Страница 1 из 4

Proloq

– Sevil gəlmədi.

– Nə üçün?

– Babası qoymur.

Mən bu sözə çox təəccüb elədim. Axı, Sevilin dram dərnəyində iştirak eləməsinə babasının etirazı yox idi. Bircə şərti var idi deyirdi ki, qız uşağı gecə, tamaşadan sonra şəhərdən kəndə tək qayıda bilməz, ona görə gərək hər dəfə onu maşınla gətirəsiniz. Baba haqlı idi. Yol qısa olsa da (şəhərdəki mədəniyyət evi ilə Quşluq kəndinin arasında cəmi bir kilometr məsafə var idi, kənd şəhərə calaşıq kimi idi), Sevil gecə vaxtı gedə bilməzdi, qorxardı; ona görə də biz həmişə bu şərtə əməl edirdik. Tamaşadan sonra taksi tutub Sevili evə maşınla aparırdıq. Baba da bundan çox razı idi.

Bəs indi nə olub ki, kişi öz sözündən qaçır?

Biz “Şeyx Sənan”ı hazırlayırdıq. Sevil də orada Xumarın rolunu oynayırdı. Onsuz necə tamaşa verə bilərdik? Əvəz edəcək heç kəs yox idi.

O gün məşq baş tutmadı, sabahı gün kənddə Sevillə görüşdük. (Sevil bu il onilliyi bitirib, Quşluq kəndinin kitabxanasında işləyir). Məqsədimiz böyük bir dəstə ilə qoca Məcid kişinin yanına getmək və nəvəsinin tamaşada iştirakına icazə verməsini xahiş etmək idi. Ancaq məsləhət olmadı. Sevil işin nə yerdə olduğunu bizə başa saldı; məlum oldu ki, bir neçə ay bundan qabaq Quşluq kəndinə bir molla gəlib, nə cür hiylə işlədibsə, az zamanda bütün qoca-mocaları alıb əlinə. Hətta gör iş nə yerdədir ki, Məcid kişi kimi qabaqcıl bir qoca da onun təsirinə düşüb (molla məsciddə deyib ki, uşaqlarınızı şəhərə getməyə, teatr oynamağa qoymayın. Mollanın bu sözündən sonra babası Sevilə elə qanun-qayda kəsib ki, gəl görəsən!).

Sevil uşaqlıqda ata-anasını itirdiyi üçün babasını üçqat məhəbbətlə sevirdi, onun əmrindən çıxmazdı, sözünün üstünə söz qoymazdı. Odur ki, bizi geri qaytardı, babasının yanına təvəqqəyə getməyi də məsləhət görmədi, bildirdi ki, sözümüz yerə düşəcək.

İndi bəs nə olsun? Molla Şirəlinin bircə kəlmə sözü ilə dərnəyimiz dağılsın?

Yox, dərnəyimiz dağılmadı. Hadisələrin necə inkişaf etdiyini, təsadüfün necə bizim köməyimizə çatdığını icazə verin, səliqə ilə, tələsmədən danışım.

1

Molla Şirəli uzun, arıq, kosa bir adam idi. Sifəti qapqara idi. Burnu elə idi ki, elə bil qabıqlı-qabıqlı közdə bişirilmiş kartofu üzünə yapışdırıblar. Üzünün ora-burasında intizamsız bitən cod tüklərin hər biri qara tikana bənzəyirdi, gözləri nöyütü rəngə çalırdı.

Molla Şirəlinin əlindən hər iş gəlirdi: məsciddə camaatın qabağında namaz qılmaq, moizə oxumaq, məhərrəmlikdə rövzəxanlıq eləmək... Bunlardan başqa hələ cindarlıq da bacarırdı, cadu da eləyirdi. Sevgilini sevgiliyə çatdırmaq, ər ilə arvadı bir-birindən ayırmaq, düşməni dost, dostu düşmən eləmək Molla Şirəlinin əlində su içmək qədər asan bir iş idi. Heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. Hərəni bir cür şirin dillə yola salırdı. Bütün dərdlərin də çarəsini aparıb bağlayırdı Allaha. Buda elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı.

Qabaqcıl kolxozçular, xüsusən cavanlar bilmirdilər bu mollanın öhdəsindən necə gəlsinlər.

Kim idi, əvvəllər harada olmuşdu, əslində nə sənətin sahibi idi – bilən yox idi. Bu barədə özündən soruşanda Molla Şirəli cavabı elə dolaşıq, elə dolambac yollardan keçirib verirdi ki, bir kəlmə də başa düşmək olmurdu.

Şəhərin parkında hər gecə gəzinti olurdu. Gənclərin yay istirahəti çox şən keçirdi. Ətraf kəndlərin gəncləri də maşınla, motosikletlə, velosipedlə, hətta piyada bu şənliklərə gəlir və özfəaliyyət dərnəklərinin konsertlərində iştirak edirdilər. Yalnız Quşluq kəndindən bu şənliyə axır zaman az adam gəlirdi.

2

İndi Molla Şirəli Quşluq kəndində kefini çəkməkdə olsun, biz sizinlə bərabər keçək şəhərə.

Bizim şəhərin qəribə quruluşu var; üç tərəfdən dağlıqdır, bir tərəfdən düzənlik. Dağlıq hissəsi dəniz səthindən neçə yüz metr yuxarıdır və xırda-xuruş evlərlə, daxmalarla doludur. Aşağıdan baxanda adamda elə təsəvvür yaranır ki, bu evlər, daxmalar kimdənsə qaçıb dağlara dırmaşıbdır. Yuxarıda bir dənə təzə evə rast gəlməzsən, bütün təzə tikintilər, idarələr, kino, mədəniyyət sarayı, aşağı hissədə yerləşir. Maşınla yuxarıdan aşağıya beş-on dəqiqəyə gəlmək olur, ancaq bu beş-on dəqiqənin içində elə bil on beşinci əsrdən iyirminci əsrə sıçrayış eləyirsən.

Bu on beşinci əsr ilə iyirminci əsr arasında, yəni şəhərin düz ortasında, “Azərşərab”ın dükanının yanında hər gün bir adama rast gəlmək olurdu. Bu adam vaxtının çoxunu həmin dükanın qabağında keçirirdi. Gəlib-gedən mərhəmət eləyib yemək-içmək versəydi, kefi kök, damağı çağ yaşayacaqdı, belə bir mərhəmət olmayan günlərdə isə yalnız iy çəkməklə kifayətlənərdi.

Bu adam Cəlilbəy idi. Cəlilbəy bizim şəhərin bəylərindən birinin oğlu idi. Atası yersiz-yurdsuz, torpaqsız olduğundan Lüt bəy adı ilə məşhur idi. Sənəti də onun-bunun hesabına dolanmaqdı. Atadan oğula yalnız bircə şey miras qalmışdı: tüfeylilik.

Cəlilbəy gödəkboy, kök bir adam idi. Sifəti elə çiy idi ki, elə bil mayası az olan xəmirdən qayrılmışdı, bu xəmiri elə bil hər tərəfdən çimdikləmişdilər. Gözlərinin altı, yanaqları, buxağı tuluqlanıb sallanırdı, başının ortasında tük yox idi, kənardakı tüklər isə həmişə pırpızlaşmış şəkildə olurdu. Nə bilim neçə illər bundan qabaq alınmış şapka o qədər yağışa düşmüşdü ki, bürüşüb başının bir tərəfində qalırdı, kostyumu isə... nə deyim bu kostyumu təsvir eləmək çox çətindir; yalnız göz ilə görmək lazımdır. Şalvar daralıb kök qıçlarına yapışmışdı, pencək gödəlib belində dayanırdı. Cəlilbəy yaz-qış bu kostyumda olurdu. Qarpızın qabıqsız yetişdiyini təsəvvür eləmək mümkün olmadığı kimi, Cəlilbəyi də bu kostyumsuz təsəvvür etmək mümkün deyildi.

Cəlilbəyin həyatı başdan-başa işıqlardan və kölgələrdən ibarət idi. İndi bu saat o, həyatının ən işıqlı zamanını yaşayırdı. Ancaq belə “xoşbəxt dəqiqələr” uzun çəkmirdi. Çünki işıqda oturub qara ilə məşğul olmaq və nəzərə çarpmamaq mümkün deyil! (Sadə dil ilə desək, qara və şübhəli işlərlə məşğul olduğu üçün Cəlilbəy dəfələrlə həbsxanaya düşmüşdü).

Siz yəqin təəccüb eləyirsiniz. Cəlilbəy nə böyük vücuddur ki, mən onun təsvirinə bu qədər vaxt sərf edirəm. Düzünü desəm, o heç mənim özümü də maraqlandırmır; yatsam, yuxuma da girməz. Ancaq məsələ ondadır ki, Molla Şirəlinin par-par parıldayan ulduzunun batmasına həmin bu Cəlilbəy səbəb oldu. Ona görə də sizə təqdim eləməyə özümü borclu bildim.

Ancaq icazə verin qabağa qaçmayım, əhvalatı sırası ilə nəql edim.

3

Quşluq kəndi ilə şəhər arasında, böyük bir çinarın altında avtobus stansiyası var. Bu stansiyanın müdiri Ağarəhim bizim dərnəyin üzvüdür, komikdir, gülməli rollar oynayır.

İsti yay günlərindən birində, yəni bizim məşqlərimiz pozulandan iki-üç gün sonra Cəlilbəy bir də ayılıb gördü ki, bu avtobus stansiyasındadır, ha fikirləşdisə bura necə gəlib çıxdığını yadına sala bilmədi. Səhər-səhər “Azərşərab”ın müştəriləri onu qonaq eləmişdilər. Acqarına iki yüz qram araq, yüz qram konyak Cəlilbəyi bir hala salmışdı ki, qabağa yerimək istəyəndə, ayağı onu dala çəkirdi. Yuxarıya, evlərinə getmək istəmiş, amma gəlib stansiyaya çıxmışdı.

Cəlilbəy öz məhvərinin üstündə bir-iki dəfə fırlandıqdan sonra Ağarəhimini yanında oturdu və ondan bir papiros istədi. Ağarəhim burnunu tutub bir az yana çəkildi.

– Bəy sağ olsun, yenə səhər-səhər həftəlik iyi verirsən.

Cəlilbəy papirosu alıb Ağarəhimə baş endirdi və cavab vermədən otun üstündə oturdu. Papirosu çəkdikdən sonra uzandı və həmin dəqiqə gözünü yuxu tutdu.

Ağarəhim iki avtobus qəbul elədi, bilet satdı, bu avtobusları yola saldı, amma Cəlilbəy oyanmadı. Sərnişinlərin səs-küyü, hambalların haray-hurayı Cəlilbəyə təsir eləmədi. O, ölü kimi düşmüşdü, hərdənbir bala-bala xoruldayırdı.

Yalnız günortadan sonra, Ağarəhim pulları banka təhvil verib geri qayıdanda gördü ki, Cəlilbəy yuxudan ayılıb, otun üstündə oturubdur.

– Ağarəhim, içəridə yeməli nəyin var?

Onun bu sualı Ağarəhimi lap əsəbiləşdirdi:

– Bura səninçün baqqal dükanıdır?

Cəlilbəy əl çəkmədi:

– Evdən yeməyə bir şey gətirməmisən?

– Yox, mən naharı burda eləmirəm!

Ağarəhim onsuz da dilxor idi. Cəlilbəyin gənə kimi yapışıb qopmaması onu lap darıxdırmışdı.

Ağarəhim içəridən bir kətil gətirib oturdu. Burdan, onun dayandığı yerdən Quşluq kəndinin küçəsi əl içi kimi görünürdü. Odur, bir dəstə uşaq bir həyətdən qaçaraq ayrı bir həyətə girdi... Bir arvad çiynində bardaq bulaqdan su gətirir... Odur, ağacların arasından bir dəstə adam çıxdı, qabaqlarında da molla paltarında bir nəfər. Yəqin məscidə, ikindi namazına gedirlər...

Ağarəhim başa düşdü ki, Sevili məşqlərə gəlməyə qoymayan həmin bu molladır. Ayağa qalxdı, diqqətlə baxmağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов