Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:

– Nə buyurursunuz? – dedi.

Həsən müəllim əlilə çırağı göstərib:

– Paşa əmi, bu çırağın lampasını kim götürübdür? – deyə soruşdu.

Paşa əmi şəhadət barmağının ucunu başına qoyub düşündükdən sonra:

– Dünən gecə beşinci sinfin tələbələri dərs hazırlayırdılar, onlara verdim – dedi.

– Bəs onda, məşğələdən sonra lampanı yerinə taxmaq lazım deyil!?. Bayaqdan məəttəl qalmışam. Get, lampanı gətir, yerinə tax!

– Baş üstə!

Paşa əmi özünə bəraət qazandırmaq məqsədi ilə nə isə demək istəyirdi ki, Həsən müəllim ona macal vermədi:

– Yaxşı, get, lampanı gətir!

– Baş üstə!

Həsən müəllim çox gözlədi, ancaq lampa gəlib çıxmadı. O yenə zəngi vurdu, gələn olmadı. Hövsələsi lap darıxdı, durub qapıya çıxdı, bir qədər ucadan Paşa əmini səslədi. Paşa əmi tələsik özünü Həsən müəllimə yetirdi, onun sözünü ağzında qoyub, işgüzar adamlara məxsus bir çevikliklə:

– Həsən müəllim, Muradın atasını çağırtdırmışdınız, gəlibdir – dedi.

– De gəlsin!

– Baş üstə! Bu saat çağırram.

Paşa əmi getmək istərkən Həsən müəllimin yadına lampa düşdü:

– Bura bax, Paşa əmi, bəs lampa nə oldu? Burada daha heç göz-gözü görmür axı – deyə məzəmmətedici bir vəziyyət aldı.

Paşa əmi əlini başına çəkərək, utana-utana:

– Bay, lap yadımdan çıxmışdı, bu saat gətirim – deyə, tez dönüb otaqdan çıxdı. Paşa əminin “baş üstə”lərinə yaxşı bələd olan müəllim bir də dalınca çığırdı:

– Lampanı tez gətir!

– Baş üstə!

– Muradın atasına de, gəlsin!

– Baş üstə!

Həsən müəllim Paşa əmini çox gözlədi, nə lampa gəldi, nə də Muradın atası. İntizar içində qaldığından çalışa bilmədi, əsəbiləşdi. Zəngi bir neçə dəfə fasiləsiz vurdu, gələn olmadı. Ayağa qalxdı. Qapını açıb artırmaya baxdı. Heç kəsi görmədi. Bu zaman təsadüfən o biri artırmadan keçən xidmətçi qadını görüb çağırdı:

– Aşağıdan Muradın atasını çağır! – deyə ona göstəriş verdi. Qadın bir söz deməyib getdi. Həsən müəllim kabinəsinə qayıtdı, çox çəkmədən xidmətçi qadın başını göstərərək:

– Həsən müəllim, o kişi gəlib, nə deyim? – deyə qapıda icazə istədi.

– Burax, gəlsin!

Muradın atası daxil oldu. Onunla görüşdükdən sonra Həsən müəllim Muradın arabir dərsə gecikməsindən, dərslərinə yaxşı hazırlaşmamasından söz açdı və bu vəziyyətə son vermək üçün ona təsir etməsini tapşırdı. Söhbət bir qədər uzandı. Artıq o qədər qaranlıq idi ki, onlar bir-birinin üzünü görmürdü. Həsən müəllim ürəyində Paşa əmini danlayır, kişinin yanında lap xəcalət çəkirdi. Xoşbəxtlikdən Muradın atası çox oturmadı. O getdikdən sonra dərs cədvəli üzərindəki işini tamamlamaq üçün lampanın dalınca getmək istəyirdi ki, Paşa əmi içəri girdi. Çətin bir vəzifəni yerinə yetirmiş adamlar kimi qurum alaraq:

– Həsən müəllim, Muradın atasını nə qədər axtardım, yoxdur. Kişi gözləməyib gedibdir – dedi.

Həsən müəllim bu sözləri acı və istehzalı gülüşlə qarşıladı:

– Bəs getməz, kişi üç saat gözləməyəcək ha! Adama iş tapşıranda tez yerinə yetirər! Sənin bu baş üstələrin...

Həsən müəllim Paşa əminin ürəyinə dəymək istəmədi. Odur ki, cümləsini bitirmədi. Doğrudan da Paşa əmi pis kişi deyildi. Ona tənbəl adam da demək olmazdı. Bu mülayim kişi “baş üstə” deyəndə onu yerinə yetirəcəyinə inanıb deyirdi. Ancaq onun bəlası bunda idi ki, o, nəyə görə “baş üstə” deməsini ölçüb biçməzdi. Bir dəqiqədə ona on tapşırıq verilsə idi, ağına-bozuna baxmaz, yenə “baş üstə” deyər, nəticədə birini də yerinə yetirə bilməzdi. Adama elə gəlirdi ki, bu saat desən ki, “Paşa əmi gəl səni güllələyək”, o heç düşünmədən dərhal “baş üstə” deyəcək. Paşa əmi belə Paşa əmi idi. Hamı onun xatirini istəyirdi. Ancaq tək bu “baş üstə”lər bütün məktəb əhlini təngə gətirmişdi.

Həsən müəllim bərk əsəbiləşsə də, Paşa əmiyə hörmət etdiyindən bu dəfə də onunla sərt rəftar etmədi. Yarıciddi, yarımülayim bir səslə dedi:

– Ay Paşa əmi, axı bu lampa məsələsini sən lap yadından çıxartdın. Görmürsən ki, heç üzümü də görmürsən?

Paşa əmi diksinən kimi oldu. Bir “baş üstə” demək istədi, ancaq nədənsə demədi, bərk pərt oldu, xəcalət çəkdi, axırda olmuş hadisələri yadına salıb dedi:

– Həsən müəllim, Muradın atasını axtarırdım, ona görə lap yadımdan çıxıb. Bu saat gedib gətirim.

Bu sözləri deyib, Paşa əmi qapıdan çıxdı. Bu vaxt gecə növbəsinin zəngi vuruldu. Tədris hissəsi müdirinin kabinəsi müəllimlərlə doldu. İş yarımçıq qalmışdı. Müəllimlər dərs cədvəlinə dair Həsən müəllimdən nə isə soruşur, o da tamamlamadığı üçün onlara cavab verə bilmirdi. Çox pərt idi. Elə bu zaman Paşa əmi əlində lampa içəri girdi, cəld onu yazı stolunun üstündəki çırağa tıxadı. Otağı işıq bürüdü. Paşa əmi məmnun vəziyyətdə kabinədən çıxmaq istəyirdi ki, Həsən müəllim onu saxladı:

– Paşa əmi, səndən xahiş edirəm ki, iş tapşıranda vaxtında gör, yoxsa bu “baş üstə”lərin bizə çox baha oturur, yaxşı olar ki, sən bu “baş üstə” sözünü birdəfəlik heç işlətməyəsən.

Paşa əmi özü də hiss etmədən:

– Baş üstə, Həsən müəllim, bundan sonra demərəm – deyə cavab verdi. Həsən müəllim gülümsündü.

– Sən yenə “baş üstə” deyirsən? Mənə iş lazımdır, iş, quru “baş üstə” lazım deyil.

– O da, baş üstə!

Bu sözü deyib, Paşa əmi otaqdan cəld çıxdı. Ayaq üstündə durmuş Həsən müəllim xeyli onun dalınca baxıb fikrə getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов