Страница 3 из 4 · 50%

Onların qulaq asmadıqlarını görüb Molla Şirəli dişini-dişinə qısaraq yavaşdan dedi:

– Canım, qoy işimizi görək, bura məsciddir, mestkom iclası deyil ki?

Ağarəhim:

– İkinci və axırıncı sual, Molla Şirəlinin qolundan tutdu. Molla dartındı, ancaq qolunun məngənəyə düşdüyünü görüb zora salmadı, o vəziyyətdə dayandı. Ağarəhim bir az yavaşdan dedi:

– İkinci sualım odur ki, əgər birisi özünü yalandan tülkü ölülüyünə qoyub üç il dustaqxanada yatdığı yoldaşını tanımaq istəmirsə...

Molla Şirəli sualın dalına qulaq asmadı. Qəfildən qolunu dartıb Ağarəhimin əlindən qurtardı, namaza düzülmüş qocaların yanına getdi.

Namazı necə qıldığı yadında deyil, dodağının altında nə isə mızıldadı, heç ayə, surə də oxumadı. Qurtaranda da məscidi bağlamaq üçün hamının getməsini də gözləmədi, camaata qarışıb çıxdı. Ancaq zəhlətökən müştəridən qurtarmaq üçün bunun da xeyri olmadı.

Məsciddən çıxan kimi qocaların hərəsi bir tərəfə getdi. Molla Şirəli tək qaldı. Bu zaman həmin sualbaz adam (Ağarəhim) ona yaxınlaşdı.

– Molla əmi, siz mənim ikinci sualıma axıra kimi qulaq asmadınız...

Molla Şirəlinin səbir kasası daşdı, onsuz da gərgin olan əsəbləri qırıldı. Ətrafda heç kəs olmadığını görüb Ağarəhimin pencəyinin yaxasından yapışdı:

– Əl çəkməzsən məndən, əbləh oğlu əbləh!.. Prokurorsan məgər, dəqiqədə bir sual verirsən?

Bu hücum Ağarəhimə heç bir təsir eləmədi (O, elə güclü idi ki, həmişə iri dekorasiyaları həyətdən tək əli ilə səhnəyə çıxarardı). Molla Şirəlinin iki biləyindən tutub yavaşca sıxdı. Molla Şirəli qabağındakının hərif olduğunu başa düşüb, yalvarıcı səslə soruşdu:

– Ay qardaş, axı sən məndən nə istəyirsən?

– İkinci sualıma cavab istəyirəm.

– Cavabı odur ki, səhv eləmişəm. Qələt eləmişəm... Bəy dadaşa de ki, nə vaxt istəyir, onu doğma qardaşım kimi qəbul edəcəyəm.

Bu cavab Ağarəhimi tamam qane elədi, mollanın qollarını buraxıb gülümsündü və hörmətlə baş əyib ondan ayrıldı.


Molla Şirəli qoca bir qarının evində tək yaşayırdı. Arvadın gözü yaxşı görmürdü, qulağı pis eşidirdi; ancaq bu onun nöqsanı yox, məziyyəti idi, çünki Molla Şirəli gözü-qulağı iti olan adamları sevmirdi.

Yemək, içmək cəhətdən korluğu olmurdu, çünki məscid müdavimləri onu dolandırırdılar: kimi dolma gətirirdi, kimi bozbaş, kimi boyat plov. Ona görə də qonağının yanında xəcalət olmadı, təzəli-köhnəli nə qədər ehtiyat xörəyi vardısa hamısını süfrəyə düzdü. Cəlilbəy mat qaldı:

– Bu nədir?! Deyəsən cənnətə düşmüşəm...

Molla Şirəli gülümsündü.

– Ye, ye... Cənnət təkcə o dünyada deyil, bu dünyada da var...

Onlar barışmışdılar.

Molla Şirəli Cəlilbəyi küçədə görüb:

– Övladım, dua yazdırmaq istəyirsən? Gəl içəri, – deyərək, onu evə gətirmiş, qucaqlayıb öpmüşdü. İndi isə öpüşünün səmimi olduğunu sübut üçün var-yoxunu süfrənin üstünə düzürdü. O gözləyirdi ki, Cəlilbəy yeməklərin üstünə ac qurd kimi düşəcək. Ancaq elə olmadı. İkicə tikə alandan sonra Cəlilbəy əlini dizlərinə silib dedi:

– Daha bəsdir, boğazımdan getmir.

Təəccübdən mollanın gözləri kəlləsinə çıxdı:

– Niyə? Səndə qabaq elə iştah var idi ki, bu xörəkləri də yeyərdin, hələ üstəlik məni də... indi nə oldu?

– Boğazımdan getmir, Şirəli! Yüzcə qram olmasa, heç nə yeyə bilmirəm.

Molla Şirəli bu sözü eşidən kimi dəhşət içində oyan-buyana baxdı, sonra pıçıltı ilə dedi:

– Nə danışırsan, ay Cəlilbəy. Mənim evim ziyarətgahdır, burada məşrubatın adını da çəkmək olmaz.

– Adı nəyinə gərək, bizə dadı lazımdır!

– Məndə yoxdur, Cəlil, dükandan da almaq olmaz... Molla el anasıdır, hamının gözü onun üstündədir.

– Dükandan almaq lazım deyil, çünki dostun ehtiyatlı gəlib. Bu saat sənə elə bir abi-kövsər verəcəm ki, içib birbaşa cənnətə gedəcəksən.

– Mən yox!.. Cəlil, canın üçün tövbə eləmişəm! Bircə qətrə də dilimə vura bilmərəm.

– Bəs cənnətə getmək istəmirsən?

– Onsuz da indi cənnətdəyəm. Bu Quşluq kəndinin cənnətdən nəyi əskikdir? Ürəyimdən nə keçirsə, süfrəmdə hazır olur.

– Özün bil. Onda mən içim, sən də qıraqdan tamaşa elə.

Cəlil bəy cibindən bir şüşə konyak çıxartdı, stəkanı yarısına qədər doldurub başına çəkdi.

İkinci dəfəsində, yəni Cəlilbəy həmin yarımçıq stəkanı ikinci dəfə başına çəkəndə, Molla Şirəli davam gətirə bilmədi, “abi-kövsər”dən ikicə damcı içmək arzusunu bildirdi...

7

Evdə oturub mədəniyyət və istirahət parkındakı axşam gəzintisinin proqramını nəzərdən keçirirdim. Əvvəlki plana görə bu gecə “Şeyx Sənan”ın premyerası olacaqdı, ancaq Sevilin gəlməməyi bu planı tamam alt-üst elədi: konsert təşkil etməyə və proqrama ayrı-ayrı tamaşalardan parçalardan salmağa məcbur olduq.

Günortadan bir az keçmişdi ki, Ağarəhim bizə gəldi. Yuxarıda təsvir olunan hadisələrin çoxundan xəbərim yox idi. Cəlilbəyin bu işə qoşulduğunu, Ağarəhimin məscidə getdiyini bilmirdim, ona görə də təəccüb elədim. Ancaq verdiyim suallara Ağarəhim bu cür cavab verdi:

– Axırda hamısını başa düşərsən. Dur gedək! Məcid kişini konsertə dəvət eləmək lazımdır.

Nə üçün Sevilin babası Məcid kişini biz konsertə dəvət etməliyik? Bunun yuxarıdakı hadisələrlə nə əlaqəsi? Bu suallar məni narahat eləsə də, Ağarəhim cavab verməli halda deyildi, tələsirdi. Bir maşın tapıb mindik və sürdürdük düz Quşluq kəndinə.

Qapını Sevil özü açdı, bizi görən kimi dedi:

– Niyə gəlmisiniz? Babam razı deyil, mən onun sözündən çıxa bilmirəm.

Ağarəhim soyuqqanlıqla dedi:

– Səni də, babanı da qonaq aparmağa gəlmişik.

– Hara?

– Mədəniyyət parkına. Hamı kimi siz də oturub tamaşa eləyəcəksiniz konsertə.

Sevil əvvəlcə düşündü, sonra gülümsündü.

– Əcəb tapmısınız. Gedək birbaş bağçaya, babam ordadır.

Sevilin babası uzunboy, uzunsaqqal bir kişi idi. Yaşı səksəndən çox olduğuna baxmayaraq, altmışdan yuxarı vermək olmazdı, çünki qıvraq idi, qulağı yaxşı eşidirdi, gözü yaxşı görürdü.

Məcid kişi bizi görən kimi əlindəki beli yerə tullayıb çığırdı:

– Nahaq zəhmət çəkmisiniz, nəvəmi teatr çıxartmağa qoyan deyiləm!

– Biz onun üçün gəlməmişik, Məcid əmi, – deyə Ağarəhim mehribanlıqla cavab verdi. – Sən dedin qoymuram, biz də razılaşdıq. Heç eybi yoxdur...

Məcid kişi Ağarəhimin sözünü kəsdi.

– Eybi çoxdur. Molla Şirəlinin dediyi mənim üçün qanundur. Onun kimi nurani bir şəxsi nəinki Quşluq kəndi, heç bütün rayonumuz görməyib. O, elə adamdır ki, sağ ikən nəfəsi bizi saxlayır, öləndən sonra da qəbri pir olacaq. Onun sözündən çıxıb özümü Allah yanında yanında xəcil eləyə bilmərəm.

– Biz Sevilin dalınca gəlməmişik, sizi aparmağa gəlmişik, – deyə Ağarəhim çığıra-çığıra danışmağa başladı ki, Məcid kişinin söz yağışının qabağını bir azca kəssin.

Məcid kişi bu sözə çox təəccüb elədi:

– Məni aparmağa gəlmisiniz? İndi də məni ərtis eləmək istəyirsiniz?

– Yox, Məcid əmi, səni teatr çıxartmağa yox, qonaq aparırıq (Ağarəhim qocalarla söhbət eləməyi yaxşı bacarırdı). Bizim uşaqlar oxuyub oynayacaqlar, sən də Sevil ilə yanaşı oturub, bizə tamaşa elə! Tamaşa eləməyə mollanın sözü yoxdur ki?

– Molla o gün məsciddə deyirdi ki, Allah, bütün ümmətinə tamaşa ixtiyarı verib, bu şərtlə ki, küfrə olmasın. Siz orda bu gün Allaha sataşmayacaqsız ki?

– Xeyr, Məcid əmi, bizim allahla nə zarafatımız.

– Hə, onda getmək olar. Avtambiliniz var, yoxsa payi-piyadeyizəvvar gedəcəyik?

– Maşınla gedəcəyik. Qapıda hazır dayanıb.

– Hə, onda gedək geyinək.

Məcid kişi ilə Sevil təzə paltar geyindilər, biz onları maşına mindirib, parka gətirdik.

8

Elə bu zaman Molla Şirəlinin evində başlanan vodevil sona çatmaqda idi. Əba bir tərəfə atılmışdı, əmmamə o biri tərəfə. Molla Şirəli göyün yeddinci qatında idi. Bu kəndə gələndən dilinə vurmadığı üçün içki onu yaman götürmüşdü. Hər badə qalxdıqda öpüşürdülər. Cəlilbəy isə hey deyirdi.

– Bu saat səni aparacağam cənnətə... huriləri görəndə dostunun qədrini biləcəksən.

– Bu abi-kövsəri ki içdim, onsuz da yerim cənnətlikdir!

– İndi mən sənə ayrı cürə abi-kövsər içdirəcəyəm... – Cəlilbəy ayrı bir şüşə çıxartdı. Bu spirt qarışdırılmış cecə arağı idi. Cəlilbəy iri çay stəkanlarını doldurub dedi:

– Bunları da vuraq Ağarəhimin sağlığına!

Molla Şirəli kefli-kefli soruşdu:

– O kimdir?

Cəlilbəy əda ilə cavab verdi:

– Qızıldır! Bu abi-kövsər şüşələrini də o mənə verib. Vuraq onun sağlığına!..

Stəkanlar qalxdı, toqquşdu. Molla Şirəli gözünü yumub ağzını açdı və boş quyuya su tullayan kimi, stəkanı qarnına boşaltdı.

Elə bil boğazından aşağı od töküldü. Stəkanı dodağından ayırıb, süfrəyə qoyanda gördü ki, otağın divarları üstünə gəlir. Sonra divarlar itdi, gözünün qabağında ağ, qırmızı, yaşıl rənglər oynamağa başladı. Yer ayağının altından qaçdı. Molla Şirəliyə elə gəldi ki, uçmağa başlayır. Sərxoş beynindən bir fikir keçdi: bəlkə o, həqiqətən, bu dünyadan çıxıb, o dünyaya, mələklərin, hurilərin yanına rəvan olub? Əşyanın gözləri qarşısında rəqs etməsini, özünün havada ləngər vurmasını cənnət yoluna uçmaq kimi təsəvvür elədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов