Страница 2 из 2 · 50%

Hüseyn

Karl Marks kolxozunun briqadiri?

Səməndərli

Hə. Karl Marks kolxozunun briqadiri. Bir ton taxıl artıq buraxarsan. Qənbərdən...

Hüseyn

Olmaz. Arxayın deyiləm.

Səməndərli

Mən cavabdehəm. Nədən qorxursan? Bir ton taxılın əvəzində sənin yanında bir çamadan qoyacaq. İçində də beş min manat.

Hüseyn

Bu Qənbərin məzənnəsidir?

Səməndərli

Bəs nə qədər, məni də yeməyəcəksən ki?

Hüseyn

Kilosu beş qəpiyə düşür.

Səməndərli

Yaxşı, ey mənfur kölgə. Çamadanın içindəki pullar balaladı, bir min artdı.

Hüseyn

Sərf eləməz.

Səməndərli

Bəsdir, özgə malı deyil ki? Hökumətin taxılıdır. Biz də hökumətin balası. Öz atamızın malını yeyirik.

Hüseyn

Yaxşı. Amma buradan çıxartmağı səndən.

Səməndərli

O hazır. Propusk cibimdə.

Hüseyn

Bəs mən pulları o qıza necə verim?

Səməndərli

Onu da öyrədim? Pulları bükərsən bir boğçaya, aranı xəlvət eləyib qabağında diz çöküb, ədəb ilə təqdim eləyərsən.

Hüseyn

Bir söz deməyim?

Səməndərli

Yox, uzun danışsan, ilişərsən. İkicə kəlmə. Ölüm, ya olum.

Hüseyn

O nə deyən sözdür?

Səməndərli

Onun mənasını sənin dayın da başa düşməz.

Hüseyn

Ölüm... İlişirəm, axı.

Səməndərli

Nağd deyil, ona görə ilişirsən. Əlində pul olandan sonra bülbül kimi danışacaqsan.

Hüseyn

Qənbər gəlir, sən ona əhvalatı danış, mən getdim.

Çıxır. Qənbər içəri girir.

Qənbər

Salam, heç kəs yoxdur ki?

Səməndərli

Heç kəs yoxdur. Danış, görək, nə var? Ürəyim partlayır.

Murad içəri girir. Oturub işləməyə başlayır.

Qənbər

Məhkəmə sədrini pul ilə almaq lazımdır, ayrı heç bir əlacı yoxdur.

Səməndərli

Bu gün təzə xəbər eşitmişəm. Məhkəmə sədrinin bacısı Firuzə xanım Qurbanovun arvadıdır. Qurbanov da vurulub Qumruya, arvadını boşamaq istəyir. Nə deyirsən, mən girələyim onu.

Qənbər

Bacarsan, lap nurələm nur olar. Amma buna mənim tədbirim deyərlər. Pul mütləq lazımdır, özü də çox.

Səməndərli

Pul da düzəlir. Anbar Hüseyni tovlamışam, altı verib ondan bir ton götürərsən, hə necədi, əridə bilərsən?

Qənbər

Göydə, bir ton bir ətək pul eləyər. Taxıl bu saat fır-fır fırıldayır. Oldu.

Səməndərli

Oldu. Böyük adamsan, ulu Hürmüzdə and içirəm ki, böyük vücudsan.

Qənbər

Taxılları nə vaxt aparıram?

Səməndərli

Günü sabah. Arabaları götür gəl, doldur sür bazara, vəssalam, di gəl gedək, ey mənim istinadgahım!

Çıxırlar.

Gülümov içəri girir. Stolun dalına keçib işləməyə başlayır.

Qurbanov (yarıkefli içəri girir)

Gülümov, afərin, yenə işləyirsən? İşlə, işlə, material verənlərin qabağına gərək qoz qoyaq.

Gülümov

Canımızı qoymuşuq, yoldaş Qurbanov! Siz rəhbər olan idarədə mən özümü ölümə verərəm.

Qurbanov

Sağ ol, sağ ol. Aşnamsan. Amma Gülümov, bu gün yəqin elədim ki, sənin ruhun yoxdur.

Gülümov

Lap mötəbər mənbədən eşitmisiniz, yoldaş Qurbanov?

Qurbanov

Mənimlə mübahisə eləmə, Gülümov, ruhun yoxdur. Ruhun olsaydı, burda oturub çötkə salmazdın. Gələrdin azsovxoztrestin skladına. Görərdin ki, Qurban Qurbanov taxıl tədarükü idarəsinin markasını necə yuxarı qaldırdı.

Gülümov

Xəbərim olmayıb, yoldaş Qurbanov! Üzr istəyirəm.

Qurbanov

İstəmə, verən deyiləm. Qərəz ki, nə uzadım, raykomda qanım qaraldı, durdum birbaş gəldim azsovxoztrestin skladına, gördüm aşnalarımın hamısı buradadırlar. Dörd adam iki şüşəni gücnən içib qurtarıblar. Təkbaşına üç şüşə vurdum, durdum.

Gülümov

Hansından vurdunuz, Qurbanov? Araq, yoxsa pivə?

Qurbanov

Nə pivə? Çıxart siyahıdan, pivəni sərxoşlar içər. Araq eşq atəşidir.

Gülümov

Məsləyimiz bir-birinə düz gəlir. Mənim də ixtisasım araqdır. Şərabla da aram yoxdur.

Qurbanov

Yox, Gülümov. Burda da səhv buraxdım. Şərab bəşəriyyətin zinətidir. Bütün qədim şairlər şərab haqqında ölməz əsərlər yazıblar.

Gülümov

Moddan düşüb. Zəmanəmizin şairləri bir kəlmə də şərabdan yazmırlar.

Qurbanov

Çünki tapmırlar. Şairə şərabı verən kimdir ki, onu hələ təsvir də eləsin. Şərab insanı yüksəldir, bu gün mən hirsimdən üç şüşə şərabı birnəfəsə içdim.

Gülümov

Bəs nə üçün hirsli idiniz?

Qurbanov

Hirsli olmayıb neyləyim? Raykom katibi üzümə vurur ki, idarəndə yeyirlər, dağıdırlar, arvad buradan gəldi, pul buradan getdi. Böhtandır da, böhtan adamı yandırar axı. Amma ürəyim elə yanır ki, elə bil yağsız tavada balıq qızardırlar. Qoy Qumrunu çağırıb bir stəkan su istəyim, bəlkə barışdı. Qumru!

Murad gəlir.

Murad

Buyurun, yoldaş Qurbanov? Məni çağırırsınız?

Qurbanov

Ədə, sənin adın Qumrudur? Sən Qumrusan?

Murad

Bəli.

Qurbanov

Bu nədir, a Gülümov. Üç şüşə mən içmişəm, niyə bu qələti eləmirəm? Heç bu cür arvad olar?

Gülümov

Kardır, yoldaş Qurbanov, dediyinizi eşitmir.

Qurbanov

Əvvəla ona de ki, müharibə vaxtı kar olmaq yaramaz. Tezliklə qulağını açdırsın. Sonra da adam nə qədər kar olsa, yenə də arvadla kişinin arasındakı fərqi başa düşər. Qumru!

Murad

Buyurun, yoldaş Qurbanov!

Qurbanov

Əstəğfürullah... Xərcim batmadı? Bir də cavab versə, məni tamam ayıldacaq ha... A Gülümov, mən ölüm, bunu çıxart siyahıdan, qoy işimizi görək.

Gülümov

Murad! Get işini gör, yoldaş Qurbanov səninlə deyil?

Murad

Siyahı? Baş üstə, bu saat gətirərəm.

Çıxır.

Qurbanov

Nəyi gətirir? Hara getdi?

Gülümov

Yəqin o elə başa düşdü ki, kağızlara qol çəkmək istəyirsiniz. Gətirməkçün getdi.

Qurbanov

Ay canım, indi mənim kağızlara qol çəkməli vaxtım deyil, xərcim batmadı? Yox, ayıldım. Onu qoyma kağız-kuğazları dartıb gətirsin.

Gülümov

Eybi yoxdur, vaxt tapıb qol çəkərsiniz. On-on beş gündür gecikir.

Qurbanov

Yox, kağızları görən kimi ayılacağam, get onu qoyma.

Gülümov

Baş üstə! (Çıxır)

Qurbanov

Ürək yanğısından ölürəm. Bu Qumru harada qaldı? Qumru!

Firuzə öz evlərindən çıxır.

Firuzə

Nə var? Nə səsini başına salmısan? Zəhrimar!..

Qurbanov

Ağzın şirin olsun.

Firuzə

Hələ sənin ağzını şirin eləyəcəyəm. Onda görərsən. Bu saat raykomu ispalkoma, ispalkomu raykoma qatmışam. Başın qatışıb arvadlara, kül başına, qulağının dibində dünyanı sökürlər, xəbərin yoxdur. Vallah, səni ittifaqda biabır eləyəcəyəm.

Qurbanov

Qulluq işinə qarışma, Firuzə, min kərə sənə demişəm.

Səməndərli içəri girir.

Firuzə

Kəs! Yoxsa, şapalağın birini də yemək istəyirsən?

Səməndərli

Aha, su və şlanq lazımdır. Yanğın qoxusu gəlir.

Qurbanov

Ay Səməndərli, yanan mənim ürəyimdir. Bu arvad mənim ürəyimi yandırdı.

Səməndərli

Səhv eləyirsiniz, müdir, Firuzə xanım kimi qadın dünyada təkdir.

Firuzə

O nə qanır, onun kişi başını yerə soxum.

Qurbanov

Ağzın şirin olsun.

Qumru içəri girir.

Qumru

Utanmayıb hələ məni çağırırsınız da.

Qurbanov

Bu da nə pis vaxtda gəldi.

Firuzə

Ağız ey, nə mənim ərimin başına dolanırsan? Gözümə görünmə, vallah, səni faşist soldatına döndərərəm.

Qumru

Ay ana, mənim sənin ərinlə heç bir işim yoxdur.

Firuzə

Mənə ana deyirsən, ağız? Vaxtında ərə getsəydin, mən boyda qızın vardı. Mənə sataşırsan ay... ay... Yapışın məndən, Səməndərli, yapış məndən.

Səməndərli

Yoldaş müdir, icazə verin arvadınızdan yapışım.

Qurbanov

Yaxşı eşit, Firuş! Mən səninlə yaşamıram və ayrılıram. Yeni həyat başlamaq istəyirəm. Sənin heç bir kəlmə də danışmağa ixtiyarın yoxdur. Sən öl xərcim batmadı?

Firuzə

Qanun var. Məhkəməsiz ayrılmağa ixtiyarın yoxdur.

Qurbanov

O sənin qulluğunda qalsın. Biz ZAQS ilə evlənmişik ki?.. Molla kəbini heçdir. Bizimki qurtardı.

Firuzə

Ay, ay, yapışın məndən.

Səməndərli

Arxayın olun, Firuzə xanım. Mən sizdən bərk yapışmışam, qiyamətə kimi qopmayacağam.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов