Страница 4 из 5 · 60%

Surxay

Savadın azdır, gəl mənim kursuma, səni savadlandırım. Nə vaxtacan bu cür geridə qalacaqsan?

Ziynət

Ciddi ol, Surxay!

Surxay

Nə istəyirsən, olum, Ziynət can! Ancaq icazə ver səninlə işarəsiz danışım, ürək sözümü birdəfəlik açıb deyim. Sən də qəti bir cavab ver, ya oyanlıq olsun, ya buyanlıq. Daha mənim səbrim qalmayıb.

Ziynət

Nə demək istədiyini başa düşmürəm.

Surxay

Bu saat səni iki kəlmə ilə başa salım.

Ziynət

Bu saat mənim vaxtım yoxdur. Kamiləni axtarıram, gələndən sonra görməmişəm. Onu götürüb gələcəyəm kluba. Sən də gəl, orada danışarıq.

Zalxa içəri girir.

Zalxa

Qəribədir, bunlar da burda xosunlaşırlar. Bu gün kənd dönüb olub pıçıpıçıxana, hər kolun dalından bir cüt çıxır.

Ziynət

Zalxa xala, danışığınıza fikir versəniz pis olmaz. (Gedir)

Zalxa

Buna bax ha, hələ forsuna da dəyir! Kolxoz dönüb xaraba dəyirmana, bunlar burada başlayıblar, pıçhapıç...

Surxay

Zalxa xala, siz özünüz heyətin üzvüsünüz...

Zalxa

Mən heyətin üzvüyəm, siz də briqadirsiniz. Orada-burada bir-birinizin qulağına söz deməkdənsə, işinizi təşkil eləyin.

Surxay

Düz sözə nə deyim. Onda mən getdim. (Getmək istəyir)

Zalxa

Dayan, əvvəlcə bir de görüm, məni niyə kursa yazmamısan? Yaraşmıram, yoxsa, xoşuna gəlmirəm?

Surxay

Ay arvad, daha niyə çığırırsınız, istəyirsiniz, yazım.

Zalxa

İstəyirsiniz nədir? Harada siyahı tutdular, başda gərək mənim adım olsun. Bunu sən özün öz həvəsinlə başa düşürsən, yoxsa, mən başa salım?

Surxay

Başa düşürəm, bu saat yazım. (Cibindən kağız çıxarır) Zalxa kim qızı?

Zalxa

Gorbagor qızı. Gorbagor vaxtında məni oxutsaydı, indi sənin kimilərə möhtac qalmazdım! Yaz!

Surxay

Yazdım.

Zalxa

Nə yazdın? Oxu görüm.

Surxay

Savad kursuna yazılanlar: birinci Zalxa Gorbagor qızı. Özünüz dediniz, mən də yazdım.

Zalxa

Hə, gorbagor sənin Kərəmovundur. Poz onu.

Surxay

Pozdum. Bəs, atanızın adı nədir? Canım üçün yadımdan çıxıb.

Zalxa

Çıxar da... Növrəstələr əlindən səndə baş qalıb ki, mənim atamın da adı onun içində olsun?

Surxay

Zalxa xala, sizin əlinizdən bu kənddən qaçım? Ay arvad, nə üçün bu gözəl həyatı mənim başıma dar eləmisiniz?

Zalxa

Hələ bu harasıdır? Bu kolxoz qaydasına düşməyincə rahat duran deyiləm. Sizə mən bir toy tutacağam ki, ananızdan əmdiyiniz süd burnunuzdan qaynaya-qaynaya tökülsün. Bəs, Kərəmov haradadır?

Surxay

Mən nə bilim? Kərəmovu güdmürəm ki!

Zalxa

Onu axtarmağa gedirəm. Gərək başına bir oyun açım, Əsli Kərəmi əzbərdən oxusun. (Gedir)

Dəmirçi Musa evindən çıxıb dükana sarı gedir. Surxay getmək istədikdə, onu görüb dayanır.

Surxay

Musa dayı, atanızın adı nədir?

Musa

Mənim atamın adı sənin nəyinə lazımdır, övladım.

Surxay

Sizi savad kursuna yazıram. Adınızı qeyd eləmişəm, amma sağ tərəfi boş qalıb. Təcili surətdə atanızın adını bilmək lazımdır.

Musa

Yazılmıram və atamın da adını deməyəcəyəm.

Surxay

Yaxşı kursdur, Musa dayı, Şeyda müəllim dərs deyir. Kəmsavad kolxozçuların hamısı yazılıb.

Musa

Mən yazılmıram.

Surxay

Axı, niyə? Bir məni başa salın görüm, nə üçün yazılmaq istəmirsiniz? Kolxoza girmirsiniz, savad kursuna yazılmırsınız, kolxozun verdiyi sifarişləri qəbul eləmirsiniz. Açıq deyin, görək, fikriniz nədir?

Musa

Çəkil gözlərimin səkisindən. Sənə elə tərs nəzər ataram ki, əriyib muma dönərsən. Yazılmıram, dedim, qurtardı.

Surxay

Hirslənməyin, a kişi, söz məsləhətdən keçər. Başqaları oxuyur, savadlanır...

Musa

Başqalarının mənə dəxli yoxdur. Mən birdəfəlik özümə söz vermişəm ki, bu kənddə heç bir işə qarışmayacağam.

Surxay

Nə üçün? Bir məni də başa salın.

Musa

Sən onu başa düşməzsən. Çünki tarixdən xəbərin yoxdur. Bu camaatın dərdinə hamıdan çox mən qalırdım. Birinci mən özüm dedim ki, gəlin kolxoz təşkil eləyək. Yığıldıq, məsləhətləşdik... Elə bu vaxt Kərəmovu rayonda işdən götürüb göndərdilər kəndə. Gələn kimi də mənimlə kəllə-kəlləyə gəldi, üstümə böhtan atdı, məni molla adlandırdı, nə bilim, nə həngamə çıxartdı... Hə, mən də çəkilib durdum bir qıraqda. Qurtardı. Kərəmov olan yerə Musanın ayağı dəyməz. Mən bu saat ancaq dünya üzündə bir nəfərin dərdini, həsrətini çəkirəm.

Surxay

Bəs, o bir nəfər kimdir?

Musa

Sən onu başa düşməzsən, çünki cavan beyni hələ o cür dərin məsələləri dərk eləyə bilməz.

Surxay

Bilməz, bilməz, mənim daha ayrı sözüm yoxdur. Elmi söhbətimiz qurtardı. Deməli, yazılmırsınız?

Musa

Sözü bir dəfə deyərlər.

Surxay

Çox gözəl, demək dəftərdə sizin adınızın qabağında belə bir işarə qoymaq lazımdır.

Musa (kağıza təəccüblə baxır)

O nədir?

Surxay

Sual işarəsi.

Ziynət və Kamilə gəlirlər.

Ziynət

Surxay, sən bayaqdan burada neyləyirsən? Bəs, kluba getmirsən?

Surxay

Qızlar əmr eləyəndən sonra ölümə də gedərəm.

Kamilə

Şeyda haradadır?

Surxay

Bura bax ey, Kamilə bacı, siz nə çox Şeydanı xəbər alırsınız?

Kamilə

Mən ondan kitab almaq istəyirəm.

Surxay

Maraqlıdır, siz bu kitabları nə vaxt oxuyub qurtaracaqsınız?

Ziynət

Yaxşı, qızı utandırma. Şeyda müəllimi də tap, gəl kluba.

Ziynətlə Kamilə gedirlər.

Surxay

Musa dayı, salamat qal, mən getdim.

Musa (halsız divara söykənir)

Dayan, getmə, yaxın gəl, mənə kömək elə.

Surxay (onun qolundan tutur)

Nə oldu, Musa dayı? Ürəyiniz xarab oldu, nədir?

Musa

Mən insanların ən bədbəxtiyəm, Surxay. (Yavaşdan) İki saniyə bundan qabaq səninlə söhbət eləyən qızın ismi nədir?

Surxay

Hansını deyirsiniz, Musa dayı, onlar bir cüt idilər.

Musa

Mənim gözlərim yalnız birini gördü. O kimdir?

