Страница 1 из 5

Kiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:

– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.

Bu düşüncə onun əsəblərinə bir ildırım kimi toxundu. Bütün vücudu titrədi. O yenə ikiqat əyilərək, başı əlləri içində düşünməyə başladı.

İyul ayına məxsus boğanaqlı bir gün idi. Günəş səmanın ortalarına doğru yüksələrək, qızğın şüalarını yer üzünə səpməkdə davam edirdi. Sanki şəffaf bir duman üfüqləri və mavi fəzanı mis rənginə çevirmişdi. Ağacların, divarların qısa kölgələri ərimiş filiz kimi donub qalmışdı. Havanın ağırlığından adamlar boğulmaq dərəcəsinə gəlirdilər.

İki ay əvvəl bu kənddə həyat qaynaşırdı: yaylağa köçməkdə olan köçərilərin şən və kəskin səsləri, qoyunların mələşməsi, mal-qaranın böyürtüsü, atların kişnəməsi, itlərin hürüşməsi, arabaların cırıltısı, şən uşaqların bağırtısı indi səssizlikdən irəli gələn bir hüznlə əvəz edilmişdi.

Yalnız günəşin şəfəqlərindən gümüş kimi par-par parlayaraq axan dərədəki çayın qıjıltısı, istidən yarpaqlar arasına sığınmış quşların civiltisi sükutu pozurdu. Bu bürkü, bu səssizlik qocanın dalğınlığını bir qat da artırırdı.

Birdən-birə yol ağzındakı ağacın arxasından “Dursun, Dursun!” deyə gələn bağırtı onu ayıltdı. O, sürətlə yerindən sıçrayıb, iti addımlarla irəliləyərək, qalın bir səslə:

– Aslan, Aslan, gəl, burdayam, – dedi.

Yaxınlaşıb görüşdülər. Dursun mühüm bir xəbər eşitmək istəyənlərə məxsus bir halda:

– Nə var, nə yox? – deyə soruşdu.

Aslan başını oynadaraq:

– Salamatlıqdır, hamısının sənə salamı var, – dedi.

Aslanın verdiyi rəsmi məlumat onu kifayətləndirmədi. Onu hər şeydən çox bir məsələ maraqlandırırdı. Dursun bu haqda sual verməyə hazırlaşırkən, Aslan əlavə etdi:

– Ballı tapşırdı ki, “Səfərdən məktub gəlsə, tez göndərsin, saxlamasın!”

Bu sözdən hər ikisi bir saniyə susdu. Aslan yenidən sözə başladı:

– Yazıq arvad, Səfər, Səfər, – deyə gecə-gündüz ağlayır. O, sürgün ediləli üzü güldüyünü görməmişəm.

Bu xəbər Dursunun üzərinə qara bulud kimi çökdü. İri, qarışıq, boz qaşları ta kirpiklərinin ucuna qədər əyildi. Uzunca, ətli üzündəki cizgilər bir qat da çoxaldı. Əllərini hiddətlə bir-birinə çırparaq:

– Bu heyvan qızı onu yenə qaçıracaq! – dedi.

Aslan bu sözdən bir şey anlamadı:

– Kimi qaçıracaq?

– Onu...

– O kimdir ki?

– Güllünü deyirəm, Güllünü! Başa sal görüm bu zırıltılara Güllü nə deyir?

– Heç bir şey. Onun Araz aşığındandır, Kür topuğundan. Evdə tapılmır. Dəli keçi kimi vaxtını dayısı evində, qonum-qonşuda keçirir.

Bu söz Dursunu həyəcanlandırdı. O, başını köksünə dikərək, düşünməyə başladı. Birdən-birə başını qaldırıb:

– Mən ona tapşırdım ki, Güllünü gözdən qoymasın, ondan göz-qulaq olsun; indi sən deyirsən gecə-gündüz gəzir. Yenə mənim başıma bir iş gətirməsə yaxşıdır.

Aslan acı-acı gülümsəyərək:

– Ondan fayda yoxdur. Gec-tez bir iş çıxarmamış olmayacaq, – dedi.

Dursun acığından bığlarını gəmirirdi. Birdən-birə qəti və kəskin səslə:

– Sən get qovun-qarpızı arabalara yüklə, şəhərə göndər, – dedi, – mən də bilet alıb yola düşürəm.

Aslan cavab vermədən getdi. Dursun onun arxasınca bağırdı:

– Gədələrə tapşır ki, arabaları tez sürsünlər, yubanmasınlar. Onları karvansarada gözləyirəm...


Dursun Borçalı qəzasında Candarlı Pirverdinin ilk övladı idi. Pirverdi ağır təbiətli, çalışqan olmaqla bərabər son dərəcə pulpərəst və xəsis bir adam idi. Atasından qalma tarlanı bostana çevirib, hər il qovun-qarpız və başqa göyərti əkdirirdi. Arvadı Gülsənəm vəfat edəndə oğlu Dursunun on üç yaşı var idi. Pirverdi bir daha evlənmədi. Bütün ömrünü Dursunu böyütməyə, işə alışdırmağa və həyata qarşı olan görüşünü ona öyrətməyə sərf etdi. Atası hər gün onu özü ilə bərabər bostana gətirir, rəncbərlərlə birlikdə işlədirdi. Bir az tənbəllik gördükdə:

– İşlə, oğlum, işlə! İşləməyən dişləməz, – deyirdi.

Kiçik Dursun həvəslə atasının işlərinə qarışıb, ona kömək edirdi. Pirverdi yeni, çalışqan köməkçisi olduğuna çox şad idi. O, Dursundan özü kimi bir adam yetişdirmək istəyirdi. Uşağı doyunca yedirmir, istədiyi kimi geyindirmirdi. Daima bir qarnı ac, bir qarnı tox saxlayırdı. Dursun ayaqlarında yırtıq çarığı sürüyə-sürüyə bütün ili yamaqlı, qara arxalıq içində keçinirdi. O, Dursuna bayramdan-bayrama çust və arxalıq alırdı. Onu da balaca Dursunun gözünə soxaraq:

– Bax, bunlara bir ətək pul vermişəm. Pul ki var, can yonqarıdır. Onu qazanmaq, görürsən ki, nə qədər çətindir. Bir qəpiyi qazanınca adamın canı çıxır, – deyərdi.

Dursuna verdiyi bu tərbiyə ilə öz fikrincə, o, böyük bir siyasət işlədirdi. Bütün bu sözləri, bu hərəkətləri ilə Dursunu qənaətkarlığa və pulpərəstliyə alışdırmaq istəyirdi.

Pirverdi qənaətkarlıqla xəsisliyi bir-birindən ayırmırdı. Ona görə də verdiyi tərbiyə uşaq üzərində mənfi təsir buraxırdı. Kənddə, bostanda yaxından tanıyanlar Dursuna istehza ilə:

– A bala, atanın pulu az düşüb? Tək oğlansan, səni də istədiyi kimi yedirib geydirə bilmir? O nə çarıqdır geyirsən? Ayaqlarını daş-kəsək parçalayır. Səndən kasıb uşaqların üst-başlarına bax! Ondan sənə ata olmaz. Yazıq Gülsənəm acından, fikirdən vərəmlədi, – deyirdilər.

Hər zaman danışılan bu sözlərin də uşağa ayrıca təsiri olurdu. Böyüdükcə, mühakimə qüvvəsi inkişaf etdikcə atasının sözləri ilə həyatda gördüklərini qarşılaşdırır, Pirverdini haqsız görürdü.

Aylar, illər keçdi. Dursun böyüdü, cavan bir oğlan oldu. Gündüzlər bostanda çalışır, gecələri də kənddə yoldaşları ilə bərabər keçirirdi. İşsizlikdən sıxıldıqları zaman arabir yaxın kəndə qoyun oğurluğuna da gedərdilər. Dursun əvvəlləri bu kimi işlərə qarışmaq istəməmişdi, ancaq yoldaşlarının təkidi və ağır tənələri ucundan sıradan qalmağı öz mənliyinə sığışdırmamışdı. Yaxşı ki, bu qorxulu səfərlər uzun sürmədi.

Bir gün yataqdan bir qoç aparmaq istədikləri zaman itlər xəbər tutmuş, çoban oyanmış və atəş açmışdı. Dursunla yoldaşları bu təhlükədən zor-güc qurtula bilmişdilər. Bu hadisədən sonra, o bir daha qorxulu işlərdə iştirak etmədi.

Dursun yaşa dolduqca əyyaş, ürəyiaçıq və xudpəsənd bir gənc olaraq yetişirdi. Ancaq çalışqanlığı da var idi. Öhdəsinə düşən işləri qeyrətlə icra edirdi. Pirverdi oğluna verdiyi dərslərin bir qisminin boşa çıxdığını görüncə dərindən içini çəkərək:

– Heyf zəhmətlərimə! Mənə oxşamadın, südünə çəkdin, – deyirdi.

Dursunun gəncliyinin ən azğın çağında atası Pirverdi bütün sərvətini ona buraxıb, həyata vida etdi. Dursun atasının vəfatından sonra əyyaşlığa daha çox meyl etdi. Qohum-qardaşın sözünü saymayaraq, atasının qəpik-qəpik toplamış olduğu pulu ovuc-ovuc, ətək-ətək dağıtmağa başladı. Lakin bu hal uzun sürmədi. Dayısı zor-güc onu bu yoldan çəkindirməyə müvəffəq oldu.

Dursunun azğın yollardan çəkilməsinin başlıca səbəblərindən biri də onun Ballı adlı bir qıza səmimi olaraq vurulması oldu. Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan ilqar almışdı. Onun bütün fikri Ballıya evlənmək, onunla şən və bəxtiyar bir ailə həyatı qurmaqdan ibarət idi. Gecələrini, gündüzlərini bu dadlı xülyalarla keçirir, bu həsrət onun gənc qəlbini gəmirirdi. Artıq səbir və taqəti qalmamışdı. Nəhayət, bu sirri dayısı arvadı Reyhana açdı. Reyhan onun fikrini bəyənmiş və bu xüsusda bütün qüvvətini sərf edərək, yaxın zamanda işi düzəltməyə böyük ümidlər vermişdi.

Bir gün kənddə toy var idi. Gənc qızlar və oğlanlar o günə çoxdan hazırlanmış, böyük bir maraq və intizar içində toyu qarşılamışdılar. Qocalar otağa toplanaraq, iki aşığın deyişməsini dinləyir, gənclər də həyətdə rəqs havaları çalan zurna-qavala tamaşa edirdilər. Qızlar bir sıraya, oğlanlar da bir sıraya düzülmüşdü. Dursun bu sıradan heç qalardımı?

O da Ballı ilə üz-üzə, qarşı-qarşıya durmuş, oyunda iştirak edirdi. Oğlanlar istədikləri qızı dəvət edərək, bərabər oynayırdılar. Dursun artıq dayanmadı. Yeni rəqs havası başlar-başlamaz ortalığa atıldı; biriki qol atdıqdan sonra Ballının qarşısında durub, onu oyuna dəvət etdi. Ballı qalxdı. Bərabər iki dövrə vurduqdan sonra Dursun yerinə çəkilib, ona əl çalmağa başladı. Ballı bir dağ pərisi kimi qollarını oynadaraq rəqs edirdi. Dursunun səbri kəsilmişdi. Sevgi və istək əlaməti olaraq, cibində saxlamış olduğu almanı çıxarıb Ballıya atdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов