Birinci pərdə
Страница 1 из 5
Birinci şəkil
Ucqar kəndlərdən birində “Şəfəq” kolxozunun idarəsi, böyük səliqəsizlik, köhnə formalı rayon telefonu. Divarda iri xətlə yazılmışdır: “Tənqidi və şəxsi tənqidi yüksəklərə!” Səhnədə Salmanov və Mirzə Hüseyn. Pərdə açıldıqda Kərəmov çöldə kiminləsə danışaraq haray-hurayla içəri girir. Mirzə Hüseyn və Salmanov onu görüb, cəld ayağa qalxırlar. Kərəmov onlara əhəmiyyət vermədən stoluna yaxınlaşır və telefonu götürür.
Kərəmov
Qadan alım, barışna, mənə ispalkomu ver. Hardandır? Nə, pojarnı komanda? Atboy ver, ay barışna, ispalkomu ver, ispalkomu. Adə, sən öləsən, bu barışna məni divara yeritmədi? İspalkomdur, hə?.. Hardandır! Yenə pojarnı komanda? Tfu... (Dəstəyi yerinə asır) Lap ağlımın yerini itirmişəm. Üç gündür bu aparatın zəhləsini tökürəm, danışa bilmirəm ki, bilmirəm. Evini kommunxoz yıxsın, ay barışna. İndi bəs nə eləyək? Taxıllar qalıb çöldə, maşınlar çatışmır, araba da yox.
Mirzə Hüseyn
Yoldaş Kərəmov, bəs təmir haqqında fikriniz necədir?
Kərəmov
Fikir haradandır, a kişi? Bu gurultuya fikir davam eləyər? Təmiri kim eləyəcək? Kənd kənd deyil ki...
Salmanov
Dəmirçi Musaya tapşırsaq, iki gündə təmir eləyib, bütün arabaları işə salar.
Mirzə Hüseyn
Yoldaş Salmanov düz deyir, Musa bu işin öhdəsindən tez gələr.
Kərəmov
Yox, yoldaş, o qiymətə sərf eləmir, köhnə dövrün qırıntılarını mənim başıma yığmayın. Fərdi təsərrüfatla əlaqəm yoxdur. Canım, bəs deyil? Dəmirçi Musaya məndən izinsiz iki dəfə iş tapşırmısınız, hələ də sçotları asılıb qalıb xirtdəyimdə. İspalkomun buxalterini tanımırsan? Onun qapısından sçot keçirtmək fitbol topunu o balıq torundan keçirtməkdən çətindir. Ah, bu buxalterlər, buxalterlər. Bağışla ha, Mirzə Hüseyn, kefinə dəyməsin.
Mirzə Hüseyn
Eybi yoxdur, yoldaş Kərəmov, tənqiddən kim inciyər? Ancaq məsələ ondadır ki, arabalar təmir olunmasa, taxıllar çöldə qalıb çürüyəcək, planı yerinə yetirə bilməyəcəyik.
Kərəmov
Olmaz, dedim, qurtardı, bizimkiləri mən yaxşı tanıyıram. O müəllim yoxdur? Pedaqoq deyil, demaqoqdur, zalım oğlu, vallah, adamı dirigözlü yeyər.
Salmanov
Dəmirçi Musanın ki, kolxozçular arasında böyük hörməti var, müəllim nə söz deyə bilər?
Kərəmov
Məni də yandıran odur da... İndi hörmət eləyirlər, amma sabah, kolxoz təftiş olunanda hamı yaxasını qırağa çəkib duracaq. Yenə də mən Kərəmov sinəmi verəcəyəm qabağa. Olmaz, qurtardı, imza Kərəmov.
Mirzə Hüseyn
Nəticə etibarilə yenə də sizi müqəssir edəcəklər.
Kərəmov
Niyə? Məni niyə təqsirləndirirlər? Mən neyləyim ki, kolxozun on arabası var, hamısının təkəri dönüb bizim rayon telefon idarəsinə, bir gün işləyib, on gün bellərinə təpitmə salırlar. Maşınların ki, heç söhbətini eləmək lazım deyil. Bunların hamısını protokolda bir-bir yazdırmışam. A kişi, kənd kənd deyil ki, heç bu cür dünyanın qurtaracağında da kənd salarlar?
Salmanov
Ancaq məhsulun çöldə qalmağı yaxşı deyil.
Mirzə Hüseyn
İndi elə zamandır ki, mincə pud taxıl ömrünü sizə bağışlayar, elə onun üstündəcə bu kolxozçular siz boyda adamı güdaza verərlər. Yox, yoldaş Kərəmov, protokol yazdırmaq öz yerində, onsuz bu kolxozu dolandırmaq olmaz. Ancaq arabir təmir işlərinə də nəzər yetirmək lazımdır.
Kərəmov
Mirzə Hüseyn, sözlərindən bir az iy gəlir ha... Qabaqkı buxalteri elə bu cür sözlərin üstündə işdən çıxartdım. Axır zamanlar bir az sən də kələ-kötür danışmağa başlamısan.
Mirzə Hüseyn
Xeyr, yoldaş Kərəmov, nə danışırsınız? Yoldaş Kərəmov, bu çotkə haqqı, böhtandır. Mənim çörəyim bu çotkədən çıxır, yalan demərəm.
Kərəmov
Sən öləsən, bu kolxozun adını “Şəfəq” kolxozu yox, “Tənqid” kolxozu qoymaq lazımdır. (Birdən gözü divardakı şüara sataşır, əyri vurulduğunu görüb çığırır) O soxanın ucunu düzəldin. (Otaqda hirsli-hirsli gəzişir, sonra oturur) Bəli, deyirlər, bu gün Ziynət xanım təşrif gətirir. Onu Bakıya kolxozçular konfransına göndərdim ki, bir-iki gün qulağım dinc olsun, ancaq yox... Orada nitq irad elədi, qəzetə düşdü, indi də budur, qayıdır, deməli, təzədən düşəcək işə. Canım üçün söz vermişəm, gördüm, bir az o yan-bu yan eləyir, çevirəcəyəm çomağın o biri başını, hələlik, mən ona hörmət eləyirəm necə ki, mən bir mədəni adam, o da zənən xeylağı.
Mirzə Hüseyn
Bəli, yoldaş Kərəmov, Ziynət çox incə vücuddur.
Kərəmov
İncədir, kobuddur başım çıxmır, ancaq onu bilirəm ki, arvaddır. Arvad yıxan evi fələk də remont eləyə bilməz.
Salmanov
Ancaq, nədənsə, kolxozçular onu çox sevirlər.
Kərəmov
Sevsinlər də... Onlarda baş yoxdur ki, kimi sevdiklərini bilsinlər. Onlar dəmirçi molla Musanın da dükanına gedib-gəlməkdən əl çəkmirlər.
Salmanov
Hətta, dəmirçi Musanın özü də Ziynətə hörmət eləyir. Staxanovçudur, qabaqcıl bir qızdır. Nə cür ola bilər ki, kolxoz sədrinin ona qarşı...
Kərəmov (onun sözünü kəsir)
Dayan, Salmanov, deyəsən, sən də atılıb keçdin tənqidə?
Salmanov
Xeyr, yoldaş Kərəmov, mən sizin xüsusi katibiniz olduğum üçün məsləhət eləyirəm.
Kərəmov
Kərəmova məsləhət lazım deyil. Kərəmov nə eləmək lazım olduğunu çox yaxşı bilir. Adə, mən sizin başınızın tükü sanı məsul işdə olmuşam. Yox, gərək bu kolxozuma bir əl gəzdirəm. Gərək bu kolxozda bir nizam-intizam yaradam ki, ixtiyarımda olan bütün adamlar qabağımda kəmərbəstə dayansınlar. Gərək elə eləyəm ki, mənim ağzımdan çıxan söz qanun kitabına yazılsın. Salmanov!
Salmanov
Bəli, yoldaş Kərəmov.
Kərəmov
Təcili kağız yaz. Surəti rayon icraiyyə komitəsinə.
Salmanov
Bəs əsli hara?
Kərəmov
Əsli? Əslini özün bilirsən ki! Rayon partiya komitəsinə. Təkərlər barədə... Mirzə Hüseyn, Kamiləni çağır makinada yazsın. (Mirzə Hüseyn çıxır, Kərəmov əli dalında otaqda gəzib, diktə eləyir) “Şəfəq” kolxozunun, son zamanlarda, mənim rəhbərliyim altında, planı yerinə yetirərək artıqlamasilə ödəməsi və eyni zamanda, qarşıdakı çətinliklərin indidən ləğv edilməsi üçün gördüyüm böyük tədbirlərin...
Kamilə və Mirzə Hüseyn gəlirlər.
Kamilə
Əmi, nə deyirsən?
Kərəmov
Min kərə sənə tapşırmışam ki, idarədə mənə əmi demə. Mən əmiyəm, – evdə, burada – “Şəfəq” kolxozunun sədri yoldaş Kərəmovam. Gəl otur, bu saat taqqa-tuq eləyəcəksən... Salmanov, dalını yaz! Harada qalmışıq!
Salmanov
Mən heç yazmağa başlamamışam. Bayaqdan qələmi çərtirdim.
Kərəmov
Sənin də qələm-dəftərinin düzgün vaxtını görmədim. Nə yaxşı cümlə düzəltmişdim, indi mən onu bir də yadıma necə salım? (Kamiləyə) Yaxşı, dur, sən get evə, lazım olar, çağıraram. Nə üzümə baxırsan? Dur deyilmədi?
Şeyda içəri girir, onların söhbətinə qulaq asır.
Kamilə
Əmi, sən həmişə mənimlə...
Kərəmov
Yenə əmi? Yenə əmi? Sən öl, bu cavanlara söz başa salmaq olmur ha... Mən kiməm? Hə? De görüm, mən kiməm?
Kamilə
Yoldaş Kərəmov.
Kərəmov
Axırı ki, başa düşdün. Di get, xoş gəldin.
Kamilə kədərlə Şeydaya baxıb çıxır.
Kərəmov (Şeydaya)
Yoldaş pedaqoq! Hərçənd bu saat qəbul saatım deyil, ancaq mən, bürokrat deyiləm. Sözünü de, qısa.
Şeyda
Bir elə sözüm yoxdur. Bilmək istəyirdim, gəlib, ya yox?
Kərəmov
Kim?
Şeyda
Ziynət. Bu gün Bakıdan gəlməlidir.
Kərəmov
Mane olma, görürsən ki, raykoma kağız yazdırıram.
Şeyda
Ziynətin gəlməyi barədə?
Kərəmov
Yox, təkərlərin xarab olmağı barədə, mane olma.
Şeyda
Deməli, rayon partiya komitəsinə yazırsan ki, bizim arabalarımızın təkəri xarabdır?
Kərəmov
Necə bəyəm? Yazmayım? Üstünü pərdələyim, gizlədim? Görün, siz Allah, Kərəmova nə təklif eləyir?
Şeyda
Mən onu demək istəyirəm ki, rayon partiya komitəsinə məktub yazmaqdansa, arabaları təmir eləmək lazımdır.
Salmanov və Mirzə Hüseyn onun sözlərini təsdiq edirlər.
Kərəmov (onlara baxır, hirsli-hirsli)
Dayanın görək, siz də hər dəlləyin əlinə saqqal verməyin. (Şeydaya) Bəri bax, atam, qardaşım, niyə qoymursan işimizi görək?
Şeyda
Mən bura Ziynəti xəbər almaq üçün gəlmişəm.
Kərəmov
Ziynəti məndən niyə xəbər alırsan? Ziynət Bakıdan gəlir, mən nə eləyim? Əlimi döşümə qoyub hazır dayanım? Xanımı gözləyim, kolxoz da qalsın öz başına?
Şeyda
Başqa kolxozçular öz nümayəndələrini gül-çiçəklə qarşılayırlar.
Kərəmov (onun sözünü kəsir)
Bəri bax, yoldaş müəllim, sən burada köhnə qayda-qanunu təzədən şey eləmək istəyirsən? Nə idi onun adı? Arabaya oxşayan bir söz idi...
Şeyda
Bərpa.
Kərəmov
Hə, hə, ondan eləmək istəyirsən? Tutmaz. Bir zamanlar vardı, dəmirçi molla Musa da kolxoz üzvü idi, elə maskalanmışdı ki, arvad da gələndə ayağa dururdu. Sən onda yəqin heç şeydə də oxumurdun, nə idi onun adı, istiota oxşayan bir söz idi.
Şeyda
İnstitut?
Kərəmov
Özüdür ki, var. Mən burada kolxoz təşkilatını ələ alanda, sən heç o dediyin yerdə də oxumurdun. İndi gəlmisən bu boyda rəhbərə deyirsən ki, çıx yolun ağzında dayan, nə var, nə var, Ziynət gəlir. Ziynət nümayəndə gedib, çox gözəl, onu kim nümayəndə göndərib? Mən Kərəmov. Onu kim Staxanovçu eləyib? Mən Kərəmov. O gərək gündə neçə dəfə mənim çəkmələrimdən öpsün... Salmanov, yaz görüm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-toy-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Şirin bülbül1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?