Surxay

Kərəmovun qardaşı qızı, kolxozun makinaçısı Kamilə.

Musa

Sükut! Onu soruşmuram, o biri kim idi?

Surxay (öz-özünə)

Aha, deyəsən, şərik çıxdı. (Bərkdən) Onun adı Ziynətdir.

Musa (öz-özünə)

Ziynət, Ziynət! Haradasan? Sən indi haradasan?

Surxay

Mən yerini bilirəm, gedim çağırım?

Musa

Yox, dayan dedim, qurtardı. O səni hara çağırırdı?

Surxay

Heç, elə-belə söz soruşurdu.

Musa

Nə soruşurdu?

Surxay

Deyirdi, kluba gedirik, sən də gəl.

Musa

Orada nə var?

Surxay

Savad kursu.

Musa

O da kursa gedir?

Surxay

Gedir, bəs, necə?

Musa

Bunu mənə bayaqdan niyə demirsən! Razıyam, məni də o kursa yaz.

Surxay

Ay sağ ol. Atanızın adını təcili deyin.

Musa

Atamı bura qarışdırma, yaz dəmirçi Musa. Qurtardı.

Surxay

Lap vaxtında qurtardı. Yazdım. İcazə verin, gedim. Qızların gözləri yoldadır, mənsiz bir dəqiqə dayana bilmirlər.

Musa

Yox, dayan, dərdimə qulaq as. Sirrimi yalnız sənə açıram. Düz on beş ildir ki, bir canlar alan afət mənim ürəyimi qıfıllayıb, açarını da özü ilə aparıb.

Surxay

Təzə açar düzəlt!

Musa

Sükut. Hələ mətləb uzundur, axırına qulaq as.

Surxay (öz-özünə)

Evim yıxıldı. Bu keçdi tərcümeyi-halını danışmağa.

Musa

O zaman mən bir qız sevirdim ki, həyata zinət, gəncliyə zinət, eşqə, məhəbbətə zinət idi.

Surxay

Adı da Ziynət idi?

Musa

Adı adına oxşayırdı, özü özünə...

Surxay

Deməli, bütün ölçüləri düz gəlir?

Musa

Sükut! Sözümə qulaq as. On beş il bundan qabaq mən onu itirdim. O zamanlar kənd hələ köhnə paltarımı atmamışdı, qolçomaq canavar kimi idi. O, gül kimi soldu. Mən kasıb bir dəmirçi ona heç bir kömək edə bilmədim. Mənim ürəyim də onunla bərabər soldu. İndi...

Surxay

Çox gözəl, keçin indiyə...

Musa

İndi... Bu Ziynət, elə bil, onun təkrarıdır. Köhnə eşq mənim ürəyimdə təzədən qaynamağa başlayıb, Surxay! Başa düşürsənmi?!

Surxay

Çox gözəl başa düşürəm. Köhnə eşq, köhnə şərab kimi çox tünd olur.

Musa

Qulaq as, Surxay, gecələr yata bilmirəm, gündüzlər işləyə bilmirəm. Onun o gül sifəti gəlib gözümün qabağında dayanır. Axı, sən özün söylə, onu kim sevməyə bilər?

Surxay

Qəribə işə düşmüsünüz, Musa dayı.

Musa

Bir kəlmə söz de, ürəyimə təsəlli olsun.

Surxay

Nə deyim? Söz tapıram ki?

Musa

Onun da məni sevəcəyinə ümid edə bilərəmmi?

Surxay

Bir az gec başlamısınız, Musa dayı. Bu görkəmlə, bu saqqalla ağlım bir şey kəsmir.

Musa

Sükut! Bağla söz körüyünün ağzını, mən təmiz məhəbbətdən danışıram, ağılsız cavan! Təmiz məhəbbətin qabağında görkəmin, saqqalın nə mənası var?

Surxay

Sizdə ayrı aləm varmış, Musa dayı!

Musa

Ancaq bu söhbətlər öz aramızda: bir sən bilirsən, bir mən. Bir də onun özünə deyərsən, vəssalam, qurtardı.

Surxay

Arxayın ol! İndi mən gedə bilərəm?

Musa

Get, tez bir xəbər gətir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов