Страница 3 из 5 · 40%

Çıxmaq istədikdə Şeyda ilə rastlaşırlar.

Şeyda

Deyirlər, Ziynət gəlib. Bəs hanı?

Mehralı

Budur, buradadır...

Təmraz

Gedək, Mehralı, gedək, ləngimək olmaz.

Çıxırlar. Səhnədə Ziynət ilə Şeyda qalırlar.

Şeyda

Ziynət, xoş gəlmisiniz. Bəs, biz sizi yol ayrıcında gözləyirdik.

Ziynət

Xoş gördük, Şeyda müəllim! Mən sizin tapşırığınızı yerinə yetirdim.

Şeyda

Nə danışırsınız? Deməli, çap eləmək üçün söz verdilər?

Ziynət

Söz də verdilər, çap da elədilər. Budur, qəzeti gətirmişəm. (Qəzeti ona verir)

Şeyda (qəzetə baxır)

Birinci şerimi siz çap elətdirdiniz, Ziynət! Heç bilmirəm sizə necə təşəkkür eləyim?

Ziynət

Təşəkkürü biz sizə eləməliyik. Bakıda hamıya deyirdim ki, bu şeri yazan şair bizim kəndin müəllimidir. Fəxr eləyirdim.

Surxay içəri girir.

Surxay

Ziynət! Kərəmov yolda məni ləngitdi, gecikdim. Gəl görüşək.

Ziynət

Xoş gördük, Surxay.

Görüşürlər.

Şeyda

Surxay, məni təbrik elə, şerim çap olunub.

Surxay

Hanı? (Qəzetə baxır) Hə, təbrik eləyirəm. Ürəkdən sevinirəm. Əlini ver. (Ziynətə) Ömrümdə birinci dəfə şair əli sıxıram.

Şeyda

Çox sağ ol. Yavaş, yavaş, bu cür sıxsan, bu axırıncı şerim olar. Gedim başqa yoldaşlara da göstərim. (Çıxır)

Ziynət

Necə də sevinir.

Surxay

Bəs, sevinməsin? Bakıda, mərkəzi qəzetdə şeri çap olunub. Şer yazmağı bacardığı üçün xoşbəxtdir. Heyf ki, mənim əlimdən gəlmir.

Ziynət

Sənin də əlindən cansız torpaqları canlandırmaq, boz çölləri məxmər kimi bəzəmək gəlir. Məncə, bizim sənətimiz də şairlik kimidir. Elə deyilmi?

Surxay

Deyəsən, Ziynət, Bakıya konfransa gedəndən sonra taxılçılığa eşqin daha da artıb?

Ziynət

Sən heç təsəvvür eləyə bilməzsən, Surxay, bizim alimlərimiz nə qədər maraqlı təcrübələr eləyirlər. Çoxbudaqlı sünbül... Soyuğa davam gətirən sünbül... Biz bu təcrübələrin yaxşı nəticə verməsi üçün gərək elmi təşkilatlarımıza kömək eləyək. Daha kor-koranə yeri sürüb, toxum səpməyin vaxtı keçib. Get-gedə elə olacaq ki, hər bir kolxozçu öz sənətinin alimi olacaqdır.

Surxay

Bakıdan danış. Doyunca gəzə bildinmi? Teatrlara getdinmi?

Ziynət

Vaxt az oldu, yalnız bir-iki tamaşa görə bildim. Öz-özümə söz vermişəm ki, payızda, işimiz az olanda mütləq bir də gedəm. Mənə yoldaşlıq edərsənmi?

Surxay

Sual çox yersizdir. Sənə mən ömrümün axırına kimi yoldaşlıq eləməyə hazıram. Bəs, bu cür təklifə sözün nədir? (Sükut olur, Ziynət bir cavab vermir. Səhnə arxasından Kərəmovun səsi eşidilir) Mənim bəxtim belədir, həmişə səninlə söhbəti bişirib hazır eləyəndə, biri gəlib mane olur. Əsas sualıma cavab ala bilmirəm. (Ziynət gülür) Gülmə, Ziynət! Əvvəl-axır bu sualıma cavab verəcəksən.

Kərəmov və Salmanov içəri girirlər.

Salmanov

Yenə buradadırlar, yoldaş Kərəmov!

Kərəmov

İşləməyə imkan yoxdur ki! Kluba getdim, məşq eləyirlər, teatr çıxardacaqlar. Məktəbə getdim, bir qarhaqur var ki, qulaq tutulur. Burada da belə. Sən öləsən, iş adamı üçün bu kolxozda yer yoxdur. Salmanov, yaz görüm.

Surxay

Biz gedirik, yoldaş Kərəmov, axşama kimi yazın, etirazımız yoxdur.

Kərəmov

Sən nəçisən ki, mənim sözümə etiraz eləyəsən? Ziynət, sabah konfransın gedişi haqqında mənə fikrini yazıb gətirərsən.

Ziynət

Çoxlu təzə qəzet gətirmişəm, yoldaş Kərəmov, orada hamısı yazılıb, verərəm oxuyarsınız.

Kərəmov

Sən öl, əcəb adamlara rast gəlmişəm? Ay qız, kolxoz sədrinin vaxtı var ki, qəzet oxusun? Yaz gətir, işə tikəcəyəm.

Ziynət

Ona söz verə bilmərəm.

Surxay

Yox, yox, yazar, yoldaş Kərəmov, əlbəttə, yazar. Gedək, Ziynət. Bununla çox danışmağın mənası yoxdur.

Surxayla Ziynət gedirlər. Mirzə Hüseyn başıalovlu içəri girir.

Mirzə Hüseyn

Yoldaş sədr! Cəbhədən son xəbər.

Kərəmov

Hesabdar Mirzə Hüseyn, tez danış görək, nə xəbər var?

Mirzə Hüseyn

Göy buludlanır, taxıllar təhlükədədir, təkərlərin təmiri sürətləndirilməlidir.

Salmanov

Hə, bu mühüm xəbərdir. Təkərləri o vəziyyətdə qoymaq olmaz.

Kərəmov

Cəhənnəmə ki!.. Daha mənim başımı dəng elədiniz. Təkərləri tapşırın dəmirçi Musaya.

Mirzə Hüseyn

Sizin bu əmrinizi təbrik eləmək lazımdır, yoldaş Kərəmov.

Kərəmov

Salmanov, indi ki, belədir, protokol yaz. (Gəzib diktə edir) Arabaların təkərləri çox oyan-buyana gedib-gəldiyindən sınıb haldan düşmüşdür. Ona görə də...

İşıq sönür.

İkinci şəkil

Kənd meydançası. Sağ tərəfdə dəmirçi Musanın emalatxanası. Emalatxana bağlıdır. Mehralı onun qarşısında oturub çubuq çəkir. Şirəli kişi gəlir.

Şirəli

Salam, Mehralı! Yenə paroxod kimi nə tüstülədirsən? Uzaqdan baxanda adama elə gəlir ki, Musanın dəmirçixanasına od düşüb.

Görüşürlər.

Mehralı

Hər gün işdən qayıdanda burada bir az nəfəsimi dərməmiş, Musa ilə kəlmə danışmamış evə getmirəm.

Şirəli

Bəs, Musa hanı?

Mehralı

Yəqin evə gedib. Gəl əyləş!

Şirəli

Gedirəm, bir az kitaba-dəftərə baxım. Bu axşam dərsimiz var, axı.

Mehralı (cəld ayağa qalxır)

Lap mənim yadımdan çıxmışdı ha. Vaxtım olmayıb, heç dərsin üzünə də baxmamışam. Gedək.

Şirəli

Heyf, Musanı görmədim.

Mehralı

Musa ilə nə işin var ki?

Şirəli

Onu da kursa gətirmək istəyirəm. Məni keçən iclasda təbliğatçı seçmədilər?

Mehralı

Musa çox tərs adamdır, sən onun dilini bilməzsən. Qoy Surxay bu işlə məşğul olsun. Mədəni-maarif işlərimizə rəhbərlik eləyən odur. Gedək.

Şeyda içəri girir.

Şeyda

Gənc tələbələrə salam.

Mehralı

Əleykəssalam, yoldaş müəllim! Sənə zəhmət verib bir söz soruşmaq istəyirik. Bu gün dərsimiz olacaq, ya yox?

Şeyda

Əlbəttə, olacaq. Necə bəyəm, Mehralı dayı? İstəyirsiniz olmasın?

Mehralı

Yox, oğlum, ehtiyatdan soruşuram ki, yaraqlanıb gələk.

Şeyda

Siz yaraqlanın. Dərsimiz olacaq. Bu gün, Mehralı dayı, birinci sizdən soruşacağam.

Şirəli

Gedək, Mehralı. Bayaqdan deyirdin ki, heç üzünə də baxmamışam.

Mehralı

Yalan niyə deyirsən, a kişi? Müəllimin yanında məni qızartmasana! Elə bilirəm ki, tutuquşu kimi, əzbər. (Gedə-gedə) Yekə kişisən, adam da müəllimin yanında elə söz danışar? (Çıxanda Surxay ilə rastlaşırlar)

Surxay

Salam, a kişilər, bir ayaq saxlayın... Hara belə?

Mehralı

Salam, salam, Surxay, kefin-halın? Bura bax...

Şirəli

Mehralı, axşam dərs var, söhbətə başlama.

Mehralı

Eh... lap yadımdan çıxmışdı ha... Gedək... Xudahafiz, Surxay, elm, adamı ürəkdən söhbət eləməyə də qoymur...

Mehralı ilə Şirəli çıxırlar.

Surxay (Şeydaya əl verir)

Dünən axşam haradaydın?

Şeyda

Bir balaca işim oldu. Necə? Axtarmısan?

Surxay

Axtarmısan da sözdür? Bütün kəndi gəzdim, tapmadım.

Şeyda

Mən dünən axşam Kamiləgildə idim.

Surxay

Kamiləgildə? Deyəsən, onunla xüsusi məşğul olursan, hə, yoldaş müəllim?

Şeyda

Daha oralara əl atma, Surxay! Kərəmov imkan versə, məşğul olaram. Bir vərəq oxumağa qoymadı. Bilirsən, nə qədər danışdı.

Surxay

Demək, siz sevgini kitab kimi vərəq-vərəq oxuyursunuz?

Şeyda

Hələ yox, məsələ çiydir, bişməyib.

Surxay

Yadındadır, uşaqlıqda oxuyardıq ha: noxudu çiydir bişməyib hələ, ocaqdan yerə düşməyib hələ. Demək, sizin işiniz də belədir, hə?

Şeyda

Sən dünən axşam məni bu cür şerlər oxumaq üçün axtarırdın?

Surxay

Yox, mən o dərəcəyə çatmamışam ki, şairə şer oxuyum. Divar qəzetinin materiallarını sənə çatdırmaq lazım idi. Bu nömrəni gərək yaxşı buraxasan, qoy bütün cavanlar hiss eləsinlər ki, redaktor həm müəllimdir, həm də şair.

Şeyda

İndi dərnəyə gedirəm, sonra evdə olacağam. Materialları çatdırarsan. Divar qəzetinin bütün məqalələrini kolxozun işinə həsr eləyəcəyəm. (Yavaşdan) “Kommunist” qəzetinə bir məqalə də göndərmişəm. Kərəmovu bərk tənqid eləmişəm.

Surxay

Əcəb eləmisən. Amma, orası var ki, məqalə çıxandan sonra Kamilədən əlini üz.

Şeyda

Möhkəm sevgi olandan sonra heç kəs mane ola bilməz. Bir şeir var, deyir ki: “Gər cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz”. Gedək.

Şeyda çıxmağa hazırlaşır. Surxay da onunla getmək istəyir, ancaq bu zaman Ziynət səhnəyə gəlir. Surxay onu görüb geri qayıdır.

Surxay

Yox, yox, sən get, mən getməli olmadım.

Şeyda

Nə üçün?

Surxay

Böyük bir qüvvə məni getməyə qoymadı.

Şeyda

Hə, başa düşdüm. Yaxşı, sən qal... (Gedir)

Ziynət

Surxay, sənsən? Burada neyləyirsən? Taxıllardan xəbərin olmadı? Arabalar işə düşdümü?

Surxay

Haradan bilim? Ziynət can! Mənim öz arabam sınıb qalıb yolun ortasında, kömək eləyib qaldıran yoxdur.

Ziynət

Onun heç eybi yoxdur, məni bu saat elə xırda məsələlər maraqlandırmır.

Surxay

Çox sağ ol, deməli, mən səninçün xırda məsələyəm?

Ziynət

Məgər, sən özündən danışırdın?

Surxay

Əlbəttə. Arabam sınıb deyəndə, özümə işarə eləyirəm.

Ziynət

Özünü sınıq arabaya oxşadırsan? Əcəb işarədir.

Surxay

Sınıq araba, yəni, sınıq ürək. Mən çox dərin məsələlərə əl atıram, Ziynət.

Ziynət

O cür dərinlikləri mən başa düşmürəm, savadım azdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов