. Vur bura beş qardaşı.

Ağazadə

Al, mən həmişə burdayam, iş qurtarmamış hara gedirəm ki?

Qurbanov və Gülümov gəlirlər.

Qurbanov

Ağazadə, əlin əlimə dəysin. Yoxsa yenə məni katib çağırır? Əşi, bu raykomun taxıl tədarükü idarəsindən başqa işi yoxdur yəni?

Ağazadə

Yox, yoldaş Qurbanov. Sizinçün gəlməmişəm. Ayrı işim var.

Qurbanov

Hə, Allah sənə şükür. Deyəsən, bu gün məni raykom dinc qoyub. Deməli, idarəmdən arxayın olmağa başlayıblar. Yaxşı, sənin ayrı nə işin ola bilər ki?

Ağazadə

Heç, xırda işdir. Xudahafiz, mən getməliyəm.

Qurbanov

Xudahafiz. (Ağazadə çıxır. Qurbanov Gülümova) Bu burada nə hərlənir?

Gülümov

Heç bilmirəm, yoldaş Qurbanov. Demədim Qumru ilə xosunlaşır?

Qurbanov

Sonra məndən xəbərsiz yoxlama-zad eləyər ha... Ayıq ol!

Gülümov

İş yoxlamadan çox məhəbbətə oxşayır. Deyəsən, Qumrunu sizdən qabaq o behləmək istəyir.

Qurbanov

Hər halda, hərtərəfli bütün cinahları bərkitmək lazımdır. Mənim üzümdə qızartı yoxdur ki?

Gülümov

Xeyr, yoldaş Qurbanov! Ağappaq mərmər kimi üzdü.

Qurbanov

Heç bilmirəm bu şillə nə idi arvad mənə vurdu. Bəs Qumru yenə naz eləyir, qaçır, yaxın qoymur. O boyda mirvarini qəbul eləyəndən sonra bu cür əl-ayaq atmaq nə üçün?

Gülümov

Bilmirəm. Özüm də məəttələm. Yəqin demək istəyir ki, azdır.

Qurbanov

Narazılığını bildirmək üçün əcəb üsul tapıb. Yox, mən ki, bir işə girişirəm, şillə deyil, top da atılsa, geri çəkilməyəcəyəm. İrəli, atəş!

Səməndərli içəri girir.

Səməndərli

Hanı atəş? Mən bu saat söndürməyə atəş axtarıram, yoldaş Qurbanov! Göstərin yerini.

Qurbanov

Atəşi mən hələ yaradacağam, Səməndərli! Onda görərsən. Məni raykom ilə qorxudurlar. Qoy hələ gedim bir motoruma benzin töküm.

Çıxır.

Səməndərli

Kişi lap kələfin ucunu itirib. Ekspromt oynayan artistlərə oxşayır. Sən buna nə deyirsən, ey bülbülünü itirmiş zavallı Gülümov?

Gülümov

Çox da arsızlığa vurma. İşlər şuluqdur. Qurbanov ilə bütün haqq-hesabını üz, Ağazadə buralarda çox hərlənir, deyəsən, kişinin başını yeyəcək.

Səməndərli

Bah... mən ölüm ha... Onda gəl əlindən material verək.

Gülümov

Sənin materialına çox inanan var? Axmaq, əlinə düşəni idarədən çıxart, Firuzənin məsələsini tez elə, fürsətdir.

Səməndərli

Fürsəti fot eləməz, aqil məgər nadan ola. Eşitməmisənmi, ey mühasiblərin ən fərasətsizi?

Hüseyn içəri girir.

Gülümov

Budur bax, fərasətsiz buna deyərlər. Bir məsələni qurtara bilmir. Ayağı tələyə ilişəndə ayılacaq.

Hüseyn

Çalışıram, Gülümov dayı, əzbərləmişəm.

Səməndərli

Anbar Hüseyn. Gəl bura görək, bədbəxt!

Gülümov

Anbar, bəzənmisən, mübarəkdir. (Çıxır)

Hüseyn

Paltarım necədir?

Səməndərli

Libas insanın zinətidir. Ürəyin təmiz olmaqdansa, paltarın təmiz olsun.

Hüseyn

Mənimki təmiz deyil?

Səməndərli

İndi cürətli ol. İki üsulun ikisini də işlət, əzbərləmisənmi?

Hüseyn

Yadımdan çıxsa, kağıza baxaram.

Səməndərli

Qorxma, işə giriş. Mən gedirəm, bir bəhanə ilə qızı bura göndərərəm. (Çıxır)

Hüseyn (Öz-özünə əzbərləyir)

Bağışlayız, naxallıq eləyirəm, salaməleyküm. Əleykəssalam. İzin verin sizdən soruşum, adama bu dünyada hamıdan çox nə lazımdır? Xoşbəxt bir yaşayış. Nə lazımdır? Xoşbəxt bir yaşayış...

Rəhilə içəri girir.

Hüseyn

Bağışlayız, naxallıq eləyirəm, salaməleyküm.

Rəhilə

Mənim yersiz salama ehtiyacım yoxdur.

Hüseyn

Bəs bu cavabı düz vermədi ki... Eybi yoxdur, qoy dalını deyim görək nə olur? Bağışlayız, naxallıq eləyirəm, izin verin, sizdən soruşum. Nə soruşum? Zəhrimar yadımdan çıxdı. (Kağıza baxır)

Rəhilə

Siz dəli olmusunuz, nədir?

Hüseyn

Yadıma düşdü. İzin verin, sizdən soruşum, adama bu dünyada hamıdan çox nə lazımdır.

Rəhilə

Bir az əqilli olmaq.

Hüseyn

Bağışlayız, naxallıq eləyirəm...

Rəhilə

Doğrudan da, naxallıq eləyirsən...

Hüseyn

Sözümü kəsmə, cümləm qırılır... siz ki... siz ki, xoşbəxt yaşayış axtarırsınız, xoşbəxt yaşayış bu lələşində, əgər birisi bədbəxt olub ayağınızın altında sürünərsə, ona əlinizi uzatmazsınız?

Rəhilə

Yox. Çünki yerlərdə sürünmək heyvanlara aid xasiyyətdir. Heyvan kimdir?

Hüseyn

Mənəm. Uzadın əlinizi.

Rəhilə

Axmaq! (Getmək istəyir)

Hüseyn

Dayan, dayan, getmə. Adlayıb keçirəm ikinci üsula. (Kağıza baxır) Gör sən dünyada nə qədər xoşbəxt yaranmısan!

Rəhilə

Nə üçün?

Hüseyn

Gör nə düz cavab verdi. Malades. Çünki mən sənə aşiq olmuşam.

Rəhilə

Naxal.

Çıxır.

Hüseyn (bir qədər dayanır, sonra birdən yadına düşmüş kimi qaçır)

Dayan, dayan, hələ dalı var. (Səməndərli ilə rastlaşır) Elə isə, əlvida, artıq Hüseynin ömrü bitdi. Mən özümü öldürəcəyəm.

Səməndərli

Sus, ey bədbəxt? Qabağındakı mənəm.

Hüseyn

Getdi. Üsulların ikisi də boş çıxdı. Evim yıxıldı.

Səməndərli

Rəhiləni almırsan deyə evin niyə yıxılır ki? Ey qara kölgə?

Hüseyn

Başa düşmürsən? Anbarda əskik var. Rəhilə laborantdır. Rütubəti, torpağı çoxaltsam, mənim işim düzələr. Onu alsam, ikimiz bir yerdə pul kəsərik, bildin? Səməndərli, ölən günümdür.

Səməndərli

Sənə bir üsul da öyrədərəm. Üçüncü üsul beş yüz manat. Razısan?

Hüseyn

Sən də günü-gündən qiyməti qaldırırsan?

Səməndərli

Üsul özü qiymətli üsuldur. Beş yüz, artıq-əskik olmaz. Tez ol, tələsirəm.

Hüseyn

Öyrət, keçibdir daha...

Səməndərli

Bəs pullar? Ovcumun içi qaşınır. Say, sakit elə.

Hüseyn

Sən bilirsən ki, mən yanımda pul gəzdirmirəm, sonra verərəm.

Səməndərli

Nisyə bəşəriyyətin ən böyük düşmənidir, zavallı.

Hüseyn

Sən öl verərəm. Keçən səfər vermədim?!

Səməndərli

Çox gözəl, elə isə, ey böyük cani, bil və eşit, üçüncü üsul budur, bax! (Əlilə pula işarə edir)

Hüseyn

Pul. Sən dayımın canı? Onun yolunda varımdan-yoxumdan keçərəm.

Səməndərli

Bu işə nə qədər buraxa bilərsən?

Hüseyn

Nə qədər desən. Bir min, iki min...

Səməndərli

Sus, ey aciz məxluq, bir-iki minə Rəhilə heç sənin üzünə baxıb gülməz də, smetanı böyüt!

Hüseyn

Üç min.

Səməndərli

Qalx, yüksəklərə doğru uç!

Hüseyn

Beş min.

Səməndərli

Pərvaz et.

Hüseyn

Altı min bəsdir.

Səməndərli

Elə isə pulları hazırla.

Hüseyn

Nağd pul yoxdur axı.

Səməndərli

Özün bil, pulun yoxdur, onda daha yuxarılardan yapışma, aşağılardan yapış, aşxanalarda yeməkpaylayan, kinoda biletə baxan, səninkilər belələridir. Dəvəçilə dost olanın darvazası gen gərək.

Hüseyn

O qədər nağd pulu haradan tapım?

Səməndərli

Sus, ey xəsisin biri, xəsis! Sən bu elmlə ali məktəbdə dərs deyə bilərsən. Qənbəri tanıyırsan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов