Страница 3 из 3 · 67%

Mindilli

Bir də bu cür sual versən, əmi, məndən görmə, özündən gör.

Çeşməkli kişi

Mənim ona üç sualım var. Birincisi: bu ev nə üçün gecikir?.. İkincisi...

Qasım (onun sözünü kəsir)

Siz kimsiniz, yoldaş?

Çeşməkli kişi

Mən bu evin gələcək əhalisindənəm. Təqaüdçüyəm. Üçüncü mərtəbədə üçotaqlı mənzilə köçməliyəm, üç ildir ki, gözləyirəm.

Mindilli

Aydındır. Kütlədən gələn səs. Sabah səhər saat 9-da bütün şikayətlərinizi yazılı şəkildə verərsiniz katibəyə. O da çatdırar mənə.

Çeşməkli kişi

Rəis sizsiniz?

Mindilli

Hələlik, yox. Amma ərizə gərək mənə çata. Çünki mən rəislə geniş xalq kütləsinin arasında qapıyam.

Çeşməkli kişi

Sənin kimi qapısı olduğu üçün rəis evi bu qədər gecikdirir də. Eybi yoxdur, mən suallarımı vermək üçün ayrı bir idarə taparam. (Çıxanda içəri girən Zərifə ilə toqquşur) Üzr istəyirəm. (Gedir)

Telefon zəng çalır.

Zərifə

Telefon quzu kimi mələyir, bir baxan yoxdur. (Dəstəyi götürür) Bu saat. Yoldaş Camal haradadır?

Camal (üzü yarısabunlu səhnəyə çıxır)

Sən harada qaldın, Mindilli? (Zərifəni və Qasımı görüb geri qayıdır)

Zərifə

Yoldaş Camal, telefona.

Camal üzünü dəsmalla tutub çıxır, telefonu götürür.

Zərifə (Mindilliyə)

Nə olub?

Mindilli

Dişi ağrıyır.

Zərifə

Bıy!.. Nişanlısı gələn vaxt dişağrısı nədir? Məndə dərman var. Gedim gətirim.

Mindilli

Lazım deyil.

Zərifə

Heç dəxli var? Dişi ağrıyan sənsən, ya o? (Gedir)

Camal (dəstəyi asır, Qasıma)

Mən sizə arxalanıram, siz də belə eləyirsiniz.

Qasım (təəccüblə)

Nə olub ki?

Camal

Dülgər sexi üçün pul almısan. Niyə bəs işi yerinə yetirmirsən?

Qasım

Yoldaş Camal, axı orada hissələr çatmır.

Camal

Qasım, məni onun-bunun dilinə salma. İki günə qurtar.

Qasım

Heç mümkün deyil.

Camal

Mən ölüm, deyirəm.

Qasım

Pis yerdə tutdunuz. Bu sözdən sonra özüm dönüb maşın olaram. (Çıxır)

Camal

Di gəl, bu zəhrimarı qurtar.

Mirzə Salman gəlir. Camal yenə üzünü yaylıqla tutur.

Mirzə Salman

Bunlara qol çəkin.

Mindilli

Ay Mirzə, hər söhbətin yeri var.

Mirzə Salman

Kifayətdir, Mindilli, ürəyim zəifdir. Bir az kənar dur. Məni azara sən saldın.

Camal

Gətir qol çəkim. Bu kağızlar da, məni azara saldı. (Tələsik, oxumadan qol çəkir)

Mirzə Salman

Heç baxmırsınız da, nə kağızdır.

Camal

Vaxt var?

Mirzə Salman kağızları götürüb çıxır.

Camal (Mindilliyə)

Di tez ol, gedək, qurtar.

Mindilli

Axırıncı hücum.

Gedirlər. Aslan bir tərəfdən, Gülsüm o biri tərəfdən səhnəyə gəlirlər.

Aslan

Yenə yoxdur, mən onu heç yerdə tapa bilmədim.

Gülsüm

Bilirsiniz, nə var, usta? Siz günü günə satırsınız, biz də avara qalırıq.

Aslan

Yox, bura çox gözəl sahədir, heyf ki, gəlib-gedirəm, müəyyən bir cavab ala bilmirəm.

Gülsüm

Bir bürokrat bizi avara qoymayacaq ki? Bu saat bütün şəhər tikilir. Gedək trestə, qoy bizi başqa bir kontorun sərəncamına göndərsinlər.

Aslan

Yox, bura çox gözəl sahədir, heyfim gəlir. Deyirəm, birinci işimiz gözə çarpsın.

Gülsüm

Yaxşı iş hər yerdə gözə çarpır.

Aslan

Yaxşı, gedək həm burdakı vəziyyəti danışaq, həm də başqa yerdə işləməyə kağız alaq.

Çıxırlar. Camal və Mindilli gəlirlər.

Mindilli

Hə, indi gedə bilərik.

Camal (getmək istədikdə birdən dayanır)

Baho, ayaqqabıları dəyişmədim.

Mindilli

Bu dəqiqə. (Qutuda çəkmə gətirir) Skoroxod leninqradski. Xüsusi sifariş üzrə ispalkomun katibi üçün gətirmişdilər, qızıl quş kimi şığıyıb götürdüm.

Camal (saatına baxır)

Gecikirik ha... (Ayaqqabıları geyir) Olmur ki, baho, sıxır. Evin yıxılsın, Mindilli, gözümdən qığılcım çıxdı.

Mindilli

Mən haradan biləydim ki, ispalkomun katibinin ayağı bu cür xırdadır. İstəyirsiniz...

Camal

Cəhənnəmə ki, gedək.

Mindilli

Dayanın, dayanın... Bəs bu? (Bir dəstə gül gətirir) Səhərdən vannada suya qoymuşam.

Camal

İndi daha mənə yaraşmaz. Tikinti rəisi... gül?!.

Mindilli

Nə danışırsınız, yoldaş Camal, mədəniyyətdir. Bir yeriyin.

Camal

Ayağımı ata bilirəm ki?

Mindilli

Elə bilin, bax, bu qapı vaqonun qapısıdır, nişanlınız bu saat çıxacaq. Gülü ikiəlli tutub, uzadın qabağa.

Camal axsaya-axsaya qapıya sarı gedəndə Zərifə əlində dərman gəlir.

Zərifə

Diş dərmanı gətirmişəm.

Mindilli

Zərifə, yol ver... Buyurun, yoldaş Camal.

Camal və Mindilli çıxırlar.

Zərifə (onların arxasınca baxır)

Bax, sevgi bu cür olar, dişi də yadından çıxdı, başı da.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 мин
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 мин
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 мин
Nadir şah

Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!

19635 мин

Стихи других поэтов