Страница 5 из 5 · 80%

On dəqiqə sonra o, məhbəsin iri dəmir qapısından içəri girdi. Zəncirlərə sarılmış məhbusların müdhiş mənzərəsi dəhşətini bir qat daha artırdı.


Zindan həyatı Dursunu bir məngənə kimi sıxır və heç cür o həyata alışa bilmirdi. Bu vaxta qədər nə üçün həbsə atıldığını, orada nə qədər qalacağını bilmirdi. Həbsxana məmurları onunla siyasi bir dustaq kimi rəftar edirdilər. Zindandakı dustaqlar səfil həyatlarını unutmaq üçün vaxtlarını laqeyd keçirməyə çalışır, gülür, söyləyir, mahnı oxuyur, əylənirdilər. Dursun onlara əsla qarışmırdı. Bir bucağa çəkilib düşünür, düşünür, dərdi aşıb-daşdığı zaman arabir uşaq kimi hönkürüb ağlayırdı. Dursunun fəryadından xoşlanmayan birisi:

– Orada bayquş kimi ulayan kimdir? – deyə bağırdı. Zeynal adlı qısa boylu bir cavan istehza ilə:

– Borçalı meşələrindən yeni tutulmuş ayıdır, – deyə cavab verdi, sonra, baş-gözünü oyunbazlara məxsus bir şəkildə oynadaraq, ortalığa atıldı və hələ də ağlamaqda davam edən Dursuna: “Yaxşı çalırsan, çal, sən zurnanı çal, mən oynayım”, – deyə oyunbaz kimi onun qabağında qollarını atmağa başladı. Bu vaxt “Qocanı incitməyin!” – deyə bir neçə dustaq etiraz etdisə də, onların səsləri başqalarının qəhqəhələri içində itib getdi. Dursun Zeynalın bu hərəkətlərinə qarşı qaşlarını çataraq, yazıq bir hal aldı. Bir az sonra Zeynal onun yanında oturdu. O, kiçik şeytan gözlərini onun üzünə dikərək, ciddi bir adam kimi sözə qarışdı və yavaş-yavaş ondan sirr almağa başladı. Beş-on dəqiqə sonra əllərini bir-birinə çırparaq:

– Bura gəlin, bura gəlin, təzə xəbər var! – deyə bağırdı.

Zindandakılar bir anda üzük qaşı kimi Dursunun ətrafını aldılar. Zeynal əlini onun çiyninə vuraraq:

– Danış, danış hamı eşitsin, birlikdə səni bu zindandan xilas edək, – dedi.

Zeynal bu sözləri o qədər ciddi dedi ki, Dursunun gözlərində ümid şöləsi parladı. Zeynalın məharətlə verdiyi suallara cavab verməyə məcbur oldu. Zeynalın şit hərəkəti bitmirdi. Əyləncəsinə daha artıq lətafət vermək üçün ara-sıra əllərini onun üz-gözünə sürtərək:

– Vay, şeytan mələyə bənd olmuş, dev pəriyə vurulmuş! – kimi acı-acı sözlərlə Dursunu yaralayırdı. Sonra: “heç fikir eləmə, səni buradan qurtaracağam, sağ-salamat Güllüyə qovuşacaqsan”, – deyə böyük ümidlər verirdi.

Dursun yenidən ümidlə qanadlanarkən Zeynal onun saqqalını əli ilə qarışdıraraq:

– Qıllı meymun, Güllü səni neyləsin, bu kirli qıllardan örkən, yoxsa çatı toxuyacaq? Kim bilir yaşıl dağlarda yenə kimə qoşulub getdi. Sən istədiyin qədər bağır! – deyə qocanı acılayırdı. Zeynalın bu ədəbsizliyinə qarşı Dursun həmişə susmurdu. Arabir qızdığı zaman dişlərini kilidləyərək, acıqlı bir səslə:

– Ah, nə edim, Borçalının düzündə əlimə düşəsən, bu qoca Dursunun hünərini sənə göstərərəm, görərsən ki, analar necə oğul doğub, – deyirdi.

Dursun düz altı ay zindanda o meymun hərəkətli Zeynalla bir yerdə qaldı.

Axşam saat beş idi. Birdən-birə həbsxana rəisi iki nəfər xidmətçi ilə içəri girdi. Hamı yerinə çəkildi. Zindanı ağır bir sükut bürüdü. Dustaqlar onun əmrini böyük bir maraqla gözləyirdilər. Rəis, bir bucağa sıxılıb heyrətli gözlərini onun üzünə dikmiş olan Dursuna yaxınlaşdı. Kiçik məmura: “Zəncirləri aç!” əmrini verdi.

Dursun qorxu və həyəcanlı səslə:

– Məni yenə hara aparırsınız?

– Gözəl Güllünün yanına – deyə Zeynal sürəkli bir qəhqəhə qopardı.

Hətta işdən xəbəri olmayan rəis belə Dursuna gülümsəyərək:

– Qalx, azadsan! – dedi.

Dursunun azadlıq qoxusu duyduğu zaman etdiyi hərəkəti mütləq görməli idiniz. Bəxtiyar bir uşaq kimi sevincindən hoppanırdı.

Dursun ayaqları bir-birinə dolaşa-dolaşa zindanın qapısından sevinclə çıxdığı zaman Zeynal damağını şappıldatdı.

– Qaç, qaç, Güllü çoxdan səni qapıda gözləyir, – dedi.

Zeynalın bu istehzalı sözləri Dursuna bir milçək vızıltısı qədər təsir etmədi. O artıq azad və bəxtiyar idi. Bir daha arxasına baxmadan nifrət etdiyi qapıdan çıxdı. Bir saat sonra karvansarada idi. Gecikmiş olduğundan kəndə gedəcək araba tapmadı. Qatarla gedəcəyini düşündü.

Qatar gecə saat ikidə hərəkət edəcək idi. Nə edəcəyini bilmirdi; çünki kəndə bir an əvvəl gedib bu altı ay içərisində işlərinin, ailəsinin, xüsusən Güllüsünün necə olduğunu bilmək istəyirdi.

Dekabrın son günləri idi. Tiflisi dörd tərəfdən qucaqlamış dağlar, ağır qar altında qalmış, qış bütün şəhərə hökmran olaraq, hər tərəfi qalın, ağ bir örtüyə bürümüşdü. Şiddətli ruzigar yağmaqda olan qarların istiqamətini dəyişdirir, istədiyi tərəfə püskürərək, qardan təpələr təşkil edirdi. Dursunun zindandan qurtuluşu dəli Qafqazın belə hiddətli bir gününə təsadüf etmişdi.

Dursun soyuqdan donmuş əllərini ətəkləri altında gizlətmiş, əyilmiş qaməti bir qat da bükülmüş, ümidsiz bir halda düşünürdü; birdən-birə gözləri işıqlandı, qəlbində ümid və cəsarət duydu. Özünü toplayaraq:

– Bu yolların qurdu deyilmiyəm? Kəsmə cığırla gedərəm, – dedi və iri addımlarla kəndə doğru hərəkət etdi.

Bu altı ay içərisində çox şeylər olmuşdu. Xidmətçilər arabaları gətirib Dursunu çox gözləmiş, nəhayət, məyus olub qovun-qarpızı sataraq, kəndə qayıtmışdılar. Dursunun şəhərdən dönməməyi xəbəri on gün sonra yaylağa da yayılmış olduğundan Ballı da bu hadisəni eşitdi. O ağladı, sızladı. Bostan başsız qaldığı üçün kəndə köçməyə məcbur oldu. Güllü isə:

– Bu istidə kənddə nə işim var? O hisli, paslı daxmada can sıxıntısından başqa nə görəcəyəm? – deyə dayısı evində qaldı.

Ballı kəndə köçdüyü gündən Dursunun işlərinə qarışdı. Aslan ona təsəlli verdi, bir qardaş kimi hər işdə ona kömək etdi. Bir ay sonra el arana köçmüş, kəndi yenə də səs-küy bürümüşdü. Ballı Dursunun bu vaxtadək gəlib çıxmamasından onun qat-qarışıq günlərdə tələf olduğunu yəqin etdi. Qohum-qardaşın və yaxın qonşuların məsləhəti ilə Dursuna matəm saxladı, ehsan verdi.

Güllü isə bu hadisədən sonra özünü tamamilə sərbəst hiss etdi. Bir ay sonra başqa bir gəncə getdi və qazıya, kəndxudaya şikayət edib, Dursunun qoyduğu maldan öz haqqını tələb etdi. Ballının göz yaşları hələ qurumamışdı. Günlərin birində Ballının sönük daxmasında yenidən bir fəryad qopdu. Qazı, kəndxuda və koxalar ac quzğun kimi Dursunun malını bölüşməyə soxuldular. Ballı ağlayır, saçlarını yolurdu. Nəhayət, oturduğu daxmanı Ballıya qoyub, qalan malı öz aralarında bölüşdülər. Ballı bu fəlakətə də qatlaşdı, uşaqlarını başına yığıb inləyə-inləyə yaşadı.

Qaranlıq və dondurucu bir gecə idi. Evlərin çoxunda çıraqlar sönmüş, kənd yuxuya dalmışdı. Dursun soyuqdan donmuş halda kəndə yetişdi. O, artıq özünü evindəki kimi hiss edirdi. Qəlbi fərəhlə çarpır, gözləri məşəl kimi yanırdı. İtlərin kəsik-kəsik hürmələri, atdığı iti addımlarının sürət və ahəngini bir qat da artırır, yorğun vücudunda qüvvət hiss edirdi. O indi evlərinə doğru uzanan yoxuş bir cığırı dırmanırdı. Qışın ala-qaranlığında evlərini uzaqdan gördü. Pəncərədən ona doğru uzanmış sönük bir işıq da ona bu yolda yardım etdi: “Bizimkilər yatmayıb” – deyə yerişinə sürət verdi. Bu zaman yuxarıdan ona doğru gəlməkdə olan adam:

– Ey, kimsən? – deyə bağırdı.

Dursun əhəmiyyət vermədən irəlilədi.

O səs:

– Sənə, kimsən deyirəm? – deyə bir də gurladı.

Dursun yorğun və boğunuq səslə:

– Mənəm, mən... – deyə cavab verdi.

– Sən kimsən?

– Dursunam... Dursun...

– Hansı Dursun?

– Bu evin sahibi.

– Səfərin atasımı?

– Hə, hə!..

Kölgə yanaşdı. Ona yaxından diqqətlə baxaraq:

– Sən ölməmişdin?

– Yox dustaqda idim. Sən kimsən?

Kölgə istehza ilə ona gülərək:

– Mənmi? Mən Vəlinin qardaşı Əhmədəm! – deyə onu yaxasından tutub silkələdi. Dursun onun pəncəsi altında yarpaq kimi titrəyərək:

– Məndən nə istəyirsən? – dedi.

– Ay qan ocağı! Səndənmi? Səndən ölüm istəyirəm, ölüm!

Səsə bir it hürə-hürə bunların üzərinə atıldı. Dursun iti tanıdı. “Alabaş, Alabaş” – deyə onu səslədi. İt Dursuna yaxınlaşdı. Burnu ilə onu qoxladı. Tanıyınca üzərinə sıçrayaraq, əllərini yaladı, ətrafında atılıb düşməyə başladı. Əhməd ona acı bir qəhqəhə ilə gülərək:

– Atanı da köməyə çağırırsan? Kimi istəyirsən çağır, bu gecə əlimdən qurtarmayacaqsan! – dedi.

Köpək qapıya qaçıb şiddətlə hürür, sahibinin gəldiyini xəbər verirdi.

Əhməd Dursunu daha şiddətlə silkələyərək, gurlayan səslə:

– Qurtarmayacaqsan deyirəm, səni bu xəncərlə doğrayıb qarın altına soxacağam! – deyə belindən xəncərini çıxarmaq istərkən Dursun şiddətlə bağırdı və iki əli ilə onun xəncərindən tutub yalvarmağa başladı. Əhməd: “Burax” – deyə bağırdı. İt, ikinci dəfə qaçaraq Əhmədə hücum etdi və bütün qüvvəti ilə Dursunu müdafiə etməyə çalışdı. Dursun fürsətdən istifadə edərək, evə doğru qaçmağa başladı. İt Əhmədin üzərinə atılır, o da xəncərlə onu qovur və yaralayırdı.

Köpək aldığı yaralardan yerə sərildikdən sonra Əhməd Dursunun arxasından:

– Qurtara bilməyəcəksən. Bu gecə nədənsə mahir bir ovçu kimi başdan-ayağa kimi silahlanmışam. Al, ancaq bir qurşun! – deyə atəş açdı. Dursun qar tozları arasında fırlanaraq yerə düşdü, yenidən qalxıb qapıya doğru qaçmağa başladı. Bu aralıq kiçik oğlu Əkbər bayırdakı gurultunun nə olduğunu bilmək üçün qapını açarkən Dursun qapıya yetişdi. Əli ilə sağ böyrünü tutmuş olduğu halda özünü içəri atdı.

Ballı yatağında oturub, əlində corab toxuyur, o gün Səfəri xatırlayıb kirpiklərini isladan göz yaşlarını önlüyünün ətəyi ilə qurudurdu. Böyük qızı Günəş də ocağa yaxın oturub, cəhrə əyirirdi. Bayırda qopan səs-küyü eşidib Əkbər yerindən qalxdı, tez qapıya qaçdı. Ballı arxasından bağırdı:

– Qapını açma, sonra qaçaq-quldur olar.

Əkbər əhəmiyyət verməyib qapıya getdi. Səslər ona tanış gəldi. Kim olduqlarını bilmək üçün qapını açdı. Təsadüfə bax ki, o, qapını açarkən Dursun qapıya yetişdi. Əhməd onu təhdid və təqib edirdi. Dursun özünü zor-güc sürüyüb qapıya atdı. Vaxtsız qonağın qorxunc vəziyyətdə birdən-birə içəri girməsi otaqda böyük qarışıqlığa səbəb oldu. Onu quldur, qaçaq zənn edib, qorxularından titrəməyə başladılar. Dursun məsələni duymuşdu, səsini çıxartdı, onları adları ilə çağırdı. Əkbər və Günəş Dursunu tanıdı. Hər ikisi qollarını açıb, dəli bir sevinclə “ata” – deyə ona sarılmaq istədi. Ballı diqqətlə baxdı. Doğrudan da o idi. Lakin o altı ay bundan əvvəl ölmüşdü, yası tutulmuş, ehsanı verilmişdi. Ballı yorğana sarılaraq bütün qüvvəti ilə:

– Yaxın getməyin, yaxın getməyin, atanız xortlayıbdır! – deyə bağırdı, uşaqlar durduqları yerdə donub qaldılar. Dursun bu altı ay müddətində onu ölmüş zənn etdiklərini başa düşdü. Ölmədiyini, altı ay dustaq olduğunu zor-güc Ballıya inandırdı. Hamısı başına yığıldı. Dursun əli ilə sağ qabırğasını tutaraq, otağı başdan-başa süzdükdən sonra:

– Bəs Güllü hanı? – deyə soruşdu.

Ballı başını yazıq bir halda aşağı əyərək:

– Güllü çoxdan getdi – deyə cavab verdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов